Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-794/2020 19.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X20 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı Meybula oğlunun iştirakı ilə, İddiaçı Meybula oğlunun cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğvi və mənzil növbəsinin bərpası” tələbinə dair inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı Meybula oğlu cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 220 saylı, 29 oktyabr 2019-cu il tarixli sərəncamın ləğv edilməsinin və iddiaçının ailə üzvləri ilə bilikdə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş kimi güzəştli şərtlərlə mənzil növbəsinin bərpa edilməsinin cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin öhdəsinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 4 nəfər ailə üzvü ilə uzun müddətdir ki, ünvan 1 ünvanda sahəsi 19 kv.m olan yataqxana tipli 1 otaqlı 46 saylı mənzildə yaşayırlar. Ailə tərkibi: ər-arvad və yetkinlik yaşəna çatmış bir oğlan və bir qız. Mənzil şəraiti olmadığına görə iddiaçının uşaqları ailə qura bilmirlər. Kirov rayon (Binəqədi rayonu) XDS İK-nin 15 yanvar 1985-ci il tarixli, 79 saylı sərəncamı ilə iddiaçının anası X14 yaşayış yeri üzrə ümumi əsaslarla mənzil növbəsinə götürülmüşdür və həmin sərəncamda ailə üzvü kimi iddiaçı, onun həyat yoldaşı X5 və qızı X15 qeyd edilmişdir, yəni 4 nəfər ailə üzvü olmaqla mənzil növbəsinə götürülmüşdürlər. İddiaçının atası X19 əlili olduğundan onların mənzil növbələri güzəştli şərtlərlə olmuşdur. Buna baxmayaraq bu günə qədər onlar mənzillə təmin edilməmişdirlər. İddiaçının atası Babayev Meybulat 1941-1945-ci illərdə X13 iştirak etmiş və ağır yaralandığına görə 1945-ci ildə ordudan tərxis edilmişdir, 3-cü qrup əlil olmuşdur. Buna baxmayaraq, onlar dəfələrlə İcra Hakimiyyətinə müraciət etmiş, onlara bildiriblər ki, 2015-ci ildə onlara mənzil verilməlidir, lakin verilməmişdir və onlar yenidən müraciət emiş, növbədə olanlara 2018-ci ildə mənzil veriləcəyi bildirilmişdir. Lakin əsassız olaraq Binəqədir rayon İcra Hakimiyyəti tərəfindən mərhum X7 yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülmüş şəxslərin siyahısından çıxarılması barədə 29 oktyabr 2019-cu il tarixdə 220 saylı sərəncam verilmişdir. Bu sərəncam tamamilə qeyri-qanunidir, belə ki İddiaçıa ilə yanaşı onlar üç nəfər olmaqla mənzil növbəsində olmuşlar və belə bir sərəncam verilməsi onların hüquqlarının pozulması ilə nəticələnir. Sərəncamda iddiaçının anası vəfat edərkən mənzil növbəsinin iddiaçının adına qanuna müvafiq qaydada keçirilmədiyi aydın olması göstərilmişdir, halbuki o, dəfələrlə bu barədə müraciət etmiş və bu hal iddiaçıya heç vaxt bildirilməmişdir və iddiaçının mənzil növbəsi sərəncam çıxarılana kimi davam etmişdir. Odur ki, iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçı məhkəmədə iddia irəli sürməzdən əvvəl 09.10.2019-cu il tarixdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının qəbulunda iştirak etmişdir. Qəbul zamanı iddiaçı cavabdeh inzibati orqanla mənzil növbəsinin olmasını nəzərə alaraq, mənzil sahəsilə təmin olunmağına köməklik göstərilməsini xahiş etmişdir. Qeyd olunan məsələ ilə bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, iddiaçının anası X2 rayon İcra Hakimiyyətinin (keçmiş XDS İK-nin) 15.01.1985-ci il tarixli, 79 saylı sərəncamı ilə ailə tərkibi 4 nəfərlə (özü, oğlu, gəlini və nəvəsi) mənzil növbəsinə götürülmüş və 26.06.1987-ci il tarixdə vəfat etmişdir. (28.11.1995-ci il tarixli ölüm haqqında şəhadətnamənin surəti) X18 Binəqədi rayon İcra Hakimiyyətində mövcud olan mənzil-uçot qovluğu inzibati orqan tərəfindən nəzərdən keçirildikdən sonra onun mənzil növbəsinin oğlu İddiaçı adına qanunamüvafiq qaydada keçirilmədiyi məlum olmuşdur. Binəqədi rayon İcra Hakimiyyəti başçısının 220 saylı, 29.10.2019-cu il tarixli Sərəncamına əsasən X14 yaşayış sahəsi yeri üzrə Binəqədi rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülmüş şəxslərin siyahısından çıxarılmışdır. Əlavə olaraq bildiririk ki, iddiaçının mərhum anası mənzil növbəsinə ümumi əsaslarla götürülmüşdür. Əlavə olaraq bildirilir ki, hal-hazırda Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbacan Respublikası Prezidentinin 20.06.2014-cü il tarixli Sərəncamına dəyişiklik edilməsi barədə 25 yanvar 2019-cu il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində yerli icra hakimiyyəti orqanlarında uçota alınmış bu kateqoriyadan olan şəxslərin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Əvvəlki Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi V.Ələkbərova iddia tələbinə verilmiş etirazın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etdi. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxış iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 29 oktyabr 2019-cu il tarixli, 220 №-li sərəncamına əsasən, vətəndaş X14 yaşayış yeri üzrə Binəqədi rayon İcra Hakimiyyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülmüş şəxslərin siyahısından çıxarılmışdır. Sərəncamın surəti məlumat üçün vətəndaş İddiaçı göndərilmişdir. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 01.11.2019-cu il tarixli, B-568 saylı məktubunun surətindən görünür ki, vətəndaş X14 barəsində keçmiş Kirov rayon XDS İK-nin (indiki Binəqədi RİH) arxiv fondu üzrə 15.01.1985-ci il tarixli, 79 saylı qərarı Dövlət Arxivinin Bakı filialında mövcuddur. - Kirov rayon XDS İK-nin (indiki Binəqədi RİH) arxiv fondu üzrə 15.01.1985-ci il tarixli, 79 saylı qərarının surətindən görünür ki, X14 ailə tərkibi 4 nəfər olmaqla (özu, oğlu, gəlini və nəvəsi) mənzil növbəsinə götürülmüşdür. - Binəqədi rayon İcra Hakimiyyətində yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə dayanan vətəndaşların ümumi siyahısının 62-ci qrafasında İddiaçı Meybulla oğlunun adı qeyd olunmuşdur. - 28 noyabr 1995-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçının mərhum anası X14 26 iyun 1987-ci il tarixdə kəskin ürək damar çatmamazlığı səbəbi ilə vəfat etmişdir. - Binəqədi rayon İcra Hakimiyyətinin 01.12.2005-ci, 18.01.2010-cu, 09.03.2010-cu, 25.06.2010-cu, 30.09.2010-cu, 29.12.2010-cu, 09.03.2011-ci, 22.04.2011-ci, 03.03.2011ci, 30.09.2015-ci, 25.05.2017-ci, 15.08.2017-ci və 03.09.2019-cu il tarixli məktubların surətlərindən aydın olur ki, İddiaçı Meybulla oğlunun və X3 müraciətlərinə baxılmış və boş mənzil sahəsinin olmaması, bu məqsədlə mənzil sahəsinin ayrılmadığı səbəbindən onlardan öncə növbəyə götürülmüş ailələr mənzillə təmin olunduqda sonra onların mənzillə təmin olunma ərizələrinə baxılacağı qeyd edilmişdir. Məhkəmə araşdırılması zamanı Azərbaycan Respublikası Binəqədi rayon İcra Hakimiyyətinə sorğu göndərilmiş və sorğuya cavab məktubunda və ona əlavə olunmuş Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 21.05.2019-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş siyahıdan görünür ki, 1947-ci il təvəllüdlü İddiaçı Meybulla oğlunun adı Binəqədi rayon İcra Hakimiyyətində yaşayış yeri üzrə ümumi və güzəştli əsaslarla mənzil növbəsinə dayanan vətəndaşların ümumi siyahısının 62-ci qrafasında qeyd edilmişdir. Məhkəmə sorğusu əsasında təqdim olunmuş Azərbaycan Respublikası Binəqədi rayon İcra Hakimiyyətinin 06 aprel 2020-ci il tarixli, 02/09-11-31/686 saylı cavab məktubundan görünür ki, vətəndaş İddiaçı adı 29.10.2019-cu il tarixədək yaşayış yeri üzrə Binəqədi rayon İcra Hakimiyyətində ümumi əsaslarla mənzil növbəsi siyahısında mövcud olmuş, lakin vətəndaşın adının siyahıya əlavə olunması barədə inzibati icraat materialları araşdırma zamanı aşkarlanmamışdır. Məhkəmə araşdırılması zamanı X7 mənzil növbəsinə götürülməsinə və mənzil növbəsindən çıxarılmasına əsas olunmuş sənədlərin təqdim olunması barədə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə sorğu göndərilmiş və həmin sorğuya cavab məktubundan görünür ki, keçmiş Kirov rayon XDS İK-nin (indiki Binəqədi RİH) 15.01.1985ci il tarixli, 79 saylı qərarı əsasında X14 - 4 nəfər ailə üzvü tərkibi ilə ümumi əsaslarla mənzil növbəsinə götürülmüş və vəfat etdikdən sonra Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 29 oktyabr 2019-cu il tarixli, 220 №-li sərəncamı əsasında mənzil növbəsində olan şəxslərin siyahısından çıxarılmışdır. İşin faktiki hallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə mərhum anasının mənzil növbəsində olan şəxslərin siyahısından çıxarılması barədə Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 29 oktyabr 2019-cu il tarixli, 220 №-li sərəncamının ləğvini tələb edir. Bunu isə onunla əsaslandırır ki, mərhum anası mənzil növbəsinə götürülərkən, o, eləcə də onun həyat yoldaşı və övladları ailə üzvü kimi mənzil növbəsinə götürülmüşdür. Bu səbəbdən inzibati orqan tərəfindən sərəncamın ləğvi ilə bağlı qəbul olunan qərar iddiaçının və onun ailə üzvünün hüquqlarını pozur. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, cavabdeh tərəfindən qəbul edilən sərəncamın və hazırki iddia tələbi üzrə cavabdeh tərəfindən təqdim olunan etirazın əsasını Mənzil Məcəlləsinin 55.1.7-ci və 55.3-cü maddəsi təşkil edir. Belə ki, hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota durmuş müharibə əlili vəfat etdiyi halda, güzəştli mənzil uçotu onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. Həmin Məcəllənin 55.1.7-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla vətəndaş vəfat etdikdə yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyin tələbləri baxımından əgər uçotda durmuş şəxs vəfat edərsə, o, yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır. İstisna hal yalnız odur ki, uçota durmuş və vəfat etmiş şəxs müharibə əlili olsun. Belə hal yaranarsa, güzəştli mənzil uçotu onun ailə üzvləri üçün müəyyən olunmuş qaydada saxlanır. Cavabdeh hazırki Mənzil Məcəlləsinin normalarına əsaslanaraq, iddiaçının mərhum anası olan X7 vəfatından sonra, onu yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülmüş şəxslərin siyahısından çıxarmış və iddiaçını mənzil növbəsinə götürməmişdir. Məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşmır. Belə ki, bu növ iddialara baxılan zaman Məhkəmə əsas olaraq iki şərti yoxlamalıdır: 1)tərəflər arasında olan hüquq münasibətinin hansı tarixdən yaranmasını; 2) mübahisənin 2009-cu ilə qədər qüvvədə olan və ya hazırda qüvvədə olan Mənzil Məcəlləsinin təsiri altına düşüb-düşməməsini. İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən həmin məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu məcəllə ilə nəzərdə tutulmuş prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Şərh edilən normanın məzmununa görə qətnamənin (qərarın) qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarının tələblərinə əməl etməklə çıxarılması başa düşülür. AR Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndinə görə məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qətnamədə (Qərarda) məhkəmənin gəldiyi nəticənin maddi-hüquqi əsası kimi işə baxılan zaman deyil, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına istinad edilməlidir. Qətnamənin (Qərarın) prosessual hüquq normalarına uyğunluğu məsələsi həll olunarkən məhz işin baxılması zamanı, yəni müvafiq prosessual hərəkətlərin icra edildiyi vaxt qüvvədə olan prosessual hüquq normaları rəhbər tutulmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən sərəncam 2019-cu il tarixə aid olsa da, həmin sərəncamın əsasını təşkil edən iddiaçının mərhum anası X1 Kirov rayon XDS İK tərəfindən mənzil uçotuna götürülməsi barədə qərar 15.01.1985-ci il tarixə, həmçinin, iddiaçının mərhum anasının ölümü 28.11.1995-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən 26.06.1987-ci il tarixə aiddir. Bu səbəbdən Məhkəmə hesab edir ki, tərəflər arasında hüquq münasibəti 1985-1987-ci il tarixdən yarandığından, hazırki iddia tələbi həmin dövrə aid olan maddi hüquq normaları, yəni 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin normaları ilə tənzimlənməlidir. İlk öncə qeyd edilməlidir ki, 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 35-ci maddəsi ilə “vətəndaşların mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotundan çıxarılması” üçün əsaslar göstərilmişdir. Belə ki, həmin Məcəllənin 35-ci maddəsinə əsasən vətəndaşlar aşağıdakı hallarda uçotdan çıxarılırlar; 1) mənzil şəraiti yaxşılaşdırıldıqda və buna görə uçotda olmaq üçün əsaslar qalmadıqda; 2) daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə; 3) iş yerində uçotda olan vətəndaş, bu Məcəllənin 34-cü maddəsinin 2-ci və 3-cü bəndlərində nəzərdə tutulmuş hallardan başqa, müəssisə, idarə, təşkilat ilə əmək müqaviləsini pozduqda; 4) mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olduğu haqqında vətəndaş həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikdə yaxud uçota götürülmək məsələsinin həllində vəzifəli şəxslər hüquqa zidd hərəkətlər etdikdə; 5) altı aydan artıq müddətə azadlıqdan məhrum olunmağa məhkum edildikdə, məhkum edildikdə. Uçotdan çıxarmanı vətəndaşları uçota götürmək haqqında qərar qəbul etmiş orqanlar həyata keçirirlər. Qəbul olunmuş qərar haqqında vətəndaşa yazılı şəkildə məlumat verilir. Göründüyü kimi, vətəndaşın ölməsi halı uçotdan çıxarılma əsaslarında qeyd edilməmişdir. Uçotda olan vətəndaşın ölməsi ilə bağlı məsələ hüquq münasibətinin yarandığı zamanı qüvvədə olan Mənzil Məcəlləsinin yalnız 34-cü maddəsi ilə tənzimlənmişdir. Həmin Məcəllənin 34-cü maddəsinin 2-ci abzasında qeyd olunmuşdur ki, uçotda olan vətəndaş öldükdə və ya başqa daimi yaşayış yerinə getdikdə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilməsi üçün əsaslar aradan qalxmamışsa, ailə üzvlərindən biri onun yerinə uçota götürülür; həm də iş yerində ehtiyacı olanların uçotuna ailə üzvü yalnız o halda götürülür ki,o həmin müəssisədə, idarədə, təşkilatda işləsin, uçotda olan vətəndaş istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində öldükdə isə ailə üzvü həmin müəssisədə, idarədə, təşkilatda işləməsindən asılı olmayaraq uçota götürülür. Uçotda olan ailə dolandıranını itirmiş, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab etmək üçün əsaslar aradan qalxmamışsa uçotdan çıxarıla bilməzlər. Göründüyü kimi, həmin dövr üçün qüvvədə olan qanunvericilikdə, uçotda olan vətəndaş ölərsə və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilməsi üçün əsaslar aradan qalxmamışsa, ailə üzvlərindən birinin onun yerinə uçota durması mümkündür. Bu zaman, vəfat etmiş şəxsin hansı əsaslarla mənzil növbəsinə durması (ümumi və ya güzəştli əsaslar) nəzər alınmır. Şəraiti yaxşılaşdırılması ehtiyac olan şəxs kimi qəbul edilməsi də Mənzil Məcəlləsinin xüsusları ilə tənzimlənir. Belə ki, 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 29-cu maddəsinə əsasən: Aşağıdakı vətəndaşlar mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilirlər:1) həmin rayonda, şəhərdə və ya digər yaşayış məntəqəsində mənzil sahəsi ilə təminat nəzərə alınmaqla, ailənin hər bir üzvü üçün rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetinin qərarı ilə müəyyən edilmiş səviyyədən aşağı olan mənzil sahəsinə malik vətəndaşlar; ) dövlət və ictimai mənzil fondu evlərində əsas icarədardan icarəyə götürmək şəraitində və ya mənzil-tikinti kooperativlərinə məxsus evlərdə yaxud da fərdi mənzil fondu evlərində icarə müqavilələri üzrə uzun müddət yaşayan və başqa yaşayış sahəsi olmayan vətəndaşlar; 3) mövsümi və müvəqqəti işçilər, habelə təhsillə əlaqədar olanlar istisna edilməklə, yataqxanada yaşayan vətəndaşlar;4) müəyyən edilmiş sanitariya tələblərinə, texniki tələblərə cavab verməyən yaşayış evində (yaşayış sahəsində) yaşayan vətəndaşlar. X19 əlilləri, həlak olmuş və ya itkin düşmüş döyüşçülərin (partizanların) ailələri və müəyyən edilmiş qaydada onlara bərabər tutulan şəxslər üçün müvafiq yerli xalq deputatları Sovetləri onların mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar sırasına aid edilməsinin güzəştli şərtlərini nəzərdə tuta bilərlər. SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində nəzərdə tutulmuş başqa əsaslara görə də vətəndaşlar mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilə bilərlər. Hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 50.1.2-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olanlar hesab edilirlər. İşin faktiki hallarından və iş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş 18.10.2019-cu il tarixli, 1900 saylı forma 2-dən məlum olmuşdur ki, iddiaçı Babayev X8 rayonu, 7-ci mkr.,A.Kunanbayev küçəsindəki 76 №-li 7 mərtəbəli evin 5 mərtəbəsində 19,6 kv.m sahəsi olan 1 otaqlı 46 №li mənzildə yaşayır. Mənzilin icarədarı X4r. Həmin evdə iddiaçıdan başqa X6, X15 və X17 da qeydiyyatdadır. Göründüyü kimi, iddiaçının və onun ailə üzvlərinin hazırda yaşadığı mənzilin ümumi sahəsi 19,6 kv.m olduğundan, həmin mənzil üzrə adambaşına düşən yaşayış sahəsi təxmini olaraq 4,9 kv.m təşkil edir. Halbuki, iddiaçının yaşadığı mənzildə adambaşına düşən yaşayış sahəsi Qanunla tətbiq olunan minimum normadan aşağıdır. Azərbaycan SSR Nazirlər Sovetinin Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin nümunəvi qaydalarının təsdiq edilməsi haqqında 14 oktyabr 1983-cü il tarixli, 418 saylı qərarının 26-cı bəndinə əsasən yaşayış sahəsi vətəndaşlara, bir qayda olaraq, bir ailə üçün ayrıca mənzil şəklində, Aərbaycan SSR Mənzil Məcəlləsinin müəyyən etdiyi mənzil sahəsi norması həddində, lakin hər adama 8 kvadratmetrdən az olmamaqla verilir. 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 40-ci maddəsinə əsasən, Azərbaycan SSR-də mənzil sahəsi norması adambaşına on iki kvadratmetr müəyyən edilir. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı 3 nəfər ailə üzvü ilə birlikdə 19,6 kv.m. ümumi, hər adama Qanunla tənzimlənən yaşayış normasının 12 kvadratmetrdən az olmaqla 4,9 kv.m.yaşayış sahəsindən ibarət 1 otaqlı mənzildə yaşadığından iddiaçı mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs hesab edilir. Məhkəmə inzibati orqan, yəni hazırki cavabdeh tərəfindən qəbul edilən sərəncamına münasibət bildirərək qeyd edir ki, cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinin 29.10.2019-cu il tarixli sərəncamını qəbul edilən zamanı istinad edilən norma –sərəncamın hüquqi əsasları hazırki qüvvədə olan Mənzil Məcəlləsinin 55-ci maddəsi olmuşdur. Məhkəmə hesab edir ki, sözügedən sərəncamla vət. X14 yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülmüş şəxslərin siyahısından çıxarılsa da, onun ailə üzvülərindən biri olan İddiaçı onun yerinə uçota götürülməsi məsələsi həll edilməmişdir, halbuki 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsi bu məsələnin həllini tələb edir. İnzibati icraat haqqında Qanunun 57.1-ci maddəsinə görə qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Həmin qanunun 58-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir (58.1). İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır (58.2).İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir (58.3). Həmin qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır (67.1). Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər (67.2).Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır (67.3). Cavabdeh orqan isə öz etirazını onunla əsaslandırır ki, X18 mənzil növbəsi oğlu İddiaçı adına qanunamüvafiq qaydada keçirilməmişdir. Məhkəmə hesab edir ki, bu hal da iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, həmin mövcud məsələnin tənzimləyən maddi hüquq nomralarına əsasən, həm də mövcud halda şəxsin 2019-cu ilədək mənzil növbəsi üzrə siyahıda olması hazırki halda iddianın haqlı olması qənaətinə gəlməyə imkan verir. İnzibati icraat haqqında qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt- inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Beləliklə, inzibati orqan hazırki iddiaçını mənzil növbəsinə dayanan vətəndaşlar siyahısına salmaqla və bu barədə dəfələrlə müraciət edənə məlumat verməklə bir növ hakimiyyət tədbiri həyata keçirmişdir. Bu zaman inzibati orqan bunun prosedur qaydasına riayət etməsə də əslində mövcud məsələni tənzimləyən maddi hüquq normalarından da aydın olur ki, mərhum anasının ölməsi halında ailə üzvü kimi (mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilməsi üçün əsaslar aradan qalxmadığından) iddiaçının sözügedən siyahıya salınması qanunsuz olmamışdır. Beləliklə, Məhkəmənin qənaətinə görə, cavabdeh orqan X10 vəfat etmə səbəbi ilə mənzil növbəsindən çıxarsa da, 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 34-cü maddəsini nəzərə almamış və mənzil uçotunda durmuş mərhum X7 oğlunu, yəni hazırki iddiaçını mənzil növbəsinə haqsız olaraq götürməmişdir. Bundan başqa Məhkəmə bir məsələyə də münasibət bildirmək istəyir ki, cavabdeh məhkəmə iclaslarında verdiyi izahatlarda bildirmişdir ki, İddiaçı mənzil növbəsinə götürülməsi ilə bağlı ümumiyyətlə müraciəti olmamışdır. Məhkəmənin bununla bağlı formalaşdırdığı hüquqi mövqeyi odur ki, iddiaçının mənzil növbəsinə götürülməsi üçün ayrıca müraciətinin olması zəruri deyildir (hazırki iş üzrə). Belə ki, “İnzibati icraat haqqında”Qanunun 13.1-ci, 13.3-cü və 13.4-cü maddələrinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. İşin faktiki hallarından görünür ki, cavabdeh inzibati orqan 2005-ci il tarixdən etibarən iddiaçıya mənzil növbəsində olması ilə bağlı vədlər vermiş, bu vədlər isə qanunsuz olmamış, belə ki, həmin dövrdə qüvvədə olan qanunvericiliklə uçotda olan vətəndaşın ölməsi halında ailə üzvlərindən birinin onun yerinə uçota götürülməsi ilə bağlı norma olmuş, şəxsin mənzil növbəsində olması ilə bağlı iddiaçıya müvafiq məktublar ünvanlamış, başqa sözlə desək iddiaçıya yazılı bəyanatlar etmiş, həmçinin “Ümumi və güzəştli əsaslarla” mənzil növbəsinə götürülən vətəndaşların siyahısına salınmış, hətta həmin siyahı cavabdehin rəsmi səhifəsində http://binegedi-ih.gov.az yerləşdirərək, iddiaçını ümidləndirmişdir. Beləliklə Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qəbul edilən 29.10.2019-cu il tarixli, 220 №-li sərəncam ləğv edilməli, vət. X7 vəfat etməsi ilə bağlı onun yerinə İddiaçı 3 nəfər ailə tərkibi ilə birlikdə mənzil növbəsinə götürülməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İddiaçının güzəştli şərtlərlə mənzil növbəsinə götürülməsi ilə bağlı iddia tələbinə münasibətdə isə Məhkəmə hesab edir ki, iddia tələbi “güzəştli şərtlərlə” hissəsində təmin edilməməlidir. Belə ki, hazırki mübahisənin əsasını təşkil edən keçmiş Kirov rayon XDS İKnin (indiki Binəqədi RİH) 15.01.1985-ci il tarixli, 79 saylı qərarı ilə X14 ümumi əsaslarla mənzil növbəsinə götürülmüşdür. Həmçinin, hazırda iddiaçının güzəştli şərtlərlə mənzil növbəsinə götürülməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud olmadığından (MM-nin həm köhnə, həm də yeni redaksiyası) iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partaiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin32.1-ci madəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. Binəqədi Rayon İcra hakimiyyəti başçısının 29.10.2019-cu il tarixli, 220 saylı sərəncamı ləğv edilsin və İddiaçı 3 nəfər ailə tərkibi ilə birlikdə mənzil növbəsinə götürülməsi öhdəliyi cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-794/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-794/2020
19.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver