Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7942/2025 03.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bağırova Hicran Firudin qızı, X8 və X11 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi və mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxs X4 nümayəndəsi-vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bağırova Hicran Firudin qızı, X8 və X11 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi və mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus Səbail rayonu, Salyan şosesi 12 ünvanında yerləşən torpaq sahəsinə aid koordinatlar üzrə cavabdeh tərəfindən Bağırova Hicran Firudin qızının və X4 adına aparılmış mülkiyyətə dair qeydiyyatın etibarsız hesab olunaraq qeydiyyat əsasında verilən çıxarışın və texniki pasportların ləğv edilməsi, Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 12 ünvanında yerləşən torpaq sahəsinə dair müvafiq çıxarışın və texniki pasportun iddiaçıya verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə ilə məhkəməyə müraciət etmiş, “iddiaçıya məxsus Səbail rayonu, Salyan şosesi 12 ünvanında yerləşən torpaq sahəsinə aid koordinatlar üzrə cavabdeh tərəfindən Bağırova Hicran Firudin qızının və X4 adına aparılmış mülkiyyətə dair qeydiyyatın ləğv edilməsi, həmin qeydiyyat əsasında verilən xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli və xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışların və xx.xx.2014-cü il tarixli, AA 064877 nömrəli və xx.xx.2014-cü il tarixli, AA 064924 nömrəli texniki pasportların etibarsız hesab edilməsi; Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 12 ünvanında yerləşən torpaq sahəsinə dair müvafiq çıxarışın və texniki pasportun iddiaçıya verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra xx.xx.2025-ci il tarixdə iddiaçı (nümayəndəsi və vəkili vasitəsilə) yenidən məhkəməyə İPM-cü 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, İddiaçı məxsus Səbail rayonu, Salyan şossesi 12 ünvanında yerləşən torpaq sahəsinə aid koordinatlar üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti tərəfindən verilmiş Bağırova Hicran Firudin qızının mülkiyyət hüququna dair ********** nömrəli və X4 mülkiyyət hüququna dair ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatların, həmin qeydiyyatlar əsasında verilən şəhadətnamələrin, çıxarışların və texniki pasportların ləğv edilməsi və Səbail rayonu, Salyan şossesi 12 ünvanında yerləşən torpaq sahəsinə münasibətdə İddiaçı mülkiyyət hüququna dair müvafiq Çıxarış və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının müraciəti əsasında Səbail rayonu, Salyan şosesi 12 ünvanındakı 1200 kv.m. torpaq sahəsinin özəlləşdirilməsinə dair Səbail Bələdiyyəsi tərəfindən 2005-ci il 27 dekabr tarixli, 532 saylı qərar qəbul edilmişdir. Sözügedən torpaq sahəsinin özəlləşdirilməsi üçün 4992 (dörd min doqquz yüz doxsan iki) manat məbləğində maliyyə vəsaiti Səbail Bələdiyyəsinin hesabına köçürülmüş və bu fakt 064546 saylı kassa mədaxil qəbzində öz əksini tapmışdır. Sözügedən qərar və kassa mədaxil qəbzi əsasında iddiaçı ilə Səbail Bələdiyyəsi arasında torpaqların alqı-satqısına dair akt tərtib edilmişdir. Həmçinin, Səbail Bələdiyyəsinin Ərazi İnkişaf Daimi Komissiyası tərəfindən ona sözügedən torpaq sahəsinin planı təqdim edilmişdir. Son vaxtlar məlum olmuşdur ki, iddiaçıya ayrılan qanuni torpaq sahəsi tamamilə qanunsuz olaraq iş üzrə üçüncü şəxslər Bağırova Hicran Firudin qızının və X4 adına əsassız qeydiyyata alınmışdır. Halbuki, Hicran Bağırova və Tapdıq Əmiraslanov Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli, 7-4830/17 saylı razılıq məktubu əsasında Səbail Bələdiyyəsi tərəfindən xx.xx.2004-cü il tarixində müvafiq olaraq 234 və 235 saylı Sərəncamlar qəbul edilmiş və məhz Səbail rayon, Salyan şosesi 32 ünvanında hər birinə ayrılıqda 600 kv.m torpaq sahəsi verilmişdir. Bununla belə, həmin şəxslərə ayrılan torpaq sahəsi iddiaçıya aid torpaq sahəsindən təxminən 12 kilometr uzaqda yerləşən Səbail rayon, Salyan şosesi 32 ünvanında olmasına baxmayaraq, onlara iddiaçıya aid torpaq sahəsinin koordinatları üzrə mülkiyyətə dair çıxarış verilmişdir. Məsələnin aydınlaşdırılması və yaranmış şübhələrin aradan qaldırılması məqsədi ilə Səbail Rayon Bələdiyyəsinə Səbail rayon, Salyan şosesi 32 ünvanında yerləşən torpaq sahəsinin kimlərə məxsus olması ilə bağlı xx.xx.2021-ci il tarixində müraciət ünvanlamış, həmin müraciətə 09 avqust 2021-ci il tarixində təqdim edilmiş cavab məktubunda xx.xx.2004-cü il tarixli 233/234/235 saylı sərəncamlar əsasında Səbail rayon, Salyan şosesi 32 ünvanında X9, Bağırova Hicran Firudin qızı və X4 hər birinin adına 600 kv.m torpaq sahəsinin sənədləşdirildiyi bildirilmişdir. Beləliklə, məlum olmuşdur ki, ona ayrılan qanuni torpaq sahəsi tamamilə qanunsuz olaraq üçüncü şəxslər adına əsassız qeydiyyata alınmışdır. Belə ki, üçüncü şəxslərə ayrılan torpaq sahəsi ona aid torpaq sahəsindən təxminən 12 kilometr uzaqda yerləşən Səbail rayon, Salyan şosesi 32 ünvanında olmasına baxmayaraq, onlara ona aid torpaq sahəsinin koordinatları üzrə mülkiyyətə dair Çıxarış verilmişdir. Üçüncü şəxslərin ünvanı Səbail rayonu, Salyan şosesi 32 ünvanına aid olsa da, həmin çıxarışlara aid olan texniki pasportlarda göstərilmiş ərazi səhvən və ya bilərəkdən Salyan şosesi 32 ünvanına aid ərazinin cizgilərinə deyil, Salyan şosesi 12 ünvanına aid olan ərazinin cizgilərinə aiddir. Nəticə etibarı ilə Salyan şosesi 12 ünvanındakı ərazinin plan-cizgiləri əsasında Salyan şosesi 32 ünvanına aid Çıxarış verilmişdir. Həmçinin, mübahisəli həmin torpaq sahəsi, yəni Salyan şössesi 12 ünvanında yerləşən iddiaçının torpaq sahəsinin bir neçə yüz metr yaxınlığında Bakı Baş Gömrük İdarəsi yerləşir və onun ünvanı Salyan şosesi 11-dir. Üçüncü şəxslərin ərazisi, yəni Salyan şosesi 32 isə Bakı Baş Gömrük İdarəsindən 3-4 kilometr aralıda yerləşir. Həmçinin, mübahisəli həmin torpaq sahəsi, yəni Salyan şosesi 12 ünvanında yerləşən iddiaçının torpaq sahəsi yaxınlığında Homebridge və Schlumberger şirkətləri yerləşir. Həmin şirkətlərin ünvanı isə müvafiq olaraq Salyan şosesi 14-cü km və Salyan şosesi 10-dur. Bu hallar sübut edir ki, mübahisəli torpaq sahəsinin ünvanı Salyan şössesi 12-dir. Bu torpaq sahəsinə Salyan şosesi 32 ünvanına aid texniki pasport çıxarılması tamamilə qanunsuzdur. Salyan şosesi 12 ünvanında yerləşən torpaq sahəsinin plan cizgiləri əsasında Salyan şosesi 32 ünvanına texpasport və çıxarış verilə bilməz. Göründüyü kimi, Salyan şosesi 32 ünvanına aid çıxarış faktiki olaraq aid olmalı olduğu ərazi ilə üst-üstə düşmədiyi üçün, yəni çıxarışın verilmə əsası əsassız olduğu üçün çıxarış hüquqi mahiyyətini itirmiş hesab olunmaqla etibarsız hesab edilməlidir. Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 12 ünvanında ona ayrılan qanuni torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, imtina cavabı almışdır. Üçüncü şəxslərin daşınmaz əmlakın dövlət qeydiyyatı üçün əsas yalnız sözügedən sərəncamlar ola bilər ki, həmin sərəncamlarda da ona məxsus Səbail rayonu, Salyan şosesi 12 ünvanında yerləşən torpaq sahəsi deyil, məhz Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən torpaq sahəsi qeyd edilmişdir. Üçüncü şəxslər tərəfindən DƏDRX-dən çıxarış əldə edilərkən sözügedən qurum tərəfindən texniki səhvə yol verilmiş və onun koordinatları 32 yerinə 12 yazılmışdır. Bu baxımdan üçüncü şəxslərə məxsus daşınmaz əmlaka dair çıxarışlarda məhz iddiaçıya məxsus torpaq sahəsinin ünvanı qeyd edilmişdir. Sözügedən sərəncamlardan, eləcə də ona məxsus torpaq sahəsinə dair plan sxemdən də göründüyü kimi nə torpaq sahələrinin planlarında, nə də faktiki ünvanlarında heç bir oxşarlıq və eynilikdən söhbət gedə bilməz. Üçüncü şəxslərə məxsus torpaq sahələri ilə iddiaçıya məxsus torpaq sahələri tamamilə fərqli ünvanlarda yerləşməkdədir. Qeyd edilmiş hallardan bir daha sübut edir ki, əslində Səbail rayonu, Salyan şosesi 12 ünvanına aid koordinatda yerləşən torpaq sahəsinə dair üçüncü şəxslərə təqdim edilmiş Çıxarışların heç bir qanuni əsası mövcud deyildir və bu səbəbdən də etibarsız hesab edilməlidir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Bağırova Hicran Firudin qızı və X8 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilmiş və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2022-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2022-ci il tarixdə cavabdeh inzibati orqan DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********07 №-li iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim olunmuşdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X11 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, eyni zamanda iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri üçüncü şəxsə təqdim olunaraq, iddiaya qarşı öz münasibətini (etiraz) yazılı şəkildə məhkəməyə təqdim etmək təklif olunmuşdur. Üçüncü şəxslər – Bağırova Hicran Firudin qızının və X6 iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim olunmamışdır. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazları): DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı münasibəti (etirazı) onunla əsaslandırılmışdır ki, elektron kadastr məlumatına əsasən ayrılmış torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar olunmamışdır. Həmçinin, iddiaçı tərəfindən göstərilən torpaq sahəsi digər fiziki şəxsin (X11) mülkiyyətindədir. Bundan başqa, təqdim edilən Səbail Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 532 nömrəli qərarında torpaq sahəsinin hansı məqsədlə ayrılması qeyd olunmamışdır. Həmçinin, təqdim olunan alqısatqı aktı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq olunmamışdır. İddia tələbində qeyd edilən Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən torpaq sahəsinin bir hissəsi (0,6 ha olmaqla) JN-16464H nömrəli şəhadətnamə əsasında Bağırova Hicran Firudin qızının adına ilkin qeydiyyatdan keçmiş, iddia tələbində qeyd edilən müvafiq torpaq sahəsinin digər hissəsi (0,6 ha olmaqla) JN- 16463H nömrəli şəhadətnamə əsasında X4 adına ilkin qeydiyyatdan keçmişdir. xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Bağırova Hicran Firudin qızı Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən 600 kv.m torpaq sahəsini, X8 xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən 600 kv.m torpaq sahəsini (faktiki 520 kv.m) X1. X11 xx.xx.2022-ci il tarixli ərizə ilə müvafiq torpaq sahələrinin və onlara bitişik 0,6 ha torpaq sahəsinin birləşdirilərək ümumilikdə 1720 kv.m torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli elektron çıxarış almışdır. Müvafiq torpaq sahələri hal-hazırda X6 mülkiyyətindədir. Üçüncü şəxsin iddia tələbinə dair yazılı mülahizəsi (etirazları): Üçüncü şəxs X4 nümayəndəsi və vəkili iddiaya dair etirazında bildirilmişdir ki, İddiaçı alqı-satqı müqaviləsini, protokol və kassa mədaxil qəbzinin həqiqiliyini təsdiq edən arxiv sənədlərini məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə tərəfindən Milli Arxiv İdarəsinə sorğu ünvanlanmış və Səbail Bələdiyyəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi təsbit olunmuşdur. İddiaçı bu məsələyə müxtəlif bəhanələr gətirərək guya ki, sənədlərin Azərbaycan Respublikasının Baş Prokurorluğunda olduğunu bildirmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna da sorğu göndərilmişdir. Lakin bir nəticə əldə edilməmişdir. Alqı-satqı müqaviləsi natamam tərtib edilmişdir. Səbail rayon Bələdiyyəsinin 27 dekabr 2005-ci il tarixli 532 nömrəli qərarı, torpaqların alqı-satqısına dair tarixsiz, kimin imzalanması bəlli olmayan aktı və 05 mart 2008-ci il tarixli, 064546 saylı qəbzləri bir-biri ilə ziddiyyət təşkil edir. Səbail rayon Bələdiyyəsinin müvafiq qərarı ilə torpaq 27 dekabr 2005-ci il tarixində ayrılmışdır. Tarixsiz, nömrəsiz alqı-satqı aktında 05 mart 2008-ci il tarixli 064546 saylı qəbzə istinad edilərək vəsaitin əvvəlcədən ödənildiyi qeyd edilmişdir. Lakin Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən əldə edilən və qəbzin üzərindəki məlumatlardan aydın olur ki, tarixsiz, nömrəsiz və kim tərəfindən imzalanması bəlli olmayan alqı-satqı aktında qeyd edilən xx.xx.2008-ci il tarixli, 064546 saylı qəbz 2008-ci ilin mart ayında nəşr edilmişdir. Müqavilə bağlanan zaman müqaviləni bağlayanlar haradan bilirdilər ki, 2008-ci ildə 064546 saylı qəbz nəşr ediləcəkdir? İş üzrə üçüncü şəxslər Bağırova Hicran Firudin qızına və X5 məxsus alqı-satqı müqavilələri, eləcə də çıxarışlar mövcuddur. Həmin sənədlər həm üçüncü şəxslər tərəfindən, həm də Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən məhkəməyə təqdim edilmişdir. İşə Bakı İnzibati Məhkəməsində baxılaraq xüsusi qərardad çıxarılmaqla saxta sənədləri tərtib edən şəxslərin əməllərinə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməlidir. Üçüncü şəxslərin nümayəndəsi göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-253/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(103)-2920/2024 saylı qərardadı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-253/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-253/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin mümkün hesab edilərək baxılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2025-ci il tarixli, 2- 1(103)-1182/2025 saylı qərardadı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-253/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh inzibati orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və idda ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Üçüncü şəxs X4 nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında daiddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ. İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Apellyasiya instansiyası Məhkəməsinin hazırk iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadında göstərilmişdir ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur (Bənd 32). İPM-nin 87.7-cu naddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblərlə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materiallarında olan: Bakı şəhəri Səbail Bələdiyyəsinin “Bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin vət. H.F. Bağırovanın mülkiyyətinə verilməsi barədə” xx.xx.2004-cü il tarixli, 234 №-li sərəncamından müəyyən olunur ki, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 7-4830/17 №-li razılıq məktubuna əsasən Bakı şəhəri, Səbail rayonu, ünvan 18 ünvanda fərdi ev tikintisi üçün vət.Bağırov Hicran Firudin qızına göstərilmiş cizgi əsasında 600 kv.metr torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri Səbail Bələdiyyəsinin “Bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin vət. T.Ə.Əmiraslanovun mülkiyyətinə verilməsi barədə” xx.xx.2004-cü il tarixli, 235 №-li sərəncamından müəyyən olunur ki, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 7-4830/17 №-li razılıq məktubuna əsasən Bakı şəhəri, Səbail rayonu, ünvan 18 ünvanda fərdi ev tikintisi üçün vət.X5 göstərilmiş cizgi əsasında 600 kv.metr torpaq sahəsi ayrılmışdır. xx.xx.2004-cü il tarixdə verilmiş JN-16462H, KOD ******* “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən müəyyən olunur ki, Bakı şəhəri Səbail Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 233 №-li sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi üçün X5 ayrılmış Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi X4 mülkiyyətinə verilmişdir. xx.xx.2004-cü il tarixdə verilmiş JN-16464H, KOD ******* “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən müəyyən olunur ki, Bakı şəhəri Səbail Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 234 №-li sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi üçün Bağırova Hicran Firudin qızına ayrılmış Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi Bağırova Hicran Firudin qızının mülkiyyətinə verilmişdir. xx.xx.2004-cü il tarixdə verilmiş JN-16463H, KOD ******* “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən müəyyən olunur ki, Bakı şəhəri Səbail Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 235 №-li sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi üçün X5 ayrılmış Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi X4 mülkiyyətinə verilmişdir. Səbail rayon bələdiyyəsinin “Səbail rayonu ərazisində olan 1200 kv.metr torpaq sahəsinin vət.İddiaçı adına sənədləşdirilməsi barədə” 27 dekabr 2005-ci il tarixli 532 saylı qərarına əsasən, Səbail rayonu, Salyan şosesi,12 ünvanda yerləşən bələdiyyə ərazisinə məxsus 1200 kv.m torpaq sahəsi əlavə olunmuş çizgi əsasında alqı-satqı qaydasında İddiaçı adına sənədləşdirilməsi qərar alınmışdır. Torpaqların alqı-satqısına dair akta əsasən, ünvan 21 ünvanda yaşayan İddiaçı (AZE № 02627664 Sabunçu RPİ xx.xx.2004-cü il tarixdə verilib) Səbail bələdiyyəsinə torpaq sahəsinin ayrılması barədə müraciət etmiş, ərizəyə bələdiyyənin iclasında baxılmış müvafiq rəy verilmiş, bələdiyyə ərazisində 1200 kv.m torpaq sahəsi satılması barədə 2005ci il 27 dekabr tarixli 532 saylı qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən 4992 manat haqq ödənilmişdir (qəbz 064546). Akt bələdiyyə sədri Ə.Hüseynov və İddiaçı imzaları ilə, bələdiyyənin və müvafiq torpaq şöbəsinin möhürü ilə təsdiq edilmişdir; Bələdiyyə tərəfindən tərtib edilmiş İddiaçı adına sənədləşdirilməsi nəzərdə tutulmuş 1200 kv.m torpaq sahəsinin planına əsasən, torpaq sahəsi 40x30 m. təşkil edir. Səbail rayon Səbail bələdiyyəsinin seriya Bİİ nömrə 004546, 05 mart 2008-ci il tarixli kassa mədaxil orderinin qəbzinə əsasən, İddiaçı torpaq alqısı üçün 4992 manat mədaxil edilmişdir; Seriya RX, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən, Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, 32-də yerləşən 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi Bağırova Hicran Firudin qızının adına ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2014-cü il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır; Seriya RX, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən, Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, 32–də yerləşən 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi X4 adına ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2014-cü il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır; xx.xx.2019-cu il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən X2 Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən ümumi sahəsi 0,06 ha torpaq sahəsini X3 mülkiyyətinə verir; xx.xx.2019-cu il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən Satıcı Bağırova Hicran Firudin qızı Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən ümumi sahəsi 0,06 ha torpaq sahəsini X3 mülkiyyətinə verir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi: ... Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. ... Maddə 178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: ... Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi. ... Maddə 47. Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ 1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. ... Maddə 56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) ... Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. .... Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. .... Maddə 7. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; (çıxarılmışdır) 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə: Bənd 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) ... Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. .... Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. .... Maddə 7. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; (çıxarılmışdır) 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Azərbaycan Respublikası Prezidentinin "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx.xx.2001-ci il tarixli 548 nömrəli Fərmanı: Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu .... Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. ... Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. ... Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri. ... Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. .... Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. .... Maddə 19.1. Daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: ... Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; ... Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar ... Maddə 13. Etimad hüququnun qorunması prinsipi. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. … Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. ... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı ... 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. MƏHKƏMƏNİN MÖVQEYİ İşin faktiki hallarından müəyyən olunur ki, hazırda iddiaçının hüquqi marağı və məqsədi iki hissədən ibarətdir;
1. İddiaçı məxsus Səbail rayonu, Salyan şossesi 12 ünvanında yerləşən torpaq sahəsinə aid koordinatlar üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti tərəfindən verilmiş Bağırova Hicran Firudin qızının mülkiyyət hüququna dair ********** nömrəli və X4 mülkiyyət hüququna dair ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatların, həmin qeydiyyatlar əsasında verilən şəhadətnamələrin, çıxarışların və texniki pasportların ləğv edilməsi;
2. Səbail rayonu, Salyan şossesi 12 ünvanında yerləşən torpaq sahəsinə münasibətdə İddiaçı mülkiyyət hüququna dair müvafiq çıxarış və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İlkin olaraq məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçı Səbail rayon bələdiyyəsinin 27 dekabr 2005-ci il tarixli 532 saylı qərarı ilə ona ayrılmış Səbail rayonu, Salyan şosesi,12 ünvanda yerləşən bələdiyyə ərazisinə məxsus 1200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının realizə edə bilməsi üçün üçüncü şəxslərin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində aparılmasına əsas olmuş sənədlərin ləğv edilməsinə nail olmalıdır. Belə ki, işin faktiki hallarından müəyyən olunur ki, Bakı şəhəri Səbail Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli müvafiq sərəncamları əsasında Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 7-4830/17 №-li razılıq məktubuna əsasən Bağırova Hicran Firudin qızına və X5 Bakı şəhəri, Səbail rayonu, ünvan 18 ünvanda fərdi ev tikintisi üçün 600 kv.metr torpaq sahəsi ayrılmışdır. Daha sonra bələdiyyə qərarları əsasında üçüncü şəxslərə ayrılmış torpaq sahələri üzərindən sonuncuların mülkiyyət hüquqları qeydiyyata alınaraq, Azərbaycan Respublikası Dövlət Torpaq Xəritə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələr verilmişdir. Bu isə onu deməyə əsas verir ki, üçüncü şəxslərin xx.xx.2004-cü il tarixdə mübahisə predmeti olan torpaq sahəsinə dair mülkiyyət hüquqları artıq dövlət qeydiyyatına alınmışdır. Mülkiyyət hüququnun toxunulmazlığı prinsipi nəzərə alınaraq qeyd edilməlidir ki, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və mülkiyyətçi olaraq torpaq sahəsi üzərində sərbəst şəkildə sahiblik, istifadə və sərəncam hüquqlarına malikdir. Lakin iddiaçıya Səbail rayonu, Salyan şosesi 12 ünvanda yerləşən bələdiyyə ərazisi kimi 1200 kv.m torpaq sahəsi isə Səbail rayon bələdiyyəsinin 27 dekabr 2005-ci il tarixli 532 saylı qərarı əsasında ayrılmışdır. Başqa sözlə desək, iddiaçıya Səbail Bələdiyyəsinin 27 dekabr 2005-ci il tarixli 532 saylı qərarı əsasında torpaq sahəsi ayrılan zaman artıq həmin torpaq sahələri üzərində üçüncü şəxslərin mülkiyyət hüquqları səlahiyyətli dövlət orqanı tərəfindən tanınmışdır. Bu kontekdə qeyd edilməlidir ki, bələdiyyə torpaqları üzərində hər hansı hüququn həyata keçirilməsi Azərbaycan Respublikasının qanunvericiliyində xüsusi qaydalarla tənzimlənir. Bu torpaqlar yerli özünüidarəetmə orqanlarının – bələdiyyələrin balansında olan əraziləri əhatə edir və onların istifadəsi, icarəyə verilməsi və ya mülkiyyətə keçirilməsi qanuni əsaslarla mümkündür. Qeyd olunmalıdır ki, bələdiyyə torpaqları üzərində mülkiyyət, icarə və ya istifadə hüququ, qanun çərçivəsində həm cəmiyyətin maraqlarını, həm də fərdi mülkiyyət hüququnu təmin edən vacib mexanizmdir. Bu mexanizm isə daha dəqiq desək, torpaq sahələrinin ayrılması proseduru “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən, müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Həmin Qanunun 4-cü maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək, müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətlərinə aiddir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Yuxarıda istinad edilən normalardan aydın olur ki, bələdiyyə yalnız mülkiyyətində olan torpaq sahəsi üzərində sərəncam vermək səlahiyyətinə malikdir və yalnız mülkiyyətində olan torpaq sahəsini qanunvericiliyə uyğun olaraq qanuni istifadəyə verə bilər. Göründüyü kimi mübahisəli torpaq sahəsi Səbail bələdiyyəsinin qərarı əsasında iddiaçıya ayrılsa da, iddia olunan torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmamış və üçüncü şəxslərin mülkiyyət hüquqları səlahiyyətli orqan tərəfindən tanınmışdır. Qeyd olunanlar isə onu deməyə əsas verir ki, bələdiyyə qərarları hüquqların dövlət qeydiyyatına alınması üçün hüquqmüəyyənedici xüsusiyyətinə malik olsa da, məhz iddia olunan torpaq sahəsi ilə bağlı iddiaçıda mövcud olan sənədin digər şəxslərin adına olan sənədlərə münasibətdə mötəbərliyi öz təsdiqini tapmamışdır. Eyni zamanda məhkəmə həm də onu qeyd edir ki, bələdiyyənin mülkiyyətində olmayan torpaq sahəsinin hər hansı fiziki şəxsə ayrılması barədə sərəncam qəbul edilməsi iddiaçının mülkiyyət hüquqlarının realizə etməsinə əsas ola bilməz. Məhkəmə həm Mülki Məcəllədə, həm də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda təsbit edilmiş reyestrin həqiqiliyi prezumpsiyasını rəhbər tutaraq bildirir ki, qeydə alınmış hüquqların həqiqiliyinin əksi sübut edilməyənədək həmin hüquqlar olduğu kimi qəbul edilməlidir. Oxşar yanaşma N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 mart 2020-ci il tarixli qərarında da qeyd edilmişdir: “Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur.” Beləliklə hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilmişdir İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev