Məhkəmə qərarları › İş №2-1(112)-7932/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7932/2021

29.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7932/2021 29.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi və vəkili-Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi-X1 iştirakları ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “faizlərin silinməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə "xxxx" MMC) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X2 (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) (bundan sonra mətndə Bakı şəhəri LGBİ) qarşı “faizlərin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC tərəfindən könüllü şəkildə bəyan olunmuş 2017-ci ilin mənfəət vergisinə görə hesablanmış 936.909,0 manat məbləğində faizlərin silinməsi öhdəliyinin cavabdeh Bakı şəhəri LGBİ-yə həvalə edilməsi barədə qərar çıxarılmasını etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC (VÖEN **********) (sonrakı mətndə - Cəmiyyət) qanunvericiliyə uyğun olaraq fəaliyyət göstərən və bütün icbari ödənişlərini vaxtında yerinə yetirən bir qurumdur. Buna baxmayaraq, cavabdeh tərəfindən Cəmiyyətə əsassız olaraq faiz məbləği hesablanmışdır. Belə ki, Cəmiyyət səyyar vergi yoxlaması ilə tam əhatə olunan 2017-ci ilin mənfəət vergisinə könüllü açıqlama şəklində əlavə vergiləri bəyan etməsinə baxmayaraq, cavabdeh tərəfindən həmin məbləğə əsassız faiz məbləği hesablanmışdır. İddia ərizəsinə əlavə olunan 12.12.2017-ci il tarixli səyyar vergi yoxlaması aktından və həmin akt üzrə qəbul olunan 14.12.2017-ci il tarixli qərardan göründüyü kimi, 2017-ci ilin yanvar-sentyabr ayları həmin yoxlama ilə əhatə olunmuşdur. Həmçinin əlavə olunan 29.03.2017-ci il tarixli qərardan və yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan göründüyü kimi, 2017-ci ilin oktyabr-dekabr aylarını da əhatə edən səyyar vergi yoxlaması keçirilmiş, lakin vergi orqanının öz iradəsi ilə 11.12.2018-ci il tarixdə həmin qərar ləğv edilmişdir. Bu da təbii ki, vergi orqanının yoxlama zamanı hər hansı pozuntunu müəyyən etməməsi ilə əlaqədardır. Vergi Məcəlləsinin 13.2.49-2-ci maddəsinə görə könüllü açıqlama – səyyar vergi yoxlaması başa çatdıqdan sonra yoxlama zamanı aşkar edilməyən və vergi öhdəliyinin, habelə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə öhdəliyin yaranmasına səbəb olan halların vergi ödəyiciləri tərəfindən vergi orqanlarına könüllü olaraq bəyan edilməsidir. Həmin Məcəllənin 72.5-2-ci maddəsinə görə, könüllü açıqlama edildiyi halda təqdim edilmiş hesabat üzrə vergi ödəyicisi tərəfindən yalnız hesablanmış vergi məbləği, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları ödənilir. Əlavə olunan sənədlərdən göründüyü kimi, iddiaçı tərəfindən keçmiş illərin zərəri nəzərə alındıqdan sonra 2017-ci il üzrə əlavə olaraq 12.756.168,11 manat mənfəət bəyan olunmuş, faizlər üzrə ödəmə mənbəyində tutulmuş 5.349,01 manat vergilər nəzərə alınmaqla 2.545.884,61 manat məbləğində vergilər (12756168,11 x 20% = 2551233,62 - 5349,01) könüllü şəkildə dövlət büdcəsinə ödənilmişdir. Lakin cavabdeh Vergi Məcəlləsinin 72.5-2-ci maddəsinin tələblərini pozmaqla həmin məbləğə faiz hesablamışdır. Bununla bağlı olaraq, 08.06.2021ci il tarixdə cavabdehə yazılı müraciət olunaraq, əsassız hesablanmış faizlərin silinməsi xahiş olunmuşdur. Cavabdeh tərəfindən təqdim edilən 23.06.2021-ci il tarixli yazılı cavabda qanunvericiliyin ümumi müddəaları sadalanmaqla faizlərin silinməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və sonuncudan iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Bakı şəhəri LGBİ tərəfindən məhkəməyə təqdim olunmuş 26.07.2021-ci il tarixli **********233500 №li iddiaya dair yazılı etirazda göstərilmişdir ki, iddiaçının iddia ərizəsində cavabdeh tərəfindən hesalanmış faiz borcunun silinməsi barədə mülahizələri tamamilə əsassızdır. Belə ki, iddiaçı öz iddia ərizəsini qeyd edilən faiz borcunun 2017-ci ilin mənfəət vergisi üzrə səyyar vergi yoxlaması ilə tam əhatə olunduğundan və könüllü açıqlama şəklində əlavə vergiləri bəyan etməsinə baxmayaraq faiz hesablanmasını qanunsuz olduğunu Vergi Məcəlləsinin 13.2.49-2-ci və 72.5-2-ci maddələri ilə əsaslandırmağa çalışmışdır. İddiaçı iddia ərizəsində 12.12.2017-ci il tarixli səyyar vergi yoxlama aktına və 11.12.2018-ci il tarixli “səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın ləğv edilməsi barədə” qərara istinad edərək 2017-ci ilin mənfəət vergisi üzrə səyyar vergi yoxlaması aparıldığını qeyd etmişdir. Lakin, cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 13.11.2017-ci il tarixli **********125447 saylı qərarına əsasən iddiaçının fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. 12.12.2017-ci il tarixli Səyyar vergi yoxlama aktından göründüyü kimi 2017-ci ilin mənfəət vergisi üzrə yoxlama aparılmamışdır. Həmçinin, cavabdehin 11.12.2018-ci il tarixli “səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın ləğv edilməsi barədə” qərardan göründüyü kimi həmin qərar 29.03.2018-ci il tarixli **********145480 saylı qərara və 10.12.2018-ci il tarixli **********245700 saylı xidməti məruzəyə əsasən ləğv edilmişdir. Həmin xidməti məruzədə isə X7 Metodikasının AVİS-də tətbiqi ilə ələqədar aparılan səyyar vergi yoxlamasının keçirilməsi üzrə AVİS-də prosedur hərəkətlərin həyata keçirilməsi zamanı təxniki problemlərin yarandığından səyyar vergi yoxlaması keçirilməsi mümkün olmadığı qeyd olunmuşdur. Bu iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi “vergi orqanı yoxlama zamanı hər hansı pozuntunu müəyyən etməməsi ilə ələqələndirmək doğru deyildir. Həmçinin cavabdeh tərəfindən Vergi Məcəlləsinin 49-cu maddəsində nəzərdə tutulmuş hər hansı bir qərar da qəbul edilməmişdir. Belə ki, Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: -vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; -vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında; -əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; -əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi; -yeni qərarın qəbul edilməsi. Əlavə olaraq, iddiaçı “vergi yoxlamasının keçirilməsi üçün zəruri sənədlərin təqdim edilməsi haqqında” 30.03.2018-ci il tarixli tələbnaməni həmin gün imza və möhürlə təsdiq edərək qəbul etmiş, lakin həmin gün vergi orqanına 2017-ci ilin mənfəət vergi bəyannaməsini təqdim edərək, ödəniləcək mənfəət vergisinin məbləğini 0.00 manat göstərmişdir. Diğər tərəfdən 29.03.2018-ci il tarixli qərarla iddiaçının 2017-ci ilin mənfəət vergisi üzrə yoxlama aparılması nəzərdə tutulmamışdır. İddiaçı daha sonra Vergi Məcəlləsinin 85.5-ci maddəsində qeyd olunan hüququndan istifadə edərək vergi orqanına 07.02.2020-ci il tarixdə 2017-ci ilin mənfəət vergisi bəyannaməsi ilə ödəniləcək mənfəət vergisinin məbləğini 2.545.884,81 manat olaraq göstərmişdir. Lakin, iddiaçı ərizəsində Vergi Məcəlləsinin 72.5-ci maddəsinə istinad edərək bu bəyannamənin sanki könüllü açıqlama kimi qəbul edilməsini istəmişdir. O isə ki, bu əsasla iddianın təmin edilməsi əsassızdır. Belə ki, 13.2.49-2-ci maddəsinə əsasən könüllü açıqlama – səyyar vergi yoxlaması başa çatdıqdan sonra yoxlama zamanı aşkar edilməyən və vergi öhdəliyinin, habelə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə öhdəliyin yaranmasına səbəb olan halların vergi ödəyiciləri tərəfindən vergi orqanlarına könüllü olaraq bəyan edilməsi kimi qeyd olunmuşdur. Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Vergi Məcəlləsinin 59.2-ci maddəsinə əsasən bu Məcəllənin 59.1-ci maddəsində müəyyən edilmiş faiz ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Bu faiz səyyar vergi yoxlaması nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə həmin vergi məbləğlərinin vergi ödəyicisinə hesablandığı gündən tətbiq edilir. Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəlləsinin 78-ci maddəsinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Cavabdeh inzibati orqan qeyd olunan hüquq normalarına və faktlara əsaslanaraq, məhkəmədən iddiaçı "xxxx" MMC tərəfindən irəli sürülmüş iddia tələbinin əsassız olduğu üçün rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili-Vəkil iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdeh Bakı şəhəri LGBİ-nin nümayəndəsi X3 iddia tələbinə dair yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İş materiallarında olan; Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Səyyar vergi yoxlaması keçirilməsi haqqında” **********125447 №li 13.11.2017-ci il tarixli qərarından görünür ki, "xxxx" MMC-də Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə oktyabr 2014-Sentyabr 2017-ci illər (vergi dövrü) üzrə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi qərara alınmışdır. **********131312 №li 12.12.2017-ci il tarixli “Səyyar vergi yoxlaması” aktından görünür ki, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin **********125447 №li 13.11.2017-ci il tarixli qərarına əsasən Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Maliyyə, sığorta və xidmət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vegi öhdəliyinin icrasına nəzarət şöbəsinin 2-ci bölməsinin dövlət vergi müfəttişi vergi xidməti müşaviri X5 tərəfindən "xxxx" MMC (VÖEN **********) üzrə aşağıdakı siyahısı verilən tədiyyə və dövrlərdə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması aparılmışdır: Yol vergisi 2014-cü il; Mənfəət vergisi-2014-cü il -2016-cı il; Əlavə dəyər vergisioktyabr- 2014-cü il – sentyabr 2017-ci il; Əmlak vergisi 2014-cü il-2016-cı il; Torpaq vergisi 2015-ci il-2017-ci il; Musdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi-2014-cü il- 2016-cı il; Ödəmə mənbəyində tutulan vergi 4-cü rüb 2014-3-cü rüb 2017. Yoxlama 14.11.2017-ci il tarixdə başlanmış və 12.12.2017-ci il tarixdə başa çatmışdır. Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması barədə” **********133087 №li 14.12.2017-ci il tarixli qərarı ilə **********131312 №li 12.12.2017-ci il tarixli “Səyyar vergi yoxlaması” aktı ilə keçirilmiş səyyar vergi yoxlaması aktına baxılaraq, "xxxx" MMC-nin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmasından imtina edilməsi qərara alınmışdır. "xxxx" MMC-nin Bakı şəhəri Lokal Gəlirlər Departamentinə ünvanlanan 12.03.2018ci il tarixli məktubundan görünür ki, "xxxx" MMC-nin təsisçilərinin qərarı əsasında "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə uyğun olaraq "xxxx" MMC-yə qoşulduğu və "xxxx" MMC-nin yenidən təşkil edildiyi, qoşulma prosesində qoşulan hüquqi şəxslərin xalis aktivlərinin dəqiqləşdirildiyi və onların hər birindən "xxxx" MMC-yə keçməli olan əmlakın, kapitalın və öhdəliklərin miqdarının müəyyənləşdirildiyi, bununla bağlı təhvil aktı tərtib olunduğu qeyd olunmuş, sonda isə qoşulma yolu ilə konsolidə olunmuş balans göstəricilərinin və mənfəət vergisi bəyannaməsinin düzgünlüyünə münasibət bildirmək məqsədilə vergi audit yoxlamasının keçirilməsi xahiş olunmuşdur. Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Səyyar vergi yoxlaması keçirilməsi haqqında” **********145480 №li 29.03.2018-ci il tarixli qərarından görünür ki, "xxxx" MMC-də Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə oktyabr 2017-yanvar 2018-ci illər (vergi dövrü) üzrə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi qərara alınmışdır. “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” **********145618 №li 30 mart 2018-ci il tarixli tələbnaməsindən görünür ki, "xxxx" MMC-yə səyyar (kameral) vergi yoxlamasının aparılması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü. 36-cı. 37-ci və 42-ci maddələri əsas tutularaq, tələbnamədə göstərilən yoxlamanın keçirilməsi üçün zəruri olana sənədlərin təqdim olunması təklif olunmuşdur. Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Maliyyə, sığorta və xidmət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktoru tərəfindən Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktorunun müavininə ünvanlanmış “Səyyar vergi yoxlaması qərarının ləğv olunması barədə” **********245700 №li 10.12.2018-ci il tarixli “Xidməti məruzə”də “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 29.03.2018-ci il tarixli **********145480 nömrəli qərarın ləğv edilməsi məsələsinə baxılması xahiş olunmuşdur. Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında Qərarın ləğv edilməsi barədə” **********171168 №li 11.12.2018-ci il tarixli qərarı ilə "xxxx" MMC üzrə səyyar vergi yoxlamasının keçirilməsi haqqında qəbul edilmiş 29.03.2018-ci il tarixli **********145480 №li qərarın ləğv edilməsi qərara alınmışdır. "xxxx" MMC tərəfindən 30.03.2018-ci il tarixdə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə təqdim olunmuş 2017-ci ilin mənfəət vergi bəyannaməsindəki məlumatlara əsasən cəmiyyətin əvvəlki illərin zərərinə görə mənfəət vergisi öhdəliyi yaranmamış, daha sonra Vergi Məcəlləsinin 85.5-ci maddəsinin tələblərinə uyğun olaraq 07.02.2020-ci il tarixdə təqdim olunan 2017-ci ilin mənfəət vergisi bəyannaməsi ilə ödəniləcək mənfəət vergisinin məbləği 2.545.884,81 manat olaraq göstərilmişdir. Beləliklə işin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh vergi orqanının “Səyyar vergi yoxlaması keçirilməsi haqqında” 13.11.2017-ci il tarixli qərarı ilə iddiaçı cəmiyyətdə oktyabr 2014-Sentyabr 2017-ci illər (vergi dövrü) üzrə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi qərara alınmış, qeyd olunan qərara əsasən **********131312 №li 12.12.2017-ci il tarixli “Səyyar vergi yoxlaması” aktı ilə cəmiyyətdə növbəti səyyar vergi yoxlaması aparılmış, vergi orqanının 14.12.2017-ci il tarixli qərarı ilə həmin akta baxılaraq, cəmiyyətin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmasından imtina edilməsi qərara alınmışdır. Bundan sonra, iddiaçı tərəfindən yenidən səyyar vergi yoxlamasının keçirilməsi ilə bağlı 12.03.2018-ci il tarixli məktubla cavabdehə müraciət olunmuş, vergi orqanının 29.03.2018-ci il tarixli qərarı ilə Cəmiyyətdə oktyabr 2017-yanvar 2018-ci illər (vergi dövrü) üzrə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi qərara alınmış, daha sonra isə 11.12.2018-ci il tarixdə yuxarı vergi orqanı tərəfindən 29.03.2018-ci il tarixli qərar ləğv edilmişdir. 07.02.2020-ci il tarixli bəyannamə ilə "xxxx" MMC tərəfindən 2017-ci il üzrə əlavə olaraq 12.756.168,11 manat mənfəət bəyan olunmuş, faizlər üzrə ödəmə mənbəyində tutulmuş 5.349,01 manat vergilər nəzərə alınmaqla 2.545.884,61 manat məbləğində vergilər (12756168,11 x 20% = 2551233,62 - 5349,01) könüllü şəkildə dövlət büdcəsinə ödənilmişdir. İddiaçı MMC tərəfindən 08.06.2021-ci il tarixli məktubla Bakı şəhəri LGBİ-yə müraciət olunaraq, səyyar vergi yoxlaması ilə əhatə olunmuş dövr üzrə, yəni 2017-ci ilin mənfəət vergisi üzrə könüllü şəkildə bəyan olunan vergi məbləğinə görə hesablanmış 936.909,00 manat faizlərin silinməsi xahiş olunmuşdur. Bakı şəhəri LGBİ tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 08.06.2021-ci il tarixli müraciətə baxılması barədə cavab məktubunda göstərilmişdir ki, Vergi Məcəlləsinin 59.1ci maddəsinə əsasən vergi və ya cari vergi ödəməsi bu Məcəllə (Vergi Məcəlləsi) ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Vergi Məcəlləsinin 59.2-ci maddəsində müəyyən edilmiş faiz ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Bu faiz səyyar vergi yoxlaması nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə həmin vergi məbləğlərinin vergi ödəyicisinə hesablandığı gündən tətbiq edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.49-2-ci maddəsinə görə könüllü açıqlama – səyyar vergi yoxlaması başa çatdıqdan sonra yoxlama zamanı aşkar edilməyən və vergi öhdəliyinin, habelə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə öhdəliyin yaranmasına səbəb olan halların vergi ödəyiciləri tərəfindən vergi orqanlarına könüllü olaraq bəyan edilməsidir. Həmin Məcəllənin 72.5-2-ci maddəsinə əsasən könüllü açıqlama edildiyi halda təqdim edilmiş hesabat üzrə vergi ödəyicisi tərəfindən yalnız hesablanmış vergi məbləği, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları ödənilir. Lakin Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən işin qeyd olunan halları və qanunvericiliyin yuxarıda göstərilən tələbləri nəzərə alınmadan İddiaçı MMC tərəfindən könüllü şəkildə bəyan olunmuş 2017-ci ilin mənfəət vergisinə görə "xxxx" MMC-yə 936.909,0 manat faiz məbləği hesablanmışdır. Cavabdehin 2017-ci ilin yoxlama ilə əhatə olunmamasına dair etirazda qeyd etdiyi dəlillərə münasibətdə məhkəmə bildirir ki, “Səyyar vergi yoxlaması keçirilməsi haqqında” 13.11.2017-ci il tarixli **********125447 №li qərar əsasında keçirilən ilkin səyyar vergi yoxlaması ilə 2017-ci ilin yanvar-sentyabr ayları əhatə olunmuşdur. Bu fakt 12.12.2017-ci il tarixli **********131312 №li “Səyyar vergi yoxlaması” aktı ilə də təsdiq olunur. Lakin ilkin səyyar vergi yoxlaması başlanılan zaman 2017-ci il başa çatmadığından ilin bütün aylarının yoxlama ilə əhatə olunması imkanı mövcud olmamışdır. İddiaçının müraciətindən sonra cavabdeh tərəfindən 29.03.2018-ci il tarixli **********145480 №li qərar əsasında həyata keçirilən səyyar vergi yoxlaması zamanı isə, 2017-ci il tam başa çatdığı üçün müəssisənin mənfəət vergisi məqsədləri üçün yoxlanılması imkanı mövcud olmuş, lakin yuxarı vergi orqanının iradəsi ilə yoxlama başa çatdırılmadan qərar ləğv olunmuşdur. Başqa sözlə desək, Vergi Məcəlləsinin 39-cu maddəsinə uyğun olaraq səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtib edilib-edilməməsindən asılı olmayaraq, əvvəlki yoxlama ilə əhatə olunmayan 2017-ci ilin oktyabr, noyabr və dekabr ayları, həmçinin 2017ci ilin mənfəət vergisi də ikinci səyyar vergi yoxlaması ilə əhatə olunmuşdur. Belə ki, Vergi Məcəlləsinin 107-ci və 129-cu maddələrinə uyğun olaraq mənfəət vergisi üzrə vergi ili təqvim ili sayılır. Həmin Məcəllənin 149.2-ci maddəsinə görə, Bu Məcəllənin 149.1-ci maddəsində göstərilən şəxslər (149.1.1- rezident müəssisələr) hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verirlər. Göründüyü kimi, mənfəət vergisi üzrə hesabat dövrü təqvim ili olduğu üçün, il başa çatdıqdan sonra Vergi Məcəlləsinin 36.3-cü və 85.4-cü maddələri ilə nəzərdə tutulan müddətdə səyyar vergi yoxlaması təyin edildiyi halda, qərar üzrə yoxlanılan vergi dövründə ilin son neçə ayının əhatə edilməsindən asılı olmayaraq yoxlama zamanı həmin ilin yanvar-dekabr ayları mənfəət vergisi məqsədləri üçün yoxlanılır. Cavabdeh həmçinin etirazda 10.12.2018-ci il tarixli **********245700 saylı xidməti məruzəyə əsaslanaraq X7 Metodikasının AVİS-də tətbiqi ilə ələqədar aparılan səyyar vergi yoxlamasının keçirilməsi üzrə AVİS-də prosedur hərəkətlərin həyata keçirilməsi zamanı texniki problemlər yarandığına görə səyyar vergi yoxlaması keçirilməsinin mümkün olmadığını, Vergi Məcəlləsinin 49-cu maddəsində nəzərdə tutulmuş hər hansı bir qərarın qəbul edilmədiyini qeyd etmişdir. Qeyd olunanlarla bağlı məhkəmə bildirir ki, səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq yoxlama aktının tərtib edilməməsi və məsuliyyətə cəlbetmə qərarının qəbul olunmaması qərarda əks olunan dövrün yoxlama ilə əhatə olunmaması anlamına gəlmir. Belə ki, Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Həmçinin, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 7 sentyabr 2016-cı il tarixli, **********011400 №li Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydalarının 31 nömrəli Əlavəsi ilə yoxlamanın keçirilməsi barədə Qərarın ləğv edilməsi imkanı nəzərdə tutulmuşdur. Göründüyü kimi, vergi orqanının bu hüququndan istifadə edərək yoxlamanın keçirilməsi barədə qərarı öz iradəsi ilə ləğv etməsini həmin dövrün səyyar vergi yoxlaması ilə əhatə olunmaması kimi qiymətləndirmək yolverilməzdir. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı MMC tərəfindən könüllü şəkildə bəyan olunmuş 2017-ci ilin mənfəət vergisinə görə hesablanmış 936.909,0 (doqquz yüz otuz altı min doqquz yüz doqquz) manat məbləğində faizlərin silinməsi öhdəliyi cavabdeh Bakı şəhəri LGBİ-nin üzərinə qoyulmalıdır. İPM-nin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibatiməhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı tərəfindən könüllü şəkildə bəyan olunmuş 2017-ci ilin mənfəət vergisinə görə hesablanmış 936.909,0 (doqquz yüz otuz altı min doqquz yüz doqquz) manat məbləğində faizlərin silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar