Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7916/2020 14.12.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon İcra və probasiya şöbəsinə qarşı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə, “icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə işə Bakı şəhərində Bakı İnzibati Məhkəməsinin binasında hazırlıq icraatı üzrə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə cavabdeh Bakı şəhəri Səbail rayon İcra və probasiya şöbəsinə qarşı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə, “icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi” barədə iddia qaldıraraq, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin icraatında olan 2 (008)-5138/2020 saylı mülki işə baxılıb yekun qərar qəbul edilənədək, mübahisəli əmlaka dair Bakı şəhər Səbail rayon İcra və probasiya şöbəsinin icraatında olan Bakı Apelyasiya Məhkəməsinin qeyd olunan icra vərəqəsi üzrə icraatın dayandırılması, Bakı şəhər Səbail rayon icra məmuru Tural Aşurovun qanunsuz hərəkətlərinə hüquqi qiymət verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-422/2015 saylı qətnaməsi ilə, iddiaçı “xxxx” QSC-nin cavabdeh “xxxx” MTK-ya, İddiaçı, X2, X1 və qeyrilərinə qarşı “borcun tutulması" tələbinə dair ilkin iddiası qismən təmin edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qeyd olunan qətnaməsindən cavabdehlər İddiaçı, X3 və qeyriləri apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-22/2016 saylı, qətnaməsi ilə apelyasiya şikayətləri qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qeyd olunan qətnaməsi dəyişdirmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-22/2016 saylı, qətnaməsindən kasassiya şikayətləri verilmiş, kassasiya şikayətləri təmin edilməmişdir. Qüvvədə olan qətnamə ilə “Bakı şəhəri Səbail rayonu Salyan şossesi 32, 4-cü küçəsində istifadədə olan 0,1071 ha torpaq sahəsi və həmin torpaq sahəsində xüsusi mülkiyyətdə olan 4302,5 kv. m. ümumi, 1223, 8 kv.m. yaşayış, 3078,7 kv.m. yardımçı sahədən 4 mərtəbəli 25 otaqlı 4 saylı fərdi yaşayış evinin boşaldılması“ da qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi, tərəfindən məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra vərəqəsi Səbail rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. İcra işi Bakı şəhər Səbail rayon İcra və probasiya şöbəsinin icra məmuru Tural Aşurovun icraatındadır. Bakı şəhər Səbail rayon İcra və probasiya şöbəsinin icra məmuru Tural Aşurov icra işi üzrə “İcraata Başlamaq Haqında” Qərar qəbul etmiş və sözügedən qərarı rəsmi olaraq iddiaçıya verməmişdir. Həmçinin iddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı cavabdeh X4, maraqlı şəxs icra vərəqi üzrə tələbkar “xxxx” ASC-yə və qeyrilərinə qarşı Bakı şəhəri Səbail rayonu Salyan şossesi 32, 4-cü küçəsində istifadədə olan 0,1071 ha torpaq sahəsi və həmin torpaq sahəsində xüsusi mülkiyyətdə olan 4302,5 kv.m. ümumi, 1223, 8 kv.m. yaşayış, 3078,7 kv.m. yardımçı sahədən 4 mərtəbəli 25 otaqlı 4 saylı fərdi yaşayış evinin alqı-salqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hal-hazırda 2(008)-5138/2020 saylı mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatındadır və məhkəmə prosesləri davam edir. Sabunçu Rayon Məhkəməsinin hazırda icraatında olan 2(008)-5138/2020 saylı mülki iş üzrə İddiaçı iddianın təmin tədbiri barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32, 4-cü küçə, 4 saylı fərdi yaşayış evinin satılması, bağışlanması və ya hər hansı bir şəkildə özgəninkiləşdirilməsi və barəsində hər hansı sərəncam verilməsi qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərardadı ilə Bakı şəhəri, Səbail rayonu Salyan şossesi 32, 4-cü küçə, 4 saylı fərdi yaşayış evinin satılması, bağışlanması və ya hər hansı bir səkildə özsəninkiləşdirilməsi və barəsində hər hansı sərəncam verilməsi cavabdeh və digər şəxslərə qadağan edilmişdir. Həmin qəradad icra edilməsi üçün Bakı şəhər Səbail rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Bakı şəhər Səbail rayon İcra və Probasiya şöbəsinin icra məmurunun qanunsuz icra hərəkətləri iddiaçının hüquqlarına toxunduğuna görə Bakı şəhər Səbail rayon İcra və Probasiya şöbəsinə ərizə ilə müraciət edərək, Sabunçu Rayon Məhkəməsinin 2(008)- 4733/2018 saylı qərardadını və mübahisə predmeti olan əmlaka dair Sabunçu Rayon Məhkəməsinin icraatında hazırda tələbkara və digərlərinə qarşı 2(008)-5138/2020 saylı mülki iş olduğunu və hazırki işin nəticələri qeyd olunan apelyasiya məhkəməsinin icra işinin nəticəsinə əsaslı surətdə təsir etdiyindən xx.xx.2020-ci ildə rəsmi ərizə ilə icraatın dayandırılmasını xahiş etmişdir. Səbail rayon İcra və probasiya şöbəsi xx.xx.2020-ci il tarixli məktubu ilə ərizədən imtina etmiş və qanunun tələbinə zidd olaraq icra həkətlərini davam etdirir. Eyni zamanda icra məmuru özünün “İcraata Başlamaq Haqqında” qəbul etdiyi Qərarının sürətini rəsmi olaraq iddiaçıya vermədən məcburi icra hərəkətləri aparır. O da qeyd edilmişdir ki, hazırda Sabunçu Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə icraat təzələnib 2(008)- 5138/2020 saylı mülki iş məhkəmə baxışındadır. İcra məmuru isə iddiaçıya qəbul etdiyi qərarın surətini vermədən, məhkəmə qərardadını icra etmədən, qərardadın icra edilməsi barədə Sabunçu rayon məhkəməsinin məktubunu və iddiaçının verdiyi ərizəni nəzərə almadan qanunun tələbinə zidd olaraq məcburi icra hərəkətləri aparır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Ərizə məhkəməyə daxil olduqdan sonra ərizənin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, iddianın mümkünlük məsələsi ilə bağlı məhkəmə iclası xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Tərəflərə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, tərəflər nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və və gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İş materiallarından görünür ki, iddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq, Bakı şəhəri Səbail rayon İcra və probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 128299/20-xx-xx-9239 №li məktubu ilə bildirilmişdir ki, hazırda icra hərəkətlərinin dayandırılması ilə bağlı hər hansı əsas yoxdur. İcranın məcburi dayandırılması halları “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsində göstərilmişdir. Məhkəmə iddiaçının hazırkı tələbinə hüquqi qiymət verilməsi ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarlarına istinad edilməsini zəruri hesab edir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” x xxxxx 2012-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə İnzibati-Prosessual Məcəllənin 2.1-cı maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibatı-iqtisadı məhkəmələr tərəfindən baxılır. Sonradan “İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli Qanunu ilə 87.1 -ci maddəyə dəyişiklik edilmiş, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclunun icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilməsi müəyyən edilmişdir. Bundan əlavə Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında'' Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” xx xxxxxxxx 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. Adı çəkilən qərarında Konstitusiya Məhkəməsi Plenumu bu nəticəyə gəlmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası inzibati Prossesual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxılır. Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” qərarında isə göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Həmin Qərarda qeyd edilmişdir ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Bundan əlavə məhkəmə qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə xx xxxx 1997-ci il tarixli Qərar). Beləliklə, yuxarıda adı çəkilən normalardan, Konstitusiya Məhkəməsinin, eləcə də X8 Məhkəməsinin hüquqi mövqeyindən müəyyən olunur ki, icra sənədinin düzgün icra olunmasının təşkili və bununla bağlı icra məmurunun hərəkətləri həmin mülki işin bilavasitə davamıdır və icra məmurunun həmin hərəkətlərindən verilmiş şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-nin 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 81, 83 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon İcra və probasiya şöbəsinə qarşı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə, “icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-7916/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7916/2020
14.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver