Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7938/2022 06.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Mədəniyyət oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “sərəncamın ləğv edilməsi, əmək pensiyasından tutulmuş vəsaitin geri ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının vəkili Nümayəndə Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Mədəniyyət oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “sərəncamın ləğv edilməsi, əmək pensiyasından tutulmuş vəsaitin geri ödənilməsi” barədə iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, məhkəmə qərara aldı: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı Mədəniyyət oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 26 yanvar 2021-ci il tarixli, **********7 nömrəli məktubunun əsassız hesab edilməsi və fərdi hesabında toplanmış 203713,61 manat məbləğində pensiya kapitalının 72 əmsalına bölünməklə 01 yanvar 2006-cı ildən aldığı pensiyanın üzərinə hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya DSMF Bakı şəhəri Binəqədi rayon şöbəsi tərəfindən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə əsasən 2 iyul 1986-cı il tarixdən mülki aviasiya uçuş və sınaq heyətində işləməsi ilə əlaqədar 1 yanvar 2006-cı il tarixdə güzəştli şərtlərlə yaşa görə 1.641,06 manat məbləğində əmək pensiyası təyin olunmuşdur. Pensiya təyin olunduqdan sonra həmin sahə üzrə fəaliyyətini davam etdirdiyindən «Əmək pensiyaları haqqında» AR Qanununa edilmiş və 1 iyul 2017-ci il tarixdən qüvvəyə minmiş dəyişikliklərlə əlaqədar olaraq 21 iyul 2017-ci il tarixli ərizəsinə əsasən DSMF Bakı şəhəri Binəqədi rayon şöbəsi tərəfindən onun əmək pensiyası işləyən əmək pensiyaçısı kimi yenidən hesablanaraq ayda 4.470,42 manat məbləğində müəyyən olunmuşdur. Lakin sonradan 11 iyul 2019-cu il tarixdə həmin şöbə tərəfindən pensiyası azaldılaraq 2.562,84 manat müəyyən olunmuşdur. Bununla razılaşmadığı üçün əvvəlcə DSMF Bakı şəhəri Binəqədi rayon şöbəsinə, daha sonra yeni yaradılmış Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına müraciət edərək aldığı pensiya məbləğinin əsassız və qanunsuz azaldıldığını bildirib yenidən hesablanmasını xahiş etmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının 26 yanvar 2021-ci il tarixli **********7 nömrəli məktubu ilə pensiyanın yenidən hesablanmasından imtina olunmuşdur. Məktubda imtina onunla əsaslandırılır ki, 203.713,61 manat məbləğində sığorta kapitalı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”nın 5.3-cü bəndinin tətbiqi ilə bağlı həmin bəndin tərkib hissəsi olan 48 nömrəli misalda qeyd edildiyi kimi, «Əmək pensiyaları haqqında» AR Qanununun 37.3.1 maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına, yəni 221 aya (63 yaş 6 ay – 51 yaş 1 ay = 149 ay + 144 ay – 72 ay) bölünməklə (203.713,61/221+921,78 manat) əmək pensiyasının (1.641,06 manat) üzərinə əlavə edilərək 2.562,84 manat (921,78+1.641,06) ödənilməli olduğu halda, səhvən 203.713,61 manat müəyyən edilmiş sığorta kapitalı 72 aya bölünərək (203.713,61/72 = 2.829,36 manat) əmək pensiyasının üzərinə əlavə edilməklə (2.829,36 + 1641,06) 4470,42 manat ödənilmişdir. Nəticədə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli 377 saylı Fərmanının 2.11-ci bəndinin, «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.15, 37.3.1 və 45-ci maddələrinin tələbləri iddiaçıya münasibətdə pozulmuş, pensiyanın məbləği qanunsuz olaraq azaldılmaqla ona maddi ziyan vurulmuş, hüquqları pozulmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5110/2021 saylı, 07 oktyabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-844/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5110/2021 saylı, 07 oktyabr 2021-ci il tarixli qərarı ləğv edilərək İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial X2 Rayon Şöbəsinin 11 iyul 2019-cu il tarixli Sərəncamı ləğv edilərək İddiaçı DSMF-nin Binəqədi Rayon Şöbəsinin 29 iyul 2017-ci il tarixli Sərəncamı ilə yenidən hesablanmış 4470,42 manat məbləğində əmək pensiyasının bərpa olunması və həmin pensiyanın ləğvi ilə əlaqədar iddiaçıdan tutulan pul vəsaitlərinin ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün məhkəməyə göndərilmişdir. Apelyasiya baxışı zamanı kolegiya tərəfindən iddiaçıya hüquqi yardım göstərilərək, iddia tələbinin dəyişdirilməsinin məqsədəuyğunluğu izah edilmişdir. İddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial X2 rayon şöbəsinin 11 iyul 2019-cu il tarixli sərəncamının ləğv edilərək İddiaçı Mədəniyyət oğluna DSMF-nin Binəqədi rayon şöbəsinin 29 iyul 2017-ci il tarixli sərəncamı ilə yenidən hesablanmış 4470,42 manat məbləğində əmək pensiyasının bərpa olunması və həmin pensiyanın ləğvi ilə əlaqədar iddiaçıdan tutulan pul vəsaitlərinin ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Ərizə onuna əsaslandırılmışdır ki, 1 yanvar 2006-cı ildə iddiaçıya Dövlət Sosial X2 rayon şöbəsi tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə əsasən mülki aviasiya uçuş və sınaq heyətində işləməyi ilə əlaqədar güzəştli şərtlərlə 1641,06 manat məbləğində yaşa görə əmək pensiyası təyin olunmuşdur. Pensiya təyin olunduqdan sonra iddiaçı həmin sahə üzrə fəaliyyətini davam etdirdiyindən onun 21 iyul 2017-ci il tarixli ərizəsinə əsasən Dövlət Sosial X2 rayon şöbəsinin 29 iyul 2017-ci il tarixli Sərəncamı ilə əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçısı kimi yenidən hesablanaraq ayda 4470,42 manat məbləğində müəyyən olunmuşdur. Lakin Dövlət Sosial X2 rayon şöbəsinin 11 iyul 2019-cu il tarixli Sərəncamı ilə İddiaçı əmək pensiyası həmin Qanunun 01 iyul 2017-ci ildən qüvvəyə minmiş 45-ci maddəsinin 2-ci cümləsinə istinad olunmaqla azaldılaraq 2562,84 manat məbləğində müəyyən olunmuşdur. Bununla yanaşı, İddiaçı 01 avqust 2017-ci ildən 01 iyul 2019-cu ilə kimi ayda 4470,42 manat məbləğində pensiya ödənilməsindən yaranmış cəmi 48719,75 manat artıq pul vəsaitinin 01 noyabr 2019-cu ildən hər ay əmək pensiyasından 263,35 manat məbləğinin tutularaq büdcəyə ödənilməsi qərara alınmışdır. Binəqədi rayon şöbəsinin 11 iyul 2019-cu il tarixli Sərəncamı ilə İddiaçı hüquqları pozulduğu üçün o, aldığı pensiyanın əsassız və qanunsuz azaldıldığını göstərərək onun yenidən əvvəlki qaydada hesablanmasını, yəni pensiyasının əvvəl təyin olunmuş 4470,42 manat məbləğində müəyyən olunmasını xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının 26 yanvar 2021-ci il tarixli **********7 nömrəli məktubu ilə iddiaçının xahişindən imtina olunmuşdur. Göründüyü kimi, İddiaçı əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən 29 iyul 2017-ci ildə yenidən hesablanaraq 4470,42 manat məbləğində müəyyən olunmuş, lakin həmin “yenidən hesablanma” cavabdeh tərəfindən 11 iyul 2019-cu ildə ləğv olunaraq əmək pensiyası qanunsuz olaraq azaldılmış, bununla iddiaçının hüquqları kobud surətdə pozulmuşdur. İddiaçı bundan sonra “yenidən hesablanma” ilə bağlı cavabdehə müraciət edərkən məhz pensiyasının qanunsuz azaldılması barədə Binəqədi rayon şöbəsinin 11 iyul 2019-cu il tarixli Sərəncamının ləğv olunmasını, pensiyasının əvvəlki, yəni 29 iyul 2017-ci il tarixli Sərəncama uyğun olaraq yenidən hesablanmış qaydada verilməsinin bərpa olunmasını nəzərdə tutmuş, istəmişdir. İddiaçının iddia tələbini də həmin Sərəncamın tələblərinə uyğun olaraq “iddiaçının fərdi hesabında toplanmış 203713,61 manat məbləğində pensiya kapitalının 72 əmsalına bölünməklə onun 01 yanvar 2006-cı ildən aldığı pensiyasının üzərinə hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi formalaşdırması da məhz bununla əlaqədardır. Odur ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial X2 Rayon Şöbəsinin 11 iyul 2019- cu il tarixli Sərəncamı ləğv edilərək İddiaçı DSMF-nin Binəqədi Rayon Şöbəsinin 29 iyul 2017-ci il tarixli Sərəncamı ilə yenidən hesablanmış 4470,42 manat məbləğində əmək pensiyasının bərpa olunması və həmin pensiyanın ləğvi ilə əlaqədar iddiaçıdan tutulan pul vəsaitlərinin ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə yeni qərar qəbul edilməsi xahiş olunur. Kollegiya ilk öncə vurğulamışdır ki, birinci instansiya məhkəməsi tərəfindən İddiaçı hüquqlarını pozduğunu iddia etdiyi cavabdehin hərəkətinin ehtiva olunduğu inzibati icraatın qanunauyğunluğu hərtərəfli qiymətləndirilməmişdir. İş icraata qəbul edildikdən sonra Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz təqdim etmişdir. Cavabdehin etirazında bildirilmişdir ki, İddiaçı iddiası tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. Onun müraciəti üzrə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən həyata keçirilmiş inzibati icraat tədbirləri ilə bağlı bildirilir ki, o, 18 yanvar 2021-ci il tarixdə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etmişdir. DSMF Bakı şəhəri Binəqədi rayon şöbəsi (hazırki eyni adlı xidmət nümayəndəliyi) tərəfindən iddiaçıya 1 yanvar 2006-cı il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. «Əmək pensiyaları haqqında» AR Qanununun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. DSMF Bakı şəhəri Binəqədi rayon şöbəsinə ünvanlanmış 21 iyul 2017-ci il tarixli ərizəsinə əsasən iddiaçının işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 203.713,61 manat sığorta kapitalına uyğun əmək pensiyası yenidən hesablanmışdır. Lakin 11 iyul 2019-cu il tarixdə adıçəkilən şöbə tərəfindən onun əmək pensiyasının düzgün hesablanmadığı müəyyən edilmişdir. Belə ki, 203.713,61 manat sığorta kapitalı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 5.3-cü bəndinin tətbiqi ilə bağlı həmin bəndin tərkib hissəsi olan 48 nömrəli misalda qeyd edildiyi kimi «Əmək pensiyaları haqqında» AR Qanununun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 221 aya (63 yaş 6 ay – 51 yaş 1 ay = 149 ay + 144 ay – 72 ay) bölünməklə (203.713,61/221 = 921,78 manat) onun əmək pensiyasının (1.641,06 manat) üzərinə əlavə edilərək 2.562,84 (921,78+1.641,06) manat iddiaçıya ödənilməli olduğu halda, səhvən 203.713,61 manat müəyyən edilmiş sığorta kapitalı 72 aya bölünərək (203.713,61/72=2.829,36 manat) əmək pensiyasının üzərinə əlavə edilməklə 4.470,42 (2.829,36+1.641,06) manat iddiaçıya ödənilmişdir. Göstərilənlərə əsasən DSMF Bakı şəhəri Binəqədi rayon şöbəsi tərəfindən İddiaçı 1 avqust 2017-ci il tarixdən 1 iyul 2019-cu il tarixədək olan dövr ərzində ümumilikdə 48.719,75 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş 48.719,75 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə onun əmək pensiyasından 1 noyabr 2019-cu il tarixdən hər ay 263,35 manat məbləğində çıxılmaqla tutulur. Qeyd olunanları nəzərə alaraq, iddianın rədd edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uygun izahat verərək, iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materiallarına əlavə edilmiş: - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********7 saylı imtina məktubunda bildirilmişdir ki, “Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Sosial X2 rayon şöbəsi (hazırki eyni adlı xidmət nümayəndəliyi) tərəfindən sizə 1 yanvar 2006-cı il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Eyni zamanda bildiririk ki, Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Sosial X2 rayon şöbəsinə tərəfinizdən ünvanlanmış xx.xx.2017-ci il tarixli ərizənizə əsasən işləyən əmək pensiyaçısı olduğunuz dövrdə qazandığınız 203713,61 manat sığorta kapitalınıza uyğun əmək pensiyanız yenidən hesablanmışdır. Lakin xx.xx.2019-cu il tarixində adıçəkilən şöbə tərəfindən əmək pensiyanızın düzgün hesablanmadığı müəyyən edilmişdir. Belə ki, 203713,61 manat sığorta kapitalınız Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 5.3-cü bəndinin tətbiqi ilə bağlı həmin bəndin tərkib hissəsi olan 48 nömrəli misalda qeyd edildiyi kimi “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 221 (63 yaş 6 ay - 51 yaş 1 ay = 149 ay + 144 ay - 72 ay) aya bölünməklə (203713,61/221=921,78 manat) əmək pensiyanızın (1641,06 manat) üzərinə əlavə edilərək 2562,84 manat (921,78+1641,06) sizə ödənilməli olduğu halda, səhvən 203713,61 manat müəyyən edilmiş sığorta kapitalı 72 aya bölünərək (203713,61/72=2829,36 manat) əmək pensiyanızın üzərinə əlavə edilməklə 4470,42 manat (2829,36+1641,06) sizə ödənilmişdir. Qeyd olunanlara əsasən Dövlət Sosial X2 rayon şöbəsi tərəfindən sizə xx.xx.2017-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ümumilikdə 48719,75 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş 48719,75 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyanızdan xx.xx.2019-cu il tarixindən hər ay 263,35 manat məbləğində çıxılmaqla tutulur.” - Məhkəməyə təqdim edilmiş pensiya işindən görünür ki, xx.xx.2006-cı ildə iddiaçıya təyin edilmiş güzəştli pensiyanın məbləği onun müraciəti əsasında yenidən hesablanaraq xx.xx.2017-ci il tarixli pensiya məbləğinin dəyişdirilməsi haqqında sərəncamla 4470,41 manat müəyyən edilmişdir. Sonradan inzibati orqan hesablamalarda yalnışlıq edilmiş olması əsası ilə xx.xx.2019-cu il tarixli pensiya məbləğinin dəyişdirilməsi haqqında sərəncam qəbul edərək, ödənilmiş artıq pensiya məbləğinin tutulmasını, habelə pensiya məbləğini 2633,54 manat müəyyən etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsində qeyd edilmişdir ki, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddiaçının hazırki tələbi iki hissəsən ibarət olmaqla, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial X2 Rayon Şöbəsinin 11 iyul 2019-cu il tarixli Sərəncamının ləğv edilməsi” hissəsi mübahisələndirmə haqqında iddia növünə, ikinci - “İddiaçı DSMF-nin Binəqədi Rayon Şöbəsinin 29 iyul 2017ci il tarixli Sərəncamı ilə yenidən hesablanmış 4470,42 manat məbləğində əmək pensiyasının bərpa olunması və həmin pensiyanın ləğvi ilə əlaqədar iddiaçıdan tutulan pul vəsaitlərinin ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsi isə öhdəliyin icrası haqqında iddia növünə aiddir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 32.1 və 37-ci maddələrinin tələblərindən çıxış edərək hər iki tələbin bir icraatda baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İşin sadalanan hallarından müəyyən edilir ki, inzibati orqan 2006-cı ildə iddiaçıya güzəştli şərtlərlə pensiya təyin etmiş, 2017-ci il tarixli qanuna edilmiş müvafiq dəyişiklikdən sonra, öz müraciəti əsasında işləyən əmək pensiyaçısı kimi pensiya məbləği 4470,42 manat müəyyən edilmiş, daha sonra isə cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli sərəncamla pensiya məbləği azaldılaraq 2562,84 manat müəyyən edilmişdir. İnzibati orqanın mövqeyi ondan ibarət olmuşdur ki, hesablamalarda yalnışlıq edilmiş, pensiya məbləği 2017-ci il tarixli müvafiq dəyişiklik tətbiq edilmədən hesablandığından artıq müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən, qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Məhkəmə baxışı zamanı iş materiallarından və tərəflərin izahatlarından müəyyən edilmişdir ki, cavabdeh orqan 2019-cu ildə iddiaçının pensiya məbləğinin yendiən hesablanmasına dair inzibati icraat apararkən bu barədə maraqlı şəxs olan iddiaçıya hər hansı məlumat verməmiş, onu inzibati icraatın gedişi barədə xəbərdar etmədən, maraqlı şəxs qismində dinləmədən öz daxili araşdırması nəticəsində pensiya məbləğinin azaldılması nəticəsinə gəlmişdir. Həmçinin, İddiaçı yekun inzibati akt olan xx.xx.2019-cu il tarixli sərəncam barədə də məlumatlandırılmamışdır. Hazırki işdə cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, iddiaçıya pensiya təyin edilməsi barədə iddiaçının xeyrinə əlverişli inzibati aktın (pensiya təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq (bu barədə ayrıca inzibati akt qəbul edildiyi müəyyən olunmur) “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi - iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən qərar qəbul etmişdir. Bununla da iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh bu məsələni həll edərkən həm “Əmək pensiyaları haqqında” Qanunun normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Buna görə, cavabdeh müvafiq qaydada inzibati icraat aparmadan sadəcə inzibati icraata aid edilə bilməcəyək bir araşdırma nəticəsində qərar qəbul etməklə pensiyanın dəyişdirilməsini və tutulmanı apara bilməz. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğu barədə məlumatın alınması və ya halın müəyyən edilməsi pensiya ödənişinin dayandırılması məsələsinin həlli üçün inzibati icraatın başlanılmasına (“İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddə) əsas təşkil edən haldır. Odur ki, belə hallardan hər hansı birini aşkar etdikdə cavabdeh müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə işin hallarını obyektiv araşdırıb pensiya ödənişinin dayandırılmasına əsas verən hal müəyyən etdikdə, icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməlidir. Qəbul edilmiş inzibati akt isə vətəndaşın inzibati icraata cəlb edilib, araşdırma aparıldıqdan sonra qəbul edilmədir. Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. “İnzibati icraat haqqında” Qanununa əsasən: 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Yuxarıda qeyd edildiyi kimi hər nə qədər hazırkı mübahisənin həlli ilə bağlı qərarın qanuniliyi baxımından həll edici əhəmiyyət daşımasa da pensiya təyini qərarının və pensiyanın yenidən hesablanması barədə qərar, sərəncam və faktiki xarakterli hərəkətlərinin hüquqi nəticələrinin mövcudluğu baxımından əhəmiyyət daşıyır. Məhkəmə qeyd edir ki, qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Qanunsuz inzibati aktın ləğvi isə onun əlverişli və əlverişsiz inzibati akt olmasından və maraqlı şəxsin etimadın qorunması hüququna istinad edib-edə bilməməsindən asılıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun yuxarıda adıçəkilən müddəalarından görünür ki, Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunsuz əlverişli inzibati aktın ləğv edilməsində isə vəziyyət başqa formada tənzimlənmişdir ki, yuxarıda adıçəkilən müddəaların tələbindən də görünür ki, qanunsuz əlverişli inzibati aktın ləğvindən sonra onun hüquqi nəticələrinin aradan qaldırılıb-qaldırılmaması maraqlı şəxsin etimadın qorunması hüququna istinad etmək imkanına mövcud olubolmamasından asılıdır. Belə ki, maraqlı şəxsin etimadın qorunması hüququna istinad edilməsini istisna edildiyi hallarda qərarın ləğvi onun hüquqi nəticələrinin aradan qaldırılmasına səbəb olur ki, hazırkı iş üzrə qeyd olunan hallardan hər hansı birinin mövcudluğu artıq ödənişin geri qaytarılmasına səbəb olacaqdır. Başqa sözlə, iddiaçı rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə əmək pensiyası məbləğinin artıq alınmasına nail olubsa və ya pensiya məbləğinin artıq hesablanmasının qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda onun barəsində artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması barədə qərar qəbul edilə bilər. Bundan başqa, nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilibödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia tələbi işdə olan sübutlara görə əsaslı və qanuni olduğuna görə təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial X2 rayon şöbəsinin 11 iyul 2019-cu il tarixli sərəncamı ləğv edilməli və iddiaçıya DSMF-nin Binəqədi rayon şöbəsinin 29 iyul 2017-ci il tarixli sərəncamı ilə yenidən hesablanmış 4470,42 manat məbləğində əmək pensiyasının bərpa olunması və həmin pensiyanın ləğvi ilə əlaqədar iddiaçıdan tutulan pul vəsaitlərinin ona ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
NƏTİCƏVİ HİSSƏ:
İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial X2 rayon şöbəsinin 11 iyul 2019-cu il tarixli sərəncamı ləğv edilsin. İddiaçı Mədəniyyət oğluna DSMF-nin Binəqədi rayon şöbəsinin 29 iyul 2017-ci il tarixlii sərəncamı ilə yenidən hesablanmış 4470,42 manat məbləğində əmək pensiyasının bərpa olunması və həmin pensiyanın ləğvi ilə əlaqədar iddiaçıdan tutulan pul vəsaitlərinin ona ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Mehriban Qarayeva