Məhkəmə qərarları › İş №2-1(112)-794/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-794/2024

30.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-794/2024 30.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclasının katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkili Vəkil, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsininə qarşı “qərarın ləğv edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia tələbi ilə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli **********057100 nömrəli “Vergilərin sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” Qərarının ləğv edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********057100 nömrəli “Vergilərin, sosial siğorta və işsizlik haqqlarının hesablanması barədə” Qərarına əsasən müəssisəyə yanvar 2022-ci il hesabat dövrü üzrə 829466,06 manat məbləğində ƏDV hesablanmışdır. Sözügedən qərar əsassızdır və məhkəmə qaydasında ləğv edilməldir. İlk növbədə, cavabdehlə yaranmış mübahisənin səbəbi cavabdehin müəssisənin kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olmasını qəbul etməməsidir. Belə ki, iddiaçı tərəfindən 2020-2021-ci illər üzrə ümumi dəyəri 9203462,59 manat olan müxtəlif növ kənd təsərrüfatı məhsulları Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təqdim edilmişdir. Həmin məhsullardan 3593277,94 manat dəyərində olan hissəsi daxili qaydada əldə edilmiş 5610184,65 manat dəyərində olan müxtəlif növ bostan bitkiləri isə (kartof, soğan, kök, çuğundur və s) istehsal edilmişdir. İstehsal fəaliyyəti ilə məşğul olmaq üçün cəmiyyətlə X24 arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən sonuncuya məxsus Bərdə rayonu Həsənqaya kəndində yerləşən 25100 kv.m torpaq sahəsi icarəyə götürülmüş və qeyd olunan təsərrüfat subyekti **********9 nömrəli arayış əsasında vergi orqanında uçota alınmışdır. X24 ilə bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən sonuncuya məxsus Bərdə rayonu Həsənqaya kəndində yerləşən 10000 kv m torpaq sahəsi icarəyə götürülmüş və qeyd olunan təsərrüfat subyekti **********0 nömrəli arayış əsasında vergi orqanında uçota alınmışdır. X13 ilə bağlanmış 22 iyun 2021-ci il tarixli icarə müqaviləsinə əsasən sonuncuya məxsus Şəki rayonu, Turan qəsəbəsində yerləşən 18.7 ha torpaq sahəsi icarəyə götürülmüş və qeyd olunun təsərrüfat subyekti **********7 nömrəli arayış əsasında vergi orqanında uçota alınmışdır. X29 ilə bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən sonuncuya məxsus Bərdə rayonu, Həsənqaya kəndində yerləşən 1.6371 ha torpaq sahəsi, X30 ilə bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən sonuncuya məxsus Bərdə rayonu, Həsənqaya kəndində yerləşən 1.62 ha torpaq sahəsi, X29 ilə bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən sonuncuya məxsus Bərdə rayonu, Həsənqaya kəndində yerləşən 2.5107 ha torpaq sahəsi, və X29 ilə bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən sonuncuya məxsus Bərdə rayonu, Həsənqaya kəndində yerləşən 3.4007 ha torpaq sahəsi icarəyə götürülmüşdür. X17 ilə bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən sonuncuya məxsus Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən 200 kv m qeyri-yaşayış sahəsi icarəyə götürülmüş və qeyd olunun təsərrüfat subyekti **********4 nömrəli arayış əsasında vergi orqanında uçota alınmışdır. X25 ilə bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən sonuncuya məxsus ünvan 1 ünvanında yerləşən 21.6 kv m qeyri-yaşayış sahəsi icarəyə götürülmüş və qeyd olunun təsərrüfat subyekti **********9 nömrəli arayış əsasında vergi orqanında uçota alınmışdır. Müəssisənin bostan bitkilərinin əkin-biçini ilə məşğul olmasına dair Bərdə rayon Həsənqaya bələdiyyəsi tərəfindən 17 nömrəli xx.xx.2021-ci il tarixli, 35 nömrəli xx.xx.2021ci il tarixli, Bərdə rayon İcra hakimiyyəti başçısının Həsənqaya kənd ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 748 nömrəli xx.xx.2021-ci il tarixli, 394 nömrəli xx.xx.2021-ci il tarixli və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bərdə X42 Mərkəzi tərəfindən arayış təqdim edilmişdir. Lakin cavabdeh iddiaçı tərəfindən aparılmış əməliyyatları ümumilikdə ƏDV-yə cəlb etmiş, tərəfindən istehsal edilmiş kənd təsərrüfatı məhsullarının təqdim edilməsinə də ədv-yə cəlb olunan əməliyyat kimi yanaşmışdır. Vergi Məcəlləsinin 164.1.18-ci maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr - 2014-cü il yanvarın 1-dən 10 il müddətinə ƏDV-dən azaddır. Eyni zamanda, mövcud hesablama 2022-ci ilin yanvar ayı üzrə aparılmışdır. Halbuki müəssisənin 2022-ci ilin yanvar ayında hər hansı vergi tutulan əməliyyatı olmamışdır. Vergi Məcəlləsinin 166.1-cı maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır: 166.1.1. nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt; Məcəllənin 177.2-ci maddəsinə əsasən ƏDV-nin bəyannaməsi hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq verilir. Məcəllənin 178-ci maddəsinə əsasən ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Bununla belə nəzərə alsaq ki, hesablamanın dövrünə münasibətdə vergi orqanı tərəfindən hər hansı yalnışlığa yol verilməmişdir, bu halda da cavabdeh tərəfindən vergilərin hesablanma qaydası pozulmuşdur. Vergi Məcəlləsinin 153.3-cü maddəsinə əsasən 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləği hesab edilir. Məcəllənin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir. Sadalanan normalarının qarşılıqlı təhlilindən məlum olduğu kimi, müəssisənin apardığı əməliyyatlar üzrə vergi hesablamaları müvafiq olaraq təqdim edilmiş malların dəyəri müəssisənin bank hesabına daxil olduğu ay üzrə aparılmalıdır. Nəzərə alsaq ki, hesablama 2022-ci ilin yanvar ayı üzrə aparılıb, bu zaman hesablama ümumi dövriyyədən deyil, məhz ticarət əlavəsindən hesablanmalı idi. Həmçinin, nəzərə alınmalıdır ki, xx.xx.2023-cü il tarixli **********057100 nömrəli “Vergilərin sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə Qərar qəbul edilməsilə nəticələnən inzibati icraat düzgün aparılmamış və inzibati orqan tərəfindən inzibati icraatın aparılması üçün qanunvericiliklə müəyyən olunmuş prossessual qaydaya əməl edilməmişdir. Belə ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 2022-ci ilin yanvar ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim edilmiş, lakin inzibati orqan həmin bəyannamə üzrə hansı çatışmazlıqların olmasını müəyyən etmədən, bununla bağlı əlavə sənəd, məlumat, izahat və s. tələb etmədən bəyannamə üzrə araşdırmanı iddiaçının iştirakı olmadan aparmış və nəticədə bəyannaməni qəbul etməyərək xx.xx.2023-cü il tarixli **********057100 nömrəli “Vergilərin sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə Qərar əsasında ona 829466,06 manat məbləğində ƏDV hesablamışdır.

3. Cavadeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, uçot-baza məlumatlarına əsasən Cəmiyyətin xx.xx.2020-ci il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına alındığı, xx.xx.2020-ci il tarixdən vergi orqanı tərəfindən məcburi qaydada ƏDV qeydiyyatına qoyulduğu, əsas fəaliyyət növünün “tərəvəz, bostan, kökümeyvəli və köküyumruların becərilməsi”ndən ibarət olduğu müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı Cəmiyyət tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində təqdim edilmiş elektron qaimə fakturalara əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə 2020-ci ildə 2197313,0 manat (ƏDV-si 335183,34 manat), 2021-ci ildə 8413596,56 manat (ƏDV-si 1283429,98 manat), cəmi 10610909,56 manat dəyərində malların təqdim edilməsinə baxmayaraq, xx.xx.2020-xx.xx.2021-ci il tarixədək olan dövr üzrə ƏDV bəyannaməsində təqdim edilmiş malların dəyərinin 3 593 277,83 manat (ƏDV məbləği 646790,01) göstərildiyi, nəticədə minimum dövriyyə üzrə hesablanmalı 1618613,36 manat (10610909,81/1.18x18%) ƏDV məbləğindən 971 823,35 manatın (1618613,36-646790,01) hesablanmadığı müəyyən edilmişdir. Qeyd olunan kənarlaşmalar barədə vergi ödəyicisinə müvafiq olaraq **********430300, **********353800 nömrəli uyğunsuzluq məktubları göndərilmişdir. Vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində cari bəyannamə, yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən müvafiq dövr üzrə 829 466,06 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********057100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Belə ki, uçot-baza məlumatlarının araşdırılması zamanı xx.xx.2020ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində Cəmiyyət tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (VÖEN **********) ümumi dəyəri 10610909,81 manat olan müxtəlif meyvə və tərəvəzlərin (təbii bal, banan, ananas, armud, kartof, pomidor, xiyar, sarımsaq, yerkökü, soğan, çuğundur, kələm, limon, göyərti, mandarin, portağal, qreypfrut, kivi, zəncəfil, qabaq, manqo, badımcan) təqdim edildiyi, bu dövr ərzində "xxxx" MMC-dən (VÖEN **********) 3205899,58 manat (ƏDV-si 576994,33 manat) dəyərində meyvətərəvəzlərin, "X32" MMC-dən (VÖEN **********) 11500,0 manat (ƏDV-si 2070,0 manat) dəyərində 1 ədəd mebel dəstinin, "xxxx" ASC-dən (VÖEN **********) 8,47 manat (ƏDV-si 1,53 manat), "xxxx" Siğorta Şirkəti ASC-dən (VÖEN **********) 376,35 manat dəyərində elektron qaimə-fakturaların əldə edildiyi müəyyən edilmişdir. Cəmiyyət tərəfindən 2021-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlirlər 7837452,88 manat, o cümlədən malların təqdim edilməsindən 3200798,05 manat, gəlirlər üzrə azadolmalar və güzəştlər 4636654,83 manat, gəlirin əldə edilməsi ilə bağlı ümumi xərclər 3268855,59 manat, o cümlədən malın dəyəri 3194014,72 manat, bəyannamənin 1 nömrəli əlavəsində hesabat dövrünün sonuna mal qalığının 0,0 manat olduğu bəyan edilmişdir. Vergi ödəyicisi tərəfindən elektron qaimə-fakturalarla əldə edilmiş və təqdim edilmiş malların çeşidi, miqdarı araşdırılan zaman kənarlaşmaların olduğu müəyyən edilmişdir. Belə ki, Cəmiyyət elektron qaimə-faktura ilə 546529,97 kq banan almasına baxmayaraq, 106139,89 kq təqdim etmiş (qalıq 440390,08 kq), 386978,87 kq limon almasına baxmayaraq, 16060,0 kq təqdim etmiş (qalıq 370918,87 kq), 332316,05 kq portağal almasına baxmayaraq, 40102,0 kq təqdim etmiş (qalıq 292214,05 kq), 108452,5 kq mandarin almasına baxmayaraq, 32500,0 kq təqdim etmiş (qalıq 75952,5 kq), 93806,0 kq ananas almasına baxmayaraq, 22920,0 kq təqdim etmiş (qalıq 70886,0 kq), 58106,0 kq badimcan almasına baxmayaraq, 3487,0 kq təqdim etmiş (qalıq 54619,0 kq), 40593,0 kq zəncəfil almasına baxmayaraq, 5500,0 kq təqdim etmiş (qalıq 35093,0 kq), 33580,0 kq kivi almasına baxmayaraq, 6500,0 kq təqdim etmiş (qalıq 27080,0 kq), 32934,0 kq qreypfrut almasına baxmayaraq, 7400,0 kq təqdim etmiş (qalıq 25534,0 kq), 28364,0 kq armud almasına baxmayaraq, 12071,62 kq təqdim etmiş (qalıq 16292,38 kq), 14131,0 kq qabaq almasına baxmayaraq, 4700,0 kq təqdim etmiş (qalıq 9431,0 kq) və 2674,0 kq manqo almasına baxmayaraq, 1637,0 kq təqdim etmişdir (qalıq 1037,0 kq). Həmçinin, ümumi dəyəri 377653,98 manat (ƏDV-si 67977,78 manat) olan 40882,0 kq bibər (rəngli), 19885,0 kq avokado, 14499,0 kq bibər, 14173,5 kq albalı, 12315,0 kq gül kələmi, 11645,98 kq bibər (dolma), 9960,0 kq brokkoli, 8665,0 kq kərəviz, 7077,79 kq ərik, 4348,0 kq lobya, 3440,0 kq gilas, 3412,0 kq gavali, 2250,0 kq üzüm, 1760,0 kq yemiş, 1393,0 kq kəvər (soğan), 1145,0 kq nar, 1138,57 kq qaragilə, 804,0 kq şallot, 801,5 kq laym, 689,0 kq kahı, 576,0 kq çin kələmi, 336,99 kq kokos, 207,0 kq şirin kartof, 200,0 kq brüssel kələmi, 72,0 kq qarağat, 60,0 kq pitayya, 50,0 kq fizalis, 40,0 kq qulançar, 30,0 kq həvəs çiçəyi, 25,0 kq mangostan məhsullarının alınmasına baxmayaraq bu malların satışı üzrə elektron qaimə- fakturaların təqdim edilmədiyi müəyyən edilmişdir. Eyni zamanda araşdırma zamanı, 1654183,89 kq adları məlum olmayan “kənd təsərüfatı məhsulu" kimi qeyd olunmuş malların, 2961,0 kq göyərti, 4876,8 kq təbii bal, 167107,0 kq pomidor, 4981354,0 kq kartof, 995069,0 kq soğan, 671218,0 kq yerkökü, 377665,0 kq çuğundur, 113417,88 kq sarımsaq, 82753,0 kq xiyar məhsulunun alışını təsdiq edən sənədlərin olmadığı müəyyən edilmişdir. İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə xx.xx.2022-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli **********343600 nömrəli) və xx.xx.2022- ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli **********525700 nömrəli) inzibati şikayətlərlə müraciət etmiş, “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********197300 saylı qərar qəbul edilmiş, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********730700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı inzibati şikayətdə və iddia ərizəsində kənd təsərrüfatı mallarının istehsalı ilə məşğul olduğunu, təqdim edilmiş malların bir hissəsinin Bərdə rayonu, Həsənqaya kəndi ərazisində X8 3.51 ha torpaq sahəsini, X9 7,5485 ha torpaq sahəsini, X10 1,62 ha torpaq sahəsini, Şəki rayonu, Turan qəsəbəsi ərazisində X6 18,7 ha torpaq sahəsini, Neftçala rayonunda X11 0,7 ha torpaq sahəsini icarəyə götürməklə becərildiyini qeyd etmişdir. Lakin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Bərdə X42 Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktubda X12 yonca, X14 buğda, X15 buğda məhsulunun əkilib becərilməsi barədə məlumatların X28 İnformasiya Sisteminə daxil etdiklərini qeyd etmişdir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Şəki X42 Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktubda X7 payızlıq arpa bitkisinin əkilib becərilməsi barədə məlumatların X28 İnformasiya Sisteminə daxil etdiyini qeyd etmişdir. Eyni zamanda 11 saylı Ərazi Vergilər Baş İdarəsinin işçiləri tərəfindən X7 nümayəndəsi (atası) Cavanşir Qurbanovun iştirakı ilə xx.xx.2021-ci il əkin sahəsinə baxış keçirilmiş, baxış zamanı qeyd olunan ərazidə faktiki olaraq taxıl məhsulunun əkildiyi, meyvə bağlarının olmadığı, tərəvəz əkilmədiyi müəyyən edilmiş və bu hal müvafiq olaraq aktla rəsmiləşdirilmişdir. Həmçinin, X31 tərəfindən təqdim edilmiş izahatda Neftçala rayonunda ona məxsus torpaq sahəsinin olmadığını bildirmiş, Neftçala rayonu İcra Hakimiyyəti Başçısının Bankə qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktubda X18 məxsus Neftçala rayonu Bankə qəsəbəsində torpaq sahəsinin olmadığı qeyd edilmişdir. Eyni zamanda uçot-baza məlumatlarının və bəyannamə göstəricilərinin araşdırılması zamanı Cəmiyyət tərəfindən xx.xx.2022-ci il tarixdə 2021-ci ilin dekabr ayı üzrə təqdim edilmiş cari ƏDV bəyannaməsində 4703378,97 manat, o cümlədən ƏDV-dən azad olunan dövriyyə 1502580,92 manat, ƏDV-yə cəlb olunan dövriyyə məbləği 3200798,05 manat (ƏDV-si 576143,65 manat), əvəzləşdirilən dövriyyə məbləği 3194014,72 manat (ƏDV-si 574922,65 manat) bəyan edilməklə 1221,0 manat büdcəyə hesablama aparıldığı müəyyən edilmişdir. Daha sonra Cəmiyyət tərəfindən xx.xx.2022-ci il tarixdə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan hesabat aylarına, yəni 13 ay üzrə dəqiqləşdirilmiş ƏDV bəyannamələri təqdim edilərək 18% dərəcə ilə ƏDV-yə cəlb olunan dövriyyə məbləğlərinin 392479,89 manat (ƏDV-si 70646,38 manat) artıraraq 3593277,94 manat (ƏDV-si 646790,01 manat), ƏDV-dən azad olunan dövriyyə məbləğlərinin 2843521,48 manat artıraraq 4346102,40 manat bəyan edilmiş, həmçinin elektron qaimə-fakturalarla əldə edilmiş mallara görə ödənilmiş 574922,65 manat ƏDV məbləğlərinin (əsas dəyəri 3194014,75 manat) hissələrlə əvəzləşdirilən dövriyyəyə daxil etdiyi müəyyən edilmişdir. Əlavə olaraq araşdırma zamanı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə Cəmiyyətin banklarda hesablaşma hesabına 9860879,45 manat vəsaitlərin daxil olduğu müəyyən edilmişdir. Beləliklə, Cəmiyyətin Bərdə rayonu, Həsənqaya kəndində, Şəki rayonu, Turan qəsəbəsində və Neftçala rayonunda icarəyə götürülmüş torpaq sahələrində kənd təsərrüfatı məhsullarının əkilib becərildiyini bildirməsinə baxmayaraq, torpaq sahələrini icarəyə vermiş şəxslərin faktiki olaraq taxıl, yonca bitkilərinin əkildiyini və X42 Mərkəzlər tərəfindən təqdim edilmiş məktublarda "xxxx" MMC-nin X28 İnformasiya Sistemində heç bir məlumat bəyan etmədiyini, əkin sahəsinə baxış zamanı faktiki olaraq taxıl məhsulunun əkildiyini, Cəmiyyət tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalı (meyvə və tərəvəz) ilə məşğul olması faktının inzibati araşdırma ilə təsdiqlənməmişdir.

4. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli №**********057100 nömrəli qərara əsasən vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 829.466,06 manat məbləğdə əlavə vergi hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, uçot baza məlumatlarına əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində təqdim edilmiş e-qaimə fakturalara əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə 2020-ci ildə 1264082,0 manat (ƏDVsi 192826,06 manat), 2021-ci ildə 8413596,56 manat (ƏDV-si 1283429,98 manat), cəmi 9677678,56 manat dəyərində malların təqdim edilməsinə baxmayaraq, 2021-ci ilin dekabr ayının ƏDV, bəyannaməsində təqdim edilmiş malların dəyərinin 3776941,70 manat (ƏDVsi 576143,65 manat) göstərildiyi, nəticədə minimum dövriyyə üzrə kənarlaşma yaranmışdır.

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Apellyasiya Şurasının 99 nömrəli xx.xx.2022-ci il tarixli qərarına əsasən qərara alınmışdır:

1. Hüquqi şəxs "xxxx" MMC-nin inzibati şikayəti təmin edilməsin.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” 16 avqust 2022-ci il tarixli **********197300 nömrəli və Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********925300 nömrəli “Vergilərin sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” qərarları dəyişdirilmədə saxlanılsın.

6. İş materiallarında olan icarə müqavilələri: - 01 oktyabr 2020-ci il tarixli icarə müqaviləsinə əsasən İcarəyə verən - X24 ona məxsus olan Bərdə rayonu, Həsənqaya kəndində yerləşən 25100 kv.m torpaq sahəsini İcarəyə götürənə - "xxxx" MMC-yə icarəyə verir. İcarə müddəti xx.xx.2020-ci ildən xx.xx.2022-ci il tarixədək müəyyən edilir. - 10 sentyabr 2020-ci il tarixli icarə müqaviləsinə əsasən İcarəyə verən - X30 ona məxsus olan Bərdə rayonu, Həsənqaya kəndində yerləşən 0.5 ha torpaq sahəsini İcarəyə götürənə - "xxxx" MMC-yə icarəyə verir. İcarə müddəti xx.xx.2020-ci ildən xx.xx.2022-ci il tarixədək müəyyən edilir. - 08 sentyabr 2020-ci il tarixli icarə müqaviləsinə əsasən İcarəyə verən - X29 ona məxsus olan Bərdə rayonu, Həsənqaya kəndində yerləşən 1.6371 ha torpaq sahəsini İcarəyə götürənə - "xxxx" MMC-yə icarəyə verir. İcarə müddəti xx.xx.2020-ci ildən xx.xx.2022-ci il tarixədək müəyyən edilir. - 16 sentyabr 2020-ci il tarixli icarə müqaviləsinə əsasən İcarəyə verən - X29 ona məxsus olan Bərdə rayonu, Həsənqaya kəndində yerləşən 1.62 ha torpaq sahəsini İcarəyə götürənə - "xxxx" MMC-yə icarəyə verir. İcarə müddəti xx.xx.2020-ci ildən xx.xx.2022-ci il tarixədək müəyyən edilir. - 21 sentyabr 2020-ci il tarixli icarə müqaviləsinə əsasən İcarəyə verən - X29 ona məxsus olan Bərdə rayonu, Həsənqaya kəndində yerləşən 2.5107 ha torpaq sahəsini İcarəyə götürənə - "xxxx" MMC-yə icarəyə verir. İcarə müddəti xx.xx.2020-ci ildən xx.xx.2022-ci il tarixədək müəyyən edilir. - 14 oktyabr 2020-ci il tarixli icarə müqaviləsinə əsasən İcarəyə verən - X29 ona məxsus olan Bərdə rayonu, Həsənqaya kəndində yerləşən 3.4007 ha torpaq sahəsini İcarəyə götürənə - "xxxx" MMC-yə icarəyə verir. İcarə müddəti xx.xx.2020-ci ildən xx.xx.2022-ci il tarixədək müəyyən edilir. - 01 oktyabr 2020-ci il tarixli icarə müqaviləsinə əsasən İcarəyə verən - X24 ona məxsus olan Bərdə rayonu, Həsənqaya kəndində yerləşən 10000 kv.m – 1 ha torpaq sahəsini İcarəyə götürənə - "xxxx" MMC-yə icarəyə verir. İcarə müddəti xx.xx.2020-ci ildən xx.xx.2022-ci il tarixədək müəyyən edilir.

7. Kənd Təsərrüfatı Nazirliyi Bərdə X42 Mərkəzinin arayışına əsasən "xxxx" MMC Həsənqaya kəndində X16 məxsus kənd təsərrüfatı təyinatlı torpaqda bostan bitkilərinin əkib-becərilməsi fəaliyyəti ilə məşğuldur.

8. Bərdə rayon Həsənqaya bələdiyyəsinin: - xx.xx.2021-ci il tarixli arayışına əsasən "xxxx" MMC Həsənqaya ərazisində X24 bostan bitkilərinin əkib-becərilməsi ilə məşğuldur. - xx.xx.2021-ci il tarixli arayışına əsasən "xxxx" MMC istehsalat ərazisində kənd təsərrüfatı məhsullarının (kartof, çuğundur, kök, soğan) əkib-becərilməsi ilə məşğuldur.

9. Bərdə rayon İcra Hahimiyyəti Başçısının Həsənqaya kənd inzibati dairəsi üzrə nümayəndəliyinin: - xx.xx.2021-ci il tarixli arayışına əsasən "xxxx" MMC istehsalat ərazisində kənd təsərrüfatı məhsullarının (kartof, çuğundur, kök, soğan) əkib-becərilməsi ilə məşğuldur. - xx.xx.2021-ci il tarixli arayışına əsasən "xxxx" MMC Həsənqaya kəndində X16 məxsus kənd təsərrüfatı təyinatlı torpaqda bostan bitkilərinin əkib-becərilməsi ilə məşğuldur. - 02.12.2021-ci il tarixli arayışına əsasən Bərdə rayonu Həsənqaya kəndində X12 mülkiyyətində olan 2.51 və 1.0 ha torpaq sahələri Agro Food 17 MMC-yə (VÖEN **********) icarəyə verilmiş və həmin torpaq sahələrində 2020-ci ildə taxıl bitkiləri becərilmişdir. - xx.xx.2022-ci il tarixli arayışına əsasən Agro Food 17 MMC-nin icarəyə götürdüyü X16 məxsus 3.50 ha torpaq sahəsində 2020 ci ilin oktyabr ayından 2021-ci ilin sonuna qədər taxıl məsulları əkilmişdir. - xx.xx.2022-ci il tarixli arayışına əsasən Agro Food 17 MMC-nin icarəyə götürdüyü X19 məxsus 1.62 ha torpaq sahəsində 2020-2021-ci illər ərzində buğda məhsulları əkilmişdir. - xx.xx.2022-ci il tarixli arayışına əsasən Agro Food 17 MMC-nin icarəyə götürdüyü X20 məxsus 7.5 ha torpaq sahəsində 2020-2021-ci illər ərzində buğda məhsulları əkilmişdir. - xx.xx.2022-ci il tarixli arayışına əsasən Agro Food 17 MMC-nin icarəyə götürdüyü X16 məxsus 3.50 ha torpaq sahəsində 2020-2021-ci illər ərzində buğda məhsulları əkilmişdir.

10. Neftçala rayonu İcra Hakimiyyəti Başçısının Bankə qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 5 saylı Ərazi Vergilər İdrəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, X21 (AA 2021700) məxsus Bankə qəsəbəsi ərazisində torpaq sahəsi yoxdur.

11. Kənd Təsərrüfatı Nazirliyi Bərdə X42 Mərkəzinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, “ünvan 3 sakini X1 Kənd Təsərüfatı İnformasiya Sistemində 2020-2021-ci il üçün 2.51 ha yonca və 1.00 ha yonca cəmi 3.51 ha sahədə yonca bəyanı vermişdir. 2020-2021-ci il mövsümü yonca üzrə məhsuldarlıq 1 ha üzrə təxmini 600 ədəd yonca kipi olmaqla 3.51 ha sahədən 2106 ədəd yonca kipi götürmüşdür. ünvan 3 sakini X3 Kənd Təsərüfatı İnformasiya Sistemində 2020- 2021-ci il üçün: 1.63 ha buğda, 2.51 ha buğda və 3.40 ha buğda cəmi 7.54 ha sahədə buğda bəyanı vermişdir. 2020-2021-ci il mövsümü buğda üzrə məhsuldarlıq rayon üzrə 1 ha sahədə 45.4 sentner olmaqla 7.54 ha sahədən 34.2 ton buğda məhsulu götürmüşdür. ünvan 3 sakini X4 Kənd Təsərüfatı informasiya Sistemində 2020-2021-ci il üçün: 1.62 ha buğda bəyanı vermişdir. 2020-2021-ci il mövsümü buğda üzrə məhsuldarlıq rayon üzrə 1 ha sahədə 45.4 sentner olmaqla 1.62 ha sahədən 7.3 ton buğda məhsulu götürmüşdür. Əlavə olaraq bildiririk ki, "xxxx" MMC X33 informasiya sistemiqdə bəyan üçün heç vaxt müraciət etməmişdir.”

12. Kənd Təsərrüfatı Nazirliyi Şəki X42 Mərkəzinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, 2020-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq X28 informasiya Sistemi (EKTİS) üzərindən həyata keçirilir. Həmin Qaydanın 3.8-ci bəndinə əsasən fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə (1 sentyabr-30 dekabr) torpaq sahəsindən istifadə hüququna dair sənədləri və əkinləri barədə məlumatları EKTİS-ə daxil etməlidirlər. “AGRO FOOD-17’’MMC X28 İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçmədiyi üçün 2020-2021-ci əkin ilində əkin bəyanları haqqında məlumat aşkar edilməmişdir. X2 2021-ci ilin məhsulu üçün 2020-ci ilin payızında 18 70 hektar torpaq sahəsində payızlıq arpa bitkisi üzrə bəyan etmişdir.

13. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

14. Məhkəmənın şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi G.Məmmədova iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verməklə onun təmin olunmasını xahiş etdi.

İİ. İddianın növü və mümkünlüyü

15. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

16. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisələndirilən qərar inzibati aktdır.

17. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

18. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır.

19. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır, iddia mümkündür.

İİİ. Məhkəmənin mövqeyi

20. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli **********057100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar mübahisələndirilir.

21. xx.xx.2023-cü il tarixli **********057100 nömrəli Qərar: Bəyannamə və hesabat növü: ƏDV; Bəyannamə və hesabat dövrü: Yanvar 2022

22. Qərar onunla əsaslandırılmışdır ki, uçot baza məlumatlarına əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində təqdim edilmiş e-qaimə fakturalara əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə 2020-ci ildə 1264082,0 manat (ƏDVsi 192826,06 manat), 2021-ci ildə 8413596,56 manat (ƏDV-si 1283429,98 manat), cəmi 9677678,56 manat dəyərində malların təqdim edilməsinə baxmayaraq, 2021-ci ilin dekabr ayının ƏDV, bəyannaməsində təqdim edilmiş malların dəyərinin 3776941,70 manat (ƏDVsi 576143,65 manat) göstərildiyi, nəticədə minimum dövriyyə üzrə kənarlaşma yaranmışdır.

23. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, vergi ödəyicisinin 2022-ci ilin yanvar ayında hər hansı vergi tutulan əməliyyatı olmamışdır.

24. Azərbaycan Respublikası Vergi Məcəlləsinin:

12. Vergilərin müəyyən edilməsinin əsas şərtləri 12.1. Vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: 12.1.1. vergitutma obyekti; 12.1.2. vergitutma bazası; 12.1.3. vergi dövrü; 12.1.4. vergi dərəcəsi; 12.1.5. verginin hesablanması qaydası; 12.1.6. verginin ödənilməsi qaydası və müddəti.

25. Bundan başqa vergi orqanı tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (13 ay) olan dövr ərzində araşdırma aparılıb. Lakin hesablama 2022-ci ilin yanvar ayı üzrə aparılmışdır. Yəni 13 ay ərzində hansı ayda kənarlaşmanın yaranması vergi orqanı tərəfindən qeyd edilməmiş və 2022-ci ilin yanvar ayında hər hansı vergi tutulan əməliyyatı olmamasına baxmayraq həmin ay üzrə hesablama aparılmışdır.

26. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır: 166.1.1. bu Məcəllənin 16.1.8-ci maddəsində göstərilən, nəzarət-kassa aparatı tətbiq edilməli olan fəaliyyət növləri istisna olmaqla digər fəaliyyət növləri üzrə nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin onun bank və digər ödəniş hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt; 166.7. Bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz və ya ƏDV məbləğinin dəyərinin ödənilməsi nəzərdə tutulur. 177.2. ƏDV-nin bəyannaməsi hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq verilir.

178. ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır.

27. Həmçinin iddiaçının şəxsi hesab vərəqəsindən müəyyən edilir ki, vergi ödəyicisi xx.xx.2022-ci il tarixdə xx.xx.2023-cü il tarixli **********057100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarla mübahisələndirilən 13 ayın dəqiqləşdirilmiş bəyannaməsini təqdim etmişdir. Vergi orqanı tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində 9 kameral vergi yoxlaması keçirilmiş, dəqiqləşmiş bəyannamələr qəbul edilmiş və sözügedən pozuntular aşkar edilməmiş, bundan sonra xx.xx.2023-cü ildə qərar qəbul edilmişdir.

28. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir.

29. Bundan başqa vergi orqanının xx.xx.2023-cü il tarixli **********057100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarının 6-cı sətrində “bu qərara əsasən ləğv edilmiş əvvəlki qərar barədə məlumat (**********925300, xx.xx.2022)” qeyd edilsə də, vergi orqanın xx.xx.2022-ci il tarixli qərarı iş materialları ilə müəyyən edilmədi.

30. Məhkəmə hesablamanın mahiyyətinə gəldikdə isə qeyd edir ki, iddiaçı tərəfindən 2020- 2021-ci illər üzrə ümumi dəyəri 9203462,59 manat olan müxtəlif növ kənd təsərrüfatı məhsulları Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təqdim edilmişdir. Həmin məhsullardan 3593277,94 manat dəyərində olan hissəsi daxili qaydada əldə edilmiş 5610184,65 manat dəyərində olan müxtəlif növ bostan bitkiləri isə (kartof, soğan, kök, çuğundur və s) istehsal edilmişdir.

31. İş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi istehsal fəaliyyəti ilə məşğul olmaq üçün iddiaçı 2020-ci ilin müxtəlif tarixlərində icarə müqavilələri bağlamışdır.

32. Kənd Təsərrüfatı Nazirliyi Bərdə X42 Mərkəzinin arayışında görünür ki, "xxxx" MMC Həsənqaya kəndində X16 məxsus kənd təsərrüfatı təyinatlı torpaqda bostan bitkilərinin əkib-becərilməsi fəaliyyəti ilə məşğuldur.

33. İddiaçının istehsal fəaliyyəti ilə məşğul olması halı Bərdə rayon Həsənqaya bələdiyyəsinin arayışı ilə də təsdiq edilir. Belə ki, bələdiyənin: - xx.xx.2021-ci il tarixli arayışına əsasən "xxxx" MMC Həsənqaya ərazisində X24 bostan bitkilərinin əkib-becərilməsi ilə məşğuldur. - xx.xx.2021-ci il tarixli arayışına əsasən "xxxx" MMC istehsalat ərazisində kənd təsərrüfatı məhsullarının (kartof, çuğundur, kök, soğan) əkib-becərilməsi ilə məşğuldur.

34. Eyni zamanda, Bərdə rayon İcra Hahimiyyəti Başçısının Həsənqaya kənd inzibati dairəsi üzrə nümayəndəliyinin: - xx.xx.2021-ci il tarixli arayışına əsasən "xxxx" MMC istehsalat ərazisində kənd təsərrüfatı məhsullarının (kartof, çuğundur, kök, soğan) əkib-becərilməsi ilə məşğuldur. - xx.xx.2021-ci il tarixli arayışına əsasən "xxxx" MMC Həsənqaya kəndində X16 məxsus kənd təsərrüfatı təyinatlı torpaqda bostan bitkilərinin əkib-becərilməsi ilə məşğuldur.

35. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 159.1. Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir.

164. Vergi ödəməkdən azad edilmə 164.1. Malların ixracından başqa, malların təqdim edilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsinin aşağıdakı növlərindən, habelə idxalın aşağıdakı növlərindən ƏDV tutulmur: 164.1.18. kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr - 2014-cü il yanvarın 1-dən 13 il müddətinə

36. Cavabdeh iddiaya qarşı etirazında qeyd etmişdir ki, Cəmiyyətin Bərdə rayonu, Həsənqaya kəndində, Şəki rayonu, Turan qəsəbəsində və Neftçala rayonunda icarəyə götürülmüş torpaq sahələrində kənd təsərrüfatı məhsullarının əkilib becərildiyini bildirməsinə baxmayaraq, torpaq sahələrini icarəyə vermiş şəxslərin faktiki olaraq taxıl, yonca bitkilərinin əkildiyi və X42 Mərkəzlər tərəfindən təqdim edilmiş məktublarda "xxxx" MMCnin X28 İnformasiya Sistemində heç bir məlumat bəyan etmədiyi, əkin sahəsinə baxış zamanı faktiki olaraq taxıl məhsulunun əkildiyi müəyyən olunmuş, Cəmiyyət tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalı (meyvə və tərəvəz) ilə məşğul olması faktı inzibati araşdırma ilə təsdiqlənməmişdir.

37. Həmçinin cavabdeh məhkəməyə iddiaçının da daha öncə təqdim etdiyi arayışları təqdim edərək bildirmişdir ki, Bərdə rayon İcra Hahimiyyəti Başçısının Həsənqaya kənd inzibati dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışına əsasən Agro Food 17 MMCnin icarəyə götürdüyü X16 məxsus 3.50 ha torpaq sahəsində 2020 ci ilin oktyabr ayından 2021-ci ilin sonuna qədər taxıl məsulları əkilmişdir. Lakin nümayəndəliyin: - xx.xx.2022-ci il tarixli arayışına əsasən Agro Food 17 MMC-nin icarəyə götürdüyü X19 məxsus 1.62 ha torpaq sahəsində 2020-2021-ci illər ərzində buğda məhsulları əkilmişdir. - xx.xx.2022-ci il tarixli arayışına əsasən Agro Food 17 MMC-nin icarəyə götürdüyü X20 məxsus 7.5 ha torpaq sahəsində 2020-2021-ci illər ərzində buğda məhsulları əkilmişdir. - xx.xx.2022-ci il tarixli arayışına əsasən Agro Food 17 MMC-nin icarəyə götürdüyü X16 məxsus 3.50 ha torpaq sahəsində 2020-2021-ci illər ərzində buğda məhsulları əkilmişdir.

38. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflərin təqdim etdiyi Bərdə rayon İcra Hahimiyyəti Başçısının Həsənqaya kənd inzibati dairəsi üzrə nümayəndəliyinin müxtəlif tarixlərdə imzaladığı arayışlar bir-birinə zidd olmaqla iş üzrə sübüt kimi qəbul edilə bilməz.

39. X39 İnkişaf Mərkəzlər tərəfindən təqdim edilmiş məktublarda "xxxx" MMC-nin X28 İnformasiya Sistemində heç bir məlumat bəyan etmədiyi ilə bağlı məhkəmə bildirir ki, iddiaçının məlumatın bəyan etməməsi, onun kənd təsərrüfatı məhsullarının istehsalı (meyvə və tərəvəz) ilə məşğul olmaması anlamına gəlmir. Belə ki, iddiaçı tərəfindən torpaq sahələri icarəyə götürülmüş və qeyd edilən təsərrüfat subyektləri arayışlar əsasında vergi orqanında uçota alınmışdırlar.

40. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin normaları işin faktiki hallarına düzgün tətbiq edilməmiş, bununla da işin faktiki və hüquqi hallarına düzgün qiymət verilməmişdir, beləliklə, iddia tələbi əsaslı və qanunauyğun olduğu üçün təmin edilməli, “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********057100 nömrəli “Vergilərin sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” Qərarı ləğv edilməlidir.

41. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

42. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

43. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********057100 nömrəli “Vergilərin sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” Qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar