Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7938/2021 10.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddaçının İddiaçı, İddiaçının vəkili X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs “Azərbaycan X6” Qapalı Səhmdar Cəmiyyəti) qarşı “mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları:
1. İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2021-ci il tarixdə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 96 saylı mənzilə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.
2. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********66 nömrəli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 5 saylı evin, 96 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin mənzilə dair Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 13/4 saylı sərəncamı xx.xx.2019-cu il tarixdə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır.
3. Cavabdehin imtinasını qanunsuz hesab edən iddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə ona məxsus olan ünvan 2 ünvanında yerləşən 96 saylı mənzilə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarış verilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. Tərəflərin əsaslandırması:
4. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Xəzər X5 Dəniz Gəmi Təmiri İstehsalat Birliyinin 31 oktyabr 1995-ci il tarixli qərarı ilə ünvan 2 ünvanında yerləşən 96 saylı mənzil ona verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin 13 mart 2019-cu il tarixli 13/4 saylı sərəncamı ilə, ünvan 2 ünvanında yerləşən 96 saylı mənzilə dair iddiaçı ilə kirayə müqaviləsinin bağlanması və həmin mənzilin kirayəçisinin iddiaçı olması müəyyən olunmuşdur. Həmin sərəncamla mənzilə iddiaçının adına şəxsi maliyyə hesabının açılması 3 saylı Xüsusi Təynatlı MKTB-nin 157 saylı Mənzil-Kommunal İstismar Sahəsinə tapşırılmışdır. İddiaçı 2000-ci il tarixdən etibarən həmin mənzildə qeydiyyatda olmaqla orada yaşayır.
5. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında imtina məktubunda göstərdiyi dəlillərə istinad edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. Məhkəmənin 06 oktyabr 2021-ci il tarixli 2-1(112)-7938/2021 nömrəli qərardadı ilə “X6” Qapalı Səhmdar Cəmiyyəti hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.
7. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili iddianı müdafiə etdilər və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər.
8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.
9. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq, o öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bununla bağlı məhkəməyə məlumat verməmiş, məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi
10. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
11. Belə ki, iddia mümkün iddiadır, çünki yaşadığı əmlaka hüququnun qeydə alınması ilə bağlı İddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur, İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmişdir.
12. İddia həm də əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı xx.xx.1995ci ildə X8 Təmiri İstehsalat Birliyində nasos qurğularının maşinisti vəzifəsinə qəbul olmuş, 2011-ci ilədək müxtəlif vəzifələrdə işləmişdir.
13. İşdə olan X8 Təmiri İstehsalat Birliyinin xx.xx.1995-ci il tarixdə “X6”nin rəhbərliyinə ünvanladığı ЖБК-42 nömrəli məktubda göstərilmişdir ki, iddiaçı nasos stansiyasında zavod işçisi olaraq rəhbərliyə ərizə ilə müraciət edərək onun yaşayış sahəsi ilə təmin olunması məsələsinə baxılmasını xahiş etmiş və bildirmişdir ki, o, Qaradağ rayonu ərazisində qayınanasının evində qeydiyyatda olmaqla yaşamışdır. Lakin ərinin vəfatından sonra qayınanası onu evi tərk etməyə məcbur etmişdir və o hazırda kirayə qalır. Kirayə qaldığı evin sahibi evi boşaltmağı tələb edir. Hazırda zavodun yataqxanasında boş otaq yoxdur. Göstərilən səbəbləri nəzərə alaraq rəhbərlik və həmkarlar ittifaqı komitəsi İddiaçı yataqxanada boş otaqla təmin olunmasını xahiş etmişdir.
14. İşdə olan 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin arayışından görünür ki, iddiaçı mübahisəli mənzildə xx.xx.2000-ci il tarixdən qeydiyyatdadır.
15. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 25s nömrəli Sərəncamı ilə “Azərbaycan X6” Qapalı Səhmdar Cəmiyyətinin balansında olan və həmin sərəncamın əlavəsində göstərilən daşınmaz dövlət əmlakı, o cümlədən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən 5 saylı ev Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilmişdir.
16. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 25s nömrəli Sərəncamının icrası haqqında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2015ci il tarixli, 65 saylı sərəncamı ilə 25s nömrəli sərəncama əlavə edilmiş siyahı üzrə “Azərbaycan X6” Qapalı Səhmdar Cəmiyyətinin balansında olan daşınmaz əmlak Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansına verilmiş, Departamentə təhvil-təslim işləri ilə bağlı həmin sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılmışdır.
17. Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 27 fevral 2015-ci il tarixli 13 nömrəli sərəncamından görünür ki:
1. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli, 65 saylı sərəncamına əlavə edilmiş siyahı üzrə “Azərbaycan X6” QSC-nin balansında olan daşınmaz dövlət əmlakı balansa qəbul edilmiş;
2. Departamentin nəzdində yaradılmış məişət kommunal təyinatlı obyektlərin təhvil təslim komissiyasına 65 saylı sərəncamın əlavəsində göstərilən siyahı üzrə balansa verilmiş yaşayış binalarının və digər məişət-kommunal təyinatlı obyektlərin təhvil- təslim işləri ilə bağlı müvafiq təşkilati tədbirlərin həyata keçirilməsinin təmin edilməsi tapşırılmış;
3. Azərbaycan Xəzər Dəniz X3 Cəmiyyətinin balansından qəbul edilən məişət kommunal təyinatlı obyektlər (yaşayış binaları, yataqxanalar) həmin sərəncamın 1 saylı Əlavəsində göstərilən siyahı üzrə 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına verilmiş;
4. Balansa qəbul edilən mənzil fondunun mövcud texniki normalara uyğun istismarının təşkil edilməsi və sakinlərə mənzil–kommunal xidmətlərin göstərilməsi məqsədilə 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin nəzdində 3, 154, 157, 158,159 saylı mənzil-kommunal istismar sahələri yaradılmış;
5. Həmin sərəncamın 2 saylı Əlavəsinə uyğun olaraq mənzil fondu (yaşayış binaları, yataqxanalar) istismar edilməsi üçün 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin tabeliyindəki müvafiq mənzil-kommunal istismar sahələrinin xidmət dairəsinə verilmiş;
6. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli, 709 saylı sərəncamına əsasən, dövlət mənzil fonduna keçirilmiş keçmiş yartaqxanalardakı yaşayış sahələrinin özəlləşdirilməsinin orada faktiki yaşayan vətəndaşların adına yaşayış sahəsinə icarə (kirayə) müqaviləsinin bağlanılması Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin müvafiq sərəncamı əsasında həyata keçirildiyindən, Departamentin mütəxəssisləri ilə birlikdə bu sərəncama müvafiq olaraq 3 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansına verilmiş keçmiş yataqxanalarda mənzillərin özəlləşdirilməyə hazırlanması məqsədilə yaşayış sahəsinə kirayə müqaviləsinin bağlanılması və dəyişdirilməsi ilə bağlı sakinlərin müraciətlərini aidiyyəti üzrə təqdim etməklə icrasının təmin edilməsi 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə tapşırılmışdır.
18. Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2019-cu il tarixli 13/4 saylı sərəncamından görünür ki, iddiaçının 2000-ci ildən qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 5 saylı evin, yaşayış sahəsi 19,04 kv.metr olan 1 otaqlı 96 saylı mənzilində yaşaması nəzərə alınaraq Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 5 saylı evin, yaşayış sahəsi 19,04 kv.metr olan 1 otaqlı 96 saylı mənzilinə iddiaçının adına kirayə müqaviləsinin bağlanılması və onun həmin mənzilin kirayəçisi hesab olunması qərara alınmış, qeyd olunan mənzilə iddiaçının adına şəxsi maliyyə hesabının açılması 3 saylı Xüsusi Təyinatlı MKTB-nin 157 saylı Mənzil-Kommunal İstismar Sahəsinə tapşırılmışdır.
19. Beləliklə, sadalananlardan müəyyən olunur ki, iddiaçı 1995-ci ildə “X6” ASC-də işə qəbul olunmuş, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olduğundan həmin il Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 5 saylı evin 96 saylı mənzili ilə təmin olunmuş, 2000-ci ildə yaşadığı həmin mənzil üzrə qeydiyyata alınmış, həmin mənzilin yerləşdiyi bina 2015-ci tarixdə Bakı şəhər İcra Hakimiyyətinin balansına verilmiş, iddiaçı balanssaxlayıcıya müraciət etmiş, balanssaxlayıcı da iddiaçının həmin mənzilin kirayəçisi hesab edilməsi barədə qərara qəbul etmişdir.
20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyəti orqanları) sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
21. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. - 2-ci maddəsinə görə bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. - 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. - 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. - 6-cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları) balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər. -8-ci maddəsinə görə vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. -9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Yerli icra hakimiyyəti orqanı müvafiq mənzilin (evin) özəlləşdirildiyi barədə müvafiq icra hakimiyyəti orqanının məlumatını aldıqdan sonra həmin mənzili (evi) balansdan silir.
22. xx.xx.2009-cu il tarixdə qüvvəyə minən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən həmin Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir.
23. Məhkəmə qeyd edir ki, qanunvericiliyin normasından görünür ki, mənzilin özəlləşdirilməsi üçün mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam təqdim edilməlidir ki, iddiaçı müvafiq sərəncamı cavabdehə təqdim etmişdir.
24. Cavabdeh həmin sərəncamın Mənzil Məcəlləsinin qüvvəyə mindiyi xx.xx.2009cu il tarixdən sonra qəbul edildiyinə istinad edərək imtina etsə də, mübahisəli mənzilin iddiaçıya 1995-ci il tarixdə verildiyini nəzərə almamışdır.
25. İddiaçıya mübahisəli mənzil ayrılarkən qüvvədə olan Mənzil Məcəlləsinin 5-ci maddəsinə əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən idarə mənzil fondunu nazirliklər, dövlət komitələri, baş idarələr və onların tabeliyindəki müəssisələr, idarələr, təşkilatlar idarə edirlər. Həmin Məcəllənin 45-ci maddəsinə əsasən idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə, SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir.
26. İşdən görünür ki, mübahisəli mənzil iddiaçıya verilərkən müvafiq qərar qəbul edilməmiş, yalnız məktub vasitəsilə şəxs mənzillə təmin olunmuşdur. Lakin iddiaçıya müvafiq mənzil sahəsi ayrılarkən qanunvericiliyin tələblərinə əməl edilməməsi onun təqsiri ucbatından olmamışdır. X8 Təmiri İstehsalat Birliyinin xx.xx.1995-ci il tarixli məktubu əsasında iddiaçıya müvafiq mənzilin ayrılması, onun 20 ildən artıq həmin mənzildə yaşamaqla ondan istifadə etməsi, bu müddətdə həmin mənzildə yaşaması ilə bağlı hər hansı etirazın daxil olmaması iş materialları ilə tam təsdiq olunur. Məhz buna görə də mənzil Bakı Şəhər İcra Hakimiyyətinin balansına keçdikdən sonra faktiki yaşayan şəxs kimi iddiaçı ilə kirayə müqaviləsinin bağlanması üçün sərəncam verilmişdir.
27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.5-ci maddəsinin tələblərini nəzərə alır. Həmin maddəyə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin (X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar).
28. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzilə hüququ xx.xx.2009-cu il tarixə qədər yarandığından cavabdehin müvafiq sərəncamın həmin tarixdən sonra qəbul edilməsi barədə əsasa istinad etməsi düzgün olmamışdır. Buna görə də iddia tələbi əsaslı sayılmalı və təmin olunmalıdır.
29. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir.
30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. İddiaçı Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 5 saylı evin yaşayış sahəsi 19,04 kv.metr olan 1 otaqlı 96 saylı mənzilinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova