Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-795/2023 03.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququna çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququna çıxarışın verilməsi” barədə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmənin qərardadları ilə “Krokus” şirkəti, X4, X8, X5 üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, müqavilə əsasında 12 sot ölçüdə 6777 nömrəli bağ sahəsi onun istifadəsinə ayrılmışdır. Sonradan həmin bağ sahəsinin “Krokus” şirkəti tərəfindən alınması ilə əlaqədar olaraq digər əraziyə, yəni 6948 sahəli əraziyə köçürülməsi həyata keçirilmişdir. Həmin hallar bələdiyyənin məktubu ilə də öz təsdiqini tapmışdır. Lakin, həmin sahənin qeydiyyata alınmasından cavabdeh tərəfindən qanunsuz və əsassız olaraq imtina edilmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsasladırılmışdır ki, iddiaçı tərəfindən iddia edilən torpaq sahəsi X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu səbəbdən də ərizənin icrası mümkün olmamışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianın təmin edilməsini, cavabdehin nümayəndəsi və üçüncü şəxsin vəkili iddianın rədd edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məktubda qeyd edilmişdirki, iddia olunan bağ sahəsinin digər şəxsin adına dövlət qeydiyyatına alındığı göstərilmişdir. Kürdəxanı Bələdiyyəsinin məktubunda qeyd edilmişdir ki, iddiaçının bağ sahəsi 6948 nömrəli bağ sahəsinə köçürülmüşdür. X3 və İstismarı Birliyinin məktubunda qeyd edilmişdir ki, iddiaçıya ayrılmış bağ sahəsində hasar tikilməsinə icazə verilmişdir. Müqavilədən görünür ki, iddiaçıya 12 sot ölçüdə 6777 nömrəli bağ sahəsi ayrılmışdır. Cavabdehin məhkəmə sorğusuna dair təqdim etdiyi sənədlərdən görünür ki, iddia olunan bağ sahəsi X1 adına qeydiyyatdadır, bağ nömrəsi 3928/6889 V saylıdır. Həmin torpaq sahəsi ona Adil Hənifəyev tərəfindən satılmışdır. Həmin şəxsə isə torpaq sahəsi Solmaz Ağayeva adlı şəxs tərəfindən satılmışdır. 6796 saylı bağ sahəsi isə X6 adına 3928a/6890V saylı bağ sahəsidir. Həmin şəxsə də bağ sahəsi Adil Hənifəyev tərəfindən satılmışdır. Ona isə X2 tərəfindən satılmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin plan və ölçü sənədlərindən görünür ki, həmin torpaq sahələrinə dair plan və ölçü Bakı şəhər İcra Hakimiyyətinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyanın 03 sentyabr 1993-cü il tarixli 1609 saylı protokoluna əsasən verilmişdir. Ekspert rəyində qeyd edilmişdir ki, 6777 nömrəli bağ sahəsinin naturada yerini müəyyən etmək mümkün olmamışdır. İddiaçı tərəfindən iddia edilən sahə digər vətəndaşın adına qeydiyytdan keçmiş bağ sahəsi ilə üst-üstə düşür. Bağçılıq-yoldaşlıq birliyi üçün ayrılmış ərazidir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Qeyd olunmalıdır ki, hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Belə ki, iş materiallarında olan mötəbərliyi şübhə doğurmayan ekspert rəyi ilə də müəyyən edilir ki, iddiaçı tələbindən faktiki yerində göstərilməklə iddia olunan torpaq sahəsi üçüncü şəsin adına dövlət qeydiyyatından keçmiş sahə ilə üst-üstə düşür. Qeyd olunmalıdır ki, iş materiallarından da göründüyü kimi həmin şəxsin adına dövlət qeydiyyatının aparılmasına dair alqı-satqı müqavilələri, plan və ölçü sənədi, eləcə də protokol hazırda qüvvədə olmaqla mübahisələndirilməmiş, ləğv, etibarsız və ya qüvvədən düşmüş hesab edilməmişdir. Eləcə də mülkiyyət hüququna dair qeyd də qüvvədədir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər.[3] 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Göründüyü kimi mülkiyyət hüququna dair qeydin mübahisələndirilməsi mümkündür ki, həmin qeyd mübahisələndirilmədiyi müddədə həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. İşin faktiki halları ilə isə müəyyən edilir ki, iddiaçı ilkin olaraq həmin qeydin edilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlərin mübahisələndirilməsini həyata keçirməmiş, qeydin ləğvinə yönələn hər hansı prosedur keçilmədən birbaşa olaraq başqa şəxsin mülkiyyətində hazırda olan ərazinin onun mülkiyyətinə verilməsinə dair iddia qaldırmışdır ki, cavabdehin həmin qeydin verilməsi üçün əsas olmuş hüquqmüəyyənedici sənədlərin qüvvədə olmasına istinad edərək vermiş olduğu mülkiyyət hüququna dair qeydin qüvvəsini saxlanılmasına istinad edilərək iddiaçının müraciətinin müsbət həlli mümkün olmamışdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-795/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-795/2023
03.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver