Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7937/2024 15.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçınn, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı müxtəlif yerlərdə işləmişdir və işlədiyi vəzifələr əmək kitabçasında əks olunmuşdur. Həmçinin, iddiaçı xx.xx.1979-cu ıl tarixindən xx.xx.1981-ci il tarixə kimi Kəlbəcər rayon İstisu çörəkxanasında laborant vəzifəsində, xx.xx.1981ci il tarixdən Kəlbəcər rayon uçotun mexanikləşdirilməsi üzrə inspektor vəzifəsində, xx.xx.1981-cı il tarixdə isə Kəlbəcər kitab mağazasına müvəqqəti müdir təyin olunmuş, xx.xx.1984-cü ildə kitabxanada müvəqqəti satıcı təyin olunmuş, xx.xx.1986-cı ildə işdən azad olunmuşdur. xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci ilə kimi Xətai rayonu, Meyvə Tərəvəz bazasında sklad müdiri, xx.xx.1987-ci il Nəsimi rayonu 57 saylı mağazada baş satıcı işləmişdir. xx.xx.1987-ci ildə 50 saylı mağazaya dəyişmiş və orada mağaza müdiri xx.xx.1991 -ci il tarixə kimi işləmişdir. xx.xx.1991-ci il tarixdən Nizami rayonu, sığorta agenti kimi işə qəbul olmuşdur. xx.xx.1991-ci il tarixdə də Nizami rayonu, Sığorta idarəsində mühasib xx.xx.1992-ci ilə kimi işləmişdir. xx.xx.1992ci il tarixdən Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinə texniki təhcizat şöbəsinə əmtəəşunas təyin olunmuşdur. Burda xx.xx.1993-cü il tarixə kimi işləmişdir. xx.xx.1993cü il tarixdən xx.xx.1994-cü il tarixə kimi ‘'Rauf” firmasında direktor vəzifəsində işləmişdir. xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu il tarixə kimi Nəsimi rayon Yeyinti Ticarəti İdarəsinə 11 saylı anbarda ekspiditor, xx.xx.1994-cü il tarixdə isə müfəttiş vəzifəsinə keçirilmiş, xx.xx.1995-ci il tarixdən Nəimi rayon Ticarət və İctimai İaşə idarəsinə müfəttiş, xx.xx.1999-cu il tarixə kimi işləmişdir. xx.xx.1999-cu il tarixdə yenidən Rauf Firmasına direktor vəzifəsinə təyin olunmuş və xx.xx.1999-cu il tarixə kimi işləmişdir. xx.xx.1999-cu il tarixdən Bakı şəhər İstehlak bazarı, Xidmət Deprtamentinin Xətai rayon Ticarətin və ictimai X3 nəzdindəki Xüsusi Qrupa aparıcı mütəxəssis vəzifəsinə qəbul olmuş, həmin idarədə xx.xx.2000-ci il tarixdən yeni yaradılmış Cənub idrəsinə aparıcı mütəxəssis vəzifəsinə təyin olunmuş, xx.xx.2002 ci il tarixə kimi işləmişdir. xx.xx.2002-ci il tarixdə və isə Dövlət Sığorta Şirkətinin Xətai rayon Agentliyinin baş mütəxəsis vəzifəsinə təyin olumuş və xx.xx.2008-ci il tarixə kimi orada işləmişdir. İddiaçı cavabdeh inzibati orqana müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
3. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən “əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərardad qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, İddiaçı Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filiala müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Müraciətə uyğun olaraq cavabdeh orqan onun təqdim etdiyi sənədlərə əsasən, qanunvericiliklə müəyyən edilmiş sosial sığorta stajı və ya pensiya kapitalı toplanılmadığı üçün ona yaşa görə əmək pensiyası təyin edilməsindən əsaslı olaraq imtina etmişdir. Belə ki, iddiaçının təqdim etdiyi sənədlərin əmək kitabçasının surətinə əsasən sığorta stajı (xx.xx.1976-cı il tarixdən 30.11,1978-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 16 il 5 ay 1 gün təşkil edir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən İddiaçı əmək kitabçasında qeyd edilmiş xx.xx.1979-cu il tarixdən xx.xx.1986- cı il tarixədək olan dövrün (əmrlər qeyd edilmədiyindən, işdənçıxma və işə daxilolma qeydlərində səlahiyyətli şəxsin imzası eyni olduğu halda adı fərqli göstərildiyindən), xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək olan dövrün (qeydlərdə qaralamalar olduğundan) və xx.xx.1999-cu il tarixindən xx.xx.1999-cu il tarixinədək olan dövrün (səlahiyyətli şəxsin imzası qeyd edilmədiyindən) doldurulma qaydası pozulduğu üçün həmin dövrlərin iddiaçının sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün hesab edilməmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xx.xx.2023-cü il tarixli № GS106- 31/23 saylı arayışına əsasən Dövlət Sığorta Şirkətinin Xətai rayon Agentliyinin xx.xx.2002-ci il tarixdən xx.xx.2008-ci il tarixədək olan arxiv sənədləri Şirkətə təhvil verilməmişdir. İddiaçının xx.xx.2002-ci il tarixdən xx.xx.2008- ci il tarixədək olan əmək fəaliyyəti dövrünün sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün hesab olunmamışdır. Bütün bunları nəzərə alaraq iddiaçının sosial sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının, aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğundan (VÖEN: **********) sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə və dəqiqləşmiş ərizəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
8. Azərbaycan Respublikası vətəndaşının AA******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür.
9. İddiaçının hərbi biletindən görünür ki, o, xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olmuşdur.
10. İddiaçının adına açılmış əmək kitabçasının surətinə əsasən iddiaçının əmək fəaliyyəti aşağıdakı kimi olmuşdur: xx.xx.1979-xx.xx.1981; xx.xx.1981-xx.xx.1986; xx.xx.1986-xx.xx.1986; xx.xx.1986-xx.xx.1987; xx.xx.1987-xx.xx.1991; xx.xx.1991-xx.xx.1992; xx.xx.1992-xx.xx.1993; xx.xx.1993-xx.xx.1994; xx.xx.1994-xx.xx.1999; xx.xx.1999-xx.xx.1999; xx.xx.1999-xx.xx.2002; xx.xx.2002-xx.xx.2008 əmək fəaliyyəti ilə məşğul olmuşdur.
11. İddiaçının müraciətindən cavabdeh tərəfindən verilmiş 03 fevral 2023-cü il tarixli 3-17- 1/2-Ə-175301/2023 nömrəli “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” məktubla imtina edilmişdir.
12. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş 04 sentyabr 2024-cü il tarixli məktubla müəyyən edilmişdir ki, Nəsimi rayonu 50 və 57 saylı mağazalar və Nəsimi rayonu Ticarət və İctimai İaşə İdarəsi ilə bağlı sorğunun bir nüsxəsi baxılması üçün Dövlət Arxivinin Bakı filialına göndərilmişdir. Sorğuda qeyd olunan Xətai rayonu Meyvə Tərəvəz bazasının, Nəsimi rayonu Yeyinti Ticarəti İdarəsində 11 saylı anbarın və “Rauf firmasının arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir.
13. Məhkəmənin sorğusuna əsasən Kəlbəcər Rayon Dövlət Arixivi tərəfindən verilmiş 12 sentyabr 2024-cü il tarixli məktubla müəyyən edilmişdir ki, vətəndaş İddiaçı xx.xx.1979-cü il tarixdən, xx.xx.1981-ci il tarixədək, Kəlbəcər rayon İstisu çörəkxanasında Lobarant vəzifəsində, xx.xx.1981-ci il tarixdən Kəlbəcər rayon Uçotun mexanikləşdirilməsi üzrə İnspektor vəzifəsində, xx.xx.1981-ci il il tarixdə Kəlbəcər kitab mağazasına müvəqqəti müdir, xx.xx.1984-cü il tarixdən, xx.xx.1986-cı il tarixə qədər kitabxanada müvəqqəti satıcı vəzifəsində işləməsi faktının yoxlanılması mümkün olmamışdır. Belə ki, Kəlbəcər rayonu 02 aprel 1993-cü il tarixdə Ermənistan Silahlı Birləşmələri tərəfindən işğal edildiyi üçün, 02 aprel 1993-cü il tarixədək Kəlbəcər rayon İdarə müəssisə və təşkilatlarından Kəlbəcər rayon Dövlət Arxiv idarəsinə verilmiş bütün sənədlər işğal zonasında qalmışdır.
14. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş 18 sentyabr 2024-cü il tarixli məktubla müəyyən edilmişdir ki, Dövlət Arxivinin Bakı filialında saxlanılan Azərbaycan Respublikası Ticarət Nazirliyi Bakı şəhər Baş Ticarət İdarəsi Nəsimi rayon Ticarət və ictimai X5 natamam arxiv sənədlərinin əmr kitablarında vət. İddiaçı xx.xx.1994-cü il tarixli, 19 ş/t saylı əmrlə xx.xx.1994-cü il tarixdən 11NQ-İİ ambara mal müşahidəçisi vəzifəsinə işə qəbul olunması, xx.xx.1999-cu il tarixli, 08K/Ş saylı əmrlə xx.xx.1999cu il tarixdən işdən azad olunması, 1987,1988,1989,1990,1991,1994,1995,1996 və 1997-ci illərə dair əmək haqqı cədvəlllərində əmək haqqı hesablanması barədə məlumatlar mövcuddur. Mövcud dövrlər üçün tərtib olunmuş arxiv arayışı əmək haqqı cədvəlləri göstərilmişdir. Azərbaycan Respublikası Ticarət Nazirliyi Bakı şəhər Baş Ticarət İdarəsi Nəsimi rayon Ticarət və İctimai X5 natamam arxiv sənədlərinin 1998,1999-cu illərə dair əmək haqqı cədvəllərində vət. İddiaçı barəsində heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Ticarət Nazirliyi Bakı şəhər Baş Ticarət İdarəsi Nəsimi rayon Ticarət və İctimai X5 natamam arxiv sənədlərinin 1987-ci ilə və 1991ci ilin yanvar-avqust aylarına dair əmr kitabları Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.
15. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş 26 sentyabr 2024-cü il tarixli məktubla müəyyən edilmişdir ki, H.Ə. X8 və Ərzaq Nazirliyi İxtisaslaşdırılmış X1 X2 İdarəsində çalışmışdır. Qeyd olunan müəssisə ilə bağlı sənədlər mühafizə olunmaq üçün Nazirliyin arxivinə təhvil verilməmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
16. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
17. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
18. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
19. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
20. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
21. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
22. Belə ki, məhkəmə işin faktiki halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir:
23. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən ümumi iş stajının 25 ildən az təşkil etməsinə (16 il 05 ay 1 gün) və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsinə, eləcə də, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığına istinad edilməklə imtina edilmişdir.
24. Cavabdeh tərəfindən iddiaçının sığorta stajına daxil edilməyərək mübahisələndirilən dövrlər isə iddiaçının təqdim etdiyi əmək kitabçasında qeyd edilmiş xx.xx.1979-cu il tarixdən xx.xx.1986-cı il tarixədək (əmrlər qeyd edilmədiyindən, işdən çıxma və işə daxilolma qeydlərində səlahiyyətli şəxsin imzası eyni olduğu halda adı fərqli göstərildiyindən), xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək (qeydlərdə qaralamalar olduğundan), xx.xx.1999-cu il tarixindən xx.xx.1999-cu il tarixinədək (səlahiyyətli şəxsin imzası qeyd edilmədiyindən) və xx.xx.2002-ci il tarixdən xx.xx.2008-ci il tarixədək (arxiv sənədlərinin olmaması) olan dövrlər olmuşdur.
25. Məhkəmə ilk növbədə iddiaçının xx.xx.1979-cu il tarixdən xx.xx.1986-cı il tarixədək işlədiyi müddət ilə bağlı bildirir ki, doğrudur ki, iddiaçının xx.xx.1979-cü il tarixdən, xx.xx.1981-ci il tarixədək, Kəlbəcər rayon İstisu çörəkxanasında Lobarant vəzifəsində, xx.xx.1981-ci il tarixdən Kəlbəcər rayon Uçotun mexanikləşdirilməsi üzrə İnspektor vəzifəsində, xx.xx.1981-ci il il tarixdə Kəlbəcər kitab mağazasına müvəqqəti müdir, xx.xx.1984-cü il tarixdən, xx.xx.1986-cı il tarixə qədər kitabxanada müvəqqəti satıcı vəzifəsində işləməsi ilə bağlı sənədlərin təqdim olunması mümkün olmamışdır. Lakin nəzərə alınmalıdır ki, iddiaçının həmin müəssisələrdə işləməsi onun əmək kitabçasında əks olunmuşdur ki, bu da öz növbəliyində həmin məlumatlarının mötəbərliyinin şübhə altına alınmasına əsas vermir. Hər nə qədər ki cavabdeh əmək kitabçasında həmin dövrlərə münasibətdə düzəlişin olunduğunu iddia etsə də, təqdim olunmuş əmək kitabçasının əslində belə düzəlişlərin və ya hər hansı doldurulma qaydasının pozuntusu aşkar olunmamışdır. Bu səbəbdən də Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi həmin dövr onun sığorta stajına daxil edilməlidir.
26. Məhkəmə cavabdehin mübahisələndirdiyi digər dövrlər ilə bağlı bildirir ki, iddiaçının xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün sığorta stajına daxil edilməmişdir. Nəzərə alınmalıdır ki, əmək kitabçasında işə qəbul, daimi başqa işə keçirmək, işdən çıxma barəsində səhv və qeyri-dəqiq yazılır aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. Əmək kitabçasında olan məlumatlara görə isə məhz işəgötürənin özü cavabdehlik daşıyır. Başqa sözlə desək iddiaçının əmək kitabçasının doldurulma qaydasının səhv aparılması iddiaçının iradə ifadəsindən asılı olmayan bir haldır və onun məsuliyyət sferasını əhatə etmir. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, iddiaçının həmin dövrlərdə Azərbaycan Respublikası Ticarət Nazirliyi Bakı şəhər Baş Ticarət İdarəsi Nəsimi rayon Ticarət və ictimai X6 işləməsi və əmək haqqı alması Dövlət Arxivində mühafizə olunan sənədlər və arxiv arayışları ilə müəyyən olunmuşdur. Belə olan halda, həmin dövr iddiaçının sığorta stajına daxil edilməlidir.
27. Cavabdehin mübahisələndirdiyi digər dövr ilə bağlı Məhkəmə bildirir ki, Dövlət Sığorta Şirkətinin Xətai rayon Agentliyinin xx.xx.2002-ci il tarixdən xx.xx.2008-ci il tarixədək olan arxiv sənədlərinin təhvil verilməməsidə həmin dövrün sığorta stajına daxil edilməsinə maneə yaratmır. Çünki göstərilən dövr iddiaçının əmək kitabçasında əks olunmuş və həmin qeydin mötəbərliyini yaradan hər hansı dəlil olmamışdır.
28. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, həmçinin mübahisəli dövrlərin iddiaçının xx.xx.2006-cı il tarixədək qeydə alınmış sığorta stajı ilə bağlı olmasını nəzərə alaraq hesab edir ki, işin yuxarıda qeyd edilən halları nəzərə alınmaqla həmin dövrlər iddiaçının sığorta stajına mübahisəsiz daxil edilməlidir.
29. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.
30. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Maddə 3.11. Əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
32. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur.
33. Göründüyü kimi, mövcud “Qaydalar”da, "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək, yəni xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit edilmişdir. xx.xx.2006-cı il tarixdən sonrakı dövr üçün isə sosial sığorta stajının sığortaolunanın fərdi uçot məlumatları əsasında, yəni məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə müəyyən olunduğu təsbit edilmişdir.
34. Həmçinin məhkəmə qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir.
35. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.
36. Bu mənada, qüvvədə olan qanunvericilik normaları iddiaçının xx.xx.2006-cı il tarixədək fəaliyyətini əmək kitabçası əsasında iş stajı kimi təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tutur.
37. Eyni zamanda, hazırda qüvvədə olan və iddiaçının vəziyyətini yaxşılaşdıran Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel 175 saylı qərarı ilə təsdiq olunmuş Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci bəndinə əsasən 2006- cı il yanvarın 1dək olan dövr üzrə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir.
38. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, iddiaçının 2006-cı ilə qədər olan sığorta stajı, əmək kitabçasına, əmək kitabçası olmadıqda işəgötürənin və ya dövlət arxivinin arayışlarına əsasən hesablanır.
39. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeyd hissəsinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
40. Beləliklə hazırki işin hallarından müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1958-ci il təvəllüdlü olmaqla qanunvericiliklə müəyyən edilmiş pensiya yaşı həddinə 65 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdə çatmışdır. İddiaçının cavabdeh tərəfindən mübahisələndirilməyən əmək stajı 16 il 05 ay 1 gün təşkil etmiş, cavabdeh tərəfindən imtina məktubuna əsasən mübahisələndirilən, məhkəmə tərəfindən isə imtina məktubunda mübahisələndirilmiş sosial sığorta stajına daxil edilməli hesab edilən dövr isə (xx.xx.1979-xx.xx.1986; xx.xx.1992-xx.xx.1994; xx.xx.2002-xx.xx.2006 illər olmaqla) 11 il 3 ay 08 gün təşkil etməklə, ümumilikdə iddiaçının 27 il 18 ay 9 gün gündən çox əmək stajı olmuşdur. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının 25 ildən çox iş stajının olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından iddiaçının tələbi əsaslı hesab edilməklə iddia tələbi təmin edilməlidir.
41. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
42. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatın nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
43. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
44. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2023-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva