Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7918/2023 08.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil Oktay oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə (üçüncü şəxs X16 cəlb olunmaqla) qarşı “mənzildən qeydiyyatdan çıxarılma öhdəliyinin qoyulması” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.1985-ci il təvəllüdlü X9 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ilkin qeydiyyat sənədlərinin surətindən göründüyü kimi, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi istifadə və sahiblik hüququ əsasında vətəndaş X1 adına rəsmiləşdirilmişdir. X2 xx.xx.2020-ci il tarixdə dünyasını dəyişmişdir. Х-ЖГ-276068 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən göründüyü kimi, İddiaçı X1 övladı olaraq 1-ci dərəcəli vərəsəsidir. AZ-1-527747 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən göründüyü kimi, İddiaçı X14 ilə xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. AZ-İİ-574537 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən göründüyü kimi, həmin nikahdan iddiaçının xx.xx.2010-cu il tarixdə X3 adlı övladı doğulmuşdur. AZ-İV-007566 nömrəli Doğum haqqmda şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən göründüyü kimi, həmin nikahdan iddiaçının xx.xx.2017-ci il tarixdə X10 adlı övladı doğulmuşdur. Azərbaycan Respublikası DİN tərəfindən verilən xx.xx.2023-ci il tarixli ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın əslindən göründüyü kimi, ünvan 1 yaşayış sahəsində vətəndaş İddiaçı ilə birlikdə onun yuxarıda qeyd olunan ailə üzvlərindən başqa xx.xx.1985-ci il təvəllüdlü X16 adlı kənar şəxs qeydiyyatdadır. Alıcı İddiaçı ilə satıcı X4 (ş/v: AZE 17145382, FİN: 2RQZT69; d/t: xx.xx.1961) arasında bağlanmış daşınmaz əmlakın alqı-satqısı üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491 və 492-ci maddələrinə əsasən xx.xx.2010-cu il tarixli beh müqaviləsinin surətindən göründüyü kimi, alınan fərdi yaşayış evinin qiyməti 56.000 (əlli altı min) ABŞ dolları dəyərində qiymətləndirilərək, alıcı tərəfindən satıcıya 4.000 (dörd min) ABŞ dolları məbləğində pul vəsaiti ödənilmişdir. xx.xx.2012-ci il tarixli, 041818 nömrəli Müqavilənin (abonent kodu: **********B0000) surətindən göründüyü kimi, Bakı Elektrikşəbəkə ASC ilə fərdi ev sahibi X2 arasında "Elektrik enerjisinin alqı-satqısı barədə" müqavilə bağlanmışdır. xx.xx.2015-ci Mİ tarixli, ******* nömrəli müqavilənin surətindən göründüyü kimi, X7 ilə fərdi ev sahibi X2 arasında "Qaz sayğacının quraşdırılması və istismara qəbulu haqqında" müqavilə bağlanmışdır. xx.xx.2018-ci il tarixli, AK-1/28749 nömrəli Müqavilənin surətindən göründüyü kimi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti X7 Bakı RQSD ilə fərdi ev sahibi İddiaçı arasında "Qazın alqı-satqısı barədə" müqavilə bağlanmışdır. xx.xx.2020-ci il tarixli, 218776 nömrəli müqavilənin (abonent kodu: **********B0000) surətindən göründüyü kimi, Azərişıq ASC fərdi ev sahibi İddiaçı arasında "Elektrik enerjisinin alqı-satqısı barədə" müqavilə bağlanmışdır. Hazırkı iş üzrə üçüncü şəxs X16 həmin yaşayış sahəsinin keçmiş sahibi olan xx.xx.1961-ci il təvəllüdlü X4 övladıdır. X6 qeyd olunan yaşayış sahəsini iddiaçıya satdıqdan sonra X16 başqa yerə qeydiyyata düşməsi barədə ona söz versə də, üzərinə düşən öhdəliyi yerinə yetirməyərək, hazırda həmin yaşayış sahəsində yaşamadan, formal olaraq, hazırkı vaxta qədər orada qeydiyyatda qalmışdır. İddiaçı üçüncü şəxsin həmin mənzildən qeydiyyatdan çıxarılması məqsədi ilə Bakı şəhəri Binəqədi rayon Polis idarəsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-46/2-5560/2023 nömrəli imtina məktubunun əslində qeyd olunduğu kimi, iddiaçının üçüncü şəxslərin qeydiyyatdan çıxarılması barədə ərizəsinə baxılmış və müraciətdə göstərilən məsələ ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Göründüyü kimi, mövcud məsələnin məhkəmədən kənar həlli qaydası mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X16 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə və üçüncü şəxsə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh inzibati orqan iddiaya münasibət bildirmədən işə səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmiş, üçüncü şəxs isə hər hansı səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə proses iştirakçılarının (onların nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili verdiyi izahatında iddianı müdafiə etdi və əlavə olaraq bildirdi ki, iddiaçının ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə iş materiallarını araşdıraraq və iddiaçı tərəfi dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat" haqqında Qanunun 9-cu maddəsinin tələblərinə əsasən X9 ünvan 2 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirildiyi bildirilmiş və iddiaçıya məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ******* №-li arayışdan görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadır. Həmin ünvanda həmçinin, iş üzrə üçüncü şəxs - X16 da daxil olmaqla ümumilikdə 5 nəfər pasport qeydiyyatındadır. - “ASAN 2” tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubunda ünvan 5 ünvanın qeydiyyata alınmasına dair məlumat aşkar edilmədiyi bildirilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, X16 xx.xx.2008-ci il tarixdən ünvan 6 ünvanında qeydiyyatdadır. Qeyd olunan şəxsin qeydiyyata alınmasına əsas olunmuş sənədlərin saxlama müddəti bitdiyinə görə müvafiq qaydada məhv edildiyindən məhkəməyə göndərilməsi mümkün olmamışdır. - Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubunda üçüncü şəxsin qeyd olunan ünvanda yaşayıb-yaşamamasını müəyyən etmək mümkün olmadığı bildirilmişdir. - Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin iddiaçının nümayəndəsi və vəkili tərəfindən ünvanlanmış sorğuya cavab məktubundan görünür ki, vətəndaşlar İddiaçı Biləcəri qəsəbəsi, ünvan 8 ünvanda yaşayır. Eyni zamanda, X16 qeyd olunan ünvanda qeydiyyatda olsa da, araşdırmalara və qonşuların da verdiyi məlumata əsasən bu ünvanda yaşamır. - Elektron məhkəmə informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatlara əsasən, üçüncü şəxs – X16 hazırda ünvan 6 ünvanında qeydiyyatdadır “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; - 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Məhkəmə qeyd edir ki, Qanunun göstərilən maddəsində birbaşa olaraq daşınmaz əmlakla bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanı nəzərdə tutulmamışdır. Lakin bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddədə isə göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Eyni maddənin 5-ci hissəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Göründüyü kimi, qeydiyyatdan çıxarılma əsasları yaşayış sahəsinin mülkiyyətçisinin müstəsna hüququ olaraq ona mənsub əmlak barəsində öz mülahizəsi ilə hərəkət edə bilmə, mülkiyyətini bu əmlaka hüququ olmayan şəxslərdən qoruma imkanını nəzərdə tutur. Hazırkı mübahisə üzrə məhkəmə tərəfindən müəyyən olunan hal ondan ibarətdir ki, iddiaçının ünvan 1 üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində məlumat aşkar edilməmişdir. Bu səbəbdən üçüncü şəxsin həmin ünvanda qeydiyyatda qalmasının iddiaçının həmin yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarını həyata keçirməsi baxımından hər hansı maneə törətməsi öz təsdiqini tapmır. Başqa sözlə, iddiaçı həmin evin mülkiyyətçisi olmadığına görə üçüncü şəxsin ünvan üzrə qeydiyyatdan çıxarılması üçün qanunla tələb olunan şərtlər ödənilmir. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 14.3-cü maddəyə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı işin hallarından görünən odur ki, nə inzibati icraat, nə də məhkəmə icraatı zamanı iddiaçı arzuolunan inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə olan halda, iddiaçı və üçüncü şəxs mübahisəli yaşayış sahəsinə münasibətdə hüquqi status baxımından eyni vəziyyətdədir. Ona görə də cavabdeh inzibati orqanın imtinası iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Eyni Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-7918/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7918/2023
08.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver