Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7947/2024 14.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin dayandığı tarixdən təyin edilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı əlilliyin dayandığı tarixdən ödənişlərin edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının dəqiqləşməsinə uyğun olaraq məhkəmə qərardadı ilə cavabdeh əsl cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilmiş, iddia tələbi əlilliyin təyinat tarixinin 02 fevral 2021-ci il tarix kimi dəyişdirilməsi formasında icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, 25 noyabr 2011-ci il tarixdən 28 fevral 2021ci il tarixə kimi əlillik pensiyası almışdır. Həmin dövrdən cəzaçəkmə müəssisəsidə stasionar qaydada müalicədə olmuş, həqiqətən əlil olması öz təsdiqini tapmış, lakin cavabdeh onun əlilliyini 29 sentyabr 2023-cü il tarixdən növbəti dəfə vermiş, 01 mart 2021ci il tarixdən 29 sentyabr 2023-cü il tariədək əlilliyə görə əmək pensiyası ödənilməmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya 02 fevral 2016-cı il tarixdən 5 il müddətinə əlillik təyinatı aparılmış, 29 sentyabr 2023-cü il tarixli göndərişin natamam doldurulması səbəbindən imtina verilmiş, sonradan 2 il müddətinə həmin tarixdən əlillik təyinatı aparılmışdır. Müddət başa çatdqıdan sonra təyin edilmiş əlilllik qüvvədən düşdüyündən qüvvədən düşmüş hesab edilir. İddiaçının əlillik müddəti bitdikdən sonra təkrar müraciəti 2 il sonra olmuşdur. İddiaçı bununla əlaqədar ilk növbədə müraciət etməli, əlillik səviyyəsində olma faktı tanınmalı, əliliyin verilməsindən imtina edilməli idi. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın 21 fevral 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, əlillik müddəti bitdiyi üçün ona ödəniş 28 fevral 2021-ci il tarixdən dayandırılmışdır. İddiaçınn əlillik müddəti 02 fevral 2021-ci il tarixdə bitmişdir. Sonradan əlillik bərpa edildiyi üçün 29 mart 2023-cü il tarixdən ödəniş də bərpa edilmişdir. Əlillik müddətinin bitdiyi vaxtdan 6 aydan çox müddət keçdikdən sonra bərpa edildiyindən 01 mart 2021-ci il tarixdən 29 mart 2023-cü il tarixədək ödənişin aparılması mümkün olmamışdır. Penitensiar Xidmətin Müalicə Müəssisəsinin 1175/21 saylı xəstəlikdən çıxarışından görünür ki, iddiaçı 04 may 2021-ci il tarixdən 10 saylı Cəzaçəkmə müəssisəsindən əlillik dərəcəsinn təyini məqsədi ilə Müalicə müəssisəsinə köçürülmüş, topanmış materiallar TSERAS alt sistemində daxil edilmək istənilsə də, müəssisənin proqram təminatında yaranmış nasazlıqla əlaqədar bu mümkün olmamışdır. Əlillik altsismindən çıxarışdan görünür ki, iddiaçıya sonuncu dəfə 30 yanvar 2016-cı il tarixli göndəriş əsasında 5 il müddətinə 02 fevral 2021-ci tarixinə kimi əlillik təyinatı aparılmışdır. 11 oktyabr 2023-cü il tarixi əyani müayinə aktından görünür ki, iddiaçı əyani müayinədə olmuş və ona 2 il müddətinə göndəriş əsasında əlillik təyinatı aparılmışdır. Tibbi-Sosial Ekspert Komissiyasının qərarından görünür ki, 29 sentyabr 2023-cü il tarixli qərarla iddiaçı barəsində 2 il müddətinə əlillik təyinatı aparılmışdır. Cavabdehin 17 may 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ona 29 sentyabr 2023-cü il tarixində ümumi xəstəlik səbəbindən iki il müddətinə əlilliyin təyin edilməsinə dair qərar qəbul edilmişdir. 6 aylıq müddət məhdudiyyəti səbəbindən, əlilliyin bitmə tarixi 02 fevral 2021-ci il tarixə təsaduf etdiyindən, əvvəlki dövr üzrə ödənişin aparılması mümkün olmamışdır. Məhkəmə sorğusuna Penitensiar Xidmətin Müalicə Müəssissəsinin 14 iyun 2024-cü il tarixli cavab məktubundan görünür ki, proqram təminatında yaranmış nasazlıqla bağlı məlumatların sistemdə yerləşdirilməsi mümkün olmamış, sonradan yeni elektron imza ilə təminat aparlmışdır. 27 may 2021-ci il tarixli Raportdan görünür ki, Tibb Baş İdarəsinə məktubla mürciət edilərək göndərişlərin mərkəzləşdirilmiş reyestrə daxil edilməsinin təmini üçün komissiyanın tərkibində olan şəxslərin adına olan elektron imza müddətinin bitdiyi üçün kartın yenilənməsi və yeni üzvlər üçün elektron imzanın verilməsinə köməklik göstərilməsi xahiş edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə ləğv edilmişdir): 4.1-ci bənd. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. 4.2-ci bənd. Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır. 4.22-ci bənd. Göndəriş keyfiyyətsiz doldurulduqda, iradlar TSEK tərəfindən TSERASda xüsusi bölmədə qeyd olunur və göndəriş sistem tərəfindən geri qaytarılır. 3.1-ci bənd. TSEK-in vəzifələri aşağıdakılardan ibarətdir: 3.1.15-ci bənd. Əlilliyi qiymətləndirilən şəxslərə dair tibbi-sosial ekspertiza üçün lazım olan sənədlər barədə səhiyyə müəssisələrinə sorğu göndərmək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. 1.6-cı bənd. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4-cü bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 4.7. Səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar. İşin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisə iddiaçının əlillik müddəti üzrə təyinatının aparılmadığı, yəni 02 fevral 2021-ci il tarixə kimi qüvvədə olmuş, daha sonra qüvvədən düşmüş, sonradan isə 29 sentyabr 2023-cü il tarixdə əlillik təyinatının aparıldığı dövr arasında, yəni 02 fevral 2021-ci il tarixdən 29 sentyabr 2023-cü il tarixə kimi əlillik təyinatının olmaması və bu səbəbdən də əlilliyi olan şəxs kimi pensiya məbləğinin ödənilməməsinin qanunsuz hesab edilməsi və həmin ödənişləri alması ilə əlaqədardır. Qeyd olunmalıdır ki, pensiya təyinatı həyata keçirən orqan tərəfindən həmin ödənişlərin edilmə onunla əsaslandırılır ki, əlillik müddətinin bitdiyi tarix ilə növbəti təyinat tarixi arasında 6 aydan artıq müddət ötürülmüşdür. Cavabdeh də əlillik təyinatının 02 fevral 2021-ci il tarixdən təyin edilməsini o səbəbdən həyata keçirmir ki, əlilliyin təyinatı 29 sentyabr 2023-cü il tarixdən göndəriş əsasında aparılmışdır. Daha doğrusu göndəriş əsasında ilkin olaraq aparılmamış, natamam doldurulmaya istinad edilmiş, daha sonra əyani müayinə nəticəsində göndərişdə olan xəstəliklər əsasında əlillik təyinatı aparılmışdır. Qeyd olunmalıdır ki, AR İPM-nin 14-cü maddəsinin tələbləri baxımından iddianın təminini istisna edən faktiki şərtlərin sübut edilməsi öhdəliyi cavabdehin üzərinə düşsə də, həmin hallar sübut edilməmiş, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Belə ki, işin faktiki hallarından da göründüyü kimi iddiaçı 02 fevral 2021-ci il tarixdə əlillik müddəti bitdikdən sonra 6 aylıq müddəti ötürmədən əlilliyin təyinatı üçün əsas olan xəstəliklər barədə barədə məlumatların cavabdehə göndərilməsi üçün Penitensiar Xidmətin Müalicə Müəssisəsinə müraciət etmişdir. Lakin, təqdim edilən sənədlərdən də göründüyü kimi, elektron sistemdə nasazlıqla bağlı həmin məlumatlar təqdim edilməmişdir. Hazırkı halda məhkəmə hesab edir ki, iddiaçıda mövcud olan xəstəliklərə baxmayaraq iddiaçıya vaxtında əlilliyin təyin edilməməsi, onun yox, göndərişin doldurulmasını həyata keçirən aidiyyəti inzibati orqanın əməkdaşlarının səlahiyyətlərinin icrası ilə bağlı olmuşdur ki, məhkəmə hesab edir ki, inzibati orqanın əməkdaşlarının səhvinə münasibətdə iddiaçı hər hansı öhdəlik daşımadığından onun hazırkı iddiası təmin edilməlidir. Ali Məhkəmənin iki inzibati orqanın mübahisələrinə inzibati məhkəmə icraatı qaydasında baxılmasına yolverilməzliyinə dair iddianın mümkün sayılmaması barədə qərarlarında istinadı və mövqeyindən də aydın olur ki, inzibati orqanların hər biri icra hakimiyyəti orqanı olmaqla, eyni vaxtda və ya ayrı-ayrılıqda dövlətin onlara həvalə etdiyi funksiyaları (vəzifələri) icra edir, bu zaman onların hər biri dövlətin (hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq icra hakimiyyətinin) adından çıxış edir. Bu orqanların hüquqları dövlətin qanunla onlara həvalə etdiyi vəzifələrdir. Bu konteksdə qiymətləndirmə apardıqda məlum olur ki, inzibati orqanların dövlət adı altında vahidliyi baxımından vətəndaşın əlillik təyinatının vaxtında aparılmaması dövlətin daxili məsələsidir ki, həmin hal iddiaçının təqsir sferasından kənardadır. Bu isə o deməkdir ki, hər hansı inzibati orqanın vətəndaşa münasibətdə onun vəziyyətinin ağırlaşmasına aid olan səhvi, dövlət adı altında vahidlik baxımından digər inzibati orqanın həmin səhvin vətəndaşın ziyanına şərh edilməsini istisna edir. Hazırkı iş üzrə isə Penitensiar Xidmətin Müalicə Müəssisəsinin iddiaçıya əlillik təyinatı üçün məlumatları cavabdehin əlillik təyinatı ilə daxil etmədiyi, həmin daxil edilməmə texniki nasazlıq səbəbindən olduğu, raportdan görünür ki, texniki nasazlığın elektron imzaların yenilənməsi və yeni elektron imzaların verilməsi ilə bağlı olduğu görünür. Göründüyü kimi, məlumatların daxil edilməməsində iddiaçının hər hansı təqsiri olmamış, iddiaçı həmin vaxtda cəzaçəkmə müəssisəsində olmuşdur. Cavabdeh isə, hazırkı halda iddiaçının cəzaçəkmə müəssisəsində olmasını, əlillik təyinatına əsas olması sonradan təsdiq edilən xəstəliyini, hər hansı təqsirli halını, eləcə də məlumatların daxil edilməsində özü kimi inzibati orqan statusunda olan və ya inzibati orqanın nəzarətində olan müəssisənin təqsirini nəzərə almamış, formal qiymətləndirmə aparmaqla əlillik təyinatını aparmışdır. Nəzərə alınmalıdır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Məhkəmə onu da qeyd edir ki, hazırkı qərarla əlilliyin təyinat tarixi dəyişdirildiyindən 2 illik təyin olunma müddəti də ona uyğun olaraq müəyyən edilməsi, sonrakı təyinat üçün iddiaçının tibbi sənədlərinin, zərurət olduğu təqdirdə tibbi yoxlanılmasının aparılması istisna edilmir ki, hər bir halda iddiaçının hüquqi marağı 02 fevral 2021-ci il tarixdən əlilliyin təyin edilməsi ilə əlaqədar olduğundan ona uyğun qiymətləndirmə aparılır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı əlilliyin təyinat tarixinin 29 sentyabr 2023-cü il tarixdən 02 fevral 2021-ci il tarixə dəyişdirilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-7947/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7947/2024
14.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver