Məhkəmə qərarları › İş №2-1(112)-7912/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7912/2021

30.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7912/2021 30.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi (vəzifəsinin) öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, erməni işğalçıları Azərbaycanın torpaqlarına hücum edərkən, onların hücumlarının qarşısının alınmasından ötrü o da minlərlə vətənpərvər oğul kimi torpaqları erməni işğalçılarından müdafiə etməkdən ötrü şiddətli döyüşlərin getdiyi cəbhə bölgəsində öz vətənini sevən bir oğul kimi iştirak etmişdir. Lakin üstündən uzun müddət keçməsinə baxmayaraq, o, bu işlə maraqlanmırdı və elə zənn edirdi ki, müvafiq orqanlarda bu haqda lazımi qeydiyyat olacaq və onun hərbi biletinə qeydiyyat aparmaqla ermənilərə qarşı döyüşlərdə iştirakı ilə əlaqədar olaraq müvafiq sənədlərin alınmasında və digər bu kimi məsələlərin həllində heç bir problem olmayacaq. Amma məsələ o, düşündüyü qədər sadə deyilmiş. O, 25.06.1986ci ildən 23.06.1988-ci ilədək olan dövrdə keçmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. O, həqiqətən də 1991-ci ilin noyabr ayından Goranboy rayon ərazisində könüllü olaraq hərbi xidmətə getmiş və Goranboy rayonu ərazisindəki N7 №-li Ərazi Özünü Müdafiə Batalyonunda könüllü olaraq döyüşçü kimi 1992-1993-cü illərdə xidmət etmişdir. Həmin Ərazi Özünü Müdafiə batalyonunda siravi əsgər - baş istehkamçı, snayper, sürücü mexanik olmuşdur. Goranboy rayonu Ağcakənd, Şaumyan, Gülüstan kəndi və Ağdərənin Suqovuşan (Madaqiz), Şəfəq, Qaraçinar kəndləri uğrunda ermənilərə qarşı gedən döyüşlərdə iştirak etmişdir. O, 1993-cü ilin sonunda həmin Batalyondan könüllü döyüşçü kimi hərbi xidmətdən təxris olunaraq evə buraxılmışdır. Onun qeyd etdikləri hərbi bileti, arayışlarla da təsdiq olunur. Ona "Müharibə Veteranı" adı və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh ona müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsindən imtina etmişdir. Cavabdehin imtinası əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə dair yazılı etirazını məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buraxılmasdır. Şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi imperativdir: - Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. - Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfhumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı" adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddiaçı iddia ərizəsində, 1991-ci ilin noyabr ayından Goranboy ƏÖMB-un və N nömrəli hərbi hissənin tərkibində döyüşlərdə iştirak etdiyini, 1993-cü ilin sonunda hərbi xidmətdən ehtiyata buraxıldığını qeyd etmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 09.08.2021-ci il tarixli 4/2-172 nömrəli məktubunda, Goranboy ƏÖMB komandirinin 1 aprel 1992-ci il tarixli 1 nömrəli əmri ilə sıravi İddiaçı şəxsi heyətin siyahısına salınaraq baş istehkamşı vəzifəsinə, sonrakı xidmət müddətində isə sonuncu olaraq 31.07.1992-ci il tarixli 7 nömrəli əmrlə snayper vəzifəsinə və 31.08.1992-ci il tarixli 8 nömrəli əmrlə avqust ayı üçün pulla təmin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin avqust - N noyabr 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. N nömrəli hərbi hissə komandirinin yanvar-iyul 1993-cü il, yanvar-iyun 1994cü il tarixli nizami hissə üzrə əmrləri və əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlləri Arxivə daxil olmamışdır. Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin 13.09.2021-ci il tarixli 1/71-17247 nömrəli məktubunda N nömrəli hərbi hissənin 11.04.1993-12.05.1994-cü il tarixlərdə Goranboy ƏÖMB 01.01.1992-01.05.1992-ci il tarixlərdə döyüş əməliyyatlarında iştirak etdiyi qeyd edilmişdir. SHXÇÜDX-nin Bakı şəhər Nizami rayon İdarəsinin 25.06.2020-ci il tarixli 2N nömrəli məktubunda İddiaçı xidməti barədə məlumatlar qeyd edilmişdir. Lakin onun qanuni əsaslarla ehtiyata və ya istefaya buraxılması barədə məlumatlar qeyd edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteranı" adı və vəsiqəsinin verilməsinə dair müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin “MDB-nin Birləşmiş Silahlı Qüvvələrindən təxris olunaraq ehtiyata buraxılmış hərbi mükəlləfiyyətlilərin həqiqi hərbi xidmətə çağırılması haqqında” 25.07.1992-ci il tarixli 77 nömrəli Fərmanının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələri heyətində xidmət edən əsgər və serjantların xidmət müddətləri Azərbaycan Respublikası ərazisində gedən döyüş əməliyyatlarının müddətinə uyğun olaraq uzadılması qərara alınmışdır. Sadalanmış bu müddəalardan bəlli olur ki, müharibə dövründə səfərbərlik elan edildikdə, bu dövrdə xidmət hərbi xidmətə aid edilir və çağırış üzrə qaydalara uyğun tənzimlənir. Həmin qaydalara görə isə, hərbi qulluqçunun xidmət keçməsinin başlanğıcı hərbi komissarlığa gəldiyi gün, onun sonu isə ehtiyata və ya istefaya buraxıldığı gün hesab edilir. Ehtiyata və ya istefaya buraxılma barədə isə Azərbaycan Respublikası Prezidenti müvafiq qərar qəbul etməlidir. Habelə, adı çəkilən fərman qəbul ediləndən sonra müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının müdafiə naziri və müvafiq olaraq hərbi hissələrin komandirləri) hərbi heyətin ehtiyata və ya istefaya buraxılması barədə əmr qəbul edirlər. Beləliklə hərbi qulluqçunun müharibə dövründə hərbi xidməti 09 oktyabr 1991-ci il tarixindən müxtəlif vaxtlarda başlana bilər, lakin onun dövrü 10 may 1994-cü il tarixini əhatə etməklə hərbi xidmətin sonu Azərbaycan Respublikası Prezidentinin təxrisetmə barədə qəbul etdiyi qərardan sonra hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gün hesab edilir. Yalnız bu halda hərbi qulluqçu hərbi xidmət keçmiş şəxs kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 433 saylı Fərmanı 23 yanvar 1996-cı il tarixində, “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında" 466 saylı Fərmanı 23 iyun 1996-cı il tarixində və “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 501 saylı Fərmanı isə 29 sentyabr 1996-cı il tarixində qəbul edilmişdir. Göründüyü kimi, müharibə dövründən sonra hərbi qulluqçuların ehtiyata buraxılması 1996-cı ildən başlamış və yalnız həmin müddətdən sonra hərbi qulluqçular müvafiq rəsmiləşdirilmədən sonra hərbi xidməti keçmiş hesab edilməlidirlər. Beləliklə, hazırki inzibati iş üzrə təqdim edilmiş sənədlərdən sabit olur ki, iddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 03.06.2021-ci il tarixli, 1/H-12469 saylı məktubda qeyd olunur: Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxıl olmuş ərizənizə cavab olaraq təkrar bildiririk ki, Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 12.08.2020-ci il tarixli iclasında baxılmış və 701 nömrəli protokol ilə barənizdə müsbət qərar qəbul edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 10.06.2020-ci il tarixli 9/2-6404 saylı arxiv arayışının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Goranboy ƏÖMB komandirinin 1 aprel 1992-ci il tarixli 1 №-li əmrilə (əsas: §1, səh-10) sıravi İddiaçı şəxsi heyətin siyahısına salınaraq baş istehkamçı vəzifəsinə təyin olunmuşdur. Goranboy ƏÖMB komandirinin 1 may 1992-ci il tarixli 2 №-li əmrilə (əsas: §1, səh-14) 1968-ci il təvəllüdlü, sıravi İddiaçı snayper vəzifəsinə təyin olunmuşdur. Goranboy ƏÖMB komandirinin 30 iyun 1992-ci il tarixli 6 №-li əmrilə (əsas: §1, səh-26) 1968-ci il təvəllüdlü, baş sürücü-mexanik, sıravi İddiaçı iyun ayı üçün pulla təmin olunmuşdur. Goranboy ƏÖMB komandirinin 31 iyul 1992-ci il tarixli 7 №-li əmrilə (əsas: §1, səh-35) 1968-ci il təvəllüdlü, sıravi İddiaçı snayper vəzifəsinə təyin edilmişdir. Goranboy ƏÖMB komandirinin 31 avqust 1992-ci il tarixli 8 №-li əmrilə (əsas: §1, səh-41) sıravi İddiaçı avqust ayı üçün pulla təmin olunmuşdur. Qeyd edilir ki, N7 №-li hərbi hissə komandirinin avqust-N noyabr 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Bildirilir ki, N7 №-li hərbi hissə komandirinin yanvar-iyul 1993-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsinin 25.06.2020-ci il tarixli 2N saylı arayışından görünür ki, 1968-ci il təvəllüdlü İddiaçı həqiqətən 10.12.2013-cü il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon idarəsində hərbi qeydiyyatdadır və 25.06.1986-cı il tarixdən 23.06.1988-ci il tarixədək keçmiş Sovet Ordusu sıralarında müddətli həqiqi hərbi xidmət keçmiş, ehtiyatda olmağın son yaş həddinə çatdığı üçün 2018-ci ildə hərbi qeydiyyatdan silinmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 10.06.2020-ci il tarixli 9/2- 6404 nömrəli Arxiv arayışına əsasən Həsənov X1 ƏÖMB komandirinin 01.04.1992-ci il 1 nömrəli əmri ilə şəxsi heyətin siyahısına salınaraq baş istehkançı vəzifəsinə təyin olunmuşdur. N7 saylı hərbi hissə komandirinin avqust-noyabr 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barədə məlumat aşkar edilməmişdir. Əsas: H3 № ******* nömrəli hərbi bilet və 10.06.2020-ci il tarixli 9/2-6404 nömrəli Arxiv arayışı. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 10.06.2020-ci il tarixli 9/2-6404 saylı arxiv arayışına əsasən N7 №-li hərbi hissə komandirinin avqust-N noyabr 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat olmadığına görə ona Müharibə veteran adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci maddəsinə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi üçün ona «Müharibə Veteranı» adı və vəsiqəsinin verilməsini tələb edir. Lakin iş materiallarında olan sənədlər əsasında iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi öz təsdiqini tapmadı. Bundan başqa, iddiaçının hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılması da iş materialları ilə öz təsdiqini tapmadı. İddiaçı qeyd olunan hallarla əlaqədar sübutları məhkəməyə təqdim edə bilmədi. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin arxiv arayışından və məhkəmə iclasında araşdırılmış digər sübutlardan görünür ki, İddiaçı xidməti, habelə ehtiyata buraxılması barədə məlumat aşkar olunmamışdır. Məhkəmə işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi, eləcə də hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılması təsdiq olunmadığından, iddia təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar