Məhkəmə qərarları › İş №2-1(112)-7923/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7923/2024

02.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7923/2024 02.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Sabir oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının hərəkətlərinin qanunsuz sayılması, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, o, əmək fəaliyyətinə 1979-cu il tarixdən başlamışdır. Müxtəlif tarixlərdə əmək fəaliyyətini fərqli yerlərdə davam etdirmişdir. 1980-ci il tarixdən etibarən Tütün Kombinatında işləməyə başlamışdır. Daha sonra kombinat özəlləşdirildiyindən işdən azad olmuş və yenidən işə bərpa olmuşdur. Bundan sonra həmin şirkətdən işdən azad olmuşdur. Ona yaşa görə əmək pensiyası verilməsi üçün AR ƏƏSMN yanında DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş ərizə ilə müraciət etsə də, ərizəsinə cavab olaraq əsassız olaraq ona əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İmtina məktubunla buna səbəb kimi müxtəlif əsassız və qanunsuz bəhanələr göstərilmişdir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Z-219740/23 nömrəli imtina məktubunda qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim edilmiş əmək kitabçasının və hərbi biletin surətlərinə əsasən sığorta stajı (xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 22 il 2 ay 27 gün təşkil edir. Həmçinin bildirilmişdir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Təqdim edilmiş əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.2000-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın keçirdiyi monitorinqin nəticəsinə əsasən “X3” ASC-nin işə daxil olma əmrində ata adı Veysəl, işdən çıxma əmrində isə Əfsər olaraq qeyd edildiyindən sözügedən dövrün sığorta stajına daxil edilməsi qanunauyğun hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir və xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Məlumat üçün bildirilmişdir ki, əlavə sənədlər (ata adı ilə bağlı uyğunsuzluğu aradan qaldıran sənədi - məhkəmənin qanunu qüvvəyə minmiş qərarı) təqdim ediləcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-17-1/2-13365/2024 nömrəli vəsatətlə məhkəməyə müraciət edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə Mərkəzi Filiala müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Mərkəzi Filial tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-Z- 219740/2023 nömrəli məktubla ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün (22 il 2 ay 27 gün) yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslanmışdır ki, iddiaçıya məxsus xx.xx.1978-ci il tarixli əmək kitabçasına əsasən o xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək “X3” ASC-də işləmişdir. Mərkəzi Filial tərəfindən keçirilən monitorinqin nəticəsinə əsasən iddiaçının cəmiyyətin işə daxil olma əmrində ata adı Veysəl, işdən çıxma əmrində isə Əfsər olaraq qeyd edildiyindən sözügedən dövrün onun sığorta stajına daxil edilməsi qanunauyğun hesab edilməmişdir. İşin faktiki hallarına əsasən hesab edirik ki, icraatda olan 2-1(112)- 7923/2024 nömrəli iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmənin nəzərinə çatdırırıq ki, Mərkəzi Filialın 31 mart 2023-cü il tarixli 3-17-1/2-66563/2024 nömrəli sorğusuna cəmiyyətin 15 avqust 2023-cü il 51 nömrəli cavab məktubunda vətəndaş İddiaçı 02 oktyabr 2000-ci il tarixli 137 nömrəli işə qəbul əmrində səhvən İddiaçı Veysəl oğlu kimi qeyd edilmişdir. Bu səbəbdən də, cəmiyyət tərəfindən 15 avqust 2023-cü il 2/e nömrəli əmr verilərək iddiaçının ata adı düzəldilmişdir. Yuxarıda qeyd olunanı nəzərə alaraq, Mərkəzi Filial tərəfindən xx.xx.2024-cü il tarixli “Əmək pensiyasının təyin edilməsi haqqında” Qərar qəbul edilmişdir. Həmin Qərara əsasən iddiaçıya xx.xx.2023-cü il tarixdən (əmək pensiyası hüququnun yarandığı tarixdən) 311,36 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh qeyd edilən qanunvericilik normalarının tələblərinə əsasən işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmaması əsasından çıxış edərək is üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi vəsatətlərinin təmin olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı cavabdeh tərəfindən təqdim olunan qərarla tanış olaraq, iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə cavabdehin təqdim etdiyi qərarı iş materialları ilə birgə araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğu və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığı üçün iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia ərizəsi verildikdən sonra mübahisə predmeti ortadan qalxmış, cavabdeh iddiaçının tələbinə uyğun hərəkət etmiş və müvafiq tədbirlər görmüşdür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı Əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı əmək pensiyası hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən yaşa görə 311,36 manat pensiya təyin edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Məcəllənin 67.3-cü maddəsinə görə, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X2.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar