Məhkəmə qərarları › İş №2-1(112)-7947/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7947/2022

05.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7947/2022 05.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı «iddiaçının ehtiyata buraxılması barədə əmrin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması»na dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı Azəbaycan Respublikası Müdafiə Nazirliyinin və Hərbi Hava Qüvvələri Komandanlığının (N saylı hərbi hissə) və N saylı hərbi hissənin vəzifəli şəxslərinin raportun cavablandırılmamasında ifadə olunan hərəkətsizliyinin qanunsuz sayılması və iddiaçının raportuna əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün təqdimatın komandanlığa göndərilməsinin təmin edilməsi, raporta uyğun olaraq “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) hərbi xidmətdən ehtiyata buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı (İddiaçı) 1996-cı il oktyabr ayınadək kursant kimi həqiqi hərbi xidmət keçmiş, 1999-cu ildən bu günədək N saylı hərbi hissədə polkovnik-leytenant hərbi rütbəsində zabit kimi həqiqi hərbi xidmət keçmişdir. İddiaçı N fevral 2022-ci i tarixdə komanda üzrə hərbi hissə komandirinə raportla müraciət edərək «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) hərbi xidmətdən ehtiyata buraxılmağı haqqında yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Raport N fevral 2022-ci il tarixdə "xxxx" MMC vasitəsi ilə göndərilmiş və hərbi hissənin kargüzarlığında N fevral 2022-ci il tarixli 1326 daxil olma nömrəsi ilə qeydiyyata alınmışdır. Hərbi hissə komandiri iddiaçının ehtiyata buraxılmağı üçün yazdığı raportun üzərinə müvafiq dərkənar qoymuş və həmin raport 15 fevral 2022-ci il tarixdə (xaric olma nömrəsi 621) qərar qəbul edilməsi üçün yuxarı instansiyaya – Hərbi Hava Qüvvələri Komandanlığına göndərilmişdir. Lakin raporta mahiyyəti üzrə baxılmamış, baxılmamasının səbəbləri barədə iddiaçıya heç bir rəsmi məlumat verilməmişdir. Bundan sonra iddiaçı etibarnamə üzrə nümayəndəsi vasitəsi ilə 6 mart 2022-ci il tarixdə Azərbaycan Respublikasının Müdafiə nazirinə və Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri Komandanına şikayət ərizəsi ilə müraciət edərək N fevral 2022-ci il tarixli raportuna əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı üçün müvafiq təqdimatın N saylı hərbi hissədən yuxarı komandanlığa göndərilməsinin təmin edilməsi və həmin raporta uyğun olaraq onun «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) hərbi xidmətdən ehtiyata buraxılmağı üçün müvafiq göstəriş verilməsini xahiş etmişdir. Lakin bu günədək bu müraciətlər də cavabsız və nəticəsiz qalmışdır. Göstərilənlərə əsaslanaraq və «Vətəndaşların müraciətlərinə baxılması haqqında» Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Silahlı X1, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini rəhbər tutaraq, Azəbaycan Respublikası Müdafiə Nazirliyinin və Hərbi Hava Qüvvələri Komandanlığının (N saylı hərbi hissə) və N saylı hərbi hissənin vəzifəli şəxslərinin iddiaçının raportunun cavablandırılmamasında ifadə olunan hərəkətsizliyinin qanunsuz sayılması, iddiaçının N fevral 2022-ci il tarixli raportuna və 6 mart 2022-ci il tarixli şikayət ərizəsinə əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün təqdimatın N saylı hərbi hissədən yuxarı komandanlığa göndərilməsinin təmin edilməsi, raporta uyğun olaraq “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) hərbi xidmətdən ehtiyata buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış yazılı etirazında bildirilir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia tələbi rədd edilməlidir. Belə ki, İddiaçı zabit kimi 1999-cü ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir və hal-hazırda Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmət edir. O, Azərbaycan Respublikası Silahlı Qüvvələrin tərkibində 10 ildən artıq müddətdə zabit heyəti vəzifələrində xidmət edir və buna görə də kifayət qədər təcrübəli zabitdir. Eyni zamanda, İddiaçı peşəkar və təcrübəli zabit olduğunu, Azərbaycan Respublikası Müdafiə Nazirliyin müvafiq hərbi hissələrində ixtisasına uyğun hazırlanmış savadlı kadr olduğunu nəzərə alaraq, onun barəsində ehtiyata buraxılmağa dair qərar qəbul edilməmişdir. Bundan başqa, «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə görə dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın son yaş həddi kiçik zabitlər (o cümlədən, mayor,polkovnik-leytenant hərbi rütbəsində olanlar) üçün 48 yaş həddi müəyyən edilmişdir. Göründüyü kimi, həqiqi hərbi xidməti davam etdirməsini istisna edən əsaslar olmadığı halda. polkovnik-leytenant hərbi rütbəsində olan hərbi qulluqçular 48 yaşa, yəni həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatana kimi hərbi xidmətdə qala bilərlər. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq hərbi hissələrində ixtisasına uyğun istifadə olunmaq üçün zabitlər 10 il müddətində peşəkar bir zabitə çevrilir, yüksək səviyyəli təcrübə toplayır, öz vəzifəsi üzrə praktik vərdişlər əldə edir, hərbi xidmət zamanı yiyələndiyi bilik, təcrübə və bacarıqlarından gənc zabitlərin hazırlanmasında böyük rolu olur. Azərbaycan Respublikası Silahlı Qüvvələrin tərkibində 10 ildən artıq müddətdə zabit heyəti vəzifələrində xidmət etmiş hərbi qulluqçuların könüllü olaraq ehtiyata buraxılmaq arzusunu hal-hazırda məhkəmə qətnamələri əsasında həyata keçirilməsi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin peşəkar, təcrübə toplamış zabitlərin itirilməsi, bununla da Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit kadrlarının böyük çatışmazlığına gətirib çıxaracaqdır. Nəticədə, Azərbaycan Respublikasının mənafeyinin, suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin müdafiəsi üçün yaradılmış Silahlı Qüvvələr qarşısında Azərbaycan Respublikası Prezidenti - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı tərəfindən qoyulan əmr və tapşırıqların tam, dəqiq və vaxtında yerinə yetirilməsinə təsir göstərə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İPM-nin 47.2,-ci maddəsini rəhbər tutaraq, məhkəmədən iddianın rədd edilməsi məhkəmədən xahiş olunur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «iddiaçının N fevral 2022-ci il tarixli raportuna əsasən «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) hərbi xidmətdən ehtiyata buraxılmasığı vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPm-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi, iddianı müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.9-cu maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçulardan yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmadığın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Qadınlar və müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular həqiqi hərbi xidmətdə olmağın müddətləri başa çatanadək ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən öz arzuları ilə buraxıla bilər, zabitlər isə, bundan başqa, bir də zabit vəzifələrində beş illik xidmət müddəti başa çatdıqdan sonra öz arzuları ilə buraxıla bilər. Qeyd olunan Qanunun 22-ci maddəsinin birinci hissəsinə əsasən hərbi qulluqçular dövlət orqanlarına, ictimai təşkilatlara və birliklərə, hərbi idarəetmə orqanlarına təkliflər göndərmək, ərizələr vermək, habelə vəzifəli şəxslərin, dövlət orqanlarının, ictimai təşkilatların və birliklərin, hərbi idarəetmə orqanlarının, habelə vətəndaşların (o cümlədən hərbi qulluqçuların) hüquqa zidd hərəkətləri barəsində müəyyən edilmiş qaydada şikayət etmək hüququna malikdirlər. Həmin maddənin ikinci hissəsinə əsasən müəyyən olunmuş təminatın qane etməməsi, hərbi qulluqçular barəsində komandirlərin (rəislərin) və ya başqa hərbi qulluqçuların qanunsuz xidməti sərəncamları (hərəkətləri) barəsində, hərbi-xidmət münasibətlərinin başqa məsələləri barəsində şikayətlər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrində nəzərdə tutulan qaydada verilir, nəzərdən keçirilir və həll edilir. Hərbi qulluqçular hərbi vəzifəli şəxslərin və hərbi idarə orqanlarının qərar və hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər. Azərbaycan Respublikasının N sentyabr 1994-cü il tarixli 887 saylı Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi»nin 6-cı bəndinə görə hərbi qulluqçu xidmət məsələlərinə dair özünün bilavasitə rəisinə və ancaq onun icazəsi ilə komanda üzrə daha böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu şəxsi məsələlərə dair, bir qayda olaraq, özünün bilavasitə rəisinə, xüsusi hallarda isə böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu rəisə yazılı surətdə müraciət etdikdə, raportu yalnız komanda üzrə verə bilər. Hərbi qulluqçu təklif, ərizə və şikayət verdikdə, İntizam nizamnaməsinin müddəalarını rəhbər tutmalıdır. İnzibati mübahisənin məhkəmə araşdırılması ilə məlum olur ki, hazırkı İddiaçı 15 oktyabr 1999-cu il tarixdən Azərbaycan Ordusunda (bu barədə hərbi hissənin arayışı var), yəni N ildən artıq müddət zabit qismində xidmət etmiş hərbi qulluqçu kimi “öz arzusu ilə ehtiyata buraxılması barədə” ərizə ilə (raportla) N fevral 2020-ci il tarixdə müvafiq komanda üzrə rəhbərliyinə müraciət etmişdir. Hərbi Hava Qüvvələrinin qərargahında müraciətə baxılmış və onunla fərdi söhbətlər aparılmışdır. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaq səbəbləri öyrənildikdən sonra aidiyyəti üzrə qərar qəbul edilməsi üçün Hərbi Hava Qüvvələrinin rəhbərliyinə məruzə edilmiş, xidmət sahəsindəki xüsusiyyətlərini, uçuş təcrübəsini və bu sahədə təcrübəli mütəxəssis olduğu nəzərə alaraq onun həqiqi hərbi xidmətdən ehtiyata buraxılması məqsədəuyğun hesab edilməmişdir. Bundan başqa, N nömrəli hərbi hissə hazırkı iddiaçı – polkovnik-leytenant İddiaçı öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması məsələsinin cari ilin iyul ayında müzakirə aparılmasını nəzərdə tutmuşdur. İddiaçı öz arzusu ilə ehtiyata buraxılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasını tələb edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 39.1-ci maddəsinə görə inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Suraxanı rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçının müvafiq müraciətnə baxılmadan hərəkətsizlik edildiyindən, müraciətin təqdim olunduğu vaxtdan 35 gündən artıq müddət keçdikdən sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən, habelə iddianın mahiyyəti üzrə baxılmasını istisna edən digər hallar mövcud olmadığından, məhkəmə belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisə hərbi qulluqçu ilə inzibati orqan arasındakı xidməti münasibətlərdən yarandığından, mübahisəyə baxılması üçün İPM-in 8.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq iddiaçının yaşayış yeri (Bakı şəhərinin Suraxanı rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 12-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının hərbi xidməti Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. Həqiqi hərbi xidmətdə olan vətəndaşlar hərbi qulluqçular, ehtiyatda xidmətdə olanlar isə hərbi vəzifəlilər adlanırlar. Hərbi qulluqçular və hərbi vəzifəlilər Azərbaycan Respublikasının Silahlı Qüvvələrində əsgər, matros, kursant, çavuş, gizir, miçman və zabit kimi hərbi xidmət keçirlər. Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə görə hərbi qulluqçulardan yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarına əsasən vurğulayır ki, mövcud qanunvericilik müvafiq vəzifələrdə zabit kimi azı 10 il xidmət etmiş hərbi qulluqçulara öz arzusu ilə ehtiyata buraxılması hüququ nəzərdə tutur və qanuna görə bu hüquqa o, şərtsiz və hərbi xidmətdə olmağın son yaş həddinə çatmasa da malikdir. Belə olan halda məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən aparılmış inzibati icraat nəticəsində iddiaçının müraciəti (raportu) üzrə imtina edilməsi (yay və qış təlim dövrlərin bitməməsi əsası ilə) qanunvericiliyin tələblərinə, o cümlədən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11, 12, 13, 17-ci maddələrinin, eləcə də «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 156-cı maddəsinin, «Hərbi qulluqçuların statusu haqqında» AR Qanununun 18-ci maddəsinin tələblərinə zidd hərəkətdir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia təmin edilərək, İddiaçı N fevral 2022-ci il tarixli raportuna əsasında «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) hərbi xidmətdən ehtiyata buraxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1, N.1, 52, 58.7, 75, 78, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı N fevral 2022-ci il tarixli raportuna əsasında «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) hərbi xidmətdən ehtiyata buraxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar