Məhkəmə qərarları › İş №2-1(112)-7935/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7935/2025

21.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7935/2025 21.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (zəruri cəlbetmə qaydasında X6) qarşı “vergi borcu və cərimələrin digər şəxsin adına keçirilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək üçüncü şəxsin sahibkarlıq fəaliyyətilə bağlı adından apardığı əməliyyatlar nəticəsində iddiaçının adına cavabdeh tərəfindən hesablanmış 12252,98 manat vergi borcu və cərimələrin 07 may 1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş, (AA ******* şəxsiyyət vəsiqəsi, fərdi identifıkasiya nömrəsi 2XC635U (mobil telefon №: ***-***-**-** olan) ünvan 1 ünvanında qeydiyyatda olan üçüncü şəxs X4 adına keçirilməsi və yaxud dəyişdirilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı heç vaxt ticarət ilə məşğul olmamış, sahibkar kimi alış-veriş etməmişdir. Ümumiyyətlə iddiaçının ticarət sahəsindən anlayışı yoxdur. İddiaçının adına vergi ödəyicisi kimi açılan ********** saylı VÖEN ilə bağlı bütün əməliyyatları üçüncü şəxs X6 iddiaçının aldadaraq onun adından verilmiş etibarnamə ilə həyata keçirmiş, bütün gəlirləri də məhz həmin şəxs əldə etmişdir. Sonradan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Vergilər Departamentindən iddiaçıya gələn xəbərdarlıq və bildirişlərə görə həmin şəxs dövlətin müəyyən etdiyi bütün vergilərdən yayınmış və VÖEN iddiaçının adına olduğundan bütün borc və cərimələr 12252,98 manat borc iddiaçının adına hesablanmışdır (bundan əvvəl R.N.Abbasovun sahibkarlıq fəaliyyəti ilə bağlı iddiaçının adından apardığı əməliyyatlar nəticəsində ilk dəfə gələn 5205 (beş min iki yüz beş) manat vergi borcunun faizlər artmasın deyə valideynlərin köməkliyi ilə ödəyib məhkəməyə müraciət edərək R.N.Abbasovun həmin məbləği iddiaçıya geri ödəməsi barədə qətnamə çıxarılmışdır). Hətta Azərbaycan Respublikası İqtisadiyyat nazirinə, Azərbaycan Respublikası Baş Prokuroruna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsinə X4 iddiaçını dələduzluq yolu ilə aldadaraq, vergilərdən yayınaraq adına borc yazdırması və gəlirlər əldə edərək əməliyyatlar nəticəsində vergidən yayınması ilə bağlı dəfələrlə müraciətləri, şikayət ərizələri olmasına baxmayaraq bu günə qədər iddiaçının şikayət ərizələrinə cavabdeh tərəfindən heç bir cavab verilməyibdir. Nəticədə, X6 iddiaçını aldadaraq onun adından sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar etməsi barədə əvvəlcə R.N.Abbasovun qeydiyyatı üzrə Sumqayıt Şəhər Məhkəməsinə, sonradan isə R.N.Abbasov qəsdən yayınmaq üçün qeydiyyat ünvanını dəyişdirdiyindən aidiyyatı üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Bu barədə artıq Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli qanuni qüvvəsini almış qətnaməsi də mövcuddur. Belə ki, 07 may 1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş, (AA ******* şəxsiyyət vəsiqəsi, fərdi identifikasiya nömrəsi 2XC635U (mobil telefon №: ***-***-**-**) olan ünvan 4 ünvanında qeydiyyatda olan X1 fəaliyyətilə bağlı iddiaçının adından əməliyyatlar aparması təsdiqini tapmış, həmin apardığı əməliyyatlar nəticəsində onun apardığı əməliyyata görə iddiaçıya hesablanmış və valideyinlərinin köməkliyi ilə ödədiyi 5205 (beş min iki yüz beş) manat pulun, həmçinin 4000 (dörd min) manat vurulmuş mənəvi zərərin cavabdeh X3 tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmış və artıq icra olunması üçün aidiyyatı üzrə göndərilmişdir. İddiaçı bu baş verənlərlə bağlı Rəşad Abbasov adlı şəxsdən hər hansı pul məbləği almamışdır, sənədləri imzalayarkən hər hansı marağı və yaxud gəliri olmamışdır. 07 aprel 2021-ci il tarixində iddiaçının qeydiyyatda olduğu ünvana Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X9 idarəsindən 5204,67 AZN (beş min iki yüz dörd manat, altmış yeddi qəpik) manat borcun olması barədə bildiriş göndərilmişdir. Dəbbə pulu və başqa faizlərin yığılmaması səbəbilə valideynləri xeyli həyacan keçirib, qorxuya düşüb borc-xərc edib həmin borcu iddiaçının adına ödəyərək dərhal bağladılar. Daha sonra iddiaçıya məlum olmuşdur ki, üçüncü şəxs Rəşad Abbasov ona verdiyi etibarnamə ilə və onun adına vergi ödəyicisi kimi açılan ********** saylı VÖEN vasitəsilə «Sədərək» Ticarət Mərkəzinə müxtəlif çeşidli mallar gətizdirərək bu yollarla pullar qazanmış və vergi ödənişlərini dövlət büdcəsinə ödəməyərək iddiaçının adına cərimələr və faiz borcları yazılmasına göz yummuşdur. İddiaçı qeyd edir ki, sahibkar deyil və bu sahədə hər hansı gəlirli də olmayıbdır. İddiaçının hüquqi savadsızlığından istifadə edən X5 ona qarşı dələduzluq etmişdir. O, Azərbaycan Respublikasının dövlət büdcəsinə gedəcək pul vəsaitlərindən və vergilərdən yayınmaq yolu seçərək, iddiaçını aldatmaqla dələduzluq edərək öz şəxsi mənfəətləri üçün pullar əldə edib, mənimsəmişdir.

3. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı vəsatətdə qeyd olunmuşdur ki, iddia tələbi mümkünsüz hesab edilməlidir. İlk növbədə qeyd etməyi zəruri hesab edilir ki, cavabdehə təqdim edilmiş iddia ərizəsindən göründüyü kimi iddiaçı tərəfindən İnzibati Prosessual Məcəlləsinin 46.2.1-ci maddəsinin tələblərinə düzgün əməl olunmamışdır. Vergi Məcəlləsinin 23.1.1 -ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral yoxlamasını keçirmək vergi orqanlarının hüququdur. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. "İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Kameral vergi yoxlamasının nəticəsi üzrə vergi orqanı tərəfindən qəbul edilən qərarlar da "İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə görə inzibati akt hesab olunur. Eyni zamanda həmin qərarlardan şikayət etmək hüququnun olduğu da vergi ödəyicisinə izah olunur. İnzibati Prosessual Məcəllənin 35-ci maddəsinin tələblərinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddianın hansı hallarda mümkün sayılması, məhkəmələr tərəfindən mümkünlük məsələsinə baxlarkən diqqət yetirilməsi xüsusatlar Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli qərarında aydın şəkildə göstərilmişdir. Qeyd olunan qərarda 2.3-cü bəndində məhkəmələrin mümkünlüklə bağlı yoxlamalı olduğu hallar sadalanarkən göstərilir ki, həmçinin məhkəmələr İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli qərarında qeyd olunur ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarından göründüyü kimi işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verməlidirlər.

4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-111/2024 nömrəli Qiyabi Qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh X3 onun İddiaçı adından apardığı sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlara görə 5205 manat pul vəsaiti və vurulmuş mənəvi zərərə görə 4000 manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Vergi ödəyicisi kimi İddiaçı adına açılmış ********** saylı VÖEN üzrə 2020-ci ilin avqust ayından 2021 -ci ilin sentyabr ayı ərzində sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatların cavabdeh X6 tərəfindən aparıldığı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin.

5. “Vergilərin, sosial sığorta və işsizlik sığortasaı haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********426400 nömrəli Qərara əsasən: Bəyannamə və hesabat növü: Gəlir vergisi Bəyannamə və hesabat dövrü: 2020-ci il Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı – 8.690,85 manat

6. İddiaçı (VÖEN:**********) məxsus şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2021-ci il tarixə vergilər üzrə 8.690,52 manat vergi borcu (eləcə də 1.825,08 manat faiz üzrə qalıq) hesablanmışdır.

7. Məhkəmənin hazırki iş üzrə xx.xx.2025-ci il tarixli Qərardadı ilə X6 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin mümkün sayılmamasını xahiş etdi. II. İddianın mümkünlüyü

9. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

10. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

11. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.

12. Məhkəmə müəyyən edir ki, hazırki iş üzrə cavabdeh vergi orqanı tərəfindən kameral vergi yoxlaması ********** VÖEN ilə qeydiyyata alınmış vergi ödəyicisi İddiaçı (iddiaçıya) münasibətdə həyata keçirilmiş və müvafiq olaraq kameral vergi yoxlaması nəticəsində hesablanmış 8.690,85 manat vergi məbləği vergi ödəyicisi İddiaçı münasibətdə tətbiq edilmişdir.

13. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı hər hansı sahibkarlıq fəaliyyəti həyata keçirmədiyini, adına qeydiyyata alınmış VÖEN üzrə faktiki fəaliyyətin üçüncü şəxs X6 tərəfindən yerinə yetirildiyi bildirmiş, odur ki, kameral vergi yoxlaması nəticəsində hesablanmış vergi borcunun üçüncü şəxs X4 adına ötürülməsini tələb etmişdir.

14. Məhkəmə qeyd edir ki, fiziki və ya hüquqi şəxsin hər hansı hüququnun təmin edilməsi üçün ilkin meyar müvafiq tələbin hüquqi əsasının olmasıdır. Belə ki, iddiaçı öz tələbini qanunvericilikdə nəzərdə tutulmuş konkret hüquq normasına uyğun olaraq əsaslandırmalıdır. Hüquq müəyyən davranış qaydalarını tənzimləyən və hüquqi nəticələrin yaranacağı situasiyaları əvvəlcədən müəyyənləşdirən normativ bir sistemdir. Belə bir sistemdə iddia tələbi yalnız hüquqi norma ilə əlaqələndirildə məna kəsb edir. Belə ki, qanunvericilik subyektiv istəkləri deyil, obyektiv hüquqi normaya əsaslanan münasibətləri tənzimləyir.

15. Azərbaycab Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.

16. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 13.2.4. Vergi ödəyicisi - bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs; 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək;

17. Məhkəmə nəzərə alır ki, müvafiq VÖEN üzrə qeydiyyata alınmış hər bir vergi ödəyicisi hesablanmış vergi borcunu, faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını şəxsən ödəməyə borcludur. Qanunvericilikdə vergi ödəyicisinin vergi borcunun digər şəxsə ötürülməsi ilə bağlı hər hansı hüquqi tənzimləmə mövcud deyil. Belə olan təqdirdə məhkəmə hesab edir ki, hazırki iddia tələbinin hüquqi əsası yoxdur.

18. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

19. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

20. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar