Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7918/2021 19.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ödənişlərin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ödənişlərin edilməsi” barədə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2006-cı ildən “Azərbaycan Boru prokatı” indiki "xxxx" ASC-də işləmiş və orada təqaüdə çıxmışdır. Həmin ildən sonra işləsə də zavod 2006-2016-cı illərdə Dövlət Sosial Müdafiə Fonduna pul vəsaitləri köçürməmiş, nəticədə o və digər şəxslərin pensiya məbləği artmamışdır. Çoxsaylı müraciətlərdən sonra isə məbləğ 2020-ci il tarixdə ödənilmişdir. Lakin, artan məbləğ 2016-2020-ci illərə şamil edilməmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən "xxxx" ASC-nin 2006-2016-cı illər üzrə məcburi dövlət sosial sığorta haqqları üzrə ödədiyi borc məbləği nəzərə alınaraq 01.06.2020-ci il tarixdən ödənilən pensiya artımının 01.01.2017-ci il tarixdən yenidən hesablanaraq ödənilməmiş məbləğin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Eyni zamanda, qeyd olunmalıdır ki, hər nə qədər birbaşa olaraq Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala müraciət edilmiş olmasa belə, iddiaçı üst qurum kimi DSMF-nun tabeliyində olan 1 saylı regional ərazi Filialına müraciət etmiş, müraciəti barəsində qeyd edilmişdir ki, "xxxx" ASC tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqqlarına əsasən iddiaçının pensiya kapitalında əlavə 01.06.2020-ci il tarixdən qeydə alındığından, pensiyanın üzərinə əlavə də həmin tarixdən ödənilmişdir. Göründüyü kimi Filial tərəfindən iddiaçının tələbinin təminindən imtina edilmişdir ki, həmin imtina barəsində üst qurum DSMF-u tərəfindən hər hansı irad bildirilməmiş, pensiya məbləğinin artımına münasibətdə müraciətin təmininə yönələn inzibati araşdırma aparılmamışdır. Eyni zamanda iddiaya münasibət bildirilməsi ilə bağlı hazırkı iş üzrə məhkəmə tərəfindən Filiala göndərilən sərəncamla isə iddianın mahiyyətinə qiymət verilməmişdir. Qeyd olunur ki, iddiaçıdan DSMF-nun hansı sahədə hansı Filialının səlahiyyətli olmasının gözlənilməsi real deyil. Filialların səlahiyyətləri və əsasnamələrinin təhlil edilməsi, hansı Filial hansı məsələdə səlahiyyətli olmasının müəyyən edilməsi müraciət edən şəxsdən gözlənilməməli, aidiyyəti səlahiyyət bölgüsü edilən müraciətə uyğun olaraq ya cavablandırılmalı, ya da aidiyyəti üzrə səlahiyyətli Filiala göndərilməlidir. Hazırkı halda isə müraciət Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala göndərilməmiş, müraciət 1 saylı Regional Ərazi Filialı tərəfindən cavablandırılmışdır ki, həmin Filialın imtina cavabını məhkəmə mümkünlük şərtləri baxımından yetərli hesab edir. Eyni zamanda 25.06.2021-ci il tarixdən məhkəmənin icraatında olmuş iş üzrə cavabdehin müraciətin təmininə yönəlmiş hər hansı inzibati araşdırmanı aparmamasını da imtina kimi qiymətləndirərək, prosessual qənaət prinsipinin tətbiq edilməli olmasını da əsas götürərək hesab edir ki, müraciət edilmə baxımından da öhdəliyin icrası növündə hazırkı iddia mümkündür və mahiyyəti üzrə qiymətləndirilməlidir. Eyni zamanda, iddiaçının iş materiallarında olan ərizəsindən də görünür ki, sonrakı müraciət DSMF-də daxil olmaqla digər Filialların da üst qurumu kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə olmuşdur (qəbzdən görünür ki, müraciət 18.08.2020-ci il tarixdə Nazirliyə daxil olmuşdur. Eyni zamanda pensiya işinə daxil olan sənədlərin içərisində də həmin müraciət mövcuddur) inzibati orqanın daxilində səlahiyyət bölgüsü iddiaçının müraciət baxımından hüququnu məhdudlaşdıran hal hesab edilmir və inzibati orqan özü müraciətə baxan qurumu müəyyən etmək sərbəstliyinə malikdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab edilir. İş materiallarından görünür ki, hazırkı mübahisənin yaranması, yəni iddiaçıya 01.01.2017-ci il tarixdən əmək pensiyası məbləğində artımın baş verməməsi, iddiaçının iradəsindən asılı olmayan haldan, yəni "xxxx" ASC-nin 2006-2016-cı illər üzrə məcburi dövlət sosial sığorta haqqları üzrə borcunu vaxtında ödəməməsi səbəbindən yaranmışdır. Cavabdeh tərəf hesab edir ki, sığorta haqqları ödənildikdən sonra 01.06.2020-ci il tarixdən iddiaçının fərdi hesabın sığorta hissəsində olan pensiya kapitalı nəzərə alınaraq onun pensiyasının üzərinə əlavə hesablanmağa başlanılmışdır. İddiaçı isə MMC-nin sığorta haqqlarını gecikdirməsinin onun təqsiri olmamasına istinad edərək pensiya kapitalının nəzərə alınmaqla əmək pensiyasına artımın 01.01.2017-ci il tarixdən ödənilməsində israrlıdır. Məhkəmə də qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslı olmaqla təmin edilməlidir. Belə ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun:
2. Sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. 9-1.1. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. 14.1. Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. Qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən şəxsin pensiya kapitalının əsasını təşkil edən fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə birbaşa bağlıdır. Belə ki, adıçəkilən Qanunun 1.0.8-ci maddəsindən də görünür ki, fərdi hesabın sığorta hissəsi dedikdə əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesab başa düşülür. Pensiya kapitalı isə müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləği hesab edilib, hazırda qüvvədə olan şəxslərə pensiya təyin edilməsi, onun yenidən hesablanmasının əsasını təşkil edir. Başqa sözlə məcburi dövlət sosial sığorta haqları ödənilirsə pensiya kapitalında yığılmış məbləğlərdə dəyişikliklər müəyyən edilir ki, əmək pensiyasının yenidən hesablanması zamanı pensiya məbləğinin artımı da məhz pensiya kapitalından asılıdır. Hazırkı iş üzrə də cavabdeh tərəfin mövqeyi onunla bağlıdır ki, 01.01.2017-ci il tarixdə iddiaçının fərdi hesabın sığorta hissəsində olan pensiya kapitalına uyğun olaraq əmək pensiya məbləğinin yenidən hesablanması mümkün deyil. İşin faktiki hallarından da göründüyü kimi MMC tərəfindən ödənilməli olan məcburi dövlət sosial sığorta haqqları ödənilmədiyindən iddiaçının pensiya kapitalına məbləğ əlavə edilməmiş, nəticədə pensiya artımı baş verməmişdir. Lakin, məhkəmə hesab edir ki, həmin dövrdə pensiya kapitalında artımın olmamasına münasibətdə əmək pensiyasında artımın 01.06.2020-ci il tarixdən hesablanmalı olması, artımın 01.01.2017-ci il tarixdən nəzərə alınmaması işin faktiki hallarına formal yanaşmanın nəticəsidir. Belə ki, iddiaçı əmək pensiyaçısi kimi "xxxx"ASCdə qanuni əsaslarla əmək fəaliyyəti göstərmiş, əmək haqqı almış və əmək haqqında dövlət büdcəsinə ödənişlərin edilməsinə və həmin ödənişlərin pensiya təyin edilərkən nəzərə alınmasına etimad etmişdir. Hazırkı halda isə cavabdeh iddiaçını MMC-nin məcburi dövlət sosial sığorta haqqları üzrə borcu gec ödəməsindən asılı etmişdir ki, iddiaçının iradəsindən və təqsirindən asılı olmayan hal, məhkəmə hesab edir ki, vəziyyəti iddiaçının ziyanına dəyişmir. Burada iddiaçının təqsirsizliyi ilə yanaşı, sığorta borclarının 4 ildən sonra ödənilməsi, başqa sözlə müvafiq inzibati orqanların həmin borcların ödənilməsinin gec təmin edilməsi nəzərə alınmalıdır ki, qeyd olunan işin faktiki nəzərə alınmaqla iddiaçının pensiya artımından 01.01.2017-ci il tarixdən 01.06.2020-ci il tarixədək məhrum olması, pensiya artımının ödənilməli olmasının MMC-nin borcunun ödənilməsindən asılı edilməsi yol verilməzdir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə dair verilən aşağıdakı izahların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1181/2021 saylı iş üzrə qəbul etdiyi 30.06.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Müəssisənin vergi və digər ödənişləri edib-etməməsi, həmin müəssisədə çalışan işçilərin əmək haqqlarından tutulmalar olub-olmaması, əmək müqaviləsi ilə çalışan işçilərin siyahısının təqdim edilib edilməməsi isə iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsi hüququnu məhdudlaşdıra, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbləri baxımından iddiaçını qanunla müəyyən olunmuş müddətdə pensiya hüququnun təmin edilməsindən əlverişsiz vəziyyətdə qoya bilməz.” Həmçinin, 2-1(102)-672/2021 saylı iş üzrə 06.04.2021-ci il tarixli qərarda qeyd edilmişdir ki, maliyyə sənədlərini qoruyub saxlamaq, maliyyə sənədlərini dövlət arxiv idarələrinə təhvil vermək, məcburi dövlət sosial sığorta ödənişlərini ödəmək işçinin yox, işəgötürənin vəzifəsidir. Odur ki, sosial sığorta ödənişlərinin edilməməsi iddiaçının konstitusion hüququ olan sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz.” Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. "xxxx" ASC-nin 2006-2016-cı illər üzrə məcburi dövlət sosial sığorta haqqları üzrə ödədiyi borc məbləği nəzərə alınaraq 01.06.2020-ci il tarixdən ödənilən pensiya artımının 01.01.2017-ci il tarixdən yenidən hesablanaraq ödənilməmiş məbləğin İddiaçı ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov