Məhkəmə qərarları › İş №2-1(112)-7916/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7916/2024

05.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7916/2024 05.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdeh Azərbaycan Dövlət İnformasiya Agentliyinin nümayəndəsi Nümayəndə, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xİdmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Azərbaycan Dövlət İnformasiya Agentliyinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xİdmətinə qarşı “qərarın və rəyin qanunsuz hesab edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İ.Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı MMC cavabdehlər Azərbaycan Dövlət İnformasiya Agentliyinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xİdmətinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 elektron satınalma vasitəsilə keçirilmiş açıq tender prosedurundan İddiaçı MMC-nin kənarlaşdırılması və tender təklifinin təminatının tutulması barədə tender komissiyasının qərarının və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin bu barədə vermiş olduğu rəyin (məktubun) qanunsuz hesab edilməsi və 3500,00 (üç min büş yüz) manat təminat haqqının, və 350 (üç yüz əlli) manat açıq tenderdə iştirak haqqının Cavabdeh1ndən tutularaq İddiaçı MMCyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh1 tərəfindən “Server, kompüter, onların ehtiyat hissələrinin və digər avadanlıqların satınalması” ilə bağlı tender təşkil olunmuşdur. İddiaçı tərəfindən həmin açıq tenderdə iştirak etmək məqsədilə xx.xx.2023-cü il tarixində tender təklifi elektron portal vasitəsilə cavabdehə təqdim edilmişdir. Bundan sonra məlum olmuşdur ki, tender təkliflərinin açılışı zamanı portala əlavə olunmuş “Protokol 2”-də qeyd olunan məlumata əsasən ən aşağı qiymət şirkəti tərəfindən təklif edilmişdir. Bundan sonra xx.xx.2023-cü il saat 19:08-də Tender Komissiyası tərəfindən portal üzərindən iddiaçıya təklifinin ehtimal qiymətindən 20% aşağı olduğu bildirilmiş və dəqiqləşdirici suallar verilmişdir. xx.xx.2023-cü il tarixində saat 11:13-də həmin suallara tərəfindən portal üzərindən dolğun cavablar təqdim edilmişdir. Bundan sonra, yenə həmin gün iş gününün sonunda xx.xx.2023-cü il tarixində saat 17:49-da yenidən portal üzərindən əlavə suallar göndərilmiş və bu suallara xx.xx.2023-cü il saat 18:00-a kimi cavab verilməsi tələb edilmişdir. Şirkət həftədə 5 gün şənbə və bazar istirahət günləri istisna olmaqla saat 09:00dan 18:00-dək fəaliyyət göstərir. xx.xx.2024-cü il tarixə kimi qüvvədə olmuş “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra — qanun) 36.1-ci maddəsinə əsasən, tender təkliflərinə baxılmasını, onların qiymətləndirilməsini və müqayisəsini asanlaşdırmaq məqsədi ilə satınalan təşkilat malgöndərənlərdən (podratçılardan) öz tender təkliflərinə dair izahat verməsi üçün sorğu edə bilər. Qanunvericilikdə bu cür sorğulara hansı müddətdə cavab verilməli olması dəqiq göstərilməmişdir. Hazırda qüvvədə olan Qanuna əsasən Təchizatçı bu cür izahatı 5 (beş) iş günü ərzində satınalan təşkilata təqdim edir. Buna baxmayaraq, Cavabdeh1 tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə xx.xx.2023-cü il tarixində 11-9/2-288/2023 tarixli məktub gönədirilmiş və İddiaçı MMC-nin təklifinin ehtimaldan 20 faiz və daha artıq aşağı olması və dövlət satınalmalarının vahid internet portalı vasitəsilə son göndərilən sorğuya cavab verməməsini səbəb göstərərək, İddiaçı MMC-nin tenderdən kənarlaşdırılması və tender təklifinin təminatının tutulmasını istəmişdir. Öz növbəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ona ünvanlanmış yuxarıda qeyd olunan məktuba cavab olaraq Cavabdeh1nə göndərdiyi xx.xx.2023-cü il tarixli 3-21-1/2-20188/2023 tarixli məktubda İddiaçı MMC-nin tender təklifinin ehtimaldan 20 faiz və daha artıq aşağı olması səbəbindən elektron satınalma vasitəsilə keçirilmiş açıq tender prosedurundan kənarlaşdırılması barədə tender komissiyasının qərarına etiraz etməmiş, həmçinin İddiaçı MMC-nin vahid internet portalı vasitəsilə ona göndərilən sorğuya cavab verməməsi halını iddiaçının tender təklifini geri götürməsi kimi qiymətləndirilməsini və təqdim olunmuş tender təklifinin təminatının tutulmasını məqsədəuyğun hesab etmişdir. Məhz bundan sonra, Cavabdeh1, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin bu sonuncu məktubunu əsas götürərək tender təklifinin təminatının tutulması üçün "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixli 11-9/2- 307/2023 tarixli məktub yollamış və nəticə olaraq, İddiaçı MMC-dən qanunsuz və əsassız şəkildə tender təklifinin təminatı olan 3500.0 manat vəsait tutulmuşdur. Tender Komissiyası tərəfindən həmin gün suallara dərhal cavab verilməməsi “təklifdən imtina” kimi qiymətləndirilmiş, və Komissiyanın müraciəti əsasında bank təminatı olan 3500,00 manat vəsait hesabından tutulmuşdur. Bunun qanuna zidd olması və tərəfinən tender “təklifindən imtina” kimi halın baş verməməsi barədə satınalan təşkilata, o cümlədən nəzarət edən və rəy verən orqan - Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə çoxsaylı müraciətlər edilsə də, aralarında yaranmış mübahisə həll edilmədən qalmışdır. İSOFT şirkəti tender təklifindən imtina etməmiş, təklifin aksepti barədə bildirişi almamış, ona satınalma müqaviləsi təqdim olunmamış və müvafiq olaraq da satınalma müqaviləsini imzalamaqdan imtina etməmişdir. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunun 33.5-ci maddəsinə əsasən müəyyən edilir ki, satınalan təşkilat tender təkliflərinin təminatı ilə bağlı iddiaçıların hərəkətlərinə hər hansı tələbləri yalnız aşağıdakı hallara tətbiq edə bilər: tender təkliflərinin verilməsinin son müddəti qurtardıqda və ya tender təklifinin qüvvədə olma müddəti başa çatanadək tender təklifinin geri götürülməsi və ya dəyişdirilməsi; satınalan təşkilat satınalma müqaviləsini imzalamağı tələb etdiyi halda müqavilənin imzalanmaması; tender təklifi aksept edildikdən sonra satınalma müqaviləsinin yerinə yetirilməsi üçün tələb olunan təminatın verilməməsi və ya müqavilə imzalananadək tenderin əsas şərtlər toplusunda göstərilmiş hər hansı digər şərtin yerinə yetirilməməsi. Həmin normada sadalanan halların heç biri baş verməmişdir. "Dövlət satınalmaları haqqında’’ Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, satınalan təşkilat aşağıdakı hallarda tender təklifinin kənarlaşdırılması barədə əsaslandırılmış qərar qəbul edir. tender təklifi vermiş malgöndərən (podratçı) ixtisas tələblərinə uyğun gəlmirsə; tender təklifi vermiş malgöndərən (podratçı) bu Qanunun 36.2ci maddəsinə uyğun hər hansı hesab səhvinin düzəldilməsi ilə razılaşmırsa; tender təklifi formal tələblərə uyğun gəlmirsə; Bu Qanunun 12-ci və 13-cü maddələrində nəzərdə tutulan hallar mövcuddursa. Həmin Qanunun 40.2-1-ci maddəsinə əsasən, elektron satınalma vasitəsilə açıq tenderin və kotirovka sorğusunun keçirilməsinə münasibətdə satınalma müqaviləsi tenderin qalibi ilə dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada bağlanılır və bu Qanuna əsasən tələb olunduğu hallarda müqavilənin yerinə yetirilməsi təminatı həmin portal vasitəsilə təqdim edilir. Dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron müqavilənin bağlanılması məqsədilə satınalan təşkilat tender müqaviləsi aksept edildikdən sonra 3 bank günündən gec olmayaraq satınalma müqaviləsini hazırlayaraq, həmin portala yerləşdirir və imzalayır. Malgöndərən (podratçı) həmin müqaviləni 5 bank günü müddətində imzalayır. Həmin qanunun 40.2.2-ci maddəsinə əsasən, bu Qanunun 40.2-1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində satınalma müqaviləsinin imzalanmaması həmin müqavilədən imtina edilməsi kimi qiymətləndirilir. Həmin Qanunun 40.3-cü maddəsinə əsasən, tenderin qalibinin tələb olunan müddət ərzində satınalma müqaviləsini imzalamaması və ya müqavilənin yerinə yetirilməsi təminatını təqdim etməməsi onun öz öhdəliklərini icra edə bilməməsi kimi qiymətləndirilir və tender təklifi təminatının geri qaytarılmaması ilə nəticələnir. Yuxarıda qeyd edilənlərdən də görünür ki, tərəfindən qanunvericiliyin pozulması halları müəyyən edilmir, Bu səbəbdən, tender təminat haqqı olan 3500,00 azn vəsaitin bank hesabından tutulması qanunsuzdur və həmin vəsait bizə geri qaytarılmalıdır.

