Məhkəmə qərarları › İş №2-1(112)-793/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-793/2021

10.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-793/2021 10.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının nümayəndəsi Məmməd-zadə Orxan Oqtay oğlunun, Üçüncü şəxs X5 nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Ramana Bələdiyyəsinə qarşı X7 və X9 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə “cavabdehin 26 iyul 2007-ci il tarixli, 53 nömrəli qərarının ləğv edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Ramana Bələdiyyəsinə qarşı (X7 və X9 üçüncü şəxslər kimi göstərilməklə) “Sabunçu rayonu, Ramana Bələdiyyəsinin 26 İyul 2007-ci il tarixli, 53 №-li qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 10.07.2020-ci il tarixli 2-1(112)-3945/2020 saylı qərardadı ilə X7 və X9 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin (keçmiş Bakı şəhər X10 İcraiyyə Komitəsi) 31 yanvar 1963-cü il tarixli 30/1477 saylı qərarı ilə “Azneft” İstehsalat Birliyi ’’Balaxanıneft” NQÇİ-nin (keçmiş “Leninneft NQÇİ) daimi istifadəsinə neft-qaz əməliyyatlarının aparılması üçün sənaye təyinatlı torpaq sahələri ayrılmışdır. “Azgerneft“ MMC Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Almaniyanın “Qrünevald” şirkəti arasında neft hasilatı üzrə bağlanmış müqaviləyə əsasən 1994-cü ildə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət yaradılmışdır. ARDNŞ İddiaçı MMC-nin fəaliyyəti həyata keçirmək üçün öz əsas vəsaitlərini və neft hasilatı aparılan ərazini MMC-nin balansına təsisçi kimi təqdim etmişdir. Hal-hazırda iddiaçının istifadəsində olan torpaq sahələrinin müxtəlif şəxslər tərəfindən zəbt edilməsi, özbaşına olaraq tikinti aparılması iddiaçının qanunla qorunan hüquqlarını pozur və mənafelərinə toxunur. Həmin şəxslərə qanunsuz hərəkətlərinin və tikintinin dayandırılması, tikilmiş evlərin sökülməsi, həmin sahələrinin boşaldılması barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilsə də, cavabdehlər iddiaçının haqlı tələblərinə əhəmiyyət verməyərək tikintini davam etdirmişlər. 24.07.2019-cu il tarixdə Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə, 39T 415492.25; 4478401.14 koordinatlar üzrə yerləşən torpaq sahəsinə baxış keçirilən zaman, neft-qaz əməliyyatlarının aparılması üçün nəzərdə tutulmuş “Kontrakt sahəsi”ində 400 kv.m ərazinin zəbt olunaraq, fərdi yaşayış evinin tikintisi aşkarlanmışdır. Tikinti aparan şəxsə qanunsuz tikintinin dayandırılması barədə xəbərdarlıq edilmiş və mübahisənin həlli məqsədilə Sabunçu rayon Məhkəməsinə “özbaşına tikilinin sökülməsi, zəbt olunmuş ərazinin boşaldılması tələbi” barədə iddia ərizəsi verilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, mübahisəli 400 kv.m torpaq sahəsi Sabunçu rayonu Ramana Bələdiyyəsinin 53№ 26.07.2007-ci il tarixli qərarı ilə vətəndaş X6 ayrılmış, X7 isə etibarnamə ilə mübahisəli torpaq sahəsini vətəndaş X5 istifadəsinə vermişdir. Halbuki qeyd edilən torpaq sahəsi İddiaçı MMC-nin neft qaz əməliyyatlarının aparılması üçün istifadəsinə verilmiş strateji əhəmiyyətli ərazidir və burada tikinti işlərinin aparılması qəti qadağandır. İddiaçı MMC-nin qarşısında yaxın müddət ərzində neft-qaz hasilatının maksimum səviyəyə qaldırılması məsələsi qoyulmuş və buna uyğun proqram hazırlamışdır. Həmin proqrama köhnə quyuların istismara qaytarılması, yeni quyuların qazılması məsələləri daxil edilmişdir. Lakin yuxarıda qeyd edilənlərlə bağlı hal-hazırda həmin proqramın yerinə yetirilməsində müəyyən çətinliklərlə üzləşmişdir. Mədən ərazilərində gedən hər hansı qanunsuz tikinti neft quyularına xüsusi cihazlarla yaxınlaşmağı mümkünsüz edir. Yeni quyuların qazılması üçün lazım olan sahələrin seçilməsi, quyularda keçiriləcək geoloji-texniki tədbirlərin həyata keçirilməsi mümkün olmur. Buna görə də iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdeh və üçüncü şəxslərə göndərilmiş, onlara iddiaya dair öz münasibətlərini (etirazlarını) yazılı şəkildə məhkəməyə bildirmələri təklif olunmuşdur, yazılı münasibət (etirazlar) məhkəməyə daxil olmamışdır. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Bakı şəhəri Sabunçu rayonu Ramana bələdiyyəsi və üçüncü şəxs X7 lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında üçüncü şəxs X5 nümayəndəsi X11 oglu iddiaçının torpaq sahəsinin qanuni şəkildə bələdiyyədən aldıgını, uzun müddət istifadə etdiyini, ev tikib yaşadıqlarını, ətrafda çoxlu tikililərin oldugunu və dövlət orqanlarının buna heç bir etiraz etmədiyinə əsaslanaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan və məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlara məcmusu ilə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: -Bakı şəhəri Sabunçu rayonu Ramana Bələdiyyəsinin 53 № 26.07.2007-ci il tarixli qərarından görünür ki, Ramana qəsəbəsi 2-ci sahədə 400 kv.m torpaq sahəsi alqı-satqı yolu ilə X4 mülkiyyətinə ayrılmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət idarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin iddiaçıya ünvanlanmış 09.08.2019cu il tarixli məktubu ilə bildirmişdir ki, İddiaçı MMC-yə məxsus saziş ərazisinin hüdudları daxilində Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə ərazisində vətəndaş X9 tərəfindən qanunsuz tikinti işlərinin aparılması barədə 24 iyul 2019-cu il tarixli, 395 saylı 1 müraciətə baxılmışdır. Şirkətin istifadəsinə verilmiş ərazidə gedən qanunsuz tikinti işi ilə bağlı təqdim etdiyi fakt qanunvericilikdə nəzərdə tutulan qaydada tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilmişdir. -Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Almaniyanın “Qrünevald” şirkəti arasında neft hasilatı üzrə 1994-cü il tarixdə bağlanmış müqavilədən görünür ki, neft hasilatının həyata keçirilməsi üçün İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət yaradılmış, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərəncamında olan torpaq sahələri birgə müəssisənin - “Azgerneft“ MMC-nin sərəncamına verilmişdir. -Bakı şəhəri Sabunçu rayonu Ramana Bələdiyyəsinin 14.07.2007-ci il tarixli ümumi iclasının 07 saylı protokolundan görünür ki Ramana qəsəbəsi 2-ci sahədə 400 kv.m torpaq sahəsi alqı-satqı yolu ilə X4 mülkiyyətinə verilməsi qərara alınmışdır. -Bakı şəhəri Sabunçu rayonu Ramana Bələdiyyəsinin möhürü ilə təsdiq edilmiş “torpaqların alq-satqısına dair” aktdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Ramana Bələdiyyəsinin 26.07.2007-ci il tarixli 53 nömrəli qərarı ilə Ramana qəsəbəsi 2-ci sahədə 400 kv.m torpaq sahəsi alqı-satqı yolu ilə X1. İlk növbədə məhkəmə qeyd edir ki, iddiaçı torpaq sahəsinin cavabdehə satılması barədə cavabdehin 26.07.2007-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İnzibati prosessual qanunvericilik mübahisələndirmə haqqında iddianın müddətinin inzibati aktın təqdim olunduğu vaxtdan başlamasını müəyyən etmişdir ki, cavabdeh tərəfindən mübahisələndirilən inzibati aktın iddiaçıya təqdim və ya elan olunması iş materialları ilə öz təsdiqini tapmadıgından və bununla da iddia müddətinin ötürülməsi halı müəyyən edilmədiyindən iddia mümkün sayılmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi, qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi və s. kimi səlahiyyətləri vardır. Həmin Məcəllənin 86.6-cı maddəsinə əsasən bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir. Bələdiyyə torpaqlarının, habelə onlar üzərində icarə hüquqlarının alqı-satqısı torpaq hərracları və müsabiqələri vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının 144.1.6-cı maddəsinə əsasən bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam bələdiyyələrin iclaslarında həll olunan məsələlərə aid olunmuşdur. Konstitusiyanın 145.1 və 145.2-ci maddələrinə əsasən bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının 29.06.2001-ci il tarixli Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin qanunun 6.5-ci maddəsinin tələbinə görə (mübahisəli qərarın qəbul olunduğu tarixdə qüvvədə olan redaksiyasına əsasən) torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 09.08.2001-ci il tarixli, 548 saylı Fərmanına əsasən müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini hazırda Əmlak Məsələləri üzrə Dövlət Komitəsi (kənd təsərrüfat və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri həyata keçirirlər (bu halda BŞİH-nin Memarlıq və Şəhərsalma Baş İdarəsi nəzərdə tutulur). Azərbaycan Respublikasının 15.03.2002-ci il tarixli, 274 İİQ saylı Qanunu ilə təsdiq edilmiş, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin: - 7-ci bəndinin tələbinə əsasən (mübahisəli sərəncamın qəbul olunduğu tarixdə qüvvədə olan redaksiyasına əsasən) torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. - 17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. - 18-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. - 19-cu bəndinə əsasən bələdiyyə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 06.05.2002-ci il tarixli, 696 saylı Fərmanının tələbinə görə Əsasnamənin 7-ci bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (bu halda BŞİH-nin Memarlıq və Şəhərsalma Baş İdarəsi nəzərdə tutulur), Əsasnamənin 17-ci, 18-ci, 19-cu, 21- ci, 22-ci bəndlərində nəzərdə tutulmuş “müvafıq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumlar həyata keçirirlər (mübahisəli qərarın qəbul olunduğu tarixdə qüvvədə olan redaksiyasına əsasən). Göründüyü kimi sadalanan normalara əsasən müvafiq bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması üçün əvvəlcə Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi alınmalı, ayrılması nəzərdə tutulan torpaq sahəsinin yeri, habelə torpaq sahəsinin yerləşdiyi zona və torpağın normativ qiyməti Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən müəyyən edilməli, yalnız bundan sonra bələdiyyə torpağın dəyəri ödənildikdən sonra torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə qərar qəbul etməli idi. Lakin iş materiallarından da göründüyü kimi, bələdiyyə tərəfindən mübahisələndirilən torpaq sahəsi satılarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə sonuncu tərəfindən əməl olunmamış, yəni bələdiyyə tərəfindən müvafiq icra hakimiyyəti orqanının rəyi alınmamış, əlavə olaraq torpaq sahəsinin yeri, yerləşdiyi zona dəqiqləşdirilməmiş, həmin yerin planı və ölçüsü hazırlanmamışdır. Digər tərəfdən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3945/2020 saylı, 28.09.2020-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, aparılmış tədqiqatın nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 23.02.2021-ci il tarixli 10/3170 nömrəli ekspert rəyinin nəticəvi hissəsi aşağıdakı kimi göstərilmişdir: Qərardadın birinci sualı üzrə: "xxxx" MMC-nin mütəxəssis rəyinə əsasən, Bakı şəhəri Sabunçu rayonu Ramana bələdiyyəsinin 26 iyul 2007-ci il tarixli, 53 nömrəli qərarı ilə X6 verilmiş Ramana qəsəbəsi, 2-ci sahədə 400,0 kv.metr torpaq sahəsi sənaye təyinatlıdır və Dövlət mülkiyyətinə aiddir. Qərardadın ikinci sualı üzrə: "xxxx" MMC-nin mütəxəssis rəyinə əsasən, Bakı şəhəri Sabunçu rayonu Ramana bələdiyyəsinin 26 iyul 2007-ci il tarixli, 53 nömrəli qərarı ilə X6 verilmiş Ramana qəsəbəsi, 2-ci sahədə 400,0 kv.metr iş üzrə mübahisələndirilən torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin (keçmiş Bakı şəhər X10 İcraiyyə Komitəsi) 31 yanvar 1963-cü il tarixli 30/1477 saylı qərarı ilə neft-qaz əməliyyatlarının aparılması üçün ayrılmış sənayə təyinatlı torpaq sahələrinin hüdudları daxilində yerləşir. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə sadalanan hüquq normalarının tələblərini və işin müəyyən olunan hallarını nəzərə alaraq hesab edir ki, müvafiq ekspert rəyində göstərilən halları təkzib edən və şübhə altına alan sübut məhkəməyə təqdim edilmədiyindən hazırkı iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/3170 nömrəli ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Bununla da məhkəmədə işin araşdırılan halları və təyin edilmiş ekspertiza ilə müəyyən edilir ki, Bakı şəhəri Sabunçu rayonu Ramana bələdiyyəsinin 26 iyul 2007-ci il tarixli, 53 nömrəli qərarı ilə X2 Ramana qəsəbəsi, 2-ci sahədə 400,0 kv.metr torpaq sahəsi sənaye təyinatlıdır və dövlət mülkiyyətinə aiddir. Torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin (keçmiş Bakı şəhər X10 İcraiyyə Komitəsi) 31 yanvar 1963-cü il tarixli 30/1477 saylı qərarı ilə neft-qaz əməliyyatlarının aparılması üçün ayrılmış sənayə təyinatlı torpaq sahələrinin hüdudları daxilində yerləşir. Belə olan halda, həmin torpaq sahəsinin bələdiyyə tərəfindən alqı-satqı predmeti olması halı istisna edilir. Məhkəmə qeyd edir ki, bələdiyyələr yalnız bələdiyyə fonduna məxsus olan torpaq sahələrinin üzərində sərəncam vermək səlahiyyətinə malikdir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə uyğun olaraq müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Həmin Qanunun 3-cü maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, habelə onlardan istifadə və onlara dair sərəncam verilməsi sahəsində idarəetmə mülki və torpaq qanunvericiliyinin tələblərinə və bələdiyyənin nizamnaməsinə uyğun həyata keçirilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 9- cu bəndinə müvafiq olaraq dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində olan torpaqlar hesab olunur. Həmin Qanunun 7-ci maddəsinin ikinci bəndinə əsasən bələdiyyənin ehtiyat fondunun torpaqları qanunvericiliyə uyğun olaraq ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə verilə bilər. Torpaq Məcəlləsinin 9-cu maddəsinin 2-3-cü bəndlərinə əsasən məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir (Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.) Həmin Məcəllənin 44-cü maddəsinə əsasən, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin vəzifələri torpaqlardan səmərəli istifadə edilməsi və onların mühafizəsi məqsədilə torpaq qanunvericiliyinin tələblərinə bütün dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin əməl etməsini təmin etməkdən ibarətdir. Həmin Məcəllənin 47.6-cı maddəsinə müvafiq olaraq bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Həmin Məcəllənin 47.7-ci maddəsinə görə, bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır. Həmin Məcəllənin 48-ci maddəsinin 4-cü bəndinə əsasən torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir. Həmin Məcəllənin 111-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Mübahisəli torpaq sahəsi sənaye təyinatlı olduğundan Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən onun qeyd olunan kateqoriyası yaşayış məntəqəsi təyinatına dəyişdirilmədən cavabdehin həmin torpaq üzərində hər hansı bir qərarvermə hüququ mövcud olmamışdır. Göründüyü kimi, hazırki iş üzrə məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən edilir ki, Bakı şəhəri Sabunçu rayonu Ramana bələdiyyəsinin 26 iyul 2007-ci il tarixli, 53 nömrəli qərarı qanunvericiliyin tələblərini pozmaqla qəbul edilmişdir. Yəni cavabdeh səlahiyyəti olmadığı halda mülkiyyətində olmayan və “Azgerneft“ MMC-nin istifadəsində olan torpaq sahəsinin üçüncü şəxsə ayrılması barədə qərar qəbul etməklə dövlətin müstəsna mülkiyyətində olan torpaq sahəsinə dair sərəncam vermiş, nəticədə bələdiyyənin müvafiq sərəncamı iddiaçının icarəsində olan torpaqlardan maneəsiz istifadə hüququnu məhdudlaşdırmışdır. Bundan başqa, “Texniki təhlükəsizlik haqında” Azərbaycan Respublikası Qanunu və Nazirlər Kabinetinin 94 saylı, 10 may 2001-ci il tarixli qərarına əsasən neft hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin hüquqi rejimlər müvafiq normativ-hüquqi aktlarla tənzimlənir. Torpaq Məcəlləsinin 62-ci maddəsinin məzmununa əsasən mühafizə zolağı daxilində yerləşən torpaq ərazılərinin yaşayış və ictimai tikililər üçün ayrılması qadağan edilir. Lakin cavabdeh mübahisələndirilən qərarı qəbul edərkən göstərilən normaların tələblərini nəzərə almamışdır. Göründüyü kimi mübahisə predmetini təşkil edən Sabunçu rayonu, Ramana Bələdiyyəsinin 26 iyul 2007-ci il tarixli, 53 nömrəli qərarı alverişsiz inzibati akt olmaqla maddi hüquq normalarının tələbləri pozulması ilə qəbul edilmişdir. Cavabdeh bələdiyyə, bələdiyyə fonduna daxil olmayan, dövlət mülkiyyətində olan torpaq sahəsi üzərində qanunsuz olaraq sərəncam verərək, həmin torpaq sahəsini digər şəxsə satmışdır. “İnzibati icraat haqqında” Qanunun 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 67.1-67.3-cü maddələrinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, cavabdeh iddiaçıya məxsus torpaq sahəsi üzərində qanunsuz sərəncam verərək onun torpaq üzərində olan hüquqlarını pozmuş, hətta, üçüncü şəxslərə təhlükə potensiallı obyektlərin yerləşdiyi sahədə torpağın təyinatına uyğun olmayaraq fərdi yaşayış evinin tikilməsi üçün torpaq ayırmaqla, üçüncü şəxslərin də həyat və sağlamlıqlarını təhlükə altına atmışdır. Ona görə də, iddiaçının iddia tələbi əsaslı və qanunidir, bu səbəbdən təmin olunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52-ci maddəsinin tələblərindən çıxış edərək hesab edir ki, iddia tələbi işdə olan sübutlara görə əsaslı və qanuni olduğuna görə təmin olunmalı, Sabunçu rayonu, Ramana Bələdiyyəsinin 26 iyul 2007-ci il tarixli, 53 nömrəli qərarı ləğv edilməlidir. İş üzrə məhkəmə xərcləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza xərclərindən ibarətdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 23.02.2021-ci il tarixli, 10/3170 saylı məktubuna əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdə aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən, prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyinə, üçüncü şəxsə münasibətdə isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.4-cü maddəsində göstərilən hallarından hər hansı biri müəyyən edilmədiyinə görə iş üzrə prosessual xərclər cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri Sabunçu rayonu Ramana Bələdiyyəsinin 26 iyul 2007-ci il tarixli, 53 nömrəli qərarı ləğv edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul cavabdeh Bakı şəhəri Sabunçu rayonu Ramana Bələdiyyəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün (köçürüləcək hesab: büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı- X8; kodu: 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********, Hesab AZ34CTRE********************). Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3ƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar