Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7917/2024 13.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırova Ayla Fuad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “imtina məktubunun əsassız hesab edilməsi və xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq və şifahi məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin imtina məktubunun əsassız hesab edilməsi və ona xx.xx.2023-cü il tarixindən, yəni 60 yaşı tamam olan gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.1963-cü ildə anadan olmuşdur. xx.xx.2023-cü il tarixinə 25 ildən çox ümumi və 12 il 6 aydan çox güzəştli iş stajı olduğuna görə 60 yaşı tamam olan gündən, yəni xx.xx.2023-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sənədləri ərizəsinə əlavə edərək xx.xx.2024-cü il tarixində cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli imtina məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın metal emalı bölməsinin (11) qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri (11.6) bəndində gəmi elektrik radio quraşdırıcıları, gəmi elektrik quraşdırıcıları vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən "xxxx" QSC-nin 12 yanvar 2024-cü il tarixli A-01 nömrəli arayışında xx.xx.2004-cü il tarixindən bugünədək “Bibiheybət” gəmi təmiri zavodunda gəmi radioelektron aparatların və cihazların tənzimləyicisi vəzifəsində işlədiyi qeyd olunub. Göründüyü kimi, işlədiyi gəmi radioelektron aparatların və cihazların tənzimləyicisi vəzifəsi sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan gəmi elektrik radio quraşdırıcıları, gəmi elektrik quraşdırıcıları vəzifələrinə aid deyil. Bu səbəblərdən də iddiaçının güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş etiraz məktubunda qeyd etmişdir ki, Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 av çalışmış kişilərin və azı 10 il çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta staiı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Sözügedən maddənin mətnindən aydın olur ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya əmək pensiyası təyin olunması üçün Qanunda göstərilmiş üç sərt mövcud olmalıdır:
1. İddiaçının yaşı bu qanunda göstərilən yaş həddinə çatmalıdır (60 yaş);
2. Azı 25 il sığorta stajına malik olmalı və ya fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli;
3. Azı 12 il 6 ayını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən işlərdə çalışmalıdır. İddiaçı münasibətdə birinci əsasla bağlı qeyd olunmalıdır ki, iş materiallarına əlavə edilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. İddiaçı xx.xx.2023-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq üçün tələb olunan yaş həddinə (60 yaş) çatmışdır. Üçüncü əsasla bağlı qeyd olunmalıdır ki, iddiaçı qanunvericiliklə tələb olunan ümumi stajının azı 12 il 6 ayını güzəştli şərtlərlə yasa görə əmək pensiyası almaq hüququ verən işlərdə çalışmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın metal emalı bölməsinin (11) qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri (11.6) bəndində gəmi elektrik radio quraşdırıcıları, gəmi elektrik quraşdırıcıları vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" QSC-nin 12 yanvar 2024-cü il tarixli A-01 nömrəli arayışında xx.xx.2004-cü il tarixdən bugünədək “Bibiheybət” gəmi təmiri zavodunda gəmi radioelektron aparatların və cihazların tənzimləyicisi vəzifəsində işlədiyi qeyd olunub. Göründüyü kimi, iddiaçının işlədiyi gəmi radioelektron aparatların və cihazların tənzimləyicisi vəzifəsi sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan gəmi elektrik radio quraşdırıcıları, gəmi elektrik quraşdırıcıları vəzifələrinə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işçinin işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. Qeyd olunanlara əsasən, iddiaçı tərəfindən təqdim edilən əmək kitabçasına və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSCnin 12 yanvar 2024-cü il tarixli A-01 nömrəli arayışına əsasən iddiaçının xx.xx.2004-cü il tarixdən Mərkəzi filiala müraciət etdiyi tarixədək “Bibiheybət” gəmi təmiri zavodunda gəmi radioelektron aparatların və cihazların tənzimləyicisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Sözügedən vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın metal emalı bölməsinin (11) qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri (11.6) bəndində gəmi elektrik radio quraşdırıcıları, gəmi elektrik quraşdırıcıları vəzifələrinə uyğun deyildir. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh etirazında qeyd olunan xüsusatlara əsasən, iddiaçının əmək pensiya hüququ yaranmadığından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablanıb ödənilməsindən ibarət iddia tələbi əsassız və qanunsuz hesab olunmalı və məhkəmə tərəfindən təmin edilməməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
Əsaslandırma hissəsi:
Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1963-cü ildə anadan olmuş iddiaçının 60 yaşı xx.xx.2023-cü il tarixdə tamam olmuşdur. İddiaçı iddia tələbində ona 60 yaşı tamam olduğu gündən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini tələb edir. 0017047 nömrəli hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilədək hərbi xidmət keçmişdir. İddiaçıya məxsus 3338 nömrəli “kolxozçunun əmək kitabçası”na əsasən iddiaçının əmək stajı aşağıdakı kimidir: 1980, 1981 və 1984-cü illərdə kolxozçu (cəmi 321 adam günü, illik adam günü norması 220 olmaqla, cəmi 1 il 5 ay 18 gün); xx.xx.1985-ci ildən xx.xx.1986-cı ilədək gözətçi; xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək “Bitmaş” zavodunda işçi. ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçının əmək stajı aşağıdakı kimidir: xx.xx.1986-cı ildən xx.xx.1988-ci ilədək gözətçi; xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilədək gözətçi; xx.xx.1989-cu ildən xx.xx.1991-ci ilədək Elektron hesablayıcı maşın zavodunda işləmiş, “Elekon” kiçik müəssisəsinə keçirilmə yolu ilə işdən azad edilmişdir; xx.xx.1991-ci ildən “Elekon” kiçik müəssəsində çilingər işləmiş, xx.xx.1992-ci ildə Azərbaycan Mərkəzləşmiş Korlar cəmiyyətinə keçirilmə yolu ilə işdən azad edilmişdir; xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək səsyazma studiyasında mühəndis; xx.xx.1993-cü ildən xx.xx.1995-ci ilədək proqramçı; xx.xx.1995-ci ildən xx.xx.1995-ci ilədək mühəndis-proqramçı; xx.xx.2004-cü ildə “Xəzərdənizneftdonanması” idarəsinin “Gəmi təmiri zavodu”na elektrik quraşdırma sahəsinə 5-ci dərəcəli REA və cihazlarının tənzimləyicisi işinə qəbul edilmişdir. Dövlət Neft Şirkətinin xx.xx.2007-ci il tarixli 51 saylı əmrinə əsasən zavod “Xəzər dəniz neft donanması Gəmi təmiri zavodu” adlandırılmışdır. xx.xx.2007-ci ildən ştat cədvəlində baş vermiş dəyişikliklərlə əlaqədar elektrik quraşdırma sahəsi elektrik quraşdırma sexi adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 nömrəli və xx.xx.2014-cü il tarixli 213 nömrəli sərəncamlarına əsasən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər X3 yenidən təşkili yolu ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. xx.xx.2014-cü ildən “Bibiheybət” gəmi təmiri zavoduna elektrik quraşdırma sexinə 5ci dərəcəli REA və cihazların tənzimləyicisi keçirilmişdir. xx.xx.2016-cı ildən elektrik quraşdırma bölməsində 5-ci dərəcəli gəmi radio-elekton aparatların və cihazların tənzimləyicisi işinə keçirilmişdir. xx.xx.2017-ci ildən elektrik quraşdırma bölməsində 6-cı dərəcə gəmi radio-elektron aparatların və cihazların tənzimləyicisi işinə keçirilmişdir. “Bibiheybət” gəmi təmiri zavodunun verdiyi xx.xx.2024-cü il tarixli, A-01 nömrəli arayışdan görünür ki, xx.xx.2004-cü il tarixdən hal-hazıradək Zavodda gəmi radioelektron aparatların və cihazların tənzimləyicisi vəzifəsində işləyir. İş stajı 19 il, 11 ay təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: Gəmilərin qapalı sahələrində elektrik radioaparatlarının quraşdırılması, təmiri, tənzimləmə və sazlanması ilə məşğul olur. Gəmi radioaparatlarının kabel yollarının vaxtaşırı quraşdırılaraq nizamlanması və bərkidilməsi. Mürəkkəb radioaparatların içindəki mexaniki və elektrik zədələnmələrinin və qüsurların tapılması, aradan qaldırılaraq yenidən quraşdırılması. Gəmi elektrik və radioavadanlıqlarının mürəkkəb sxemlərinin quraşdırılması və qoşulması, habelə radioaparatların içindəki mexaniki və elektrik zədələnmələrinin və qüsurların tapılması və s. bu kimi işlər. Arayışda həmçinin qeyd olunur ki, Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının 11-ci bəndinə, 11.6 yarımbəndinə və “a” vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. Azərbaycan Texniki Universitetinin xx.xx.2024-cü il tarixli arayışında qeyd olunur ki, iddiaçı həqiqətən 160-U(p) nömrəli xx.xx.1984-cü il tarixli əmrə əsasən “Ç.İldırım” adına Azərbaycan Politexnik İnstitutunun (hazırkı Azərbaycan Texniki Universiteti) “Avtomatika və hesablama texnikası” fakültəsinin əyani şöbəsinə qəbul olmuş (qr.№644a), 148-U(p) nömrəli xx.xx.1989-cu il tarixli əmrə əsasən, “Ç.İldırım” adına Azərbaycan Politexnik İnstitutunun "Elektron hesablama aparatlarının konstruksiya edilməsi və istehsalı" ixtisası üzrə əyani olaraq bitirmiş və ona mühəndis-konstruktor texnoloq diplomu verilmişdir. “Bibiheybət” Gəmi Təmiri Zavodunun xx.xx.2024-cü il tarixli məktubuna əlavə olunmuş xx.xx.2024-cü il tarixli aktda qeyd olunur ki, ştat cədvəli üzrə Elektrik quraşdırma bölməsinin tərkibində olan iki ixtisas qrupu “Gəmi radioelektron aparatların və cihazların quraşdırıcıları”, “Gəmi radioelektron aparatların tənzimləyiciləri və “Gəmi elektrik quraşdırıcı”ları təmir olunan gəmilərdə eyni şəraitdə eyni işləri yerinə yetirirlər və bu peşələrin əmək funksiyalarının arasında heç bir fərq yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 9.8-ci maddəsinin mətninə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun “Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər” adlı 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Məhkəmə cavabdehin imtinasında qeyd edilən dəlillərinə və işin tədqiq olunan hallarına münasibətdə zəruri olaraq qeyd edir ki, xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun xx.xx.2022-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” AR Qanunun qüvvəyə mindiyi xx.xx.2022 tarixədək qüvvədə olmuş 9.1-ci maddəsinə əsasən, “axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ”nun olması nəzərdə tutulurdu. Qanunun 9.1-ci maddəsinin xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş mətninə əsasən isə “axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır”. xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşagörə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri 1 avqust 1997-ci ildən, qalan maddələri isə 1 avqust 1998-ci ildən qüvvəyə minmişdir. AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmişdir. AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmişdir. AR Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na əsasən: 2.1. Qanunun 22-1.4-cü maddəsi nəzərə alınaraq, fərdi şəxsi hesabının sığorta hissəsində 2006-cı il yanvarın 1-dən 2018-ci il iyulun 1-dək qeydə alınmış pensiya kapitalı olan sığortaolunanlara, həmçinin hərbi qulluqçulara və Qanunun 3.3-cü maddəsinə uyğun olaraq pensiya təminatı sahəsində onlara bərabər tutulan xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi avtomatlaşdırılmış qaydada onlar tərəfindən müraciət edilmədən, bu Qaydanın 8.2-ci bəndində göstərilən elektron informasiya sistemlərindən və ya ehtiyatlarından əldə olunan, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nda nəzərdə tutulmuş dövlət orqanları tərəfindən təqdim edilən məlumatlar əsasında aparılır. Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – Fond) aidiyyəti struktur bölməsinin əmək pensiyasının təyin edilməsi haqqında qərarı barədə həmin şəxslərə poçt vasitəsilə məlumat və yaxud MEİS-də olan əlaqə vasitələrindən birinə (elektron poçt ünvanı və ya sms vasitəsilə) bildiriş göndərilir. AR Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi Qaydaları”nın 1.1-ci bəndinə görə, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, xx.xx.2022-ci il tarixdə kişi cinsinə mənsub şəxsin “Əmək pensiyaları haqqında” AR Qanununun 9.1-ci maddəsinə əsasən 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün aşağıdakı şərtlərə birlikdə əməl olunmalıdır: Şəxs siyahıda nəzərdə tutulan peşələrdə işləməli, bu Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalıdır. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək, ödənilməsinə nail olmaqdan ibarətdir. Normanın tələbindən də göründüyü kimi, iddiaçının 60 yaşı xx.xx.2023-ci il tarixdə tamam olmuşdur. İddiaçı iddia tələbində ona 60 yaşının tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. Onun müraciətinə güzətşi iş stajının olmaması əsası ilə imtina cavabı verilmişdir. İddiaçının ümumi iş stajı və qanunla müəyyən edilmiş yaş həddinə çatması cavabdeh tərəfindən mübahisələndirilməmişdir. İşin hallarının araşdırılması zamanı “Bibiheybət” gəmi təmiri zavodunun verdiyi xx.xx.2024-cü il tarixli, A-01 nömrəli arayış əsasında müəyyən edilir ki, iddiaçı xx.xx.2004cü il tarixdən hal-hazıradək Zavodda gəmi radioelektron aparatların və cihazların tənzimləyicisi vəzifəsində işləyir. İş stajı 19 il, 11 ay təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri aşağıdakılardan ibarətdir: gəmilərin qapalı sahələrində elektrik radioaparatlarının quraşdırılması, təmiri, tənzimləmə və sazlanması ilə məşğul olur. Gəmi radioaparatlarının kabel yollarının vaxtaşırı quraşdırılaraq nizamlanması və bərkidilməsi. Mürəkkəb radioaparatların içindəki mexaniki və elektrik zədələnmələrinin və qüsurların tapılması, aradan qaldırılaraq yenidən quraşdırılması. Gəmi elektrik və radioavadanlıqlarının mürəkkəb sxemlərinin quraşdırılması və qoşulması, habelə radioaparatların içindəki mexaniki və elektrik zədələnmələrinin və qüsurların tapılması və s. bu kimi işlər. İşlər tam iş vaxtı ərzində icra edilir. Vəzifə Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının 11-ci bəndinə, 11.6 yarımbəndinə və “a” vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. "xxxx" QSC-nin “Bibiheybət” Gəmi Təmiri Zavodunun məhkəmənin sorğusuna xx.xx.2024-cü il tarixli cavab məktubuna əlavə olunmuş xx.xx.2024-cü il tarixli aktda qeyd olunur ki, ştat cədvəli üzrə Elektrik quraşdırma bölməsinin tərkibində olan iki ixtisas qrupu “Gəmi radioelektron aparatların və cihazların quraşdırıcıları”, “Gəmi radioelektron aparatların tənzimləyiciləri və “Gəmi elektrik quraşdırıcı”ları təmir olunan gəmilərdə eyni şəraitdə eyni işləri yerinə yetirirlər və bu peşələrin əmək funksiyalarının arasında heç bir fərq yoxdur. Cavabdeh tərəfindən iddiaçının ümumi iş stajı, gəmi radioelektron aparatların və cihazların tənzimləyicisi vəzifəsində iş stajı və pensiya yaşı mübahisələndirilməmişdir. Cavabdeh imtinasını yalnız həmin vəzifənin Siyahıda öz əksini tapmaması ilə əsaslandırmışdır. Qeyd olunan hal isə məhkəmə araşdırması ilə təkzib edilmiş, iddiaçının tutmuş olduğu vəzifənin Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının 11.6 bəndinin “a” yarımbəndində göstərilmiş gəmi elektrik radio quraşdırıcıları, gəmi elektrik quraşdırıcıları vəzifəsi ilə eyni vəzifə olduğu müəyyən edilmişdir. Beləliklə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə təsbit edilmiş hər üç tələbə cavab verməsi öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının əmək stajı işdə olan əmək kitabçası və arayışla müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqe). Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı olmadığından hesab edir ki, iddiaçının tələb etdiyi tarixdən ona yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi məsələsinə hüquqi qiymət verilməlidir. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (ünvan: ünvan 2llegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
X4.