Məhkəmə qərarları › İş №2-1(112)-7925/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7925/2022

08.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7925/2022 08.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X5 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh QSC-yə qarşı “sənədlərin götürülməsi” tələbi barədə inzibati mübahisəyə dair işə Bakı şəhərində məhkəmənin binasında şifahi açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdeh “Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində qeyd olunan sənədlərin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təqdim edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********151876 nömrəli qərarı ilə Cavabdeh QSC-də (VÖEN: **********) növbəti səyyar vergi yoxlaması (yoxlanılan dövr: xx.xx.2018-xx.xx.2021) təyin edilmişdir. Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən vergi ödəyicisinə müəyyən edilmiş qaydada xx.xx.2021-ci il tarixli **********151894 nömrəli “SVY-nın keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə təqdim edilmişdir. Lakin, səyyar vergi yoxlaması zamanı yoxlama ilə əhatə edilən dövr üzrə tələb edilən aşağıdakı sənədlər vergi ödəyicisi tərəfindən təqdim edilmədiyi üçün yoxlamanın keçirilməsi mümkün olmamışdır: 1. Yoxlama ilə əhatə edilən dövr (xx.xx.2018-xx.xx.2021-ci il) üzrə bütün gəlir və xərc hesablarının hərəkəti; 2. Yoxlama ilə əhatə edilən hər bir il üzrə dövriyyə qalıq cədvəli;

3. Yoxlama ilə əhatə edilən dövr üzrə yerli və xarici bank hesablarının hərəkəti (mədaxil və məxaric olmuş məbləğlərin təyinatı göstərilməklə); 4. Yoxlama ilə əhatə edilən dövr üzrə nağd dövriyyələrin hərəkəti; 5. Yoxlama dövrünü əhatə edən bütün dövrlər üzrə aylıq, rüblük və illik bəyannamələrin hesablama faylları (rəqəmlərin götürüldüyü uçot hesabları göstərilməklə) 6. Yoxlama dövrün əvvəlinə və sonuna qalıqlar göstərilməklə illər üzrə xammal-material hərəkəti barədə məlumat; 7. Müştəri və podratçılarla bağlanmış müqavilələr və onların bütün əlavələri; 8. Yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən qeyri-rezidentlərlə bağlanmış müqavilələr; 9. Malların təqdim edilməsi (əldə edilməsi), işlərin görülməsi və xidmətlərin göstərilməsini təsdiq edən sənədlər, təhvil-təslim aktları, invoyslar, hesab-fakturalar, alış aktları, üzləşmə aktları və s.; 10. Malların mədaxilinin və məxaricinin sənədləşdirilməsi üçün bütün ciddi hesabat blankları (“Malların təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturası”); 11. Yoxlama ilə əhatə edilən dövr üzrə qeydiyyatda olan bütün NKA üzrə Z-hesabatları (aylar üzrə); 12. Yoxlama ilə əhatə edilən dövr üzrə pərakəndə qaydada satılmış malların miqdarı və dəyəri göstərilməklə aylar üzrə adlı siyahıları; 13. Yoxlama ilə əhatə edilən dövrdə illər üzrə debitor və kreditor borclar üzrə adlı siyahılar; 14. Yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən bütün borc və kredit müqavilələri; 15. İpoteka predmeti olan bütün aktivlərin mülkiyyət sənədlərinin surəti;

16. Yoxlama ilə əhatə edilən dövlər üzrə aktivlərin ilkin dəyərini, ilin əvvəlinə olan qalıq dəyərini, alınmış və satılmış aktivləri, il ərzində əsas vəsaitə əlavə edilmiş təmir xərclərini, il ərzində vergi məqsədləri üçün tətbiq edilmiş amortizasiya dərəcələrini, ilin sonunda amortizasiya məbləğlərini və qalıq dəyərlərini göstərməklə əsas vəsait/qeyri-maddi aktivlərin reyestri; 17. Yoxlanılan dövrlər üzrə əsas vəsaitlərin təsdiqedici sənədləri, icarədə olan əsas vəsaitlərin siyahısı; 18. Yoxlanılan dövrlər üzrə işçilərin əldə etdiyi bütün mükafatlar, faydalar və ŞGV-ni və SSH-ni göstərməklə əmək haqqı cədvəlləri (aylıq əsasda), əmək müqaviləsi bildirişləri, ezamiyyə sənədləri; 19. Ünvanı və təyinatı göstərilməklə vergi ödəyicisinin faktiki istifadəsində olan təsərrüfat obyektlərinin (subyektləri) siyahısı və vergilərin hesablanması üçün digər zəruri sənədlər (məlumatlar). Tələbnamədə göstərilən sənədlər tam təqdim edilmədiyi üçün, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə Azərbaycan Respublikası Vergi Məcələsinin 42.2-ci maddəsinə uyğun olaraq sənədlərin qismən təqdim edilməsi barədə iki nüsxədən ibarət Akt tərtib edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 43.11-ci maddəsinə əsasən vergi ödəyicisi bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda, həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən iddiaya qarşı hər-hansı bir münasibət təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən müəyyən edilir ki: - "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********151876 nömrəli qərarı ilə vergi ödəyicisi olan cavabdehin fəaliyyəti üzrə Vergi Məcəlləsinin 23, 36, 38-ci maddələrinə əsasən səyyar vergi yoxlaması (yoxlanılan dövr: oktyabr 2018 – sentyabr 2021) təyin edilmişdir; - “Növbəti səyyar vergi yoxlamasınn keçirilməsi haqqında” **********770900 nömrəli, xx.xx.2021-ci il tarixli bildiriş cavabdehə göndərilmişdir. - "Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” **********151894 nömrəli xx.xx.2021-ci il tarixli Tələbnamə cavabdehə təqdim edilmişdir; - “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” **********153023 nömrəli, xx.xx.2021-ci il tarixli qərar qəbul edilmişdir. - “Sənədlərin qismən təqdim edilməsi barədə” xx.xx.2021-ci il tarixli akta əsasən cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə bank əməliyyatları barədə məlumatlar (excel fayllarda), xx.xx.2018-ci il tarixdən, xx.xx.2021-ci il tarixədək e-qaimələr barədə məlumatlar təqdim edilmişdir. Tələbnamədə qeyd edilən digər sənədlərin iş həcminin çox olmasını səbəb gətirilərək müəsissənin rəhbəri tərəfindən təqdim edilməsinə xx.xx.2021-ci il tarixədək vaxtı istənilmişdir. -“Sənədlərin qismən təqdim edilməsi barədə” xx.xx.2021-ci il tarixli akta əsasən cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə bank əməliyyatları barədə məlumatlar (excel fayllarda), xx.xx.2018-ci il tarixdən, xx.xx.2021-ci il tarixədək olan dövr üzrə NKA-lar üzrə aparılmış nağd əməliyyatlar barədə məlumatlar (excel fayllarda), yoxlanılan dövr üzrə İT sistemlər barədə məlumat, yoxlanılan dövr üzrə biznes fəaliyyəti barədə məlumatlar təqdim edilmişdir. - İddiaçı tərəfindən cavabdehə “Sənədlərin təqdim edilməsi barədə” müvafiq məktublar göndərilmişdir. Məhkəmə işin faktiki halları ilə bağlı qanunvericiliyin aşağıda sadalanan normalarına istinad etməyi zəruri hesab edir: "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -42.1 -ci maddəsinə əsasən səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri təqdim edilir. -42.3-cü maddəsinə görə səyyar vergi yoxlaması üçün zəruri olan vergi orqanı tərəfindən tələb edilən sənədlərin və ya elektron faylların vergi ödəyicisi tərəfindən vergi orqanına verilməsindən imtina edilməsi və ya bu Məcəllənin 42.1 -ci maddəsində göstərilən müddətdə təqdim edilməməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Bu maddədə göstərilən qaydada sənədlərin və ya elektron faylların təqdim edilməsindən imtina edildikdə, səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada sənədlərin götürülməsini həyata keçirə bilər. -43.1 -ci maddəsinə görə sənədlərin və nümunə kimi əşyaların götürülməsinə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirildikdə yol verilir. -43.11 -ci maddəsinə əsasən vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. İş üzrə təqdim olunmuş sübutlarla müəyyən olunur ki, vergi orqanının Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********151876 nömrəli qərarı ilə cavabdeh "İnci Group of Companies” QSC (VÖEN **********) növbəti səyyar vergi yoxlaması (yoxlanılan dövr: oktyabr 2018- sentyabr 2021) təyin edilmiş, vergi orqanı Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən vergi ödəyicisinə müəyyən edilmiş qaydada xx.xx.2021 tarixli **********151894 nömrəli “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə təqdim etmiş, lakin tələbnamə üzrə tələb olunan sənədlər vergi orqanına tam təqdim edilməmişdir. Yoxlama ilə əhatə edilən dövrə aid sənədlər təqdim edilmədiyi üçün yoxlamanın keçirilməsi mümkün olmamışdır. Hazırkı iddiaçı vergi orqanı cavabdeh "İnci Group of Companies” QSC-dən sənədlərin götürülməsi tələbi ilə hazırkı iddianı qaldırmışdır. Məhkəmə tərəfindən sübut qismində qəbul edilmiş, iş materiallarında olan sənədlərə əsasən müəyyən edilir ki, növbəti səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlər iddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qanunla müəyyən edilmiş qaydada cavabdehdən tələb edilsə də, cavabdeh tərəfindən vergi orqanına tələb olunan sənədlər tam təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1-ci maddəsinə görə vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, habelə yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə işin hallarını, yuxarıda qeyd olunan qanunvericilik aktlarının tələblərini, eləcə də vergi orqanı tərəfindən həyata keçirilən növbəti səyyar vergi yoxlamasının tam, hərtərəfli və obyektiv aparılması zəruriliyini nəzərə alaraq hesab edir ki, iddiaçının tələbi təmin olunmalı, cavabdeh "İnci Group of Companies” QSC -dən səyyar vergi yoxlamasının aparılması üçün zəruri olan sənədlər həmin qurumdan götürülməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, vergi orqanı təyin edilmiş səyyar vergi yoxlamasının keçirilməsi üçün qanuna müvafiq qaydada cavabdehdən sənədləri tələb etsə də, həmin sənədlər cavabdeh tərəfindən təqdim olunmamışdır. Sənədələrin təqdim edilmədiyi iş materiallarında olan sənədlərlə təsdiq olunur. Belə olan halda, sözügedən sənədlərin əldə edilməsi qanunvericiliyə görə məhkəmə qərarı ilə həyata keçirilməlidir. Odur ki, Vergi Məcəlləsinin 43.11 -ci maddəsinin dispozitiv şərtlərinə riayət edildiyi müəyyən olunduğu üçün iddia təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 36, 52, 58, 68-69, 75.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Yoxlama ilə əhatə edilən dövr (xx.xx.2018-xx.xx.2021-ci il) üzrə bütün gəlir və xərc hesablarının hərəkəti; yoxlama ilə əhatə edilən hər bir il üzrə dövriyyə qalıq cədvəli; Yoxlama ilə əhatə edilən dövr üzrə yerli və xarici bank hesablarının hərəkəti (mədaxil və məxaric olmuş məbləğlərin təyinatı göstərilməklə); yoxlama ilə əhatə edilən dövr üzrə nağd dövriyyələrin hərəkəti; yoxlama dövrünü əhatə edən bütün dövrlər üzrə aylıq, rüblük və illik bəyannamələrin hesablama faylları (rəqəmlərin götürüldüyü uçot hesabları göstərilməklə). Yoxlama dövrün əvvəlinə və sonuna qalıqlar göstərilməklə illər üzrə xammal-material hərəkəti barədə məlumat; Müştəri və podratçılarla bağlanmış müqavilələr və onların bütün əlavələri; yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən qeyrirezidentlərlə bağlanmış müqavilələr; malların təqdim edilməsi (əldə edilməsi), işlərin görülməsi və xidmətlərin göstərilməsini təsdiq edən sənədlər, təhvil-təslim aktları, invoyslar, hesab-fakturalar, alış aktları, üzləşmə aktları və s.; malların mədaxilinin və məxaricinin sənədləşdirilməsi üçün bütün ciddi hesabat blankları (“Malların təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturası”); yoxlama ilə əhatə edilən dövr üzrə qeydiyyatda olan bütün NKA üzrə Zhesabatları (aylar üzrə); yoxlama ilə əhatə edilən dövr üzrə pərakəndə qaydada satılmış malların miqdarı və dəyəri göstərilməklə aylar üzrə adlı siyahıları; yoxlama ilə əhatə edilən dövrdə illər üzrə debitor və kreditor borclar üzrə adlı siyahılar; yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən bütün borc və kredit müqavilələri; İpoteka predmeti olan bütün aktivlərin mülkiyyət sənədlərinin surəti; yoxlama ilə əhatə edilən dövlər üzrə aktivlərin ilkin dəyərini, ilin əvvəlinə olan qalıq dəyərini, alınmış və satılmış aktivləri, il ərzində əsas vəsaitə əlavə edilmiş təmir xərclərini, il ərzində vergi məqsədləri üçün tətbiq edilmiş amortizasiya dərəcələrini, ilin sonunda amortizasiya məbləğlərini və qalıq dəyərlərini göstərməklə əsas vəsait/qeyri-maddi aktivlərin reyestri; yoxlanılan dövrlər üzrə əsas vəsaitlərin təsdiqedici sənədləri, icarədə olan əsas vəsaitlərin siyahısı; yoxlanılan dövrlər üzrə işçilərin əldə etdiyi bütün mükafatlar, faydalar və ŞGV-ni və SSH-ni göstərməklə əmək haqqı cədvəlləri (aylıq əsasda), əmək müqaviləsi bildirişləri, ezamiyyə sənədləri; ünvanı və təyinatı göstərilməklə vergi ödəyicisinin faktiki istifadəsində olan təsərrüfat obyektlərinin (subyektləri) siyahısı və vergilərin hesablanması üçün digər zəruri sənədlər (məlumatlar) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə verilməsi öhdəliyi "İnci Group of Companies” QSC-yə həvalə edilsin. Qərardan tərəflərə təqdim olunduğu gündən 30 gün müddətində, Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qərar qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar