Məhkəmə qərarları › İş №2-1(112)-7945/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7945/2022

20.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7945/2022 20.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hərbi xidmətdən ehtiyata buraxılma” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hərbi xidmətdən ehtiyata buraxılma” tələbinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Müdafiə Nazirliyinin, Hərbi Hava Qüvvələri Komandanlığının (950 №-li hərbi hissənin) və N №-li hərbi hissənin vəzifəli şəxslərinin iddiaçının xx.xx.2022-ci il tarixli raportunun və xx.xx.2022-ci il tarixli şikayət ərizəsinin cavablandırılmamasında ifadə olunan hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi və onun xx.xx.2022-ci il tarixli raportuna əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün müvafiq təqdimatın N №-li hərbi hissədən yuxarı komandanlığa göndərilməsinin təmin edilməsi və həmin raportuna uyğun olaraq “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) hərbi xidmətdən ehtiyata buraxılması vəzifəsinin cavabdeh AR Müdafiə Nazirliyinə həvalə olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 1994-1997-ci illərdə kursant kimi həqiqi hərbi xidmət keçmiş, 1997-ci il tarixdən bu günədək N №-li hərbi hissədə mayor hərbi rütbəsində zabit kimi həqiqi hərbi xidmət keçir. O, xx.xx.2022-ci il tarixdə komanda üzrə hərbi hissə komandirinə raportla müraciət edərək “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) hərbi xidmətdən ehtiyata buraxılması haqqında yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Raport xx.xx.2022-ci ıl tarixdə "xxxx" MMC vasitəsi ilə göndərilmiş və hərbi hissənin kargüzarlığında qeydiyyata alınmışdır. Hərbi hissə komandiri onun ehtiyata buraxılması üçün yazdığı raportun üzərinə müvafiq dərkənar qoymuş və həmin raport xx.xx.2022-ci il tarixdə qərar qəbul edilməsi üçün yuxarı instansiyaya-Hərbi Hava Qüvvələri Komandanlığına göndərilmişdir. Lakin raporta mahiyyəti üzrə baxılmamış, baxılmamasının səbəbləri barədə ona heç bir rəsmi məlumat verilməmişdir. Bundan sonra o, etibarnamə üzrə nümayəndəsi vasitəsi ilə xx.xx.2022-ci il tarixdə AR Müdafiə Nazirinə və AR Müdafiə Nazirinin müavini-Hərbi Hava Qüvvələri Komandanına şikayət ərizəsi ilə müraciət edərək xx.xx.2022-ci il tarixli raportuna əsasən Azərbaycan Respubrikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün müvafiq təqdimatın N №-li hərbi hissədən yuxarı komandanlığa göndərilməsinin təmin edilməsi və həmin raportuma uyğun olaraq onun “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) hərbi xidmətdən ehtiyata buraxılması üçün müvafiq göstəriş verilməsini xahiş etmişdir. Lakin bu günədək bu müraciətləri də cavabsız və nəticəsiz qalmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə üzrə N nömrəli hərbi hissə və N nömrəli hərbi hissə adi cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçının “İddiaçı xx.xx.2022-ci il tarixli raportuna əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün müvafiq təqdimatın 843№li hərbi hissədən yuxarı komandanlığa göndərilməsinin təmin edilməsi və həmin raporta uyğun olaraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) hərbi xidmətdən ehtiyata buraxılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsi” barədə iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar olunmuş tərəflər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı mayor İddiaçı xx.xx.1979-cu il tarixdə anadan olmuşdur. 1997-ci ildə Ali Hərbi Təyarəçilik Məktəbini bitirmişdir Həmin vaxtanda Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir və hal-hazırda Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin müavini-bölmə rəisi vəzifəsində xidmət edir. İddiaçı mayor İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrin tərkibində 20 ildən artıq müddətdə zabit heyəti vəzifələrində xidmət edir və buna görə də kifayət qədər təcrübəli zabitdir. Eyni zamanda mayor İddiaçı peşəkar və təcrübəli zabit olduğunu, Azərbaycan Respublikası Müdafiə Nazirliyin müvafiq hərbi hissələrində ixtisasına uyğun hazırlanmış savadlı kadr olduğunu nəzərə alaraq, onun barəsində ehtiyata buraxılmağa dair qərar qəbul edilməmişdir. Bundan başqa, “Hərbi xidmət haqqında'' Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə görə dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın son yas həddi kiçik zabitlər (o cümlədən, mayor, polkovnik-leytenant hərbi rütbəsində olanlar) üçün 48 yaş həddi müəyyən edilmişdir. Göründüyü kimi, həqiqi hərbi xidməti davam etdirməsini istisna edən əsaslar olmadığı halda,mayor hərbi rütbəsində olan hərbi qulluqçular 48 yaşa yəni həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatana kimi hərbi xidmətdə qala bilərlər. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq hərbi hissələrində ixtisasına uyğun istifadə olunmaq üçün zabitlər 10 il müddətində peşəkar bir zabitə çevrilir, yüksək səviyyəli təcrübə toplayır, öz vəzifəsi üzrə praktik vərdişlər əldə edir, hərbi xidmət zamanı yiyələndiyi bilik, təcrübə və bacarıqlarından gənc zabitlərin hazırlanmasında böyük rolu olur. Azərbaycan Ordusu tərkibində 10 ildən artıq müddətdə zabit heyəti vəzifələrində xidmət etmiş hərbi qulluqçuların könüllü olaraq ehtiyata buraxılmaq arzusunu hal-hazırda məhkəmə qətnamələri əsasında həyata keçirilməsi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin peşəkar, təcrübə toplamış zabitlərin itirilməsi gənc zabitlərin hazırlıq prosesində mənfi nəticələrə gətirib çıxarar. Bu da Azərbaycan Ordusuda peşəkar zabit kadrlarının böyük çatışmazlığına gətirib çıxaracaqdır. Nəticədə, Azərbaycan Respublikasının mənafeyinin, suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin müdafiəsi üçün yaradılmış Azərbaycan Ordusu qarşısında Azərbaycan Respublikası Prezidenti-Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı tərəfindən qoyulan əmr və tapşırıqların tam, dəqiq və vaxtında yerinə yetirilməsinə təsir göstərə bilər.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - İddiaçının N nömrəli hərbi hissəyə ünvanlanan xx.xx.2022-ci il tarixli Raportunun surəti. - İddiaçının cavabdeh inzibati orqana müraciətinin və müraciətini təsdiq edən poçt qəbzinin surəti. - İddiaçı AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti. - N nömrəli hərbi hissənin N nömrəli Arayışı. - N nömrəli hərbi hissənin N nömrəli məktubu. - N nömrəli hərbi hissə tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktub və ona əlavə edilmiş sənədlər.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə hazırkı iddianın İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulan iddia növünə aid olduğunu və iddiaçının ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. İPM-in 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İPM-in 39.1-ci maddəsinə əsasən inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. Odur ki, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəflər iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini mümkün saymışdır. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən)

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İşin faktiki hallarından müəyyən edilir ki, iddiaçı xx.xx.1994-cü il tarixdən Azərbaycan Ordusunda və xx.xx.1997-ci il tarixdən N nömrəli hərbi hissədə həqiqi hərbi xidmətdədir. İddiaçı xx.xx.2022-ci il tarixli Raportla cavabdeh orqana müraciət edərək, onun Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarından “Hərbi Xidmətkeçmə Haqqında” əsasnamənin 156-cı maddəsinin “J” bəndinə (öz arzumla) əsasən ehtiyata buraxılması üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. N nömrəli hərbi hissənin N nömrəli məktubu ilə bildirilmişdir ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu mayor İddiaçı öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün komanda üzrə raportla müraciət etmişdir. Hərbi Hava Qüvvələrinin qərargahında müraciətinə baxılmışdır və onunla fərdi söhbətlər aparılmışdır. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaq səbəbləri öyrənildikdən sonra aidiyyəti üzrə qərar qəbul edilməsi üçün Hərbi Hava Qüvvələrinin rəhbərliyinə məruzə edilmişdir. Xidmət sahəsindəki xüsusiyyətlərini, uçuş təcrübəsini və bu sahədə təcrübəli mütəxəssis olduğunu nəzərə alaraq onun həqiqi hərbi xidmətdən ehtiyata buraxılması məqsədəuyğun hesab edilməmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin göstərişinə əsasən zabitlərin öz arzuları ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaları bir qayda olaraq Azərbaycan Ordusunda yay və qış təlim dövrləri (yanvar, iyul) qurtardıqdan sonra aparılmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq mayor İddiaçı öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması məsələsinə cari ilin iyul ayında müzakirə olunması planlaşdırılır. İş materiallarından görünür ki, N nömrəli hərbi hissə tərəfindən məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2022-ci il tarixli məktubla müvafiq sənədlər məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissənin hərbi qulluqçusu mayor İddiaçı şəxsi işin xidmət dəftərçəsindən çıxarışından görünür ki, xx.xx.1994-xx.xx.1995-ci illərdə N nömrəli hərbi hissənin kursantı, Uçuş hazırlığı təlim mərkəzinin kursantı, N nömrəli hərbi hissənin vertolyot eskadrilyası axtarış xilasetmə aviasiya manqasının təyyarəçi-şturmanı, N nömrəli hərbi hissənin vertolyot eskadrilyası vertolyot manqasının təyyarəçi-şturmanı, N nömrəli hərbi hissənin aviasiya eskadrilyasının aviasiya manqasının təyyarəçi-şturmanı, N nömrəli hərbi hissənin aviasiya eskadrilyasının aviasiya manqasının təyyarəçisi, N nömrəli hərbi hissənin 4-cü aviasiya eskadrilyasının (Mi-17-1V) aviasiya manqasının təyyarəçisi, N nömrəli hərbi hissənin 4-cü aviasiya eskadrilyasının (Mi-17-1V) aviasiya manqasının baş təyyarəçisi, N nömrəli hərbi hissənin 4-cü aviasiya eskadrilyasının (Ml-17-1V əsasında) aviasiya manqasının baş təyyarəçisi, N nömrəli hərbi hissənin 4-cü aviasiya eskadrilyasının (Mi-17-1V əsasında) aviasiya manqasının komandiri, N nömrəli hərbi hissənin 3-cü aviasiya eskadrilyasının (Mİ- 17-1V) komandirinin şəxsi heyət üzrə müavini vəzifəsində xidmət etmiş, xx.xx.2019-cu il tarixdən hal-hazıradək N nömrəli hərbi hissənin 3-cü aviasiya eskadrilyasının (Mİ- 17-1V) komandirinin şəxsi heyət üzrə müavini vəzifəsində xidmət edir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 0998 № -li xx.xx.1997-ci il tarixli əmri ilə leytenant, HHQ Komandanının 081 r № -li xx.xx.1999-cu il tarixli əmri baş leytenant, Azərbaycan Respublikası Müdafiə Nazirinin 0133rt № -li xx.xx.2013-cü il tarixli əmri ilə kapitan, HHQ Komandanının 013r № -li xx.xx.2016-cı il tarixli əmri ilə mayor rütbəsi verilmişdir. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit heyətinə həqiqi hərbi xidmət keçən, «Hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada kiçik leytenant və ondan yuxarı (bu maddədə, ümumqoşun hərbi rütbələrinin göstərildiyi digər maddələrdə və bu Əsasnamənin 10-cu maddəsində göstərilən onlara bərabər hərbi rütbələr) hərbi rütbələr verilmiş hərbi qulluqçular aiddirlər. Həmin Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. Həmin Əsasnamənin 162-ci maddəsinə Hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. Bu zaman həqiqi hərbi xidmətdən yaşına, səhhətinə və ya ştatların ixtisarına görə buraxılan hərbi qulluqçularla (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) adətən söhbət buraxılmadan 2 ay qabaq aparılır. Hərbi həkim komissiyaları tərəfindən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılmış və xidməti vəzifələrinin gələcək icrasından azad olmağa ehtiyacı olan hərbi qulluqçuların buraxılması hərbi hissə tərəfindən hərbi həkim komissiyasının qərarı olandan sonra bir aydan gec olmayaraq icra edilməlidir. Gözlənilən buraxılma ilə bağlı söhbətlər aşağıdakı qaydada aparılır: polkovnik-leytenant da daxil olmaqla ona qədər olan hərbi qulluqçularla: hərbi hissədə — bilavasitə rəis və hərbi hissə komandiri tərəfindən; korpusun (diviziyanın) idarəsində bilavasitə rəis və korpus (diviziya) komandiri və ya onun müavini tərəfindən; Silahlı Qüvvələr növü idarəsində — bilavasitə rəis və müvafiq qoşun (xidmət) növünün rəisi tərəfindən; Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının aparatında — bilavasitə rəis və idarə (şöbə, xidmət) rəisi tərəfindən; polkovniklərlə — bilavasitə rəis, həmçinin korpus (diviziya) komandiri, Silahlı Qüvvələr (qoşun) növlərinin komandanları, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən; general və admirallarla — bilavasitə rəis və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən. Həqiqi hərbi xidmətdən buraxılası şəxslərlə söhbətə zərurət olduqda müvafiq qurumların nümayəndələri cəlb edilirlər. Həqiqi hərbi xidmətdən buraxılası hərbi qulluqçularla söhbət zamanı yerində həll edilməsi mümkün olmayan suallar qoyularsa, söhbət aparan rəis həmin sualların həllinə lazım ola biləcək məlumatlarla birlikdə bu barədə yuxarıdakı bilavasitə rəisə məlumat verir. İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir. Aparılan söhbətlərin məzmunu söhbət vərəqəsində öz əksini tapır. Söhbət vərəqəsi buraxılan hərbi qulluqçu tərəfindən imzalanır, şəxsi işə tikilir və saxlanılır. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmasının təqdim qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.9cu maddəsinə əsasən öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş ehtiyatda olmağın son yaş həddinə çatmayan kadr zabitlər həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Həmin Qanunun 18-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmadığın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Qadınlar və müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular həqiqi hərbi xidmətdə olmağın müddətləri başa çatanadək ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən öz arzuları ilə buraxıla bilər, zabitlər isə, bundan başqa, bir də zabit vəzifələrində beş illik xidmət müddəti başa çatdıqdan sonra öz arzuları ilə buraxıla bilər. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 885 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı X1”nə əsasən 118-ci maddəsinin Hərbi qulluqçuların təklifləri (ərizələri, şikayətləri): -birləşmələrdə, Silahlı Qüvvələr növlərinin və müvafiq icra hakimiyyəti orqanının idarələrində — daxil olduğu vaxtdan 15 gün ərzində; -hissələrdə və idarələrdə (müəssisələrdə) — təxirə salınmadan, lakin daxil olduğu vaxtdan 7 gündən gec olmayaraq, baxılıb həll edilməlidir. Daxil olan təkliflərin (ərizələrin, şikayətlərin) baxılıb həll edilməsi üçün xüsusi yoxlamalar aparmaq, əlavə materiallar tələb etmək və digər tədbirlər görmək lazım gələn hallarda hissə, gəmi komandiri (idarə və müəssisə rəisi) məsələnin həllini ən çoxu 15 günədək uzada bilər. Bu barədə şikayətçiyə məlumat verilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı zabit heyətinə aid olması, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 10 ildən artıq xidmət etdiyindən və öz arzusu ilə ehtiyata buraxılması üçün təqdimat (raport) ilə müraciət etdiyindən həmçinin onun mövcud qanunvericiliyə uyğun olaraq öz arzusu ilə ehtiyata buraxılması üçün hər hansı qadağanın olmaması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2022-ci il tarixli raportuna əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün müvafiq təqdimatın 843№li hərbi hissədən yuxarı komandanlığa göndərilməsinin təmin edilməsi və həmin raporta uyğun olaraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) hərbi xidmətdən ehtiyata buraxılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixli raportuna əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün müvafiq təqdimatın 843№li hərbi hissədən yuxarı komandanlığa göndərilməsinin təmin edilməsi və həmin raporta uyğun olaraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) hərbi xidmətdən ehtiyata buraxılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar