Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7908/2025 21.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Memarlıq və İnşaat Universitetinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh orqan tərəfindən ona vurulmuş ziyana görə 3000 (üç min) manat kompensasiyanın cavabdehdən tutularaq mənə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onla əsaslandırılmışdır ki, iddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqəsinin verilməsi ilə bağlı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə mürciət etmişdir. Bakı İnzibati Məhkəməsi xx.xx.2022-ci il tarixində 2-1(112)-5004/2022 nömrəli qərarı ilə iddianı təmin etmiş, İddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsini cavabdehə həvalə etmişdir. Cavabdeh bununla bağlı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1 (103)-l782/2022 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayətini təmin etməmiş Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı dəyişdirmədən qüvvədə saxlamışdır. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1 (102)-l6690/2022 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayətini təmin etməmiş Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı dəyişdirmədən saxlamışdır. Bakı İnzibati Məhkəməsinin qərarını icra edərək xx.xx.2023-cü il tarixində də ona məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilmişdir. O, ödənişli əsaslarla təhsil aldığı üçün məhkəmə prosesi gedən 2 il ərzində anası Qanuni nümayəndə Azərbaycan Dillər Universitetinə müraciət etmiş və proses bitənə qədər təhsil haqqı ilə bağlı möhlət istəmişdir və universitet anasının xahişini yerinə yetirərək möhlət vermişdir. Lakin Azərbaycan Dillər Universiteti tərəfindən onlara bildirilmişdir ki, onun adına 3000 manat borc var. Məcburi köçkün statusunu təsdiq edən vəsiqə ona inzibati məhkəməyə müraciət etdiyi tarixdə yox, xx.xx.2023-cü il tarixində verildiyi üçün xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək olan dövr üzrə təhsil haqqının dövlət tərəfindən ödənilməsində problem yaşamışdır. Yaranmış problemlə bağlı AR Elm və Təhsil Nazirliyinə müraciət etmişdir. AR Elm və Təhsil Nazirliyi tərəfindən xx.xx.2023-cü il tarixində cavab məktubu verərək bildirmişdilər ki, güzəştli kateqoriyalara aid olan şəxslər müvafiq təsdiqedici sənədləri təqdim etdikləri tarixdən etibarən təhsil haqqından azad olunurlar. Cavabdehin qanunazidd hərəkətləri nəticəsində məcburi köçkün vəsiqəsi ona müraciət etdiyi tarixdə yox, məhz AR Ali Məhkəməsi tərəfindən qərar qəbul ediləndən sonra təqdim edilmişdir, yəni xx.xx.2023-cü il tarixində. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində, təhsil haqqını dövlət tərfındən ödənilməsi mümkün deyil və nəticədə ona cavabdeh tərəfindən maddi ziyan vurulmuşdur. Dəfələrlə cavabdehə qeyd olunan problemlə bağlı müraciət etməyinə baxmayaraq cavabdeh tərəfindən müraciətləri cavabsız qalmışdır. Yaranmış borc nəticəsindən onu universitetdən çıxarda bilərdilər və məcbur olaraq anası Qanuni nümayəndə “EmbaFinans” kredit təşkilatından kredit götürərək 3000 (üç min) manat yaranmış borcu universitetə ödəmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı sözügedən iddia tələbi tam əsassız olduğundan, həmçinin heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunun 14.8-1.6 maddəsinə əsasən, dövlət ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşlarının ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən, təhsil hüququnun təmin edilməsi məcburi köçkünlər barəsində tətbiq edilən sosial müdafiə tədbiri qismində müəyyən edilmişdir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, yaşayış məntəqələrindən kənarda yaradılmış düşərgələrdə məskunlaşmış məcburi köçkün uşaqlarının məktəbəqədər və ümumi orta təhsili müvafiq icra hakimiyyəti orqanı tərəfindən təhsil standartlarına uyğun olaraq təşkil edilir. Ümumtəhsil məktəblərində oxuyan məcburi köçkün uşaqları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada dərsliklərlə və dərs ləvazimatları ilə təmin olunurlar. Qeyri-dövlət ali və orta peşə-ixtisas təhsil müəssisələri məcburi köçkün tələbələrin normal təhsili üçün müəyyən güzəştlər edə bilərlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vahid büdcə təsnifatı”na əsasən dövlət büdcəsi hesabına maliyyələşən dövlət təşkilatı dövlət büdcəsindən onun üçün ayrılmış vəsaitdən təsdiqlənmiş xərclər smetasında nəzərdə tutulmuş təyinatdan kənar hər hansı məqsədlə vəsait xərcləyə bilməz. Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin həm ötən illər ərzində, həm də cari il üçün təsdiqlənmiş xərclər smetasında tələbələrin təhsil haqlarının verilməsi və ya kompensasiya ödənilməsi məqsədilə vəsait nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsi Əsasnamə ilə ona verilmiş səlahiyyət və funksiyalarını yalnız Azərbaycan Respublikasının dövlət büdcəsindən onun üçün ayrılmış vəsait hesabına və yalnız “Azərbaycan Respublikasının vahid büdcə təsnifatı”na əsasən Komitə üçün təsdiqlənmiş xərclər smetasında nəzərdə tutulmuş təyinatlar üzrə həyata keçirir. Bildiririk ki, Komitə tərəfindən məcburi köçkünlərə yardım və maddi kömək göstərilməsi yalnız təsdiqlənmiş xərclər smetasına uyğun olaraq həyata keçirilir və təsdiqlənmiş xərclər smetasında nəzərdə tutulmuş təyinatlardan kənar hər hansı kompensasiyanın ödənilməsi mümkün deyildir. Qeyd olunanlara əsasən bildiririk ki, İddiaçı müvafiq iddia tələbi üzrə Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsi cavabdeh qismində çıxış etmir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 5 nömrəli Qərarının 7-ci bəndinə əsasən, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Əlavə olaraq bildiririk ki, oxşar predmetlə əlaqədar Ali Məhkəmənin 2-1(102)-2469/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı mövcuddur. Həmin qərara əsasən: “Yuxarıda istinad edilən qanunvericilik aktlarının tələbinə görə, ödənişli əsaslarla təhsil alan şəxs məcburi köçkün statusuna malikdirsə, ali təhsil müəssisəsinə təhsil haqqı yenə ödənilir, lakin bu təhsil haqqını ali təhsil müəssisəsinə təhsil alan deyil, dövlət büdcəsinin vəsaiti hesabına müvafiq dövlət orqanı ödəyir. Odur ki, dövlət sifarişi ilə ali təhsil müəssisələrində təhsil alan şəxslərdə olduğu kimi, ödənişli əsaslarla təhsil alan məcburi köçkün statusuna malik şəxslərin də təhsil xərcləri qanunvericiliklə müəyyən edilmiş miqdarda ali təhsil müəssisəsi ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi arasında bağlanmış müqaviləyə əsasən sonuncu tərəfindən ödənilir. Beləliklə məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin o mövqeyi ilə razılaşır ki, iddiaçı ödədiyi təhsil haqqının geri qaytarılması ilə bağlı hazırkı iş üzrə cavabdehə deyil, müvafiq ödənişi həyata keçirmək vəzifəsi daşıyan dövlət orqanına - Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə müraciət edə, imtina olunduqda isə məhkəmə müdafiəsindən istifadə edə bilər.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh tərəfə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməklərinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İşdən görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə məcburi köçkün statusunu təsdiq edən vəsiqə ilə təmin edilmişdir. İddiaçı Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsində ödənişli əsaslarla təhsil almış, məcburi köçkün statusu aldıqdan sonra təhsil aldığı müəssisəyə ödədiyi 3000 AZN məbləğində təhsil haqqının qaytarılması ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2025-ci il tarixli 336-3/2-Ə-1xx-xx/2025/493 saylı məktubla rəsmi cavab verilmiş və bildirilmişdir ki, Azərbaycan Dillər Universitetinə ödəilmiş təhsil haqqının geri qaytarılması Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin səlahiyyətində olduğundan həmin quruma müraciət etməyiniz tövsiyyə olunur. İddiaçı xx.xx.2025-ci il tarixində iddia ərizəsi ilə cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona vurulmuş ziyana görə 3000 (üç min) manat kompensasiyanın ödənilməsini mübahisələndirir “Dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli 1308 saylı Sərəncamına əsasən, Azərbaycan Respublikasının dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları 2002/2003-cü tədris ilindən etibarən təhsillərini başa çatdıranadək təhsil haqqını ödəməkdən azad edilmişlər. “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 1722 saylı Sərəncamına əsasən, 2011/2012-ci tədris ilindən etibarən Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) təhsil səviyyələrinə və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə yeni qəbul olunmuş və ödənişli əsaslarla təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşlarının təhsil müddəti ərzində təhsil haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat, magistratura, doktorantura (dissertantlıq istisna olmaqla), əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kadr hazırlığının maliyyələşdirilməsi Qaydaları”na 1 nömrəli Əlavə olan “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə ali təhsil müəssisəsi və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası arasında nümunəvi çərçivə müqaviləsi”nin 2.1-ci bəndindən isə görünür ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi illik təhsil xərclərini Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına uyğun olaraq, bu Müqavilənin 3-cü bəndində nəzərdə tutulmuş qaydada dövlət sifarişi ilə təhsil almaq hüququnu qazanan şəxsin seçdiyi ali təhsil müəssisəsinə və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasına ödəməyi öhdəsinə götürür. Göründüyü kimi, ödənişli əsaslarla təhsil alan şəxs məcburi köçkün statusuna malikdirsə, ali təhsil müəssisəsinə təhsil haqqı yenə ödənilir, lakin bu təhsil haqqını ali təhsil müəssisəsinə təhsil alan deyil, dövlət büdcəsinin vəsaiti hesabına müvafiq dövlət orqanı ödəyir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Odur ki, dövlət sifarişi ilə ali təhsil müəssisələrində təhsil alan şəxslərdə olduğu kimi, ödənişli əsaslarla təhsil alan məcburi köçkün statusuna malik şəxslərin də təhsil xərcləri qanunvericiliklə müəyyən edilmiş miqdarda ali təhsil müəssisəsi ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi arasında bağlanmış müqaviləyə əsasən sonuncu tərəfindən ödənilir. Başqa sözlə, hazırkı cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulmasına yönəldilmiş hər hansı bir hərəkət və ya hərəkətsizliyinin olması əsaslandırılmadığından iddia cavabdehə münasibətdə mümkün sayıla bilməz. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). Məhkəmə qeyd edir ki, inzibati orqanın inzibati fəaliyyəti o zaman inzibati mübahisəyə əsas olur ki, inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə şəxsin maddi hüquq normasında ifadə olunan hüquqları pozulmuş olsun və ya bu hüquqlara müdaxilə edilmiş olsun. Beləliklə, iddiaçı maddi ziyan qismində tələb etdiyi ödədiyi təhsil haqqıdır ki, həmin təhsil haqqının geri qaytarılması ilə bağlı Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə - hazırkı iş üzrə cavabdehə deyil, müvafiq ödənişi həyata keçirmək vəzifəsi daşıyan inzibati orqana - Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə müraciət edə, imtina olunduğu və ya hərəkətsizlik göstərildiyi halda isə müvafiq quruma qarşı iddia tələbi ilə müraciət etmək imkanı istisna edilmir. Hazırkı iş üzrə məhkəmənin gəldiyi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2469/2023 saylı iş üzrə mövqeyinə də uyğundur. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-7908/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7908/2025
21.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver