Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7945/2024 04.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı, 3-cü şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs X4 işə cəlb edilməklə çıxarışın və texniki pasportun ləğv edilərək iddiaçının adına yeni çıxarışın və texniki pasportun verilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X1 adına verilmiş çıxarışın və texniki pasportun ləğv edilərək iddiaçının adına yeni çıxarışın və texniki pasportun verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayon X3 09 dekabr 2000-ci il tarixli 16 nömrəli əmrinə əsasən ona fərdi yaşayış evi tikmək üçün 0.08 ha torpaq sahəsi ayrılmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsi tərəfindən əmr əsasında sxem verilmiş və baş plana daxil edilmişdir. Eyni zamanda Abşeron rayon X3 09 dekabr 2000-ci il tarixli 16 nömrəli əmrindən çıxarış və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsi tərəfindən iddiaçıya verilmiş xəritə onun adına 0.08 ha torpaq sahəsi ayrılmasını təsdiq edir. Göstərilən əmrdən çıxarış və xəritə əsasında ona məxsus fərdi yaşayış evinin layihəsi tikilmişdir. O, ona məxsus fərdi yaşayış evinin qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən onun müraciətiin təmin edilməsindən “Asan xidmət” Mərkəzinə müraciət etməli olması əsası ilə imtina edilmişdir. Lakin, ondan fərqli olaraq saxta sənədlər əsasında Abşeron rayon X3 28 saylı 25 dekabr 1998-ci il tarixli əmri ilə Binə qəsəbəsində fərdi ev tikmək üçün X2 0.12 ha torpaq sahəsi ayrılmışdır. Müraciəti əsasında Xəzər rayon İcra Hakimiyyəti tərəfindən torpaq sahəsinin koordinatları müəyyən edilən cizgi-plan və xəritədən çıxarışda verilmişdir. Torpaq sahəsi hasara alınmış, maddi imkan olmadığından tikinti işləri aparılmamışdır. Torpaq sahəsinə dair cavabdeh tərəfindən çıxarış və torpaq sahəsinin plan-ölçü sənədi verilmişdir. O, V.Cəfərova məxsus məxsus çıxarışın ləğv edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən xx.xx.2023-cü il tarixli məktubla imtina edilərək mübahisənin məhkəmə qaydasında həll edilə bilməsi olduğu bildirilmişdir. Bundan başqa, 3-cü şəxsin adına verilmiş çıxarışın ünvanı Binə qəsəbəsidirsə, onun adına verilmiş sənədlərdə Qala qəsəbəsi göstərilir. Eyni zamanda iddiaçıya ayrılmış torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərdə torpaq sahəsinin ölçüsü 0.8 ha olduğu halda, V.Cəfərovun adına verilmiş çıxarışda isə torpaq sahəsinin ölçüsü 0.12 ha göstərilmişdir. İddiaçı ona ayrılmış torpaq sahəsində fərdi yaşayış evi tikmişdir. Məhkəmənin 2-1(112)-7945/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə X4 iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı hazırki iddia tələbi ilə bağlı ********** nömrəli xx.xx.2023-ü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş, xx.xx.2023-cü il tarixli, **********39 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X5 ərazisində yerləşən 0.11 ha torpaq sahəsi üzərində V.Cəfərovun mülkiyyət hüququ Abşeron rayon X3 xx.xx.1998-ci il tarixli 28 nömrəli əmrindən çıxarış əsasında xx.xx.2020-ci il tarixində **********91 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda onun mülkiyyətindədir. Göründüyü kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun qeydiyyatlar aparılmışdır. Həmin Qanunun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 3-cü şəxsin nümayəndəsi və vəkili tərəfindən məhkəməyə iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(003)-146/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X5nda yerləşən torpaq sahəsindən (**********91 reyestr nömrəli çıxarışa əsasən X2 məxsus olan) İddiaçı çıxarılması və həmin torpaq sahəsində inşa edilmiş tikililərin İddiaçı hesabına sökülməsi qət edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-727/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X5 ərazisində yerləşən 0.11 ha torpaq sahəsi üzərində X6 ooğlunun mülkiyyət hüququ Abşeron rayon X3 xx.xx.1998-ci il tarixli 28 nömrəli əmrindən çıxarış əsasında xx.xx.2020-ci il tarixində **********91 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda onun mülkiyyətindədir. Qətnamə icraya göndərilmiş və icra vərəqəsi əsasında icra olunmuşdur. Ekspert rəyləri və mütəxəssis rəylərindən də, görünür ki, 3-cü şəxs tam mülkiyət hüququ əsasında subyektiv hüququ ilə vaxtilə məhkəməyə müraicət etmiş, lakin, hazırki işdə İddiaçı subyektiv hüququnu təsdiq edəcək hər hansı bir sübut yoxdur. Onun hazırki iddia ilə məhkəməyə müraciət etməkdə məqsədi bacardığı qədər ərazini zəbt etməkdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi və vəkili etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barəsində isə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işin hallarından müəyyən edilmişdir ki: - Abşeron rayon X3 09 dekabr 2000-ci il tarixli 16 nömrəli əmrinə əsasən iddiaçıya fərdi yaşayış evi tikmək üçün 0.08 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsi tərəfindən torpaq sahəsinin yerləşmə sxemi verilmişdir. - Abşeron rayon X3 25 dekabr 1998-ci il tarixli 25 nömrəli əmrinə əsasən 3-cü şəxs X2 fərdi yaşayış evi tikmək üçün 0.12 ha torpaq sahəsi ayrılmışdır. Sonradan V.Cəfərov tərəfindən Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinə müraciət edilərək xx.xx.2019-cu ildə həmin torpaq sahəsinə dair yerləşmə cizgisi əldə edilmişdir. Həmin əmr və cizgi əsasında 3-cü şəxs tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış əldə edilmişdir. - İddiaçı və 3-cü şəxs arasında “özbaşına tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma” barədə mülki məhkəmə mübahisəsi olmuş və qanuni qüvvəsini almış Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(003)-146/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən X1 iddia tələbi təmin edilərək Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X5nda yerləşən torpaq sahəsindən (**********91 reyestr nömrəli çıxarışa səasən X2 məxsus olan) İddiaçı çıxarılması və həmin torpaq sahəsində inşa edilmiş tikililərin İddiaçı hesabına sökülməsi qət edilmişdir. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, mübahisə predmeti olan Bakı şəhəri, Xəzər rayonu, X5 ərazisində yerləşən və iş üzrə cavabdehin istifadəsində olan torpaq sahəsi X2 məxsus torpaq sahəsinin hüdudları daxilində yerləşir. Göründüyü kimi, iddiaçının istifadəsində olan torpaq sahəsi ilə 3-cü şəxsin xüsusi mülkiyyətində olan torpaq sahəsi qanuni qüvvəsini almış məhkəmə qərarında araşdırılmış sübutlara əsasən üst-üstə düşür. Bu səbəbdən də, iddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağı 3-cü şəxsin mülkiyyətində olan torpaq sahəsinin əslində ona məxsus olduğunu iddia etməklə həmin torpaq sahəsinin 3-cü şəxsin adına qeydiyyata alınması ilə bağlı sənədlərin ləğvinə nail olmaqla öz hüquqlarının bərpa edilməsinə yönəlmişdir. Məhkəmə iddiaçının hazırki iddia tələbini qaldırmaqda hüquqi marağını nəzərə alaraq hesab edir ki, iddiaçının mövcud vəziyyətdə öz hüquqlarının bərpası üçün əlverişli iddia olaraq mübahisəli torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğvi ilə bağlı deyil, 3-cü şəxsin adına olan hüquqmüəyyənedici sənəd və onun əsasında sonradan rayon icra hakimiyyəti tərəfindən verilmiş cizginin başqa inzibati məhkəmə icraatında mübahisələndirilməsi barədə iddia ilə məhkəməyə müraciət etməsi daha məqsədəmüvafiqdir. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Bununla bağlı məhkəmə iclasında iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü və 48-ci maddələrinə müvafiq olaraq hüquqi yardım göstərilərək əlverişli iddia növü ilə məhkəməyə müraciət etməli olduğu bildirilsə də, iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı iddiası mümkün sayılmasın Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər.
Hakim Aygün Abdullayeva