Məhkəmə qərarları › İş №2-1(112)-7909/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7909/2024

04.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7909/2024 04.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi iddiaçılar İddiaçı1, İddiaçı2 Fəxrəd qızının, İddiaçı3, İddiaçı4, İddiaçı5 Təbriz qızının iştirakları ilə, İddiaçı1 və digərlərinin cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyata alınma” tələblərinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı1, İddiaçı2 Fəxrəd qızı, İddiaçı3, İddiaçı4 və İddiaçı5 (bundan sonra – iddiaçılar) Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onların Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Alballılıq 116 saylı evə yaşayış hüquqlarının tanınıb, həmin ünvana pasport qeydiyyatına alınmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Sonradan iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onların ünvan 1 ünvanına qeydiyyata alınmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılar xx.xx.2021-ci ildən ünvan 1 ünvanda yerləşən evdə yaşayırlar. Evə qeydiyyata alınmalarına dair cavabdehə müraciət etsələr də, onlara imtina cavabı verilmişdir. Cavabdehin imtinasını qanunsuz hesab edən iddiaçılar hazırkı tələblə məhkəməyə müraciət etmişlər. Belə ki, onların həmin evdə dörd il qeydiyyatsız yaşamaqlarını qonşular tərəfindən tərtib edilmiş akt və kommunal xərclərin ödənilməsinə dair qəbzlər təsdiq edir. Cavabdeh tərəfindən iddia ərizəsinə yazılı etiraz təqdim edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında təmsil edilməmiş, məhkəməyə məktubla müraciət edərək iş üzrə təyin olunmuş məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddia ərizəsinə uyğun izahat verərək həmçinin bildirmişlər ki, yaşadıqları və qeydiyyata alınmaq istədikləri evin sənədi və rəsmi ünvanı yoxdur. Belə ki, ev özbaşına tikilidir. Evi iddiaçılar inşa etmişlər. Qeyd edilənlərə əsasən iddiaçılar iddianın təmin edilməsini xahiş etmişlər. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Bakı şəhəri Xətai rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli imtina məktubu ilə iddiaçıya bildirilmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, iddiaçıların hal-hazırda yaşadığı Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq, ev 116 ünvanının hüquqi sənədi yoxdur. Bu səbəbdən onları həmin ünvana qeydiyyata almaq mümkün deyildir. İddiaçılara aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etmək tövsiyyə edilmişdir. İddiaçı1 məxsus seriya AA, ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən o, Mingəçevir şəhəri, X7 küçəsi, ev 14/1, mənzil 24 ünvanında qeydiyyatdadır. İddiaçı2 Fəxrəd qızına məxsus seriya AA, ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən o, Mingəçevir şəhəri, X7 küçəsi, ev 14/1, mənzil 24 ünvanında qeydiyyatdadır. İddiaçı3 məxsus seriya AZE, 17805220 nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən o, ünvan 3 ünvanında qeydiyyatdadır. İddiaçı4 məxsus seriya AA, ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən o, Mingəçevir şəhəri, X7 küçəsi, ev 14/1, mənzil 24 ünvanında qeydiyyatdadır. İddiaçı5 Təbriz qızına məxsus seriya AA, ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən o, Göyçay rayonu, Müskürlü ərazi dairəsi, ünvan 4i ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, ünvan 5 ünvanına dair sənəd aşkar edilməmişdir. X1, X3 və X2 tərəfindən tərtib edilmiş aktda iddiaçların Bakı şəhəri, Xəzər rayonu, ev 116-da xx.xx.2021-ci ildən yaşadıqları qeyd edilmişdir. İş materiallarına Albalılıq massivində yerləşən fərdi yaşayış evinə dair İddiaçı1 ilə bağlanmış kommunal müqavilələrin surətləri əlavə edilmişdir. Məhkəmə iddiaçıların izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçılar hazırkı iddia tələbində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Alballılıq 116 saylı evə qeydiyyata alınmaları vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edirlər. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Bu səbəbdən iddiaçıların hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər (1). Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. (2). Yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: Azərbaycan Respublikası vətəndaşı barədə onun yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir (3.1) Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi ; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi (5). Göründüyü kimi iddiaçılar Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq, 116 saylı fərdi yaşayış evinə yaşayış yeri üzrə qeydiyyata alınmaları barədə cavabdehə müraciət etmişlər, cavabdeh isə iddiaçıların müraciətini təmin etməmişdir. Hazırda iddiaçılar həmin ünvana qeydiyyata alınmaları vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (180.1). Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur (180.2). Göründüyü kimi iddiaçıların qeydiyyata düşmək istədikləri fərdi yaşayış evi özbaşına tikilidir. Bu səbəbdən iddiaçılar “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində nəzərdə tutulmuş, yaşayış sahəsinə qeydiyyata düşmək üçün tələb edilən hər hansı sənədi məhkəməyə təqdim etmək imkanında deyillər. İddiaçılar yalnız ayrı-ayrı şəxslər tərəfindən tərtib edilmiş aktlara və bağlanmış kommunal müavilələrə əsaslanmışlar. Qeyd edilən aktlar və müqavilələr hər hansı hüquqi qüvvəyə malik olmadığından məhkəmə tərəfindən sübut kimi qəbul edilə bilməz. Eyni zamanda kommunal müqavilələrdə ünvan kimi yalnız “Albalılıq, Fərdi ev” göstərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə verilmiş məhkəmə sorğusuna cavab olaraq həmin ünvana dair hər hansı məlumatın olmadığı qeyd edilmişdir. Qeyd olunanlara əsasən, cavabdehin iddiaçıları yaşayış yeri üzrə qeydiyyata almaqdan imtinası qanuni və əsaslıdır. Belə ki, cavabdeh yalnız “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində təsbit olunan hallarda iddiaçıları yeni yaşayış yeri üzrə qeydiyyata almaq səlahiyyətinə malikdir. Həmin maddədə göstərilən sənədlər isə ididaçılar tərəfindən təqdim edilməmişdir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı1 və digərlərinin cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə qarşı yaşayış yeri üzrə qeydiyyata alınma barədə iddiaları təmin edilməsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar