Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7940/2023 18.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “dayandırılmış əmək pensiyasının bərpa edilməsi və dayandırıldığı gündən alınmamış pensiyanın ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı dayandırılmış əmək pensiyasının bərpa edilməsi və dayandırıldığı tarixdən almadığı pensiyasının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1988-ci ildən zərərli işdə - daş karxanasında (karyer) işləmişdir. Zərərli sahədə çalışdığı üçün 57 yaşından ona əmək pensiyası təyin olunmuşdur. Zərərli işlə bağlı 2017-ci ildən (1 il 8 ay ərzində) pensiya almışdır. Daha sonra isə pensiyası kəsilmişdir. Səbəb olaraq isə sosial sığorta kartında pul olmaması göstərilmişdir. Qeyd edir ki, bu onun səhvi deyildir. O, faktiki olaraq, zərərli sahədə işləmiş və əmək kitabçasında da qeyd etdikləri öz əksini tapmışdır. Dayandırılmış əmək pensiyasının bərpa edilməsi üçün cavabdeh inzibati orqana müraciət etsə də, hərəkətsizlik göstərilmiş və onun müraciətinə cavab verilməmişdir. Odur ki, müddəti gözləməklə, inzibati məhkəmədə işi mübahisələndirmək hüququ vardır.
3. İddiaçı tərəfindən eyni tələblə xx.xx.2023-cü il tarixdə cavabdeh quruma müraciət edilmiş, cavabdeh tərəfindən cavab verilməmişdir.
4. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin aparılmış araşdırma nəticəsində aşkar edilmişdir ki, onun xx.xx.2006-cı il tarixdən sonra işlədiyi “Mərhəmət” kiçik müəssisəsində işlədiyi dövrlərə dair heç bir sosial sığorta haqqı ödənilməmişdir. Cavabdeh Filial tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli **********9 nömrəli məktubda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun mövcud olmadığı və bu səbəbdən əmək pensiyasının dayandırıldığı bildirilmişdir. xx.xx.1956-cı il təvəllüdlü İddiaçı xx.xx.2013-cü il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün isə Qanunda göstərilmiş iki şərt ödənilməlidir: ümumi iş stajının 25 il olması; güzəştli iş stajının 12 il 6 ay olması; Lakin iddiaçının sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsində təsbit olunmuş normada müəyyən edilmiş şərtləri ödəməmişdir. Belə ki, iddiaçının ümumi iş stajı 25 ildən az, güzəştli iş stajı isə 12 il 6 aydan az təşkil etmişdir. İddiaçının əmək kitabçasındakı qeydlərə əsasən xx.xx.2006-ci il tarixədək 23 il 3 ay ümumi iş stajı və 8 il 8 ay 29 gün güzəştli iş stajı vardır. Onun xx.xx.2006-cı il tarixdən sonra işlədiyini iddia etdiyi “Mərhəmət” kiçik müəssisəsi məcburi dövlət sosial sığorta haqlarını ödəmədiyi üçün 2006-2014-cü illərin sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı xx.xx.2006-cı il tarixdən sonrakı dövrlərdə “Mərhəmət” kiçik müəssisəsində işlədiyini iddia etsə də, Elektron "Sığorta Alt Sistemi”ndə onun məcburi dövlət sığorta haqlarını ödəməsi ilə bağlı heç bir məlumat aşkar edilməmişdir. Beləliklə, iddiaçının ümumi iş stajı 25 ildən az və güzəştli iş stajı 12 il 6 aydan az olduğu üçün ona ödənilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi qanunamüvafiq hesab edilmir.
5. Məhkəmənin sorgusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2023-cü il tarixli sığortaolunanın hesabı haqqında məlumatda qeyd edilmişdir: Dövr 2012 oktyabr-2012 dekabr Cəmi gəlir: 200,00 Cəmi hesablanmış: 50,00 Cəmi ödənilmiş: 50,00 Pensiya kapitalı: 77,06
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin təmin edilməsini xahiş etdi.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
8. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).
9. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).
10. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəasi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı haqqında Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra-Filial) “Əmək pensiyaları haqqında” Azərbaycan Respubikası Qanununun 9-cu və 20-ci maddələrində nəzərdə tutlan şəxslərin pensiyalarının təyin edilməsini, hərbi qullluqçuların və Qanunun 3.3-cü maddəsinə uyğun olaraq hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxslərin dövlət sosial sığorta sistemində fərdi uçotunu və onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsini, habelə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxil olan ödənişlərin uçotunun aparılması mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış struktur qurumudur. Əsasnamənin 1.6-cı bəndinə əsasən, Filial Bakı şəhərində yerləşir. Beləliklə, filial inzibati orqandır.
12. İPM-in 34.1-cü maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
13. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
14. Hazırkı iş üzrə iddiaçının tələbi dayandırılmış pensiyanın bərpa edilməsi və dayandırılan dövr üzrə ödənilməmiş pensiyanın verilməsidir.
15. İşin araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, daha sonra isə pensiya ödənişi dayandırılmışdır.
16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.
18. Məhkəmə hesab edir ki, müvafiq əsaslar olduqda pensiyanın hüququ olmayan şəxsə təyin edilməsi halında vurulmuş zərərin əvəzi hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti qaydasında tələb oluna bilər.
IV. Qeyd edilənlərin hazırki işə tətbiqi
19. Məhkəmə qeyd edir ki, cavabdeh qurumun hərəkətləri iddiaçının hüquqlarını pozur, ona görə də pensiyanın dayandırıldığı tarixdən bərpa edilməsi cavabdehin üzərinə vəzifə olaraq qoyulmalıdır.
20. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. - 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. - 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər.
21. Göründüyü kimi inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur.
22. Qeyd etmək lazımdır ki, "İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, yalnız həmin qanunla müəyyən edilmiş prosedurlara əməl olunmaqla və şərtlər əsasında ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh öz qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.
23. İşin hallarına əsasən, iddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür, ona xx.xx.2013-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilmişdir, səbəb kimi iddiaçının xx.xx.2006-cı il tarixdən sonra “Mərhəmət” kiçik müəssisəsində işlədiyi dövrlərə dair heç bir sosial sığorta haqqı ödənilmədiyindən güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun mövcud olmadığını göstərməklə, xx.xx.2019-cu il tarixli məktubla əmək pensiyasının dayandırıldığı bildirilmişdir.
24. Halbuki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir.
25. Məhkəmə hesab ki, iddiaçıya əmək pensiysının təyin edilən zaman DSMF orqanının qəbul etdiyi qərar əlverişli inzibati akt sayılır. Cavabdeh iddiaçının əmək pensiyası məbləğinin azaldılması ilə “İnzibati icraat haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunlarını pozmuşdur.
26. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tərixli, 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.1ci il bəndinə əsasən əmək pensiyaları aşağıdakı hallarda yenidən hesablanır: 6.1.1. Qanunun 29.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi artırıldıqda; 6.1.2. Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrində nəzərdə tutulmuş hallarda; 6.1.3. Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə münasibətdə əməkhaqqı, dövlət məvacibi və təminat xərcliyi artdıqda; 6.1.4. əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə; 6.1.5. Qanunun 29.2-ci maddəsində nəzərdə tutulmuş hallarda; 6.1.6. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
27. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
28. Göründüyü kimi şəxsin razılığı olmadığı təqdirdə inzibati orqanın öz təşəbbüsü ilə pensiyadan tutmaya dair hərəkətlərin aparılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Müvafiq tutulma pensiyaçının razılığı olmadığı təqdirdə məhkəmə qərarı əsasında həyata keçirilə bilər. İşin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh orqan tərəfindən penisya ödənişinin dayandırılması və artıq ödəmənin tutulmasına iddiaçının müvafiq razılığının olduğu müəyyən edilmir, artıq alınmış pensiya məbləğinin iddiaçıdan cavabdehə qaytarılması barədə məhkəmə qərarı da mövcud deyil. Odur ki, həmin hərəkətlər qanunsuz hesab edilərək iddiaçının razılığı olmadan tutulmuş pensiya məbləği iddiaçıya geri qaytarılmalıdır.
29. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması barədə qərarın ləğv edilməsi, geri çagırılması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab edilməsi barədə inzibati akt mövcud deyil. Belə ki, inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.
30. Beləliklə, pensiyanın dayandırılması nəticəsində iddiaçı bir gündən digərinə yeganə gəlir mənbəyini təşkil edən pensiyasının tamamilə itirilməsi ilə üzləşmişdir və məhkəmə iddiaçının həmin dəyişikliyə uyğunlaşmağının perspektivlərinin zəif olduğunu hesab edir. Pensiya təyin olunarkən iddiaçının təqsirli hərəkətlərinin olduğu cavabdeh tərəfindən iddia edilmir. Məhkəmə eyni zamanda qeyd edir ki, pensiyanın dayandırılması ilə bağlı inzibati orqan hər hansı qərar qəbul edilmədən faktiki olaraq pensiya ödənişini dayandırmışdır.
31. Məhkəmə bu qərarda ifadə edilmiş yanaşmanı nəzərə alaraq hesab edir ki, işin konkret hallarına əsasən pensiyasının ödənilməsinin dayandırılması nəticəsində cəmiyyətin ümumi mənafeyinin tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlıq təmin edilməmiş və ərizəçinin üzərinə qoyulan yük həddindən artıq olmuşdur.
32. Məhkəmə qeyd edir ki, pensiyanın hesablanması zamanı riyazi səhvə yol verildikdə artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulmasına dair qanunvericinin mövqeyi aydın ifadə olunub. Buna baxmayaraq, inzibati orqan birtərəfli qaydada pensiya ödənişini dayandırmışdır.
33. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının fərdi vəziyyətinə uyğun olaraq pensiyasının ödənilməsinin dayandırılması və onun tərəfindən artıq ödənilmiş hesab edilən pensiya məbləği fərqinin ödənilməsi iddiaçının qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnmişdir.
34. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsinin dayandırıldığı tarixdən bərpa edilməsi və dayandırıldığı gündən almadığı pensiyasının ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva