Məhkəmə qərarları › İş №2-1(112)-7916/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7916/2022

02.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7916/2022 02.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı (üçüncü şəxs “Bank VTB (Azərbaycan)” ASC) «kompensasiyanın ödənilməsi» tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı (üçüncü şəxs “Bank VTB (Azərbaycan)” ASC) «kompensasiyanın ödənilməsi» tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanına əsasən iddiaçıya hesablanaraq ödənilməli olan kompensasiya məbləğinin ona ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirmişdir ki, iddiaçı tərəfindən xx.xx.2015-ci il tarixində VTB Bank ASC-dən 9000 ABŞ dolları məbləğində istehlak kredit götürülmüşdür. Bu gün cari borc məbləği 6493.20 ABŞ dolları təşkil edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanı çərçivəsində kompensasiya məbləğləri və ya restrukturizasiya olunacaq borclar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən aparılan Mərkəzi Kredit Reyestrinin və müvafiq kredit təşkilatlarının təqdim etdiyi məlumat əsasında hesablanmalı idi. Lakin iddiaçı tərəfindən ona ödənilməli olan kompensasiya məbləğinin ödənilməsi ilə bağlı olaraq müraciət edildiyində ona məxsus kredit tarixçəsində uçotun düzgün aparılmadığı, onun kredit tarixçəsinə dair məlumatların aidiyyatı qaydada göndərilməməsi faktı ona məlum oldu. Bundan başqa, edilmiş müraciətdə devalvasiya tarixlərində və fərmandada əks edilən tarixdə mövcud olmasını, təqdim edilmiş müqavilələrin həqiqliyinə məhkəmə eksperizası nəticəsində qərar verilməsinin zəruriliyi də əks edilmişdir. Yuxarıda sadalanan səbəblərə görə cavabdeh AR Mərkəzi Bankı bu günədək ona hesablanaraq ödəməli olduğu pul məbləğini ödəməmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə “Bank VTB (Azərbaycan)” ASC adi cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçının “İddiaçı X1 “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi və “Bank VTB (Azərbaycan)” ASC-nin 5 №-li Əhmədli filialı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 137839-CNS-13059 nömrəli kredit müqaviləsi üzrə 6.533,09 AZN kompensasiya məbləğinin hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulmasına dair qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar olunmuş cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilməmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Cavabehin xx.xx.2019-cu il tarixli imtina məktubu. - “Bank VTB (Azərbaycan)” ASC-nin məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 1749 nömrəli xx.xx.2022-ci il tarixli məktubu və ona əlavə edilmiş sənədlər, xx.xx.2022-ci il tarixli 2522 nömrəli məktubu və ona əlavə edilmiş sənədlər. - Azərbaycan Respublikası Mərkəzi Bankının məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2022-ci il tarixli 6-1.16-2-2022-14269 nömrəli məktubu.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati icraat qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəflərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) Odur ki, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. İş materiallarından görünür ki, “Bank VTB (Azərbaycan)” ASC məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2014-cü il tarixli, 137839-CNS-13059 nömrəli kredit müqaviləsinin surətini məhkəməyə təqdim etmişdir. İş materiallarından görünür ki, X3 ilə “Bank VTB (Azərbaycan)” ASC 5 №-li Əhmədli filialı arasında xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlanılmışdır. Həmin Müqaviləyə əsasən “Bank VTB (Azərbaycan)” ASC X1 adına 36 ay müddətinə 9000,0 (doqquz min) ABŞ dolları məbləğində kredit vermişdir. İş materiallarından görünür ki, 137839-CNS-13059 nömrəli kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2015-ci il tarixdə 01 saylı Razılaşma bağlanılmışdır. Beləliklə, X3 ilə “Bank VTB (Azərbaycan)” ASC arasında xx.xx.2014-cü il tarixli, 137839-CNS-13059 nömrəli kredit müqaviləsinin bağlanılması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2022-ci il tarixli 6-1.16-2-2022-14269 nömrəli məktubla bildirmişdir ki, məhkəmə sorğusu vasitəsilə təqdim edilmiş sənədlərə əsasən "Bank VTB (Azərbaycan) ASC ilə X3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə Fərmanın 1.1-ci və 1.2-ci bəndləri nəzərə alınmaqla sonuncunun adının Fərman çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxil edilməsinə və 6.533,09 manat kompensasiyanın hesablanmasına etiraz edilmir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının 1-ci bəndində qeyd edilmişdir ki, aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi. Həmin Fərmanın 2-ci bəndində qeyd edilmişdir “Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin.” Məhkəmə sadalanan qanunvericilik aktlarının müddəalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının xx.xx.2014-cü il tarixli, 137839-CNS-13059 nömrəli kredit müqaviləsinə əsasən “Bank VTB (Azərbaycan)” ASC X2 adına 36 ay müddətinə 9000,0 (doqquz min) ABŞ dolları məbləğində kredit verməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, həmçinin iddiaçının götürdüyü kredit Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri altına düşdüyündən hazırkı iddia tələbi iddiaçıya qeyd edilən müqavilə üzrə 6.533,09 manat məbləğində kompensasiyanın hesablanması hissəsində əsaslıdır və təmin olunmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçı X1 “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməli və “Bank VTB (Azərbaycan)” ASC-nin 5 №-li Əhmədli filialı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 137839-CNS-13059 nömrəli kredit müqaviləsi üzrə 6.533,09 AZN kompensasiya məbləğinin hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı X1 “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019cu il tarixli 551 nömrəli Fərmanına əsasən kompensasiya alacaq şəxslərin siyahısına daxil edilsin və “Bank VTB (Azərbaycan)” ASC-nin 5 №-li Əhmədli filialı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 137839-CNS-13059 nömrəli kredit müqaviləsi üzrə 6.533,09 AZN kompensasiya məbləğinin hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar