Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7945/2025 15.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ehtiyata buraxılma öhdəliyinin qoyulması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ehtiyata buraxılması öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə müvafiq olaraq, iş üzrə məhkəmə iclası təyin edilərək (mübahisənin ərazi aidiyyəti məsələsinin müzakirə edilməsi üçün) bu barədə tərəflərə məhkəmə bildiriş, məhkəmənin sərəncamı ilə iddia tələbinə qarşı yazılı münasibət (etiraz) təqdim edilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasına iştirak etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı işin ərazi aidiyyəti üzrə göndərilməsinə etiraz etdiyini bildirdi və işə Bakı İnzibati Məhkəməsində baxılmasını xahiş etdi. Həmçinin bildirdi ki, hazırda hərbi qulluqçudur və xidməti yaşayış sahəsi ilə təmin edilməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati iş ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Qeyd olunan normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. İPM-in 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı işin faktiki hallarından və iddiaçının məhkəmə iclasında verdiyi izahatından müəyyən edilir ki, iddiaçı hal-hazırda hərbi qulluqçu olmaqla, cavabdeh inzibati orqana qarşı aralarında mövcud olan xidməti hüquq münasibətləri ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Habelə, o, hazıradək cavabdeh tərəfindən xidməti yaşayış sahəsi ilə təmin edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, işə aidiyyəti üzrə iddiaçının yaşayış yerinin məhkəməsi tərəfindən baxılmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. İş materiallarında olan sənədlərdən (şəxsiyyət vəsiqəsi, AR DİN yaşayış yeri üzrə qeydiyyat haqqında arayış,elektron məhkəmə informasiya sistemindən çıxarış) görünür ki, İddiaçı Sumqayıt şəhəri, 6-cı mkr., ev 35, mənzil 147-də qeydiyyatdadır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən inzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli Qərarı ilə “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası” təsdiq edilmişdir ki, həmin qərara görə Sumqayıt şəhəri Sumqayıt İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır. Məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməməsi məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənliyə səbəb olmaqla yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. İPM-in 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Beləliklə, hazırkı işin aidiyyəti İPM-in 8.1.3-cü maddəsinə uyğun həll edilməli və inzibati iş baxılması üçün iddiaçının yaşadığı yerə görə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-in 8.5-ci maddəsinə əsasən, bu Məcəllənin 8.2 – 8.4-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsaslanaraq və İPM-in 2.2.3, 8.1.2, 8.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ehtiyata buraxılma öhdəliyinin qoyulması” tələbinə dair inzibati iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu vaxtdan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-7945/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7945/2025
15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver