Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7946/2022 30.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “öz arzusu ilə ehtiyata buraxılma” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin, Hərbi Hava Qüvvələri Komandanlığının (950 №-li hərbi hissənin) və N №-li hərbi hissənin vəzifəli şəxslərinin onun xx.xx.2022-ci il tarixli raportunun və xx.xx.2022-ci il tarixli şikayət ərizəsinin cavablandırılmamasında ifadə olunan hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi və onun xx.xx.2022-ci il tarixli raportuna əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün müvafiq təqdimatın N №-li hərbi hissədən yuxarı komandanlığa göndərilməsinin təmin edilməsi və həmin raportuna uyğun olaraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) hərbi xidmətdən ehtiyata buraxılması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1996-cı il tarixdən 1999-cu ilin oktyabr ayınadək kursant kimi həqiqi hərbi xidmət keçmiş, 1999-cu il tarixdən halhazırədək N №-li hərbi hissədə polkovnik-leytenant hərbi rütbəsində zabit kimi həqiqi hərbi xidmət keçir. O, xx.xx.2022-ci il tarixdə komanda üzrə hərbi hissə komandirinə raportla müraciət edərək “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) hərbi xidmətdən ehtiyata buraxılması haqqında yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Raport xx.xx.2022-ci il tarixdə "xxxx" MMC vasitəsi ilə göndərilmiş və hərbi hissənin kargüzarlığında qeydiyyata alınmışdır. Hərbi hissə komandiri onun ehtiyata buraxılması üçün yazdığı raportun üzərinə müvafiq dərkənar qoymuş və həmin raport xx.xx.2022-ci il tarixdə qərar qəbul edilməsi üçün yuxarı instansiyaya - Hərbi Hava Qüvvələri Komandanlığına göndərilmişdir. Lakin raportuna mahiyyəti üzrə baxılmamış, baxılmamasının səbəbləri barədə ona heç bir rəsmi məlumat verilməmişdir. Bundan sonra o, etibarnamə üzrə nümayəndəsi vasitəsi ilə xx.xx.2022-ci il tarixdə AR Müdafiə Nazirinə və AR Müdafiə Nazirinin müavini-Hərbi Hava Qüvvələri Komandanına şikayət ərizəsi ilə müraciət edərək xx.xx.2022-ci il tarixli raportuna əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün müvafiq təqdimatın N №-li hərbi hissədən yuxarı komandanlığa göndərilməsinin təmin edilməsi və həmin raportuna uyğun olaraq onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) hərbi xidmətdən ehtiyata buraxılması üçün müvafiq göstəriş verilməsini xahiş etmişdir. Lakin hal-hazıradək bu müraciətləri də cavabsız və nəticəsiz qalmışdır. Hesab edir ki, onun Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş müraciət etmə və hərbi xidmətdən ehtiyata buraxılma hüquqları AR Müdafiə Nazirliyinin, Hərbi Hava Qüvvələri Komandanlığının (950 №-li hərbi hissənin) və N №-li hərbi hissənin vəzifəli şəxsləri tərəfindən kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cаvаbdеh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını (münasibətini) оnunlа əsаslаndırmışdır ki, iddiaçı polkovnikleytenant İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində 20 ildən artıq müddətdə zabit heyəti vəzifələrində xidmət edir və buna görə də kifayət qədər təcrübəli zabitdir. Eyni zamanda polkovnik-leytenant İddiaçı peşəkar və təcrübəli zabit olduğunu, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq hərbi hissələrində ixtisasına uyğun hazırlanmış savadlı kadr olduğunu nəzərə alaraq, onun barəsində ehtiyata buraxılmağa dair qərar qəbul edilməmişdir. Bundan başqa, “Hərbi xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə görə dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın son yaş həddi kiçik zabitlər (o cümlədən, mayor, polkovnik-leytenant hərbi rütbəsində olanlar) üçün 48 yaş həddi müəyyən edilmişdir. Göründüyü kimi həqiqi hərbi xidməti davam etdirməsini istina edən əsaslar olmadığı halda, mayor hərbi rütbəsində olan hərbi qulluqçular 48 yaşa, yəni həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatana kimi hərbi xidmətdə qala bilərlər. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq hərbi hissələrində ixtisasına uyğun istifadə olunmaq üçün zabitlər 10 il müddətində peşəkar bir zabitə çevrilir, yüksək səviyyəli təcrübə toplayır, öz vəzifəsi üzrə praktik vərdişlər əldə edir, hərbi xidmət zamanı yiyələndiyi bilik, təcrübə və bacarıqlarından gənc zabitlərin hazırlanmasında böyük rolu olur. Azərbaycan Ordusu tərkibində 10 ildən artıq müddətdə zabit heyəti vəzifələrində xidmət etmiş hərbi qulluqçuların könüllü olaraq ehiyata buraxılmaq arzusunu hal-hazırda məhkəmə qətnamələri əsasında həyata keçirilməsi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin peşəkar, təcrübə toplamış zabitlərin itirilməsi gənc zabitlərin hazırlıq prosesində mənfi nəticələrə gətirib çıxarar. Bu da Azərbaycan Ordusunda peşəkar zabit kadrlarının böyük çatışmazlığına gətirib çıxaracaqdır. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) hərbi xidmətdən ehtiyata buraxılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixdə protokol qaydasında qəbul etdiyi qərardadla ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu qanunla müəyyən olunmuş müddətdə qərar qəbul etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdə doğulmuşdur; Azərbaycan Respublikası Müdafiə Nazirliyi N №-li Hərbi Hissə tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 3701 №-li arayışdan görünür ki, polkovnik-leytenant İddiaçı xx.xx.1996-cı il tarixdən Azərbaycan Ordusunda və xx.xx.1999-cu il tarixdən N nömrəli hərbi hissədə həqiqi hərbi xidmətdədir; Azərbaycan Respublikası Müdafiə Nazirliyi 950 №-li Hərbi Hissə komandirinin birinci müavini-qərargah rəisi v.m.i.e polkovnik Məzahir Rüstəmov tərəfindən vətəndaş X1 ünvanlanmış xx.xx.2022-ci il tarixli 3931 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikasının Müdafiə nazirinə və Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələri komandanına ünvanladığı ərizəyə (polkovnik-leytenant İddiaçı öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə) Hərbi Hava Qüvvələrinin İdarəsində baxılmış və cavab olaraq bildirilmişdir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinin və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinin tələblərinə əsasən yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət keçmiş kadr zabitləri öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaq hüququna malikdirlər. N nömrəli hərbi hissənin hərbi qulluqçusu polkovnik-leytenant İddiaçı öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün komanda üzrə raportla müraciət etmişdir. Hərbi Hava Qüvvələrinin qərargahında müraciətinə baxılmışdır və onunla fərdi söhbətlər aparılmışdır. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaq səbəbləri öyrənildikdən sonra aidiyyəti üzrə qərar qəbul edilməsi üçün Hərbi Hava Qüvvələrinin rəhbərliyinə məruzə edilmişdir. Xidmət sahəsindəki xüsusiyyətlərini, uçuş təcrübəsini və bu sahədə təcrübəli mütəxəssis olduğunu nəzərə alaraq onun həqiqi hərbi xidmətdən ehtiyata buraxılması məqsədəuyğun hesab edilməmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin göstərişinə əsasən zabitlərin öz arzuları ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaları bir qayda olaraq Azərbaycan Ordusunda yay və qış təlim dövrləri (yanvar, iyul) qurtardıqdan sonra aparılmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq polkovnik-leytenant İddiaçı öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması məsələsinə cari ilin iyul ayında müzakirə olunması planlaşdırılır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun: 41.0-cı maddəsinə əsasən, ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: ... 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; ... “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun: 18-ci maddəsinin birinci bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmadığın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Qadınlar və müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular həqiqi hərbi xidmətdə olmağın müddətləri başa çatanadək ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən öz arzuları ilə buraxıla bilər, zabitlər isə, bundan başqa, bir də zabit vəzifələrində beş illik xidmət müddəti başa çatdıqdan sonra öz arzuları ilə buraxıla bilər; 22-ci maddəsinin ikinci bəndinə əsasən, müəyyən olunmuş təminatın qane etməməsi, hərbi qulluqçular barəsində komandirlərin (rəislərin) və ya başqa hərbi qulluqçuların qanunsuz xidməti sərəncamları (hərəkətləri) barəsində, hərbi-xidmət münasibətlərinin başqa məsələləri barəsində şikayətlər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrində nəzərdə tutulan qaydada verilir, nəzərdən keçirilir və həll edilir. Hərbi qulluqçular hərbi vəzifəli şəxslərin və hərbi idarə orqanlarının qərar və hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: 156-cı maddəsinə əsasən, hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: ... j) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər. “İnzibаti icrааt hаqqındа” Аzərbаycаn Rеspublikаsı Qаnununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 4.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər; 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə əsasən, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin: 6-cı maddəsinə əsasən, hərbi qulluqçu xidmət məsələlərinə dair özünün bilavasitə rəisinə və ancaq onun icazəsi ilə komanda üzrə daha böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu şəxsi məsələlərə dair, bir qayda olaraq, özünün bilavasitə rəisinə, xüsusi hallarda isə böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu rəisə yazılı surətdə müraciət etdikdə, raportu yalnız komanda üzrə verə bilər. Hərbi qulluqçu təklif, ərizə və şikayət verdikdə, İntizam nizamnaməsinin müddəalarını rəhbər tutmalıdır. Göründüyü kimi, yuxarıda qeyd edilmiş qanunvericilik aktları müvafiq vəzifələrdə zabit kimi azı 10 il xidmət etmiş hərbi qulluqçulara öz arzusu ilə ehtiyata buraxılması hüququ nəzərdə tutur və qanuna görə bu hüquqa o, hərbi xidmətdə olmağın son yaş həddinə çatmasa da malik olur. İş mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 10 ildən artıq müddətdə zabit kimi xidmət etmiş hərbi qulluqçu kimi öz arzusu ilə ehtiyata buraxılması barədə raportunu xx.xx.2022-ci il tarixdə müvafiq komanda üzrə rəhbərliyinə təqdim etmişdir. Məhkəmə qeyd edir ki, məcburetmə haqqında iddia üzrə ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının öz arzusu ilə vəzifəsindən azad olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu (İPM-in 14.3-cü maddəsi), hərbi qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmaması, cavabdehin hərəkətsizlikdə ifadə olunan imtinasının qanunazidd olması və iddiaçının hüquqlarını pozması (İPM-in 73.1-ci maddəsi) iş üzrə təsdiqini tapmışdır. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin hərəkətsizlikdə ifadə olunan imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, iddia təmin edilməli, İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) hərbi xidmətdən ehtiyata buraxılması barədə əmrin verilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 33.1, 52, 68, 69, 73.2, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia təmin edilsin. İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) hərbi xidmətdən ehtiyata buraxılması barədə əmrin verilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-7946/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7946/2022
30.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver