Məhkəmə qərarları › İş №2-1(112)-7933/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7933/2022

17.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7933/2022 17.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I.İşin halları İddiaçı (bundan sonra – İddiaçı) yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 1 saylı Bakı "DOST” Mərkəzinə müraciət etmiş, həmin müraciətin aidiyyəti üzrə göndərildiyi Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı (bundan sonra–Cavabdeh) iddiaçının tələbini təmin etməkdən imtina etmiş və iddiaçıya ünvanlanmış ********** nömrəli, xx.xx.2022-ci il tarixli məktubla bildirmişdir ki, iddiaçının xx.xx.1978-ci il tarixli, ИТ- İ № ******* saylı əmək kitabçasının, hərbi biletinin surətlərinə əsasən sığorta stajı (xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr) 22 il 3 ay təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 22 il sığorta stajına uyğun olaraq 17.888,83 manat, xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək 194,58 manat olmaqla, ümumilikdə 18.083,41 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 34.560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının xx.xx.1978-ci il tarixində adına tərtib olunmuş ИТ-İ № ******* saylı əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.2000-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın keçirdiyi monitorinqin nəticəsinə əsasən əmək kitabçasının surətində qeyd olunmuş “Bakı- əhəng" ATSC-nin faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum deyil. İddiaçının təqdim etdiyi arayışda qeyd olunmuş 1980-ci il tarixindən 1982-ci il tarixinədək “Bakqazmaşzavodlar" İstehsalat birliyindəki əmək fəaliyyəti dövrü əmək kitabçasında qeyd edilmədiyi üçün sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçıya xx.xx.2022-ci il tarixdən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2000-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək “Bakı- əhəng" ATSC-də işlədiyi dövrlərin sığorta stajına əlavə edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. II. Tərəflərin əsaslandırması İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Lakin əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.2000-ci il tarixindən xx.xx.2003-cü il tarixədək "xxxx" X6 Cəmiyyətində əhəng sexində rəis vəzifəsində işlədiyi illər cavabdeh tərəfindən nəzərə alınmamış və ona imtina verilmişdir. Onun xx.xx.2000-ci il tarixindən xx.xx.2003-cü il tarixədək "xxxx" X6 Cəmiyyətində əhəng sexində rəis vəzifəsində işləməsi şahidlər tərəfindən təsdiq oluna bilər, həmçinin arxiv sənədlərinin saxlandığı ünvanın məlum olmaması onun təqsiri deyil, faktiki olaraq həmin dövrlərdə işləmişdir, bu fakt əmək kitabçasında da möhürlə təsdiq olunmuşdur. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında imtina məktubunda göstərilənlərə istinad etmiş və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazı müdafiə etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. III.Məhkəmənin mövqeyi Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Çünki qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış iddiaçının ona pensiya təyin edilməsi ilə bağlı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur. Onun inzibati orqanla arasında yaranmış bu mübahisə inzibati hüquq münasibətlərindən yaranan mübahisədir. İddiaçının yaşayış yeri və cavabdehin olduğu yer Bakı şəhəri olduğundan iddia ərizəsi düzgün olaraq Bakı İnzibati Məhkəməsinə verilmişdir. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl hazırkı tələblə inzibati orqana müraciət etmiş, ona imtina cavabı verildikdən sonra qanunla nəzərdə tutulmuş müddətdə hazırkı iddianı qaldırmışdir. İddianın əsaslılığına gəldikdə, məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia əsaslıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.2-ci bəndinə əsasən 1 iyul 2021 - 30 iyun 2022-ci il üzrə kişilərə pensiya təyin edilməsi üçün yaş həddi 65 yaşdır. Qeyd olunan normalardan görünür ki, 1 iyul 2021 - 30 iyun 2022-ci il üzrə kişilərə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1) 65 yaşın tamam olması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (sığorta stajından asılı olmayaraq), bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması. İşdə olan iddiaçıya məxsus AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci ildə doğulmuşdur, onun 65 yaşı xx.xx.2022-ci il tarixdə tamam olmuşdur. Deməli, iddiaçı tələb olunan ilkin şərti – yaş tələbini ödəyir. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ilə bağlı məhkəmə qeyd edir ki, ƏPQ-nin 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. İşdən görünür ki, iddiaçının xx.xx.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 22 il 29 gün sığorta stajına uyğun olaraq 18.674,69 manat, xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək (3 ay) 194,58 manat olmaqla, ümumilikdə 18.869,27 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 34.560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir (iddiaçının əmək kitabçasındakı bütün qeydlər nəzərə alınsa belə, həmin məbləğ əldə olunmur, həmçinin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır). Belə olan halda müəyyən olunur ki, iddiaçıya 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun həmin tarixə azı 25 il sığorta stajı olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, işdə olan iddiaçıya məxsus HЗ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, o, xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmət keçmişdir. İddiaçıya məxsus ИТ-İ №0209363 nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1978-xx.xx.1978-ci illərdə “ŞMBS” trestində fəhlə işləmiş, xx.xx.1978-ci il tarixdə Sumqayıt Kimya Sənaye X4 Məhsullar zavodunda 3-cü dərəcə qazanxana operatoru vəzifəsinə qəbul olunmuş, xx.xx.1980-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.1982-ci il tarixdə Qaradağ Sement zavodunda yükləyici vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2000-ci il tarixədək sement avadanlığı təmiri üzrə çilingər, növbətçi, usta vəzifələrində işləmiş, xx.xx.2000-ci il tarixdə ərizəsinə əsasən işdən azad edilmişdir. İddiaçı xx.xx.2000-ci il tarixdə "xxxx" ATSC-də əhəng sexinə rəis vəzifəsinə təyin edilmiş, xx.xx.2003-cü il tarixdə Əmək Məcəlləsinin 75-ci maddəsinin ”2a” bəndinə əsasən (tərəflərin qarşılıqlı razılığı) işdən azad edilmişdir. xx.xx.2019-cu il tarixdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “2 nömrəli X2” MMC-yə fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.2020-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 14 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, iddiaçı xx.xx.1980-ci ildən (əmr №121/k xx.xx.1980-ci il) xx.xx.1982-ci ilə qədər (əmr №76/k xx.xx.1982-ci il 3 nömrəli Karadaq cpeskomendaturaya köçürülməsi ilə əlaqədar) “Bakqazapparat” zavodunda yığım sexində çlingər vəzifəsində işləmişdir. "xxxx" ASC həmin məktuba İddiaçı 1980-1982-ci illərdə aldığı əmək haqqı cədvəllərini, şəxsi kartoçkasını əlavə etmişdir. İstinad olunan sənədlərdən müəyyən olunur ki, iddiaçının 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixə 25 ildən çox, 26 il 10 ay 15 gün iş stajı olmuşdur. İşdən görünür ki, cavabdeh yuxarıda qeyd olunan dövrlərdən xx.xx.2000-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək olan dövrü əmək kitabçasının surətində qeyd olunmuş “Bakı- əhəng" ATSC-nin faktiki və arxiv sənədlərinin saxlandığı ünvanın məlum olmaması əsası ilə, xx.xx.1980-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək “Bakqazmaşzavodlar" İstehsalat birliyindəki əmək fəaliyyəti dövrünü isə əmək kitabçasında qeyd edilmədiyi üçün qəbul etməmişdir. Belə ki, cavabdehin əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********3 nömrəli qərardan görünür ki, yoxlama zamanı İddiaçı xx.xx.2000-ci ildən xx.xx.2003-cü ilədək olan dövrlər təsdiqini tapmadığından iş stajında nəzərə alınmamışdır. Təqdim edilən arayışda qeyd olunan 1980-1982-ci illəri əhatə edən iş stajı əmək kitabçasında qeyd olunmadığından iş stajına əlavə edilməmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 7-ci maddəsində göstərilən tələblər (sosial sığorta stajı (22 il +PSK- 3 ay = 22 il, 3 ay və fərdi hesabın sığorta hissəsində qeydə alınmış minimum pensiya kapitalı (2019-cu il üçün 194.59 manat) ödənmədiyi üçün ona pensiya təyin edilməmişdir. Göründüyü kimi, cavabdeh bir halda iddiaçının işlədiyi dövr əmək kitabçasında qeyd olunsa da, həmin dövrü arxiv sənədlərinə əsasən yoxlaya bilmədiyi üçün, digər halda isə müvafiq dövr üzrə arxiv sənədləri olsa da, əmək kitabçasında qeyd edilmədiyi üçün iddiaçının ümumi iş stajına aid etmir. Məhkəmə cavabdehin hər iki mövqeyini qəbul etmir və qeyd edir ki, ƏPQ-nin 23.2.-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçının işlədiyi dövrdə qüvvədə olan SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 117-ci maddəsinin q) bəndinə görə arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır. Həmçinin “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsində qeyd edilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Həmin Əsasnamənin 25-ci bəndinə əsasən əmək fəaliyyətinin təsdiqi üçün təqdim olunan sənədlər vəzifəli şəxslər tərəfindən imza edilməli və möhürlə təsdiq olunmalıdır. İddiaçının cavabdehə müraciət etdiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə, Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir. Məhkəmə qeyd edir ki, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti, iddiaçının da öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanması nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özü-özlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir. İddiaçının 2000-2003-cü illərdə işləməsi barədə qeydlər əmək kitabçasında öz təsdiqini tapsa da, cavabdeh bu qeydlərin həqiqətə uyğun olmadığını sübut edən heç bir hal olmadığı halda onları qəbul etməmiş, yalnız həmin müəssisənin arxiv sənədlərinin saxlandığı ünvanın məlum olmamasına istinad etmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqram”ına uyğun olaraq, keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli 551 nömrəli sərəncamı ilə ləğv edilmiş “Azərtikintimaterialsənaye" X3 Əhəng zavodunun bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Göründüyü kimi, iddiaçının işlədiyi müəssisə mövcud olmuşdur. Müəssisənin arxiv sənədlərinin mövcud olmaması isə iddiaçının ziyanına şərh oluna bilməz. Çünki arxiv sənədlərinin saxlanılması iddiaçının deyil, işlədiyi müəssisənin rəhbərliyinin səlahiyyətində olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 32 nömrəli qərarı ilə təsdiq edilmiş Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə Qaydaları haqqında Əsasnamənin 2.10-cu bəndinə əsasən 2.10. İdarə, təşkilat və müəssisələrin fəaliyyəti nəticəsində yaranan və Milli arxiv fonduna daxil olan arxiv sənədləri “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərilən müddətlər başa çatdıqdan sonra daimi mühafizə üçün müvafiq dövlət arxivlərinə təhvil verilir. Həmin Qərarla təsdiq edilmiş Qeyri-dövlət arxiv fondlarının mühafizəsi üzrə Qaydalarının 4 və 5-ci hissələrinə əsasən qeyri-dövlət idarə, təşkilat və müəssisələrinin fəaliyyəti nəticəsində yaranan və daimi mühafizə edilməli olan arxiv sənədlərinin mühafizəsi işi bilavasitə onların özləri tərəfindən həyata keçirilir. Qeyri-dövlət idarə, təşkilat və müəssisələri öz arxiv sənədlərini saxlamaq üçün əlverişli bina və otaqlar ayırmalı, sənədlərin mühafizəsi üçün tam məsuliyyət daşımalı, məsul şəxslər təyin etməlidir. Göründüyü kimi qanunvericiliyə əsasən istər dövlət, istərsə də, qeyri dövlət təşkilatlarının arxivlərinin mühafizəsi müvafiq müəssisələr tərəfindən həyata keçirilməlidir (təhvil verilənədək). İddiaçının 1980-1982-ci illərdə işlədiyi dövrə gəldikdə, həmin dövr əmək kitabçasında qeyd olunmasa da, əmək haqqı cədvəlləri və şəxsi kartoçka məhkəməyə təqdim edildiyindən məhkəmə hesab edir ki, həmin dövr də iddiaçının əmək stajına daxil edilməlidir. Çünki “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra –İİQ) 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci yarımbəndinin birinci abzasına əsasən 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, qanunvericiliyin müddəalarına uyğun olaraq mübahisə olunan dövrlər iddiaçının əmək kitabçasında qeyd edildiyindən, əmək kitabçasında qeyd edilməyən dövrlər isə iddiaçının işlədiyi müəssisənin hüquqi varisi tərəfindən təqdim edilmiş sənədlərlə öz təsdiqini tapdığından, iddiaçının işləməsi barədə qeydlərin cavabdehdə şübhə doğurması barədə cavabdeh hər hansı mötəbər sübut təqdim etmədiyindən həmin inzibati orqanın bu imtinası əsaslı sayıla bilməz. Bu imtina qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə qeyd edir ki, məsələyə bu cür yanaşma analoji işlər üzrə yuxarı instansiya məhkəmələri tərəfindən formalaşdırılmış məhkəmə təcrübəsinə də uyğundur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. ƏPQ-nin: - 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. - 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. - 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Beləliklə, sadalananlara əsasən iddiaçının xx.xx.2022-ci il tarixdə 65 yaşı tamam olduğundan və onun həmin tarixə 25 ildən artıq sığorta stajına malik olması tam sübuta yetirildiyindən, məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2022-ci il tarixə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir (iddiaçı tələb kimi imtinanın etibarsızlığını qeyd etsə də, iddia ərizəsindən görünür ki, o həmin imtinanın qanuna uyğun olmadığını nəzərdə tutmuşdur). Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia təmin edilsin. İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar