Məhkəmə qərarları › İş №2-1(112)-7948/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7948/2022

12.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7948/2022 12.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı Azərbaycan Respublikası Şəhid Ailələri, Əlillər və X1 İctimai Birliyinin cavabdeh Bakı şəhər Xəzər rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinin və ya inzibati binalarda sahənin ayrılması” tələbinə dair tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Şəhid Ailələri, Əlillər və X1 İctimai Birliyi cavabdeh Bakı şəhər Xəzər rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının Xəzər rayon Şöbəsinə qərargah yerinin ayrılması ilə bağlı 100 kv.m torpaq sahəsi və yaxud inzibati binalarda sahə ayrılmasına dair öhdəliyin cavabdeh Bakı şəhər Xəzər rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəfin fikrini dinlənilmişdir. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 2.3 bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kmi cavabdehin iddiaya cavab verməli olub-olmaması inzibati məhkəmə icraatında iddiaya mahiyyəti üzrə baxılmasından əvvəl onun mümkünlüyünün yoxlanılması çərçivəsində müəyyən edilməli, cavabdeh iddiaya cavab verməli olan inzibati orqandırsa iddianın digər mümkünlük şərtləri də ödəniləcəyi təqdirdə işə mahiyyəti üzrə baxılmalı, iddiaya cavab verməli olmayan inzibati orqandırsa bununla bağlı dəqiqləşdirmə aparılması, düzgün cavabdehin müəyyən edilməsi üçün tədbirlər görülməli, əks təqdirdə iddia cavabdehin düzgün müəyyən edilməməsi səbəbindən mümkün sayılmamalıdır. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, cavabdeh iddia tələbinin yönəldiyi şəxsdir. İddianın irəli sürülməsi, adətən, cavabdehin özünün hərəkət və ya hərəkətsizliyi ilə bağlı olur. Başqa sözlə desək, iddiaçının hüquqlarının pozulma ehtimalı yarandığı anda, iddiaçı həmin hüquqlarının müdafiəsi və ya bərpası üçün müvafiq olaraq cavabdeh qismində inzibati orqanı göstərək iddia ilə məhkəməyə müraciət edir. Zəruri olan hal isə ondan ibarətdir ki, Məhkəmə irəli sürülmüş tələb üzrə inzibati orqanın cavabdehlik daşıyıbdaşımamasını müəyyən etməlidir. Hazırkı iş üzrə cavabdehin iddiaya cavab verməli olan orqan olub-olmaması istiqamətində yoxlama aparılmış və cavabdehin hazırkı iş üzrə cavabdeh qismində çıxış etməsinin yolverilməzliyi səbəbindən iddianın mümkün sayılmaması nəticəsinə gəlinmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi, iş üzrə iddiaçının hüquqi marağı torpaq sahəsinin və ya inzibati binalarda sahənin ayrılması ilə bağlı öhdəliyin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Hazırki iddia tələbi üzrə cavabdeh kimi Bakı şəhər Xəzər rayon İcra Hakimiyyətinə yönəlmişdir. Məhkəmə hazırki cavabdeh inzibati orqanın mübahisəli məsələ üzrə cavabdehlik daşımaması ilə bağlı aşağıdakilara diqqət çəkir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin: 1.1 Yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikası Konstitusiyasının 109cu maddəsinin 7-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılır. 1.2. Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin İ hissəsinə uyğun olaraq, yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər. Həmin Əsasnamənin 3-cü və 4-cü bəndlərində yerli icra hakimiyyəti başçısının vəzifələri və səlahiyyətləri səciyyələnmişdir. Əsasnamənin 4-cü bəndində göstərilən səlahiyyətlərdən bəziləri aşağıdakilardı: 4.16.1. şəhərin, rayonun və şəhər rayonunun icra hakimiyyəti orqanının istifadəsində olan əmlaka münasibətdə hüquqi hərəkətlər etmək və həmin əmlakın qorunmasını təşkil etmək; 4.16.2. idarəçiliyində olan qeyri-yaşayış fondu obyektlərinin icarəyə verilməsinə razılıq vermək; 4.16.3. müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaqlardan istifadə edilməsini planlaşdırmaq, habelə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirmək və müvafiq tədbirlər görmək; 4.16.4. müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrini “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadəyə və icarəyə vermək (rayon bölgüsü olan şəhərlərdə müvafiq rayonun icra hakimiyyətinin rəyi nəzərə alınmaqla); 4.16.5. investisiya şərtləri ilə tikinti aparıla biləcək torpaq sahələrinin siyahısını müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına təqdim etmək; 4.16.6. torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək; 4.16.7. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə uyğun olaraq məhkəmədənkənar qaydada həll olunmalı torpaq mübahisələrini həll etmək; 4.16.8. müvafiq ərazidə yeni yaradılmış daşınmaz əmlak obyektlərində sosial təyinatlı obyektlərin yerləşdirilməsi üçün müvafiq sahələrin dövlət mülkiyyətinə alınması barədə aidiyyəti icra hakimiyyəti orqanlarına təkliflər vermək; 4.16.9. dövlət mülkiyyətində olan əmlakın bələdiyyə mülkiyyətinə verilməsi, bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan əmlakın isə dövlət mülkiyyətinə alınması barədə aidiyyəti dövlət orqanlarına təkliflər vermək. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 59-cu maddəsində deyilir ki,

1. Yaşayış məntəqələrində bələdiyyələrin ehtiyat fondu torpaqlarından sahələr aşağıdakı məqsədlər üçün verilir: kooperativ çoxmərtəbəli çoxmənzilli yaşayış evlərinin tikintisi üçün mənzil-tikinti kooperativlərinin mülkiyyətinə; fərdi yaşayış və bağ evlərinin tikintisi üçün əvəzi ödənilməklə vətəndaşların xüsusi mülkiyyətinə; çoxmərtəbəli çoxmənzilli yaşayış evlərinin tikintisi üçün mənzil tikintisi ilə məşğul olan hüquqi şəxslərin mülkiyyətinə; fərdi və kooperativ qarajların tikintisi üçün əvəzi ödənilməklə fiziki şəxslərin və onların kooperativlərinin mülkiyyətinə; sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası üçün bu Məcəllənin 48-ci maddəsinin 3-cü bəndində göstərilən hüquqi və fiziki şəxslərin icarəsinə, habelə dəyəri ödənilməklə Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə.

2. Ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol kənarı, sahil, park, meşə-park, xiyaban, bulvar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ticarət, məişət, ictimai-iaşə obyektlərinin və digər zəruri tikililərin müvəqqəti inşası üçün sahələr bələdiyyə torpaqları haqqında qanunvericiliyə uyğun olaraq, hüquqi və fiziki şəxslərin icarəsinə verilir.

3. Kooperativ, habelə digər çoxmənzilli yaşayış evlərinin və qarajların tikintisi məqsədilə ayrılan torpaq sahəsinin ölçüsü müvafiq yaşayış məntəqəsinin planlaşdırılması və tikinti layihələrinə, habelə tikinti normalarına uyğun olaraq, ayrı-ayrı konkret hallarda bələdiyyə tərəfindən müəyyən edilir.

4. Fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün ayrılan torpaq sahəsinin ölçüsü yerli şəraitdən və torpaq ehtiyatı imkanlarından asılı olaraq, bələdiyyə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin” Əsasnaməsinə görə Xidmətin vəzifələrinə aşağıdakilar aiddir: 3.0.48. dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqları (sənaye, yaxud texnologiyalar parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna edilməklə) icarəyə və istifadəyə vermək, bu məqsədlə bağlanılmış əqdlərin qeydiyyatını aparmaq, icarə haqlarının müəyyənləşdirilməsi ilə bağlı təkliflər hazırlayıb aidiyyəti üzrə təqdim edilməsi üçün Nazirliyə vermək, dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla, digər dövlət torpaqlarının icarəyə və istifadəyə verilməsinə rəy vermək; 3.0.49. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsinə razılıq vermək; Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur. Xidmətin hüquqları və vəzifələri konkret olaraq Əsasnamənin müddəaları ilə tənzimlənir ki, dövlətin mülkiyyətində olan torpaq sahəsinin icarəyə və istifadəyə verilməsi ilə bağlı əqdlər bağlamaq Xidmətin sferasına aid olan vəzifələrdən biridir. Göründüyü kimi, hər nə qədər iddiaçı torpaq sahəsinin ayrılması ilə bağlı öhdəliyin Bakı şəhər Xətai rayonu İcra Hakimiyyətinin üzərinə qoyulmasını arzulasa da, bu səlahiyyət hazırki məhkəmə icraatı üzrə çıxış edən cavabdehin səlahiyyət sferasına aid deyildir. Bundan başqa Məhkəmə diqqətə çatdırır ki, doğrudur ki, müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrini “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadəyə və icarəyə vermək (rayon bölgüsü olan şəhərlərdə müvafiq rayonun icra hakimiyyətinin rəyi nəzərə alınmaqla) yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biridir. Nəzərə alınmalıdır ki, burada söhbət torpaq sahəsinin ayrılmasından getmir. Maddə konkret olaraq “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq torpaq sahəsinin istifadəyə və icarəyə verilməsi istiqamətində tədbirlərin görülməsini təsbit etmişdir ki, bu zaman rayon bölgüsü olan şəhərlərdə müvafiq rayonun icra hakimiyyəti yalnız rəyin verilməsini həyata keçirir. Hazırkı halda isə iddiaçı birbaşa torpaq sahəsinin ayrılmasının cavabdehə həvalə edilməsini tələb etmişdir. Məhkəmə də qeyd edir ki, iddiaçının tələbi torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi ilə bağlı olsa idi belə, hazırki iş üzrə cavabdeh qismində çıxış edən yerli icra hakimiyyəti orqanı şəhər tabeli rayon icra hakimiyyəti olduğundan yalnız rəy vermək səlahiyyətində olduğundan, o, torpaq sahəsini icarəyə və ya istifadəyə verilməsi istiqamətində inzibati akt qəbul etmək səlahiyyətinə malik deyildir. Məhkəmə iddiaçının digər tələbinə, yəni əmlakın ayrılması ilə bağlı münasibətdə qeyd edir ki, bu növ öhdəliyin cavabdehin üzərinə qoyulması da tərəflər arasında olan qarşılıqlı münasibətlər əsasında mümkün deyildir. Belə ki, “Yerli icra hakimiyyəti haqqında” Əsasnaməsinin aşağıdaki müddəalarında göstərilənlər yerli icra hakimiyyətinin səlahiyyətlərinə aiddir: 4.14.1. şəhərin, rayonun və şəhər rayonunun inkişaf meyillərinin müəyyənləşdirilməsi işinə qeyri-hökumət təşkilatlarını qarşılıqlı razılaşma əsasında cəlb etmək; 4.14.2. sosial, iqtisadi, ətraf mühitin qorunması məsələlərinə həsr olunmuş toplantılarda və mədəniyyət sahələri üzrə ictimai maraq doğuran məsələlərin müzakirəsində kütləvi informasiya vasitələrinin, siyasi partiyaların, dini qurumların və qeyri-hökumət təşkilatlarının iştirakına şərait yaratmaq; 4.14.3. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin 2-ci və 3-cü hissələrinə əsasən, dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının müvafiq ərazidə sərbəst yayılması və satışı üçün ixtisaslaşdırılmış satış məntəqələrinin yaradılması məsələlərinə baxmaq; 4.14.4. dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının ixtisaslaşdırılmış satış məntəqələrindən kənarda satışının, dini mərkəz tərəfindən dəvət edilmiş din xadimləri istisna olmaqla, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılmasının qarşısının alınması və cavabdeh şəxslərin məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti orqanlar qarşısında məsələ qaldırmaq. Göründüyü kimi cavabdeh inzibati orqanın qeyri-hökümət təşkilatlar qarşısında əmlakın ayrılması ilə bağlı öhdəliyi müəyyən olunmamışdır. Əsasnamədə yerli icra hakimiyyətinin səlahiyyətləri kimi şəhərin, rayonun və şəhər rayonunun inkişaf meyillərinin müəyyənləşdirilməsi işinə qeyri-hökumət təşkilatlarını qarşılıqlı razılaşma əsasında cəlb edilməsi göstərilsə də, bu anlayış yerli icra hakimiyyətinin qeyri-hökümət təşkilat qarşısında əmlakın ayrılması ilə bağlı öhdəlik hüququ yaratmır. Qeyd olunmalıdır ki, bu ümumiyyətlə torpaq sahəsinin ayrılması kimi qeyri-hökümət təşkilatları qarşısında öhdəliyin olmamasına münasibətdə də keçərlidir. Son olaraq Məhkəmə onu da vurğulamağı zəruri hesab edir ki, ümumiyyətlə iddiaçı tərəfindən iki alternativ tələb formasında iddia ərizəsinin irəli sürülməsi də inzibati prosessual baxımından düzgün deyildir. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 46.1-ci maddəsində deyilir ki, iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi göstərilməlidir. Qanunvericilik hətta, vətəndaşa yardım etmək üsulu kimi də aldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyi də şərtləndirmişdir. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi üzrə iddiaçının iddia tələbi aydın deyildir. Belə ki, iddiaçı seçim əsasında alternativ tələblər irəli sürərək cavabdeh inzibati orqanın üzərinə torpaq sahəsinin və ya obyektin ayrılmasını arzulayırdı. Halbuki, iddiaçı konkret olaraq irəli sürdüyü tələbi dəqiq göstərməli, iddia etdiyi hüquqların torpaq sahəsinin və ya obyektin ayrılmaması münasibətdə pozulduğunu bildirməli və nəticə etibarı ilə konkret olaraq hansı formada (torpaq sahəsi, yoxsa qeyri-yaşayış sahəsi) daşınmaz əmlak əldə etmək istədiyini əsaslandırmalı idi. İddiaçı isə bunu etməmiş və iddia tələbini də dəqiqləşdirməmişdir. Yuxarıda göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, hazırki iddia mümkünlük şərtlərini ödəmir. Bundan əlavə, yardım etmə vəzifəsinin icra edilməsi ilə bağlı Məhkəmə AR İPM-nin 13 və 48ci maddələrinin, eləcə də “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 3.1-3.4-cü bəndlərində nəzərdə tutulmuş tələblərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Adıçəkilən maddə və bəndlərin məzmunundan göründüyü kimi məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir (13 və 48-ci maddələr). İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. (3.1-3.4-cü bəndlər). Məhkəmə də qeyd olunan istiqamətdə yardım etmək vəzifəsinin mühüm elementi kimi iddianın mümkün sayılmamasına səbəb ola biləcək hallarla əlaqədar iddiaçı ilə müzakirə aparmış, iddiaçı iddia ərizəsini müdafiə etdiyini və iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü tələb mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar