Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7939/2021 31.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) X1, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xüsusi rütbəli şəxs kimi pensiyanın təyin olunması və hesablanması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək 29.07.1987-ci il tarixindən 29.07.1992-ci il taixinədək olan dövr üzrə bakı Dövlət Üniversitetində əyani təhsil aldığı 5 il müddəti 2 il 06 ay hesablayıb, həqiqi hərbi xidmətində olduğu 2 il 1 ay 03 gün, Lənkəran Hərbi polis Şöbəsində 2 il 06 ay iş stajı olmaqla, xüsusi rütbəli şəxs kimi ədliyyə orqanlarında 27 il 1 ay 03 gün iş stajına malik olması, müvafiq staj illəri üzrə 01.07.2017-ci ilə kimi yaşa kimi pensiyaya çıxmaq hüququnun yaranmasını nəzərə alaraq ona xüsusi rütbəli şəxs kimi pensiyanın təyin olunması və hesablanması öhdəliyinin cavadeh Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1965-ci il tarixində Lənkəran rayonu Şağlaküçə kəndində anadan olub və orada yaşayır. Ailəlidir, himayəsində həyat yoldaşı və 3 uşağı vardır. 21.08.1982-ci ildə Lənkəran çayçılıq sovxozunda sahə fəhləliyinə işə qəbul olunub. 16.10.1983-cu il tarixinə kimi həmin işdə çalışıb. 12.10.1983-cü il tarixindən 19.11.1985-ci il tarixinə kimi (2 il 1 ay 3 gün) həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətdən qayıtdıqdan sonra 02.01.1986-cı il tarixindən əvvəlki iş yerinə fəhlə kimi qayıdıb işləyb. 27.07.1987-ci il tarixində Bakı Dövlət Üniversitetinin hüquq fakültəsinə daxil olub. Üniversitetə daxil olduğundan 27.08.1987-ci il tarixindən işdən azad olunub. 29.07.1992-ci ildə Universiteti bitirib (5 il əyani təhsil alıb). 25.04.1994-ci ildən 23.10.1996-cı ilədək Lənkəran şəhər hərbi polis şəbəsində baş təhqiqatçı vəzifəsində işləyib. 02.06.1997-ci ildən hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Lənkəran bölgə şöbəsinin böyük inspektoru vəzifəsinə təyin edilib. 29.12.1998-ci ildə həmin şöbənin mütəxəsis vəzifəsinə təyin edilib. 27.09.2007-ci ildə həmin şöbənin aparıcı məsləhətçi vəsifəsinə təyin edilib. 01.03.2008-ci il tarixində Lənkəran rayon qeydiyyat şöbəsində tutuğu vəzifədən azad olunaraq, Yardımlı rayonu qeydiyyat şöbəsinə rəis təyin edilib. 27.05.2009-cu ildə Yardımlı rayonu Qeydiyyat şöbəsindən işdən azad olunaraq Lənkəran rayonu qeydiyyat şöbəsinə rəisi vəzifəsinə təyin edilərək hazırkı tarixə kimi həmin vəzifəni icra edir. Bildirir ki, 27.11.2020-ci il tarixində o cavabdeh quruma ərizə ilə müraciət edərək 2017-ci ilin iyul ayının kimi olan dövr üzrə pensiyaya çıxmaq hüququnun yarandığını və ona görə də ona pensiya təyin olunmasını xahiş edib. Lakin cavabdeh 22.12.2020-ci il tarixli **********5 nömrəli məktubla ona imtina xarakterli cavab göndərmişdir. Hesab edir ki, həmin imtinanı əsaslı hesab etmək olmaz. Azərbaycan Respublikası Nazirlər kabinetinin “zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqalədə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında 23.11.1992-ci il tarixində qəbul etdiyi 631 saylı qərarında göstərilir ki, zabit heyətinə daxili işlər və ədliyyə, gömrük, fovqaldə hallar orqanlarının, Ədliyyə Nazirliyinin Penitinsiar və Tibb xidmətlərində orta, böyük, yüksək rəis heyyətinə mənsub şəxslərə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyyəti vəzifələrində götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, Ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsil alma formasında keçirdiyi təlim vaxtı da 5 ilə dək müddət daxilində təlimin 1 ili 6 ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. Bununla əlaqədar qeyd edir ki, o, 29.07.1987-ci ildən Bakı Dövlət Üniversitetinin hüquq fakültəsinə daxil olmaqla 29.07.1992-ci ildə həmin tədris müəsisəsini bitirib (5 il x 06 ay=2 il 6 ay). 16.10.1983-cu ildən 19.11.1985-ci il tarixinədək hərbi xidmətdə olub. Hərbi xidmətdə olduğu dövr mübahisəli deyil və təbii ki, müvadiq qaydada staj kimi qəbul edilir. 25.04.1994-ci ildən 23.10.1996-cı ilədək Lənkəran şəhər hərbi polis şəbəsində baş təhqiqatçı vəzifəsində işləyib. Lakin 29.07.1987-cil ildən 29.07.1992-ci ilə kimi, yəni Bakı Dövlət Universitetində əyani təhsil aldığı 5 il yuxarıda istinad etdiyi qərarın tələblərinə zidd olaraq 1 il üçün 6 ay staj kimi qəbul olunmamış və əsassız olaraq ona pensiya təyin olunmasından imtina edilmişdir, yəni Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı 22.12.2020-ci il tarixli ********** nömrəli imtina məktubunda 02.06.1997-ci ildən 01 iyul 2017-ci il tarixinədək ədliyyə orqanında işlədiyi 20 il 1 ay və hərbi xidmətində olduğum dövr olan 16.10.1983- 19.11.1985-ci il tarixinə 2 il 1 ay 3 gün və hərbi polis şöbəsində işlədiyim 2 il 6 ay olmaqla cəmi 24 il 7 ay 3 gün olan dövrü nəzərə almışdır. Əslində isə yuxarıda istinad etdiyim qərarə əsasən Bakı Dövlət Üniversitetinin hüquq fakültəsinin əyani təhsilimin aldığı dövr də nəzərə alınmaqla iş stajımın 01.07.2017-ci il tarixinə kimi 27 il 1 ay 03 gün olması qəbul edilməli və mənə 01.07.2017-ci il tarixinə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” qanunun müddəaları əsasında pensiya təyin olunmalı idi. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişdiklərə görə 01 iyul 2017-ci il tarixindən xüsusi rütbəli şəxs kimi pensiyaya çıxmaq hüququ 35 il stajı tələb olunur. Lakin həmin dövrə kimi onun hüququ yarandığından 01.07.2017-ci il tarixə kimi qüvvədə olmuş qanun tətbiq edilməlidir.
3. Cavabdeh qurum tərəfindən iddiaçıya ünvanlanmış 22.12.2020-ci il tarixli yazılı imtinada bildirilmişdir ki, Azərbaycan Respublikasının vətəndaşlarının əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanuni ilə müəyyən edilir. Həmin qanunun 9.7.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixinədək olan redaksiyasında göstərilirdi ki, ədliyyə orqanlarında azı 25 il qulluq etmiş ədliyyə işçilərinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikasının 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Qanuni ilə “Əmək pensiyaları haqqında” Qanuna edilmiş dəyişilikliyə əsasən 01 iyul 2017-ci il 2017-ci il tarixindədək yuxarıda göstərilən maddədə “25” rəqəmiləri “35” rəqəmləri ilə əvəz edilmişdir. Qeyd olunanlara əsasən 01 iyul 2017-ci il tarixinədək ədliyyə orqanlarında qulluq stajınız 25 ildən az olduğundan ədliyyə orqanlarının əməkdaşı kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımdan mümkün esab edilmir.
4. Cavabdeh tərəfindən məhkəməyə imtinanın məzmununa uyğun olaraq iddiaya yazılı etiraz təqdim edilərək iddinın rədd edilməsi xahiş edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı 27.11.2020-ci il tarixində iddia tələbi ilə eyni məzmunlu ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildiririk ki, ’’Əmək pensiyaları haqqında” Qanunun 9.7.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixinədək olan redaksiyasında göstərilir ki, ədliyyə orqanlarında azı 25 il qulluq etmiş ədliyyə işçilərinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ var. Azərbaycan Respublikasının 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Qanunu ilə “Əmək pensiyaları haqqında” qanununa edilmiş dəyişikliyə əsasən 1 iyul 2017-ci il tarixindən yuxarıda göstərilən maddədə “25” rəqəmləri 35 rəqəmləri ilə əvəz edilmişdir. Bildiririk ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və siravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında 23.11.1992-ci il tarixində qəbul etdiyi 631 saylı qərarında göstərilir: “Zabit heyətinə daxili işlər və ədliyyə, gömrük, fövqəladə hallar orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək rəis heyətinə mənsub şəxslərə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunim 9.5.1-maddəsinə əsasən əmək pensiyası təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrində götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, Ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsil alma formasında keçirdiyi təlim vaxtı da 5 ilədək müddət daxilində təlimin 1 ili 6 ay sayılmaqla uzun müddət xidmətə daxil edilir”. Lakin göründüyü kimi, sözügedən qərarda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyinatı zamanı təhsil dövrünün uzun müddət xidmətə daxil edilməsi nəzərdə tutulmuşdur. İddiaçı isə iddia ərizəsində ona həmin Qanunun 9.7.1-ci maddəsinə əsasən ədliyyə qulluqçusu kimi pensiya təyin olunmasını tələb edir. Belə olan halda Nazirlər Kabinetinin qeyd olunan 631 nömrəli qərarının müddəaları iddiaçıya münasibətdə tətbiq oluna bilməz. Əlavə olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2008-ci il tarixli 123 nömrəli qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi” Qaydasının 2.1-ci bəndində ədliyyə orqanları işçilərinin əlavə haqq almaq hüququ verən qulluq illərinə daxil edilən dövrlərdə təhsil müddəti nəzərdə tutulmamışdır. Eləcə də “Əmək pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsində sosial sığorta stajına daxil edilən iş və digər fəaliyyət müddətlərinə təhsil dövrü aid edilməmişdir. Qeyd olunanlara əsasən iddiaçının 1 iyul 2017-ci il tarixinədək ədliyyə orqanlarında qulluq stajı 25 ildən az olduğundan ona ədliyyə orqanlarının əməkdaşı kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
5. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və bildirdi ki, iddiaçının ali təhsil müəssisəsində təhsil aldığı dövr onun xidmətə daxil edilməlidir.
6. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
7. İddia tələbi pensiyanın təyin edilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
8. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).
9. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).
10. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
11. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.
12. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).
13. İddiaçıya pensiyasının təyin edilməsindən imtina edilmişdir. Odur ki, bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.
14. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəasi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı haqqında Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra-Filial) “Əmək pensiyaları haqqında” Azərbaycan Respubikası Qanununun 9-cu və 20-ci maddələrində nəzərdə tutlan şəxslərin pensiyalarının təyin edilməsini, hərbi qullluqçuların və Qanunun 3.3-cü maddəsinə uyğun olaraq hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxslərin dövlət sosial sığorta sistemində fərdi uçotunu və onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsini, habelə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxil olan ödənişlərin uçotunun aparılması mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış struktur qurumudur. Əsasnamənin 1.6-cı bəndinə əsasən, Filial Bakı şəhərində yerləşir. Beləliklə, filial inzibati orqandır.
15. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
16. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
17. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
18. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
19. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.7.1-ci maddəsinə əsasən, ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) ədliyyə orqanlarında qulluq keçmiş aşağıdakı şəxslərin yaşa görə əmək pensiyası hüququ vardır.
21. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.7.1-ci maddədə “ 25” rəqəmləri “ 35” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “işçiləri” sözündən sonra “(xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla)” sözləri əlavə edilmişdir. Həmin qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir.
22. Məhkəmə araşdırmasının predmeti iddiaçının ədliyyə işçisi kimi 01 iyul 2017-ci il tarixinə 25 il qulluq stajının mövcudluğunun müəyyənləşdirilməsidir.
23. İddiaçının əmək fəaliyyəti, həqiqi hərbi xidmət dövrü və təhsil müddəti aşağıdakı kimidir: 21.08.1982-01.02.1983 – Lənkəran çayçılıq sovxozu, fəhlə; 01.02.1983-12.10.1983 – “Oktyabrın 60 illiyi” sovxozu, fəhlə; 16.10.1983-19.11.1985 – həqiqi hərbi xidmət; 02.01.1986-27.08.1987 – Lənkəran çayçılıq sovxozu, fəhlə; 29.07.1987-29.07.1992-ci il – Bakı Dövlət Univetsitetinin hüquqşünaslıq fakültəsində təhsil; 25.04.1994-23.10.1996 – Lənkəran şəhər hərbi polis şöbəsində baş təhqiqatçı; 02.06.1997-17.01.2008 – Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Lənkəran bölgə şöbəsi, böyük inspektor, mütəxəssis, aparıcı məsləhətçi; 01.03.2008-27.05.2009 – Yardımlı rayon qeydiyyat şöbəsinin rəisi; 27.05.2009-dan hazırki vaxtadək Lənkəran rayon qeydiyyat şöbəsinin rəisi
24. İddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsaslanaraq hərbi qulluqçu kimi pensiya təyin edilməsi hüququ yoxdur. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinin 1-ci hissəsinə əsasən, bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər.
25. İddiaçının hərbi qulluqçu statusu yoxdur, ədliyyə işçisidir.
26. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli qərarının 1-ci hissənin on birinci abzasına əsasən, zabit heyətinə daxili işlər, gömrük, fövqəladə hallar orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək rəis heyətinə mənsub şəxslərə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir.
27. 2 oktyabr 2013-cü il tarixli 270 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə qeyd edilən qərarın 1-ci hissənin on birinci abzasının “və ədliyyə” sözləri çıxarılmışdır, “orqanlarının” sözündən sonra “,Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində” sözləri əlavə edilmişdir, “xüsusi təyinatlı təhsil” sözləri “hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil” sözləri ilə əvəz edilmişdir, “o cümlədən” sözlərindən sonra “ali təhsil müəssisələrinin axşam şöbələrində və” sözləri əlavə edilmişdir.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 may tarixli 123 nömrəli qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın 2.2-ci bəndinə əsasən, ədliyyə orqanları işçilərinin qulluq illərinə onların aşağıdakı orqanlarda işlədikləri müddətlər də daxil edilir: 2.2.1. hakim vəzifəsində və məhkəmə aparatlarında ali hüquqi təhsil tələb edən inzibati vəzifələrdə işlədikləri müddət; 2.2.2. “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilən prokurorluq işçisi vəzifələrində qulluqda olduqları müddət; 2.2.3. hüquq mühafizə və fövqəladə hallar orqanlarının sıravi və rəis heyəti vəzifələrində, eləcə də Azərbaycan Respublikası Vergilər Nazirliyinin vergi cinayətlərinin ibtidai araşdırılması orqanında xidmət keçdikləri müddət; 2.2.4. ali icra və qanunvericilik orqanlarında, yuxarı icra hakimiyyəti orqanlarında, 1991-ci il oktyabrın 18-dək sovet və partiya orqanlarında hüquq mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdə işlədikləri müddət; 2.2.5. hakim vəzifəsinə namizədlər üçün nəzərdə tutulmuş tədris kurslarını bitirmiş, lakin hakim vəzifəsinə təklif olunmamış şəxslərin tədris kurslarına cəlb olunduqları dövr; 2.2.6. ədliyyə orqanlarında qulluq edərkən, seçkili orqanlara seçilmiş işçilərin həmin orqanlarda işlədikləri müddət; 2.2.7. Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, habelə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət müddəti, zabit, gizir, miçman və müddətdən artıq hərbi qulluqçu vəzifələrində xidmət müddəti;
29. Məhkəmə qeyd edir ki, iddiaçının Lənkəran şəhər hərbi polis şöbəsində baş təhqiqatçı kimi işlədiyi dövrü (hüquq mühafizə orqanlarında rəis heyəti vəzifəsi kimi) nəzərə alınsa belə, iddiaçının ədliyyə işçisi kimi 01 iyul 2017-ci il tarixinə 25 il qulluq stajı yoxdur, belə ki, məhkəmə iddiaçının ali təhsil müəssisəsindəki təhsil müddətinin qulluq stajına daxil edilməsinə dair hüquqi müddəaya və ya hüquqi akta əsaslanan “qanuni gözləntisi” olduğunu müəyyən etmir.
30. Məhkəmə qeyd edir ki, “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli qərarı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən hərbi qulluqçulara şamil edilir, digər tərəfdən həmin siyahıdan ədliyyə orqanlarına mənsub şəxslər çıxarılmışdır (2 oktyabr 2013-cü il tarixli 270 nömrəli qərarla). Həmin qərar Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərinə mənsub şəxslərə şamil edilir. Məhkəmə qeyd edilən fərqli rəftarın ağlabatan əsaslandırılması olduğunu (hərbi qulluğun və hərbi xidmətin ağırlığı) hesab etdiyindən ədliyyə işçilərinə münasibətdə ayrı-seçkiliyə yol verildiyi qənaətinə gəlmir.
31. X4 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic ).
32. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
33. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının ali təhsil müəssisəsindəki təhsil müddətinin qulluq stajına daxil edilməsinə dair “qanuni gözləntisi” olmadığından cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur.
34. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
35. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva