Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7910/2022 11.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan iddiaçı X2 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamının ləğv edilməsi” (zəruri cəlbetmə qaydasında üçüncü şəxs "xxxx" MTK) iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər İcra Hakimiyyətinin 614 saylı xx.xx.2014-cü il tarixli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, R.Axundov küçəsi, 29 saylı evin 16 nömrəli mənzilin xüsusi mülkiyyətindədir. Mənzil 38 kv.m. sahədən ibarətdir, lakin faktiki olaraq 80 kv.m. sahə təşkil edir. Ermənistandan qaçqın düşdükdən sonra iddiaçı bu mənzildə yaşayıb. Hazırda ailə üzvləri ilə həmin ünvanda yaşayır.Xüsusilə qeyd edir ki, həmin evdə 2 ailə yaşayır. Nəvələri bu ərazi üzrə məktəbə gedir, artıq bu ərazinin infrastrukturundan tam olaraq illərdir istifadə edirlər. Bakı Şəhər İcra Hakmiyyəti tərəfindən verilmiş 614 saylı xx.xx.2014-cü il tarixli sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, V.Plotnikov küçəsi, C.Hacıbəyli və R.Axundov küçələrinin kəsişməsində yerləşən 741 saylı məhəllədə yaşayış binalarının layihələndirilməsi üçün "xxxx" Mənzil Tikinti Kooperativinə icazə verilmişdir.İddiaçının mülkiyyətində olan mənzil də sərəncamda qeyd edilən sahənin tərkibindədir. Qeyd edir ki, Bakı Şəhər İcra Hakimiyyəti sərəncam verərkən onun mülkiyyətçi hüquqlarını kobud surətdə pozmuşdur.
3. Bakı Şəhər İcra X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin OM seriyalı, 015683 nömrəli Qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, R.Axundov küçəsi, 29 saylı evin 38.0 kv.m yaşayış sahəsindən ibarət 4 (dörd) otaqlı 16 nömrəli mənzili iddiaçı X3 xüsusi mülkiyyətindədir.
4. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə "xxxx" MTK inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
5. Yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 614 nömrəli sərəncamına əsasən; 1."xxxx" MTK-nın xx.xx.2014-cü il tarixli 1 saylı müraciətini nəzərə alaraq Nəsimi rayonu, V.Plotnikov, C.Hacıbəyli və R.Axundov küçələrinin kəsişməsindəki 741 saylı məhəllədə yaşayış binasının tikintisinin layihələndirilməsi üçün həmin Kooperativə icazə verilsin. 1.1.Ərazidə yerləşən tikililərin sökülməsi və sahiblərinə vəsaitin ödənilməsi müvafiq qanunvericiliyə uyğun olaraq "xxxx" MTK tərəfindən həll edilsin. 2.Sifarişçiyə tapşırılsın: 2.1.Ərazinin və obyektin şəhərsalma əsaslandırılması sənədlərinin hazırlanmasını təmin etsin və razılaşdırılması üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim etsin. 2.2. Sahəni yerində qəbul etsin, onun sanitar vəziyyətinə nəzarət etsin. 2.3.Sahədə mövcud yaşıllıqlara qulluq və mühafizə edilməsi üçün müvafiq tədbirləri görülməsini təmin etsin. 2.4.Layihələndirmənin vaxtı və qaydası üzrə Memarlıq və Şəhərsalma Baş İdarəsinin tapşırığını və memarlıq planlaşdırma göstərişlərini yerinə yetirsin. 2.5. Ərazinin və obyektin memarlıq planlaşdırmasının həllini layihələndirmə ərəfəsində Memarlıq və Şəhərsalma baş İdarəsi ilə razılşadırsın. Layihələndirmə başa çatdıqdan sonra işçi layihəsini tam həcmdə Baş İdarəyə təqdim etsin. 2.6. Layihə təşkilatı layihə-axtarış işləri apararkən mühəndis kommunikasiyaları aşkar edildikdə, Baş plan işlənməzdən əvvəl həmin kommunikasiyaların köçürülməsini Memarlıq və Şəhərsalma Baş İdarəsinə və əlaqədar təşkilatlara razılaşdırsın. 2.7. Layihələndirmə işləri tam başa çatdıqdan sonra razılaşdırılmış və təsdiq edilmiş tikinti layihəsi tikintiyə icazə verilməsi barədə sərəncamın hazırlanması və tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişanın alınması məqsədilə Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim etsin. 3.Bu sərəncam inşaat pasportu ilə birlikdə yalnız layihələndirmə üçün əsasdır.
4. Sifarişçi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.67 və 68-ci maddələrinin tələblərinə uyğun olaraq Bakı Şəhər iCra Hakimiyyəti nəzdindəki “İnterservis” müdiriyyəti ilə ayrılmış torpaq sahəsinə dair icarə müqaviləsi bağlamalı və Əmlak Məsələləri Dövlət Komitəsində qeydiyyata alınmalıdır.
5. Layihə sənədləri, mərhələsindən asılı olmayaraq memarlıq fəaliyyəti ilə lisenziya əsasında məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən işlənilməlidir.
6. Yuxarıda qeyd edilən bəndlərin tələbləri sifarişçi tərəfindən yerinə yetirilməsə, sərəncamın ləöv edilməsi məsələsinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxılacaqdır.
7. Torpaq sahəsi üzərində hüquqlara xitam verilməsinin müddəti Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsi ilə tənzimlənir. 8.Sahənin zəbt olunması yaşıllıqların qanunsuz məhv edilməsi və sanitar vəziyyətə nəzarət edilməsi Rayon İcra Hakimiyyətinə tapşırılısın.
6. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdilər.
7. Cavabdeh və üçüncü şəxs məhkəmə iclaslarında iştirak etməmişdirlər.
II. İddianın növü və mümkünlüyü
8. İddianın növü sərəncamın qismən ləğv edilməsi ilə bağlıdır. İddianın növü mübahisələndirməyə dair iddiadır.
9. İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
10. İPM-in 32.1-ci maddəsinə əsasən, Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
11. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.
12. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
13. Mübahisələndirilən (inzibati aktın) iddiaçıya nə zaman təqdim edildiyi müəyyən olunmur və sərəncamda (inzibati aktda) həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmamışdır.
14. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.
16. Məhkəmə qeyd edir ki, "xxxx" MTK-nın maraqlı şəxs kimi etimadı qanunla qorunduğundan və etimadın qorunması hüququnu istisna edən hal (“İnzibati icraat haqqında” qanunun 67.6-cı maddəsinə əsasən) məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən maraqlı şəxsin xeyrinə olan inzibati aktın ləğv olunmasına yol verilmir.
17. "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2020-ci il tarixli qərarında ifadə edilən mövqeyə əsasən: ...Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Bu baxımdan şəhərsalma və tikinti sahəsində dövlət siyasətinin əsas istiqamətləri üzrə fəaliyyətin, o cümlədən insanların sağlam və təhlükəsiz yaşayış şəraitinin təmin edilməsi və bu sahədə məskunlaşma sisteminin maneəsiz həyata keçirilməsi məqsədi ilə belə münasibətlərin iştirakçılarının hüquq və vəzifələrinin qanunverici tərəfindən dəqiq müəyyənləşdirilməsinə və normativ tənzimləmənin təkmilləşdirilməsinə zərurət vardır.
18. Bununla əlaqədar, Konstitusiya Məhkəməsinin qeyd edilən qərarında Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına uyğun olaraq şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən olan ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi, insan üçün əlverişli və sağlam yaşayış mühitinin yaradılması məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydaların bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmuş; Qeyd edilən qaydalar təkmilləşdirilənədək hüquq tətbiqedici tərəfindən bu kateqoriyadan olan mübahisələr üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hazırkı Qərarında əks olunmuş hüquqi mövqelər rəhbər tutulmalı olduğu bildirilmişdir.
19. Odur ki, sərəncamın ləğv edilməsi nəzəri və xəyali hüquqları təmin etmiş olar, odur ki, iddiaçının pozulmuş hesab etdiyi hüquqlarının bərpası üçün praktik və effektiv hüquq müdafiə vasitəsi hesab edilə bilməz. Belə ki, bir şəxsin hüququnun digər şəxs(lər)ə daha çox zərər vurulması yolu ilə bərpa olunması ictimai maraqlara və mütənasiblik prinsipinə uyğun hesab edilə bilməz.
20. Məhkəməyə çatım hüququ "praktiki və effektiv" olmalıdır (Bellet Fransaya qarşı, § 38).
21. Konvensiya nəzəri və xəyali hüquqları deyil, praktik və effektiv hüquqları təmin etmək üçün nəzərdə tutulmuşdur (Airey İrlandiyaya qarşı, § 24).
22. X6 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, X6 Konvensiyasının 6-cı maddəsinin məqsədlərinə əsasən istənilən məhkəmə qərarının icrası “məhkəmə prosesi”nin ayrılmaz hissəsi hesab olunmalıdır (Hornsby Yunanıstana qarşı, § 40).
23. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, dəyəri ədalətli olaraq ödənilmədən mülkiyyətin alınması adətən ictimaiyyətin ümumi maraq tələbləri ilə şəxsin fundamental hüquqlarının müdafiəsinə dair tələbləri arasında ədalətli tarazlığın (balansın) yaranmasını qeyri-mümkün edəcək və şəxsin üzərinə qeyri- mütənasib yük salacaq (Yunanıstanın əvvəlki Kralı və qeyriləri Yunanıstana qarşı (GC), no. 25701/94, § 89, AİHM 2000-Xİİ). Mülkiyyətin alınması ilə bağlı oxşar işlərdə Məhkəmənin presedentinə əsasən, qeyd olunan tarazlıq mülkiyyətçiyə onun əmlakı alınan zaman bazar qiymətinə uyğun hesablanan kompensasiya ödənildikə əldə olunur (bax Pincova və Pinc Çexiya Respublikasına qarşı, no. 36548/97, § 53, AİHM 2002-Vİİİ; Vistins və Perepyolkins Latviyaya qarşı, § 111; və QuisoQalisay İtaliyaya qarşı (GC), no. 58858/00, § 103, 22 Dekabr 2009). Kompensasiyanın məbləği mülkiyyətdən məhrum edilmə tarixində hesablanmalıdır (Vistins və Perepyolkins Latviyaya qarşı işdə (§118 və 180))
24. İddiaçı prosesin əvvəlində məhkəmə iclasında iştirak etsə də, məhkəmənin sonrakı iclaslarında iştirak etməmişdir.
25. Hazırkı işin hallarına əsasən müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, Abbas Zamanov küçəsi ev 29, mən. 16 birinci mərtəbədə 2 otaqlı 18 kv.m. hissəsinə "xxxx" MTKnın hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır, iddiaçı evin qeyd edilən hissəsinin mülkiyyətçisi deyildir. Odur ki, iddia qaldırılan məqamda iddiaçı iddianı qaldırmağa subyektiv hüququ olsa da, işin icraatı gedişində mənzilə dair hüquqlarını özgəninkiləşdirmiş (üçüncü şəxsə) və işin sonrakı araşdırması zamanı iştirak etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən tələb üzrə hüquqlarının qanunla qorunmasına artıq hüquqi marağı qalmamışdır.
26. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
27. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Günel Sevdimalıyeva