3. Cavabdeh Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) etirazını onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) tərəfindən “Server, kompüter, ehtiyat hissələri və digər avadanlıqlar”ın satın alınması məqsədilə elektron satınalma vasitəsilə keçirilmiş açıq tender proseduru barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə xx.xx.2023-cü il tarixli 132 nömrəli məkltubla müraciət edərək, satınalan təşkilat tərəfindən qeyri-iş günü sorğu ünvanlandığı üçün cavablandırıla bilmədiyi, lakin şərtlər toplusu ilə müəyyən edilən tələblərə cavab verdiyi, habelə qiymət təklifinin digər təkliflərdən aşağı olduğu üçün qalib hesab edilməli olduğu halda kənarlaşdırıldığını bildirir. Bununla əlaqədar, dövlət satınalmalarının vahid internet portalından əldə olunan məlumatlara əsasən satınalan təşkilat tərəfindən xx.xx.2023-cü il tarixində ünvanlanmış sorğunun cavablandırılması üçün 1 bank günü (xx.xx.2023) iddiaçının müddəti olduğu halda, xx.xx.2023-cü i saat 12:34-a qədər (tender komissiyası tərəfindən yekun protokol tərtib edilənə qədər) tələb olunan məlumatların təqdim edilmədiyi müəyyən olunmuşdur. Həmçinin, dövlət satınalmalarının vahid internet portalının “suallar və cavablar/şikayətlər” bölməsi vasitəsilə ünvanlanmış sorğuya iddiaçı tərəfindən cavab verilməməsi iddiaçının təqdim etdiyi tender təklifindən imtina edilməsi kimi qiymətləndirildiyindən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 33.5-ci maddəsində nəzərdə tutulmuş müddəaların yerinə yetirilməsi məqsədilə satınalan təşkilat tərəfindən İddiaçı MMC-dən təqdim edilmiş tender təklifinin təminatının tutulması qanun pozuntusu hesab edilmir. Eyni zamanda iddiaçı iddiasında qeyd edir ki, tender təklifinin 20 faizdən aşağı olması səbəbindən satınalan təşkilat malgöndərənin təklifinin kənarlaşdırılmasının üçün Dövlət Xidmətinə müraciət etmiş, Dövlət Xidməti əsassız və qanunsuz olaraq malgöndərənin kənarlaşdırılması və tender təminatının tutulması barədə satınalan təşkilata müsbət rəy vermişdir. Nə satınalma prosedururu keçirilən zaman, nə də tender təklifinin təminatı tutulduğu zaman Agentlik tərəfindən hər hansı bir qanun tələbi pozulmuşdır.

4. Cavabdeh Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti etirazını onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) tərəfindən “Server, kompüter, ehtiyat hissələri və digər avadanlıqlar”ın satın alınması məqsədilə elektron satınalma vasitəsilə keçirilmiş açıq tender proseduru barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə xx.xx.2023-cü il tarixli 132 nömrəli məkltubla müraciət edərək, satınalan təşkilat tərəfindən qeyri-iş günü sorğu ünvanlandığı üçün cavablandırıla bilmədiyi, lakin şərtlər toplusu ilə müəyyən edilən tələblərə cavab verdiyi, habelə qiymət təklifinin digər təkliflərdən aşağı olduğu üçün qalib hesab edilməli olduğu halda kənarlaşdırıldığını bildirir. Bununla əlaqədar, dövlət satınalmalarının vahid internet portalından əldə olunan məlumatlara əsasən satınalan təşkilat tərəfindən xx.xx.2023-cü il tarixində ünvanlanmış sorğunun cavablandırılması üçün 1 bank günü (xx.xx.2023) iddiaçının müddəti olduğu halda, xx.xx.2023-cü il saat 12:34-a qədər (tender komissiyası tərəfindən yekun protokol tərtib edilənə qədər) tələb olunan məlumatların təqdim edilmədiyi müəyyən olunmuşdur. Həmçinin, dövlət satınalmalarının vahid internet portalının “suallar və cavablar/şikayətlər” bölməsi vasitəsilə ünvanlanmış sorğuya iddiaçı tərəfindən cavab verilməməsi iddiaçının təqdim etdiyi tender təklifindən imtina edilməsi kimi qiymətləndirildiyindən “Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 33.5-ci maddəsində nəzərdə tutulmuş müddəaların yerinə yetirilməsi məqsədilə satınalan təşkilat tərəfindən İddiaçı MMC-dən təqdim edilmiş tender təklifinin təminatının tutulması qanun pozuntusu hesab edilmir. Eyni zamanda iddiaçı iddiasında qeyd edir ki, tender təklifinin 20 faizdən aşağı olması səbəbindən satınalan təşkilat malgöndərənin təklifinin kənarlaşdırılmasının üçün Dövlət Xidmətinə müraciət etmiş, Dövlət Xidməti əsassız və qanunsuz olaraq malgöndərənin kənarlaşdırılması və tender təminatının tutulması barədə satınalan təşkilata müsbət rəy vermişdir. Göründüyü kimi tender komissiyasının qərarının mübahisələndirilməsi ilə əlaqədar Dövlət Xidmətinin sözügedən məhkəmə işində cavabdeh qismində prosesə cəlb edilməsi əsassızdır. Bir neçə tələbdən ibarət olan və bir neçə cavabdehə qarşı verilən iddianın mümkünlük şərtləri hər bir tələbə və cavabdehə münasibətdə yoxlanılmalı, tələblərdən birinin digərindən asılılığı nəzərə alınmaqla ilkin baxılmalı olan tələb üzrə mümkünlük şərtlərinə riayət edildiyi müəyyən olunduqda, iddiaya həmin hissədə baxılmalı, digər hissədə (hissələrdə) iddia mümkün sayılmamalıdır.

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin iddiaçının müraciətənə əsasən xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, “dövlət satınalmalarının vahid internet portalından əldə olunan məlumatlara əsasən satınalan təşkilat tərəfindən xx.xx.2023-cü il tarixində ünvanlanmış sorğunun cavablandırılması üçün 1 bank günü (xx.xx.2023) müddətiniz olduğu halda, tərəfinizdən xx.xx.2023-cü il saat 12:34-a qədər (tender komissiyası tərəfindən yekun protokol tərtib edilənə qədər) tələb olunan məlumatların təqdim edilmədiyi müəyyən olunmuşdur. Müraciətinizlə əlaqədar qəbul edilmiş bu qərarla razılaşmadığınız halda “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.0.8-ci maddəsinə əsasən qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət edə bilərsiniz.”

6. Məhkəmənın iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Məhkəmə iclasında iştirak edən cavabdeh Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nüməyəndəsi etirazı müdafiə edərək iddianın ona aid hissədə mümkün sayılmamasını xahiş etmişdir.

8. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Dövlət İnformasiya Agentliyimin nüməyəndəsi etirazı müdafiə edərək iddianın təmin olunmamasını xahiş etmişdir.

II. İddianın mümkünlüyü

9. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd)

10. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, hazırkı mübahisə üzrə iddiaçının hüquqi marağı inzibati aktın yuxarıda qeyd olunan əlamətlərinə malik qərarın və rəyin qanunsuz hesab edilməsi və 3500,00 (üç min büş yüz) manat təminat haqqının, və 350 (üç yüz əlli) manat açıq tenderdə iştirak haqqının qaytarılmasına yönəlmişdir. Odur ki, iddianın növü mübahisələndirməyə dair iddiadır.

11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

12. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.12-ci maddəsinə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin Məcəllənin 68.4-cü maddəsinə əsasən, qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər.

13. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

14. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

15. Bununla əlaqədar qeyd edilməlidir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

16. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.

17. Deryan Türkiyəyə qarşı iş üzrə Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki: -30. Məhkəmə bir daha bildirir ki, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi ilə bağlı prinsipi əks etdirən müəyyən edilmiş presedent hüququna əsasən, məhkəmələrin və tribunalların qərarları onların əsaslandığı səbəbləri adekvat şəkildə göstərməlidir (bax, digərləri arasında, Suominen v. Finlandiya, № 37801/97, § 34, 1 iyul 2003-cü il və Luka Rumıniyaya qarşı, № 34197/02, § 55, 21 iyul 2009-cu il). Əsaslandırılmış qərarın digər funksiyası tərəflərə onların dinlənildiyini nümayiş etdirmək, onlara həmin qərardan şikayət vermək və qərara apellyasiya orqanı tərəfindən baxılması imkanını təmin etməkdir (Suominen, yuxarıda adı çəkilən, § 37). . -31. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi məhkəmələri öz qərarlarının səbəblərini açıqlamağa məcbur etsə də, bu, hər bir arqumentə ətraflı cavab tələb edilməsi kimi başa düşülə bilməz. Beləliklə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini rədd edərkən, prinsipcə, sadəcə olaraq aşağı məhkəmənin qərarının səbəblərini təsdiq edə bilər (bax: García Ruiz İspaniyaya qarşı [GC], № 30544/96, § 26, AİHM 1999-İ və orada göstərilən hallar). -32. Səbəb göstərmək vəzifəsinin tətbiq olunma dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bundan əlavə, digər məsələlərlə yanaşı, iddiaçının məhkəmələr qarşısında təqdim edə biləcəyi təqdimatların müxtəlifliyini və qanunvericilik müddəaları, adət qaydaları, hüquqi rəy və sənədlərin təqdim edilməsi və hazırlanması ilə bağlı Razılığa gələn Dövlətlərdə mövcud olan fərqləri nəzərə almaq lazımdır. Məhz buna görə də məhkəmənin Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyini yerinə yetirməməsi məsələsi yalnız işin halları əsasında müəyyən edilə bilər (bax: X4rşı, 9 dekabr 1994-cü il. , § 29, A seriyası № 303A). -33. Bununla belə, tərəflərin təqdimatının araşdırılması sözügedən proses üçün həlledici əhəmiyyət kəsb etdiyi halda, məsələn, Ruiz Torijanın işində olduğu kimi qanunla müəyyən edilmiş müddətlərə dair ərizəsinə məhləmələr qərarlarında əsaslandırdıqları səbəbləri konkret və açıq cavab tələb edəcək (bax, eyni zamanda ., § 30; həmçinin bax Hiro Balani İspaniyaya qarşı, 9 dekabr 1994-cü il, § 28, A seriyası № 303B).

18. Məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədilə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət edir.

19. Mübahisələndirilən qərar xx.xx.2023-ci il tarixli olsa da, iddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı qeyd edilən müddətdə tender nəticələrinin ona münasibətdə ləğv edilərək pulun geri qaytarılması üçün tədbirlər görə bilərdi, lakin bununla bağlı hər hansı məhdudiyyətin mövcud olmasını və ya bunu mümkünsüz edən şərtləri bildirməmişdir.

20. İddiaçı iddia ərizəsinə əlavə etdiyi Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı xx.xx.2024-cü il tarixli olsa belə, iddiaçı Bakı Kommersiya Məhkəməsinə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Odur ki, məhkəmə hesab edir ki, həmin qərarın ləğv edilməsi ilə bağlı nəzərdə tutulmuş prosessual müddət ötürülmüşdür.

21. Məhkəmə tərəfindən məhkəmənin iclasında iddiaçıya hüquqi yardım göstərilərək həmin müddətin ötürülməsini əsaslandıran hallar barədə məlumat verilməsi təklif edilmiş, iddiaçı bununla bağlı məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə iclasında iddiaçı cavabdeh orqanlarla danışıqlar apardığı, mübahisənin qarşılıqlı razılıqla həll etməyə cəhd göstərdiyini bildirmişdir. Məhkəmə qeyd edilən dəlili ötürülmüş müddətin bərpası üçün üzrlü və əsaslı hesab etmir. Odur ki, qərarın mübahisələndirilməsi ilə bağlı yol verilən müddət ötürülmüşdür, bu səbəbdən də iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallar mövcud deyildir.

22. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, ötürülmüş müddətin bərpası mümkün olsa belə iddia tələbi “keçirilmiş açıq tender prosedurundan iddiaçının kənarlaşdırılması və tender təklifinin təminatının tutulması barədə tender komissiyasının qərarının və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin bu barədə vermiş olduğu rəyin qanunsuz hesab edilməsi və təminat haqqının, açıq tenderdə iştirak haqqının Cavabdeh1ndən tutularaq iddiaçıya qaytarılması” mümkünsüzdür.

23. Belə ki, Cavabdeh1 elektron satınalma vasitəsilə keçirilmiş açıq tender artıq başa çatmışdır.

24. İddiaçının mübahisələndirdiyi rəy isə inzibati akt deyil.

25. Belə ki, “Dövlət satınalmaları haqqında” AR Qanunun 34.1-ci maddəsinə əsasən satınalma komissiyası fəaliyyətində müstəqildir, qərarlarını əsaslandırmaqla və bu Qanunu rəhbər tutmaqla sərbəst qəbul edir.

26. Göstərilənlərə əsasən işin hallarına qiymət verərək məhkəmə hesab edir ki, iddiaya baxılması mümkün deyildir.

27. Məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil. İddiaçıya onun niyyətinə və marağının təmin olunmasına yönəlmiş hüquqi təkliflərin verilməsini məhkəmə mümkün hesab etmir.

28. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

29. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar