Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7935/2024 29.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ”xx.xx.2006-cı ildən xx.xx.2015-ci ilədək olan müddət üçün pensiya fərqinin indeksassiya edilərək tam şəkildə birdəfəlik və ya üç il müddətinə ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.2006-cı ildən xx.xx.2015-ci ilədək olan müddət üçün pensiya fərqinin tam şəkildə birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddia tələbinə dair dəqiqləşmə ərizəsi verərək “xx.xx.2006-cı ildən xx.xx.2015-ci ilədək olan müddət üçün pensiya fərqinin indeksassiya edilərək tam şəkildə birdəfəlik və ya üç il müddətinə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” formasında icraata qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə iş materiallarında olan: Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1706/2022 nömrəli, 23 dekabr 2022- ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçı X2 xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək ümumi əsaslarla 2-ci qrup əlilliyə görə aldığı əmək pensiyası ilə xx.xx.2018-ci il tarixdən 2-ci dərəcə əlilliyə görə aldığı pensiya arasındakı fərqin xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək olan müddət üzrə hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-169/2023 nömrəli, 16 iyun 2023-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi – S.F.Həsənov, hakimlər – S.İ.Mayılov və O.N.İsmayılov) cavabdehin apellyasiya şikayəti təmin olunmamış, Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1706/2022 nömrəli, 23 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2388/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-169/2023 nömrəli, 16 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmçinin qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. İşin faktiki hallarından da göründüyü kimi iddiaçının hazırki tələbi xx.xx.2006-cı ildən xx.xx.2015-ci ilədək olan müddət üçün pensiya fərqinin indeksassiya edilərək tam şəkildə birdəfəlik və ya üç il müddətinə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. Nəzərə alınmalıdır ki, iddiaçının bu tələbi Şirvan İnzibati Məhkəməsinin 2-1(120)- 1706/2022 nömrəli, 23 dekabr 2022-ci il tarixli qərarından irəli gələn və məhz həmin qərarın icrası nəticəsində meydana gələn tələbdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun: 29.1. Əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir 29.1-1. Sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.3. Əmək pensiyasının indeksləşdirilməsi bu Qanunun 6-cı maddəsi ilə müəyyən edilmiş əmək pensiyasının ödənişinin maliyyə mənbələrinə uyğun olaraq müvafiq qaydada nəzərdə tutulmuş vəsaitlər dairəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Məhkəmə qeyd edir ki, əmək pensiyasının sığorta hissəsinin, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğin indeksləşdirilməsi əmək pensiyasının hesablanması və ödənilməsi prosesində həyata keçirilən mexanizmdir. Yəni, iddiaçıya ödənilməli olan fərq məbləği Şirvan İnzibati Məhkəməsinin 2- 1(120)-1706/2022 nömrəli, 23 dekabr 2022-ci il tarixli qərarının icrası nəticəsində həyata keçirildiyindən, həmin fərq məbləğinin indeksləşdirilməsi də məhz həmin qərarın icrası ilə bağlıdır. Başqa sözlə desək, həmin tələbə məhz həmin icraat çərçivəsində baxılmalıdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 29 noyabr 2011-ci il tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının məhkəməlində kargüzarlığın aparılmasına” dair Qaydalarının 147-ci bəndinə əsasən “məhkəmə və digər orqanların qərarlarının icrası qaydasında icraat” 8 indeks çərçivəsində baxılır. Məhkəmə hesab edir ki, iddiaçının hazırki tələbi Şirvan İnzibati Məhkəməsinin 2- 1(120)-1706/2022 nömrəli, 23 dekabr 2022-ci il tarixli qərarının icrası ilə bağlı olduğundan, həmin tələbə “məhkəmə və digər orqanların qərarlarının icrası qaydasında icraat” çərçivəsində məhz həmin məhkəmə tərəfindən baxılmalıdır. Beləliklə, məhkəmə tərəfindən iddiaçıya hazırkı tələblə aidiyyəti üzrə icra icraatı qaydasında indeksasiyanın edilməsinə dair ərizə ilə müraciət edilməklə baxılması üçün aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həsənov Orxan
Məhkəmə qərarları › İş №2-1(112)-7935/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7935/2024
29.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver