Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7924/2022 31.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı «iddiaçıya əmək pensiyasının təyin edilməsi və dəymiş ziyanın ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı 2021-ci ilin mart ayından Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq pensiya təyin olunmalı idi. İddiaçının şifahi müraciətinə cavab olaraq bildirilmişdir ki, lazım olan sənədlər təqdim edildikdə iş araşdırılacaq. İddiaçı 2021-ci ilin iyun ayında 4 nömrəli DOST Mərkəzinə sənədlərin əslini və sürətlərini təqdim etmişdir. lakin ona 4 aylıq araşdırmadan sonra 2021-ci il 19 oktyabr tarixdə **********2 saylı “pensiya təyin edilməsindən imtina olunması haqqında” məktub göndərilmişdir. Məktubdakı imtina səbəbləri kimi göstərilmişdir ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 22 sentyabr 2021-ci il tarixli məktubuna əsasən təqdim edilən əmək kitabçasında qeyd olunmuş 30 yanvar 1992-ci il tarixdən 1 avqust 1992-ci tarixədək “Azərdəmiryol Ekspedisiya” kiçik müəssisənin əmək haqqı cədvəlləri saxlanılmadığından, 2 avqust 1992-ci il tarixdən 26 iyun 1995-ci il tarixədək "xxxx" firmasının arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 27 iyul 2021-ci il tarixli məktubuna əsasən 27 iyun 1995-ci il tarixdən 1 oktyabr 1999-cu il tarixədək onun işlədiyi “Bakı Aqrotəhcizat” ATSC-nin arxiv sənədləri mühafizə olunması üçün dövlət arxivinə təhvil verilmədiyindən, sözügedən dövrlərin araşdırılıb sığorta stajına əlavə edilməsi mümkün hesab edilməmişdir. Qeyd olunanlara əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsaslanaraq, iddiaçıya əmək pensiyasının təyin edilməsi və 24 mart 2021-ci il tarixdən məhkəmə qərarı qanuni qüvvəyə minən tarixədək olan dövrdə ona dəymiş ziyanın ödənilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı olmaqla iddianın dəyişdirilərək «iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə cavabdehin və iddianın dəyişdirilməsini qəbul etmişdir. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə iddia iıə bağlı ünvanlanmış 21 oktyabr 2022-ci il tarixli məktubunda bildirilir ki, İddiaçı iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin sığorta stajının tələb olunan müddətdən az olduğundan və qanunvericiliklə tələb olunan pensiya kapitalı toplanmadığından müraciətin müsbət həlli mümkün olmamışdır. Qeyd olunmalıdır ki, iddiaçının 1 yanvar 2006-cı il tarixədək sosial sığorta stajı 18 il 3 ay, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 18 il 3 ay sığorta stajına uyğun olaraq 13.907,77 manat təşkil etdiyindən qanunvericiliklə müəyyən edilmiş pensiya təminatına imkan vermir. Həmçinin, onun əmək kitabçasında qeyd olunmuş 30 yanvar 1992-ci il tarixdən 1 avqust 1992-ci il tarixədək "xxxx" kiçik müəssisənin əməkhaqqı cədvəlləri saxlanılmadığından, 2 avqust 1992-ci il tarixdən 26 iyun 1995-ci il tarixədək "xxxx" firmasının arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından və 27 iyun 1995-ci il tarixdən 1 oktyabr 1999-cu il tarixədək işlədiyini iddia etdiyi “Bakı-Aqrotəchizat” ATSC-nin arxiv sənədləri mühafizə olunması üçün Dövlət Arxivinə təhvil verilmədiyindən sözügedən dövrlərin araşdırılıb sığorta stajına əlavə edilməsi mümkün hesab edilməmişdir. Məsələnin obyektiv araşdırılması üçün DSMF tərəfindən müvafiq qurumlara sorğular ünvanlanmışdır. Dövlət Vergi Xidmətinin 28 iyun 2022-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, dövlət reyestrində "xxxx" Firmasının 12 yanvar 1994-cü il tarixdə 5893 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Hal-hazıradək Firma adından yeni VÖEN almaq üçün vergi organına müraciət olunmamışdır. Eyni zamanda reyestrdə "xxxx" Kiçik Müəssisəsi adlı hüguqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyil. Həmçinin, "xxxx" ASC-nin 6 aprel 1998-ci il tarixdə D-2590 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Əmlak Məsələləri Dövlət Xidmətinin 15 iyul 2022-ci il tarixli **********62 nömrəli cavab məktubunda, ‘Azərdəmiryol Ekspedisiya” və "xxxx" adlı müəssisələrin mövcud olan dislokasiyada öz əksini tapmadığı qeyd edilmişdir. Həmçinin cavab məktubunda, keçmiş Dövlət Əmlak Komitəsinin 2 mart 1998-ci il tarixli 393 nömrəli sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olmuş 2 saylı Respublika Mərkəzi Təchizat bazasının əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradıldığı və səhmlərinin 6 iyul 2004-cü il tarixdə tam özəlləşdirilərək mülkiyyətçisinin dəyişildiyi qeyd edilmişdir. Milli Arxiv İdarəsinə ünvanlanmış sorğuya cavab olaraq bildirilmişdir ki, qeyd olunan "xxxx" kiçik müəssisəsinin, "xxxx" Firmasının və "xxxx" ATSCnin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Beləliklə, iddiaçının yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə tələbi qanuni və əsaslı sayıla bilməz. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununгт 22-1-ci maddəsinə əsasən İddiaçı 1 yanvar 2006-ci il tarixdən 1 iyul 2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığı üçün avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilməsi mümkün olmamışdır. Göstərilənlərə və İPM-in 12, 58.7, 81, 83-cü maddələrinə, «Əmək pensiyaları haqqında» Qanunun 1.0.1, 1.0.2, 7, 26, 37-ci maddələrinə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3-cü bəndinə əsaslanaraq, İddiaçı iddiasının təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianı müdafiə etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi»nin 1.1-ci bəndinə görə Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Binəqədi rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Cavabdeh DSMF Sosial Ödənşlərin Təyinatı üzrə Mərkəzi Filialı iddiaçının müvafiq müraciəti üzrə qaldlırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, hazırkı iddia “məcburetmə haqqında” iddiaya aid olduğundan və cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən mübahisəyə İPM-in 8.1.2-ci maddəsinin (maddənin ikinci cümləsinin) tələblərinə uyğun olaraq iddiaçının yaşayış yeri kimi Bakı şəhərinin Binəqədi rayonu üzrə müvafiq məhkəmə qismində Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnzibati icraat haqqında» Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (Azərbaycan Respublikasının 1 fevral 1999-cu il tarixli 618-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. «Əmək pensiyaları haqqında» Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1 – 3-cü hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə görə əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının 1042-VQ nömrəli 6 mart 2018-ci il tarixli Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Göründüyü kimi, iddiaçının ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətinə cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən baxılmış və pensiya təyinatından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçıya münasibətdə aşağıdakı şərtlərlər hər hansı biri ödənilmədiyindən, ona yaşa görə pensiya təyinatı qanunvericiliyə ziddir: 1) 25 il sosial sığorta stajının toplanması (iddiaçının sosial sığorta stajı 18 il 3 ay təşkil edir); 2) Sığorta stajından asılı olmayaraq, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (iddiaçının pensiya kapitalı 18 il 3 ay sığorta stajına uyğun olaraq 13.907,77 manat təşkil edir); 3) avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilməsi üçün 1 yanvar 2006-ci il tarixdən 1 iyul 2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olmaması (iddiaçı həmin dövrdə əmək fəaliyyəti ilə məşğul olmamış və pensiya kapitalı toplamamışdır) Mövcud məhkəmə praktikası və bununla bağlı formalaşmış inzibati praktika ondan ibarətdir ki, əmək pensiyasının təyinatında onun 1 yanvar 2006-cı il tarixədək əmək fəaliyyətinin qarşılıqlı yoxlamasının hər hansı səbəbdən, məsələn şəxsin işlədiyi müəssisədə əmək haqqı cədvəllərinin aşkar edilməməsinə görə baş tutmaması, habelə müəssisənin müvafiq sənədlərinin arxivə (Dövlət Arxivinə) təhvil verilməməsi onun təqsiri ilə bağlı olmayan haldır və hətta mövcudluğu təsdiq olunsa belə, bu hal özlüyündə qanunvericiliklə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən xüsusat kimi təsbit edilməmişdir. Bundan başqa, əmək kitabçasında əks olunmuş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması həmin əmək kitabçasının məxsus olduğu şəxs kimi iddiaçının iradəsi ilə bağlı hallarla əlaqədar olmadığından, onun üçün hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Hazırkı iş üzrə cavabdeh inzibati orqan DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda əmək kitabçasındakı qeydlər üzrə məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır və belə mübahisə cavabdeh inzibati orqan tərəfindən qaldırıldığından, həmin məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür (İPM-in 14.3-cü maddəsi). Çünki, «İnzibati icraat haqqında» Qanunun 15 və 19-cu maddələri müvafiq sənədlərdə, hazırkı iş üzrə əmək kitabçasında olan məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən inzibati orqan isə, öz mövqeyini əsaslandırmaq, daha dəqiqi desək sübut etmək yükü daşıyır. Nəzərə alınmalıdır ki, iddiaçının 30 yanvar 1992-ci il tarixdən 1 avqust 1992-ci il tarixədək “Azərdəmiryol Ekspedisiya” kiçik dövlət müəssisəsində işləməsi "xxxx" QSC-nin hazırkı məhkəmə icraatında məhkəməyə ünvanladığı 10 avqust 2022-ci il tarixli məktubunda, eləcə də 2 avqust 1992-ci il tarixdən 26 iyun 1995-ci il tarixədək işlədiyi "xxxx" Firmasının müvafiq dövrdə fəlaliyyətini dayandırmaması, eləcə də ləğv edilməməsi, yəni mövcud olması aidiyyəti qurum kimi Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən sorğuya cavab kimi alınmış 8 avqust 2022-ci il tarixli məktubunda təsdiqini tapır Həmçinin, iddiaçının 37 iyun 1995-ci il tarixdən 1 oktyabr 1999-cu il tarixədək işlədiyi “Respublika Regionlararası Əlaqələndirmə Təchizat Bazası”nın müvafiq Dövlət Proqramına uyğun olaraq səhmdar cəmiyyətə çevrilməsi və 2004-cü ildə səhmləri tam özəlləşdirilərək mülkiyyətçisinin dəyişdiyi Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəməyə ünvanlanmış 10 avqust 2022-ci il tarixli məktubunda bildirilmişdir. Qeyd olunanlara, o cümlədən 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinin tələblərinə əsaslanaraq, məhkəmə hesab edir ki, cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı əmək kitabçasında əks olunmuş 1992 – 1999-cu illər üzrə iş stajının sığorta stajına daxil edilməməsi qanuna ziddir. Məhkəmə qeyd edir ki, tərəflərin gətirdiyi dəlillər iddiaçının 25 il sığorta stajının toplanması ilə bağlı olduğundan, onun 1997 – 1999-cu illər üzrə əmək fəaliyyətinin sığorta stajı kimi daxilib-edilməməsinə qiymət verilməsi mübahisənin həlli üçün yetərlidir. Həmin illər də sığorta stajı kimi nəzərə alındıqda «Əmək pensiyaları haqqında» Qanunun 27 və 29-cu maddələrinin tələblərinə müvafiq pensiya kapitalının hesablanması və indeksləşdirilməsi məsələsinə baxılmasına zərurət yaranmır, çünki, sözügedən illər staja daxil edildikdə pensiya kapitalının tələb olunan məbləğdən az olması işin mübahisələndirilməyən halıdır. Odur ki, iddiaçının 1992 - 1999-cu illərdəki iş fəaliyyəti ilə birlikdə 25 ildən artıq sığorta stajı toplanmış olur ki (cavabdeh həmin illər nəzərə alınmadan iddiaçının 18 il 3 ay sığorta stajını qəbul edir), bununla da «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə görə onun 3 mart 2020-ci il tarixdən – 65 yaşdan yaşa görə əmək pensiyası hüququ yaranır. İş materiallarına əsasən İddiaçı 3 mart 1955-cu il tarixdə doğulmuşdur. Belə olan halda məhkəmənin qənaətinə görə cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı 65 yaşdan, yəni 24 mart 2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməli və müvafiq pensiya məbləği ödənilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə İPM-in 13, 52, 68-ci maddələrinin tələblərini də rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli və İddiaçı 24 mart 2021-ci il tarixdən (65 yaşdan) yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 52, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı 24 mart 2021-ci il tarixdən (65 yaşdan) yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-7924/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7924/2022
31.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver