Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-791/2022 11.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), “X5” LTD şirkətinin Azərbaycan Respublikasındakı filialı və X11) “arayışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Cavabdehin nümayəndəsi X6 Üçüncü şəxs Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vəkili X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), “X5” LTD şirkətinin Azərbaycan Respublikasındakı filialı və X11) “arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Rahib Qədimov küçəsi 12 saylı ev üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydə alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə X11, xx.xx.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), xx.xx.2021-ci il tarixli qərardadı ilə “X5” LTD şirkətinin Azərbaycan Respublikasındakı filialı üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdirlər. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə yerində müayinə aparılması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçının vəkilinin “Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Rahib Qədimov küçəsi 12 saylı ev üzərində mülkiyyət hüquqlarının Səlim Ağaşərif oğluna məxsus olması haqqında arayışın İddiaçı verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı mərhum əri Səlim Ağaşərif oğlu ilə 1956-cı ildə rəsmi nikaha daxil olmuşdur. 1960-cı ildə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində 0,10 ha torpaq sahəsində mərhum ərilə birlikdə fərdi yaşayış evi inşa etmişlər. 1963-cü ildə həmin evə dair mərhum həyat X7nun adına Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən texniki pasport da tərtib edilmişdir. O, həmin evdə artıq 60 ilə yaxındır ki, yaşayır. Ev onun və həyat yoldaşının ümumi qazancı hesabına inşa edilmişdir və onların ümumi birgə mülkiyyətidir. X7 2008-ci ildə vəfat etmişdir. Bundan sonra ailə başçısı kimi ev təsərrüfatını iddiaçı idarə etmişdir. Hal-hazırda da yaşayış sahəsi onun mülkiyyətçi qismində sahiblik və istifadəsindədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-cu maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bununla bağlı olaraq bildirir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Siyahının 1.11.bəndinə əsasən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar həmin evlər üzərində qeydə alınmalı olan hüquqların mövcudluğunu təsdiq edir. Bildirir ki, həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün cavabdehə iki dəfə yazılı qaydada müraciət etmişdir. Sonuncu müraciəti xx.xx.2021-ci il tarixdə etmişdir. Lakin bu vaxta qədər ona heç bir cavab verilməmiş və ev üzərində mülkiyyət hüquqları qeydə alınmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar olunmuş iddiaçı məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda göstərilənləri müdafiə edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş texniki pasportda qeyd olunan şəxs (mərhum Səlim Ağaşərif oğlu) ilə bağlı daşınmaz əmlaka dair vərəsəlik işinin açılması barədə müvafiq notariat kontorunun məktubu təqdim edilməmişdir. Həmçinin sözügedən ünvanda yerləşən fərdi yaşayış evinə idarənin mütəxəssisləri tərəfindən texniki inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. Bu barədə vətəndaşa **********54 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydalan”na 2 nömrəli Əlavə olan “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir. Üçüncü şəxs Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vəkili iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar olunmuş digər üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Üçüncü şəxs X11 tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, X11 iddiaçının mərhum oğlu X12 ilə 16 noyabr 1993-cü ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur və mübahisəli evə gəlin köçmüşdür. Birgə nikahlarından X8 və X1 adlı iki övladı var. Həyat yoldaşı 02 sentyabr 2016-cı il tarixdə vəfat edib. Həmin ev köhnə tikili olduğundan müəyyən hissələri özü uçub dağıldığına və müəyyən hissələri qəzalı vəziyyətdə olduğuna görə Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə əlaqədar olaraq Bakı abadlıq tərəfindən söküləndən sonra o, öz vəsaitim hesabına həmin evdə həm Bakı abadlıq və həm də özü yenidən əsaslı təmr bərpa işləri aparmış və hal-hazırdada əsaslı təmir bərpa işləri aparır. İddiaçı X4 iddia ərizəsində yalan məlumat gösərərək 1963-cü ildə mübahisəli evə dair texniki pasport mərhum həyat X7nun adına Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilməsini bildirmişdir. Halbuki, həmin texniki pasport Bakı Sovetinin Texniki İnventarlaşdırma Bürosunun İcraiyyə Komitəsi tərəfindən tərtib edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 439 nömrəli 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri aqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Həmin Siyahının 1.11-ci bəndinə əsasən, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab olunur. İddia ərizəsindən göründüyü kimi iddiaçının tələbinin əsasını təşkil edən texniki pasport Bakı Sovetinin Texniki İnventarlaşdırma Bürosunun İcraiyyə Komitəsi tərəfindən tərtib edilmişdir. Texniki İnventarlaşdırma Bürosu isə iddiaçının istinad etdiyi kimi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin tabeliyində deyil, o dövrün yerli icra hakimiyyəti orqanı olan Bakı Sovetinin nəzdində olmuşdur. Ona görədə sözü gedən texniki pasport Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmədiyindən daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatı üçün əsas ola bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli, 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və istifadə hüququ əldə etmiş şəxs Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmläk üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir. Həmin Təlimatın 7.2-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə Daşmmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış verilir. Lakin iddiaçı mərhum həyat X7nun ölümündən sonra qanun və ya vəsiyyət üzrə vərəsələrinin müəyyənləşdirilməsi üçün lazımı qaydada notariusa müraciət etməmiş və vərəsəlirin əhatə dairəsi müəyyənləşdirilməmişdir. Belə olan halda iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ərazi idarəsinə və Məhkəməyə müraciət etmək üçün, subyektiv hüququ olmamışdır. Odur ki, yuxarıda göstərilənlərə əsasən, iddiaçı X2 cavabdeh Daşmmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, R. Qədimov küçəsi, 12 saylı ev üzərində onun mülkiyyət hüquqlarının qeydə alınması və müvafiq çıxarışın verilməsi tələbinə dair iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının müraciətinin təmin edilməsindən imtina barədə xx.xx.2021-ci il tarixli məktubu. - Evlənmək haqqında 249589 nömrəli Şəhadətnamənin surəti. - Ölüm haqqında 295173 nömrəli Şəhadətnamənin surəti. - Bakı şəhəri 9 saylı notariat ofisinin xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli məktubları. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi xx.xx.2021-ci il tarixli məktubu və ona əlavə edilmiş texniki pasportun təsdiq edilmiş surəti, xx.xx.2022-ci il tarixli məktubu və ona əlavə edilmiş sənədlər. - “X5” LTD şirkətinin Azərbaycan Respublikasındakı filialının məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi xx.xx.2022-ci il tarixli SN02/368 nömrəli məktubu və ona əlavə edilmiş xəritə.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Məhkəmə qeyd edir ki, qanunvericilik daşınmaz əmlak üzərində mülkiyyət hüququnu əldə etmiş şəxs, həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü halda həmin daşınmaz əmlak üzərində onun varisi tərəfindən mülkiyyət hüququnun qeydiyyata alınmasını fərqli, yəni «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsi ilə tənzimlədiyindən, iddiaçının cavabdeh inzibati orqana olan müraciəti, hazırkı tələblə olan müraciəti kimi qəbul edilməlidir. Məhkəmə prosessual qənaət prinsipi baxımından hazırkı iddianı mümkün hesab etmişdir. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəflərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəfə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən)
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işin faktiki hallarından görünür ki, İddiaçı 18 iyul 1956-cı il tarixdə Səlim Ağaşərif oğlu ilə rəsmi nikaha girərək evlənmişlər. Səlim Ağaşərif oğlunun adına Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Rahib Qədimov küçəsi (əvvəlki Mustafa Sübhi) 12 saylı evə dair Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Texniki Pasportu tərtib edilmişdir. Səlim Ağaşərif oğlu xx.xx.2008ci ildə vəfat etmişdir. Bakı şəhəri 9 saylı notariat ofisinin xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli məktublarına əsasən İddiaçı Səlim Ağaşərif oğlunun vərəsəsi kimi tanınmışdır. Hazırkı tələblə iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Rahib Qədimov küçəsi 12 saylı evin Səlim Ağaşərif oğlunun mülkiyyətinə verilməsinə dair İddiaçı adına Arayış verilməsini tələb edir. Cavabdeh inzibati orqan imtina məktubunda bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən faktiki torpaq sahəsi 440 kv.m. sənədlə isə 126,57 kv.m təşkil edir, torpaq sahəsinin sənədlə faktiki vəziyyəti arasında perimetrik ölçü, konfiqurasiya fərqi mövcuddur və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş kontrakt ərazinin hüdudları daxilində yerləşir. Eyni zamanda fərdi yaşayış evi mübahisəli olduğundan ünvana texniki baxış keçirmək üçün idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırılma işlərinin aparılmasına şərait yaradılmamışdır. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası əsaslıdır. Belə ki, iş materiallarında olan yerində müayinə protokolundan görünür ki, xx.xx.2021-ci il tarixdə mübahisə predmeti olan fərdi yaşayış evinin yerləşdiyi əraziyə, yəni ünvan 2 ünvanında yerləşən əraziyə baxış zamanı məyyən edilmişdir ki, ərazidə giriş hissənin sol tərəfində birmərtəbəli ev, sağ tərəfində isə yarım tikili mövcuddur. Yaxın məsafədə neft quyuları fəaliyyət göstərir. İş materiallarında olan “X5” LTD şirkətinin Azərbaycan Respublikasındakı filialının məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi xx.xx.2022-ci il tarixli SN02/368 nömrəli məktub və ona əlavə edilmiş xəritədən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Rahib Qədimov küçəsi 12 saylı evin yerləşdiyi ərazi Balaxanı Əməliyyat şirkətinin istifadəsində olan istehsalat təyinatlı sahədə, 39T408533: ******* saylı coğrafi koordinatlardadır. Evin yerləşdiyi əraziyə yaxın məsafədə (48 və 53 metr məsafədə) 2620 və 2975 saylı neft quyuları (işlək quyular) mövcuddur. Beləliklə, məhkəmə araşdırılması ilə müəyyən edilmişdir ki, iddiaçının faktiki istifadəsində olan mübahisəli torpaq sahəsi sənaye təyinatlı dövlətin mülkiyyətində saxlanılan torpaqlar kateqoriyasına aid olmaqla Dövlət Neft Şirkətinin daimi istifadəsinə olan torpaq sahəsidir. Göründüyü kimi, mübahisə predmeti olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi kateqoriyasına görə sənayə torpaqlarına aiddir və Balaxanı Əməliyyat şirkətinin istifadəsində olan ərazinin hüdudları daxilində yerləşir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Torpaq Məcəlləsinin 9.2ci maddəsinə əsasən məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. Həmin Məcəllənin 48-ci maddəsinin 4-cü bəndinə əsasən, torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir. Beləliklə, hazırkı iş üzrə mübahisə predmeti olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi kateqoriyasına görə sənayə torpaqlarına aiddir, verilmiş torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi isə iş materialları ilə təsdiq edilmir. 29 sentyabr 2004-cü il tarixində "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ("xxxx"), X20 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti ("Podratçılar") arasında Saziş ("Saziş") imzalanmış və 29 aprel 2005-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş Qanun statusunu almışdır. Qeyd olunan Qanunun 4-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. “Azərbaycan Respublikasında Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, UQE-LANSER PTİ. LTD və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” ” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” 2008-ci il 17 noyabr tarixli 47 nömrəli və “Azərbaycan Respublikasında Balaxanı-Sabunçu- Ramana və Kürdəxanı yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 17 noyabr tarixli 47 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə” 2010-cu il 15 yanvar tarixli 683 nömrəli Sərəncamlarına uyğun olaraq, 2010-cu il iyunun 3-də Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ("xxxx") ilə UQE-LANSER PTİ. LTD və ARDNŞ-in Ortaq Neft Şirkəti (“ONŞ”) arasında Saziş bağlanmışdır. Həmin Qanunun 4-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 176 saylı 4 avqust 1999-cu il tarixli Fərmanının 2.2-ci bəndinə görə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (əvvəlki Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi) həyata keçirir. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin birinci hissəsinə əsasən dövlət torpaq kadastrı fonduna Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən torpaqların məqsədli təyinatı, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu və torpaq sahələrinin digər kəmiyyət və keyfiyyət göstəriciləri üzrə kadastr məlumatları və materialları daxil edilir. Həmin Qanunun 12-ci maddəsinin ikinci hissəsinə əsasən dövlət torpaq kadastrı fondu müvafiq icra hakimiyyəti orqanının sərəncamında olur. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 12 mart 1999-cu il tarixli 113 nömrəli Azərbaycan Respublikası Fərmanının 2-ci bəndinə əsasən həmin Qanunun 5-ci maddəsinin beşinci hissəsində, 6-cı maddəsinin ikinci hissəsində, 7-ci maddəsinin ikinci hissəsində, 12-ci maddəsinin ikinci hissəsində, 15-ci maddəsinin ikinci hissəsində, 19-cu maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”nın 1.1-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 27 iyul tarixli 308 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları”na və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunu aparmaq məqsədi ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması mexanizmini müəyyən edir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kontrakt sahəsinin hüdudları daxilində yerləşməsi, evin yerləşdiyi əraziyə yaxın məsafədə 2620 və 2975 saylı neft quyularının (işlək quyuların) mövcud olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməməkdə haqlı olmuşdur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), “X5” LTD şirkətinin Azərbaycan Respublikasındakı filialı və X11) “Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Rahib Qədimov küçəsi 12 saylı ev üzərində mülkiyyət hüquqlarının Səlim Ağaşərif oğluna məxsus olması haqqında arayışın İddiaçı verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbi təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev