Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7906/2025 17.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı – masajçı və ya idman təlimçisi vəzifələrinin biri ilə təmin edilməsi barədə iddia tələbinə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi-56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı – masajçı və ya idman təlimçisi vəzifələrinin biri ilə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İ dərəcə gözdən əlilliyi olan şəxsən xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Xüsusi Qayğıya Ehtiyacı olan X1 Mərkəzində təlimatçı vəzifəsində işləmişdir. xx.xx.2019-cu il tarixdə Əlilliyi olan şəxslər Pansionatına fəhlə yardımçısı vəzifəsinə keçirilmişdir. xx.xx.2020-ci il tarixdə ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Reabilitasiya Mərkəzində (Mərkəz) sosial agent vəzifəsinə təhkim edilmişdir. xx.xx.2020-ci il tarixdə "xxxx" İŞ X9 Cəmiyyəti tərəfindən işdən azad edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-870/2022 saylı qətnaməsi ilə AR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ékspertiza və X3 Reabilitasiya Mərkəzində sosial agent vəzifəsinə bərpa olunmuşdur. 07 iyul 2023-cü il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Reabilitasiya Mərkəzindən həmin Agentliyin Nərimanov rayonunda yerləşən 1 saylı X10 sosial agent vəzifəsinə köçürülümüşdür. Həmin vaxtdan indiyədək həmin Reablitasiya Mərkəzində işləyir. İşlədiyi dövrdə bu X5 Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin digər Reablitasiya Mərkəzlərində masajçı və idman təlimatçısı vəzifəsi üzrə ştat vahidlərində boş iş yerləri (vakansiyalar) olmuşdur. O, ixtisasca masajçı olduğu üçün və əvvəllər masajçı və idman təlimatçısı kimi uzunmüddətli təcrübəyə malik olduğu üçün işlədiyi 1 saylı X8 rəhbərliyinə onu boş qalmış idman təlimatçısı və masajçı vəsifəsinə keçirməsini istəmişdir. Eyni zamanda, dəfələrlə yazılı və şifahi qaydada Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət edərək Reablitasiya Mərkəzlərinin birinə masajçı və ya idman təlimatçısı vəzifəsinə keçirilməsini xahiş etmişdir. Lakin, bu müraciətlərin heç bir nəticəsi olmamışdır. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə bu barədə sonuncu müraciətinə isə, xx.xx.2023-cü il tarixli, 17-4/2- 27056/2023 saylı məktubla belə cavab verilmişdir ki, onun müraciəti üzrə boş iş yerləri (vakansiyalar) olmadığı üçün müraciəti təmin edilmir və bu gələcəkdə həmin vəzifə üzrə vakansiyalar olarsa, onun müraciətinə baxıla bilər. Daha sonra təkrar müraciəti ilə bağlı xx.xx.2024cü il tarixli məktubla cavab verərək qeyd edilmişdir ki, "müraciətinin araşdırılması və dəqiqləşdirilməsi məqsədilə Filialın əməkdaşı tərəfindən onunla əlaqə (***-***-**-**) saxlanılmış, danışıq zamanı o, yalnız Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində masajçı vəzifəsi üzrə işləmək istədiyi filialdan məşğulluq sahəsində göstərilən xidmətlərlə bağlı heç bir tələbi olmadığını bildirmişdir". Qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə müraciət edərək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən onun masajçı və ya idman təlimatçısı vəzifələrinin biri ilə təmin olunmasını xahiş etmişdir. Müraciətinə aidiyyəti olmayan AR Əmək və ƏSMN-nin tabeliyində X6 Bakı Regional Məşğulluq Filialı tərəfindən ona ünvanlanmış 3-17-2/2-A-3116/202 No-li 28 yanvar 2025-ci il tarixli məktubunda qeyd edilir ki, "nəzərə çatdırılır ki, o, Qanuna uyğun olaraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) 14 sentyabr 2022-ci il tarixdən işaxtaran kimi qeydiyyata alınmışdır. Qeyd edirlər ki, Filialın əməkdaşı tərəfindən ona MEİS-də formalaşdırılmış vakansiya bankından münasib iş ("xxxx" MMC-də massajçı, əməkhaqqı 500-550 manat) təklif olunmuşdur. O, təklif edilən münasib işi qəbul etdiyi üçün həmin vakansiyaya göndəriş və fərdi məşğulluq vərəqəsindən (işaxtaran və işsiz şəxsə dair fərdi məlumatlardan, o cümlədən təhsili və peşəsi (ixtisası) barədə məlumatlardan, məşğulluq tarixçəsi, habelə təklif olunan münasib iş və aktiv məşğulluq tədbirləri, onların icra vəziyyətinə dair məlumatlardan ibarət elektron sənəd) çıxarış MEİS tərəfindən elektron qaydada işəgötürənə göndərilmiş, həmçinin bu barədə məlumatlar şəxsi kabinetinə yerləşdirilmişdir". Qeyd olunanları qanunsuz hesab edərək mövcud iddia tələbi irəli sürülmüşdür. Hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı ərizə-şikayət tam və hərtərəfli araşdırılmadığından aidiyyəti olmayan qurum olaraq AR Əmək və ƏSMN-nin tabeliyində X6 Bakı Regional Məşğulluq Filialına göndərilmiş və təşkilat tərəfindən ona ünvanlanmış 3-17-2/2-A- 3116/202 №-li 28 yanvar 2025-ci il tarixli verdiyi cavabla müraciətinin araşdırılması və hüquqlarının təmin olunması ilə bağlı olmadığından qanunsuz və əsassızdır. Belə ki, o, işlədiyi 1 saylı X7 masajçı vəzifəsi üzrə boş iş yerləri olub və həmin vəzifəyə başqa şəxslər işə götürülmüşlər və o, həmin Reabilitasiya Mərkəzində işləsə də, onun müraciətlərin nəzərə alınıb onu masajçı vəzifəsinə götürməmişlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin "¡"” bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biri də "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmasını təmin etməkdir. Həmin Məcəlləsinin 54-cü maddəsinin 1-ci hissəinə görə işəgötürən əlilliyi olan şəxslərə münasibətdə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilən iş yerlərinin standartlarına cavab verən iş yerinin və iş şəraitinin yaradılmasını təmin etməlidir. "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının Qanunun 21.1.-ci maddəsinə görə əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmaq, o cümlədən açıq, inklüziv və müyəssər iş şəraitində sərbəst seçdiyi və ya qəbul etdiyi əmək bazarında iştirak etməklə öz yaşayışını təmin etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən o masajçı və ya idman təlimatçısı kimi işə keçirilə bilərdi. Onun masajçı və ya idman təlimatçısı kimi işə köçürülməsi əlilliyi olan şəxs kimi onun üçün müyəssər və inkuliziv idi. Həmçinin, masajçı və ya idman təlimatçısı vəzifəsinə köçürülməsi əlilliyi olan şəxslərin iş yeri standartlarına və iş şəraitinin yaradılmasının təmin edilməsinə uyğun olardı Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenumunun qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.2. maddəsinin tələbinə görə predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Bu səbəbdən İddiaçı Əli-Nağı qızı tərəfindən verilmiş iddia tələbinə baxılması məhkəmə aidiyyəti üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin səlahiyyətinə aiddir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan və işdəki digər sənədlərdən iddiaçının cavabdehlərlə dövlət qulluqçusu münasibətində olması müəyyən edilməmişdir. Beləliklə, İddiaçı dövlət qulluqçusu olmamış, tərəflər arasında, yəni, dövlət qulluqçusu ilə inzibati orqan arasında ümumi (publik) hüquq münasibətləri ilə bağlı münasibətlər yaranmamışdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarının 2-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə əsasən, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin Qərarın 5.2-ci bəndinə əsasən dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən icarə, əmlak kirayəsi, podrat, alğısatqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakmiyyət tədbiridir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin iddianın mümkünlüyünü müəyyən edən 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı dövlət qulluqçusu olmadığından, beləliklə də tərəflər arasında dövlət qulluqçusu ilə inzibati orqan arasında ümumi (publik) hüquq münasibətləri sahəsində münasibətlər yaranmadığından; habelə inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbirinin mövcud olması müəyyən olunmadığından, bununla da, İddiaçı işdən azad edilməsi nəticəsində onun pozulması ehtimal olunan hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsi müəyyən olunmadığından iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-7906/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7906/2025
17.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver