Məhkəmə qərarları › İş №2-1(112)-7931/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7931/2023

16.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7931/2023 16.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında təkrar şəhadətnamənin verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, doğum haqqında təkrar şəhadətnamənin verilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən Suraxanı rayon qeydiyyat şöbəsinə doğum haqqında təkrar şəhadətnamənin verilməsinə dair ərizə ilə müraciət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla iddiaçıya şəxsiyyət vəsiqəsi olmadığından ərizənin icrasının mümkün olmadığı, doğum haqqında təkrar şəhadətnamənin şəxsiyyət vəsiqəsi olmadan verilməsi vəzifəsinin Suraxanı rayon qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə məhkəmə qərarı çıxarıldıqdan sonra iddiaçının doğum haqqında təkrar şəhadətnamə ilə təmin ediləcəyi bildirilmişdir.

3. Cavabdeh 1061-05/75 nömrəli, xx.xx.2022-ci il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Sizin doğumunuz Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən 1237 saylı xx.xx.1988-ci il tarixli aktla qeydə alınmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası ”nın 1.7-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə aparılır. Həmin qaydaların 1.14-cü maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər.... Həmçinin bildiririk ki, “doğum haqqında təkrar şəhadətnamənin şəxsiyyət vəsiqəsi olmadan verilməsi vəzifəsi”nin Suraxanı rayon qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra doğum haqqında təkrar şəhadətnamə ilə təmin ediləcəksiniz.”

4. Şifahi məhkəmə dinləmələri (məhkəmə baxış iclası) zamanı iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdeh Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubunda iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmədən məhkəmə iclasında cavabdeh qurumun iştirakı olmadan keçirilərək qərar qəbul edilməsi xahiş edilmişdir.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. İddianın növü

7. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Ədliyyə Nazirliyinin rayon qeydiyyat idarələri inzibati orqanların təsnifatına aid edilmişdir.

8. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

9. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.

Məhkəmənin mövqeyi

10. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

11. Bakı nikah evi (Səadət sarayı) tərəfindən xx.xx.2022-ci ildə verilmiş AZ-T seriyalı 034567 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Sülhiyyə Sabir qızı ilə xx.xx.1982-ci ildə nikaha daxil olmuş, nikahdan sonra ərə Gülhüseynov, arvada Gülhüseynova soyadı verilmişdir.

12. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş İddiaçı məxsus xx.xx.1988-ci il tarixli, 1237 saylı doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuşdur, atası X3, milliyyəti azərbaycanlı, anası isə X4, milliyəti azərbaycanlı qeyd edilmişdir. Bu akt əsasında ona Xİİİ-JQ seriyalı, 328413 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Eyni zamanda həmin məktubda qeyd olunur ki, «Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi» nəzərdən keçirilərkən İddiaçı ölümü haqqında hər hansı məlumat aşkar olunmamışdır.

13. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəlləsinin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın: 1.7-ci bəndinə əsasən qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı nəticəsində hüquqi əhəmiyyətini itirən sənədlər istisna edilməklə, bu Qaydada nəzərdə tutulan sənədlər barədə məlumatların elektron informasiya ehtiyatlarından əldə edilməsi mümkün olduqda, həmin sənədlərin təqdim edilməsi tələb olunmur. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur; 1.12-ci bəndinə əsasən qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir; 1.14-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər; 2.24-cü bəndinə əsasən doğum haqqında akt qeydləri əsasında doğum haqqında şəhadətnamə verilir. Şəhadətnamənin verilmə tarixi, seriyası və nömrəsi doğum haqqında akt qeydində göstərilir; 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya Qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir; 9.2-ci bəndinə əsasən təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu Qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təqdim edirlər; 9.7-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, sosial xidmət müəssisələrinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələrinə verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər; 9.8-ci bəndinə əsasən qeydiyyat şöbəsinə və konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir; 9.9-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamələr vətəndaşlıq vəziyyəti akt qeydlərinə və ya kağızı kitablarına uyğun yazılır.

15. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı doğum haqqında şəhadətnaməsini itirmişdir. O, təkrar şəhadətnamə almaq üçün cavabdehə müraciət etsə də, şəxsiyyət vəsiqəsinin olmaması səbəbindən doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Lakin inzibati orqanın istinad etdiyi əsasla təkrar şəhadətnamənin verilməsindən imtina edilməsi halı qanunvericilikdə nəzərdə tutulmamışdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır.

16. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş İddiaçı məxsus xx.xx.1988-ci il tarixli, 1237 saylı doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuşdur, atası X3, milliyyəti azərbaycanlı, anası isə X4, milliyəti azərbaycanlı qeyd edilmişdir. Bu akt əsasında ona Xİİİ-JQ seriyalı, 328413 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Eyni zamanda həmin məktubda qeyd olunur ki, «Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi» nəzərdən keçirilərkən İddiaçı ölümü haqqında hər hansı məlumat aşkar olunmamışdır.

17. Məhkəmə qeyd edir ki, iddiaçının doğum haqqında akt qeydi mövcuddur, o, doğum haqqında təkrar şəhadətnamə almaq hüququna malikdir. Onun şəxsiyyət vəsiqəsinin olmaması onu doğum haqqında təkrar şəhadətnamə almaq hüququndan məhrum edə bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

21. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı: İddia təmin olunsun. İddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar