Məhkəmə qərarları › İş №2-1(112)-7951/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7951/2024

03.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7951/2024 03.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və ödənilmiş ƏDV-nin geri qaytarılması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, müraciəti əsasında ƏDV-nin geri qaytarılmasından imtinaya dair cavabdehin **********977800 nömrəli qərarının qanunsuz sayılaraq ləğv olunması və xx.xx.2023-cü il tarixli, AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsi əsasında aldığı daşınmaz əmlaka görə hesablanmış 7550,85 manat miqdarında ƏDV vəsaitin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciər edərək, iddia ərizəsinin ikinci hissəsini “xx.xx.2023-cü il tarixli, AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsi əsasında aldığı daşınmaz əmlaka görə hesablanmış 7550,85 manat miqdarında ƏDV vəsaitin geri qaytarılmasının müvəkkil banka yönləndirilməsi (və ya həvalə edilməsi) barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli, AN-İ seriyalı, ******* saylı alqı-satqı müqaviləsi əsasında "xxxx" MMC-dən sonuncuya məxsus Sabunçu rayonu, Ləhiş bağ sahəsi, ev 4451E nömrəli, ümumi sahəsi 172.40 kv.metr olan bağ evini iddiaçının adından etibarnamə ilə çıxış etmiş nümayəndəsi Vüqar Allahverdiyevin müqaviləyə imza etməsi ilə almışdır. İddiaçı Vüqar Allahverdiyevə xx.xx.2023-cü il tarixdə, 50 saylı notariat ofisi vasitəsilə 23128 reyestr nömrəli etibarnamə verilmişdir. Əmlakın dəyəri müqavilənin 4-cü bəndinə əsasən 235 000 manat təşkil etmişdir. Həmin bəndin birinci yarım bəndinə əsasən 0,065 ha torpaq sahəsinin dəyəri deyil, məhz satılmış 1172.4 kv.metr ümumi sahəsi olan tikilmiş evin dəyəri ƏDV daxil 165 000 manat olduğu müəyyən edilmişdir. Alqı-satqı zamanı və ondan əvvəl xx.xx.2024-cü il tarixli beh müqaviləsi üzrə müvafiq beh ödənişini də daxil olmaqla bütün ödənişlər etibarnamə üzrə nümayəndəsi tərəfindən edilmişdir. Alqı-satqıdan sonra həmin daşınmaz əmlak xx.xx.2023- cü il tarixli çıxarışla xüsusi mülkiyyət olaraq iddiaçının adına qeydiyyata alınmışdır. Aldığı evin dəyəri əlavə dəyər vergisi ilə hesablandığından qanunvericiliyin verdiyi hüquqdan istifadə edərək ödədiyi ƏDV-nin müvafiq hissəsinin, yəni 7550,85 manat vəsaitin geri qaytarılması üçün elektron qaydada müraciət etmişdir. Cavabdehin ona ünvanladığı 26 fevral 2024-cü il tarixli, **********977800 nömrəli qərarı ilə müraciətinə neqativ cavab verilmiş, ƏDV-nin geri qaytarılmasından imtina edilmişdir. İddiaçı tərəfindən elektron qaydada cavabdehə təqdim etdiyi sənədlərdə heç bir uyğunsuzluq olmamışdır. Əks təqdirdə imtina barədə verilmiş xx.xx.2024-cü il tarixli Qərarda təqdim etdiyi sənədlərə təkrar baxış keçirilməz və bu dəfə ödənişlərin nümayəndəsi vasitəsi ilə edildiyi əsası ilə imtina barədə qərar qəbul edilməzdi. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı əlavə dəyər vergisinin qaytarılması üçün xx.xx.2024-cü il tarixli elektron ərizə ilə müraciət etmişdir. Təqdim edilmiş elektron ərizənin araşdırılması zamanı müqavilə üzrə mənzilin tam dəyərinin (cəmi 165 000 manat) nağdsız qaydada ödənilməsini təsdiq edən sənədlərin və alqı-satqı müqaviləsinin təqdim edilmədiyi müəyyən edilmiş və sənədlərdə çatışmazlıqlarla bağlı xx.xx.2024-cü il tarixli, **********649500 nömrəli bildiriş alıcının portalda yaratdığı elektron kabinetə göndərilmişdir. Təkrar araşdırma zamanı xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli ödəniş sənədlərində ödənişin iddiaçı tərəfindən aparılmadığı (ödənişi aparan şəxsin soyad, ad və ata adının fərqli olduğu) müəyyən edilmiş və sənədlərdə uyğunsuzluqla bağlı xx.xx.2024cü il tarixli, **********897500 nömrəli bildiriş alıcının portalda yaratdığı elektron kabinetə göndərilmişdir. Lakin, iddiaçı tərəfindən son bildirişin alındığı tarixdən 10 iş günü müddətində uyğunsuzluqlar aradan qaldırılmamışdır. Göstərilən səbəbdən sənədlərin düzgünlüyünün yoxlanılması mümkün olmamışdır. İddiaçının müraciəti üzrə aparılmış araşdırmanın nəticəsi üzrə xx.xx.2024-cü il tarixli, **********1977800 nömrəli qərar qəbul edilmişdir. Cavabdeh həmin qərarı qəbul edən zaman işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli, tam və obyektiv araşdırılmış və qanuni inzibati akt qəbul edilmişdir. İddia tələbinin 7 550,85 manat əlavə dəyər vergisinin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsinə münasibətdə qeyd edilmişdir ki, operatorun vəzifəsi alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsindən ibarətdir. Odur ki, iddua tələbi “7 550,85 manat əlavə dəyər vergisinin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində mümkün sayılmamalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məəzmununa uyğun izahat verərək həmçinin bildirdi ki, evin alqı-satqısı iddiaçının nümayəndəsi kimi Vüqar Allahverdiyev tərəfindən aparılıb. Bununla bağlı etibarnamə də cavabdehə təqdim olunub. Cavabdehin imtinası əsassızdır. Qeyd edilənlərə əsasən iddiaçının nümayəndəsi iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etirazla oxşar məzmunlu izahat verırık iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, AN İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC ünvan 1 ünvanında yerləşən ev və torpaq sahəsini ƏDV daxil olmaqla 165 000 manata iddiaçıya satmışdır. Hımin müqaviləni iddiaçının nümayəndəsi kimi etibarnamə əsasında X1 imzalamışdır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ev və torpaq sahəsi xx.xx.2023-cü il tarixdən iddiaçının adına xüsusi mülkiyyət kimi dövlət qeydiyyatından keçmişdir. 53 saylı Notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli orderdən görünür ki, X1 tərəfindən iddiaçının adından ümumilikdə 215 000 manat ödəniş edilmişdir. Bakı şəhəri 53 saylı Notariat Ofisinin 26 yanvar 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, satıcı - "xxxx" MMC ilə alıcı - İddiaçı (Bakı şəhəri 50 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə verilmiş 23128 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi X1) arasında Bakı şəhəri 53 saylı notariat ofisində 05 dekabr 2023-cü il tarixli, 4Ə-3479 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi rəsmiləşdirilmişdir. Həmin daşınmaz əmlakın alqı-satqısı üçün satıcı - "xxxx" MMC tərəfindən təqdim edilmiş seriya № YT**********65, tarix: xx.xx.2023-cü il tarixli elektron qaimə-faktura əsasında alıcı İddiaçı tərəfindən aşağıdakı ödənişlər həyata keçirilmişdir: Bakı şəhəri 53 saylı notariat ofisində təsdiq edilmiş 16 noyabr 2023-cü il tarixli 3M-6995 reyest nömrəli beh müqaviləsinə görə xx.xx.2023 tarixli №ODl ödəniş tapşırığı ilə 20000 manat, Bakı şəhəri 53 saylı notariat ofisində 05 dekabr 2023-cü il tarixli 4Ə-3479 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə görə xx.xx.2023 tarixli Ref №: 263OCAZ2333900DV ödəniş tapşırığı ilə 189830,51 manat və Bakı şəhəri 53 saylı notariat ofisində 05 dekabr 2023-cü il tarixli 4Ə- 3479 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə görə xx.xx.2023 tarixli Ref №: 2630PX1233393A62 ödəniş tapşırığı ilə 25169.49 manat. İddiaçı tərəfindən edilmiş ƏDV-nin geri qaytarılması üçün xx.xx.2023-cü il tarixli elektron müraciətdə 7550,85 manat ƏDV-nin geri qaytarılması tələb edilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş 26 fevral 2024-cü il tarixli, **********977800 nömrəli qərarından görünür ki, iddiaçının xx.xx.2024-cü il tarixli ərizə üzrə ƏDV-nin geri qaytarılması təmin edilməmişdir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğvini və cavabdehin üzərinə daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ödədiyi məbləğə hesablanmış ƏDV-nin geri qaytarılması ilə bağlı müraciətin müvəkkil banka yönləndirilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İddia tələbi xx.xx.2024-cü il tarixli qərarın ləğvi ilə bağlı olsa da mahiyyətcə öhdəliyin icrası ilə bağlıdır. Çünki həmin qərar iddiaçının hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş bir qərar deyil və yalnız iddiaçının müraciəti əsasında ona verilmiş imtinadan ibarətdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Vergi Məcəlləsində göstərilmişdir ki, əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir (153.1.). ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir (154.1.). Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir (159.1.). Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir (165.6.). Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nda göstərilmişdir ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” (bundan sonra – Qayda) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra – ƏDV) qaytarılması şərtlərini və qaydasını tənzimləyir (1.1). Alıcı – satıcıdan yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçıdır (2.0.2. ). Satıcı – ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsdir (2.0.3. ). Operator – ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyriyaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaiməfaktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətidir (2.0.4.). Müvəkkil bank – ƏDV-nin qaytarılması məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilən bank və ya banklardır (2.0.6. ). Satıcı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı həmin yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinə (ƏDV daxil olmaqla) bu Qaydaya əlavə olunmuş formada elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürür və çap edərək alıcıya təqdim edir (4.1.). Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: ödənişi aparan alıcının soyadı, adı və atasının adı; ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi; ödənişin təyinatı (5.1.). Alıcı tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı alıcının müraciətinə operator 10 (on) iş günü müddətində baxır və bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünü yoxlayır. Sənədlərdə çatışmazlıq aşkar olunduqda, müraciət daxil olduğu gündən 5 (beş) iş günü müddətində çatışmazlıqların aradan qaldırılması barədə alıcının portalda yaratdığı elektron kabinetə bildiriş göndərilir. Bütün çatışmazlıqlar eyni zamanda bildirilməlidir. Alıcı həmin çatışmazlıqları bildirişi aldığı tarixdən ən geci 10 (on) iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman operatorun müraciətə baxması ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət operator tərəfindən alıcının müraciətinə baxılma müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə alıcının müraciətindən sonra müddətin axımı bərpa olunur (5.4.). Elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd olunmuş sənədlərdə göstərilən məlumatlar operator tərəfindən yoxlanıldıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında, təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, operator alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir (5.5.). Operator tərəfindən aparılmış risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDV-nin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul edilir və inzibati akt 2 (iki) iş günü müddətində alıcının portalda yaratdığı elektron kabinetə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər (5.6.). Müvəkkil bank bu Qaydanın 5.5-ci bəndində nəzərdə tutulan ƏDV məbləğini məlumatı aldığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq alıcının bank hesabına qaytarır. Müvəkkil bank tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ƏDV məbləği onların seçimindən asılı olaraq milli və ya xarici valyutada qaytarılır (5.7.). Göründüyü kimi iddiaçı "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, AN İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında ünvan 1-ni almışdır. Bunun müqabilində o, ƏDV daxil 165 000 manat nağdsız qaydada ödəniş etmişdir. İddiaçı yuxarıda qeyd edilən hüquq normalarına əsasən ödənilmiş ƏDV-nin qaytarılmasının təmin edilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh iddiaçının tələbindən imtina etmişdir. Cavabdeh buna əsas kimi ödənişin iddiaçı tərəfindən deyil, digər şəxs tərəfindən edildiyini göstərmişdir. İşdən görünür ki, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsini iddiaçının adından etibarnamə əsasında X1 imzalamışdır. Əmlakın dəyərini də məhz həmin şəxs etmişdir. Alqı-satqı müqaviləsini iddiaçının adından Vüqar Allahverdiyevin bağlaması, onun ödənişi də məhz iddiaçının adından və onun mənafeyi üçün etməsi ilə bağlı hər hansı şübhə yaratmır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin ödənişi iddiaçının şəxsən etməməsi əsas gətirilməklə tələbdən imtina etməsi yalnız formal mülahizələrə söykənir və əsaslı hesab edilə bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı ilə Vüqar Allahverdiyev fərqli maraqlara mail insanlar olmuş olsaydılar. Vüqar Allahverdiyev həmi ödənişi iddiaçının əvəzinə etməzdi. Həmçinin həmin ödəniş Mülki qanunvericiliyin “öhdəliyin üçüncü şəxs tərəfindən icrası” ilə bağlı müddəalarına uyğun gəlir ki, gələcəkdə iddiaçı ilə Vüqar Allahverdiyevin maraqları toqquşarsa Vüqar Allahverdiyev məhkəmədə reqres qaydasında mülki iddia qaldıraraq iddiaçıdan ödənilmiş vəsaiti tələb edə bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 26 fevral 2024-cü il tarixli, **********977800 saylı qərarı ləğv edilsin. İddiaçı xx.xx.2023-cü il tarixli, AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsi əsasında aldığı daşınmaz əmlaka görə hesablanmış 7550 (yeddi min beş yüz əlli) manat 85 (səksən beş) qəpik ƏDV vəsaitinin geri qaytarılmasının müvəkkil banka yönləndirilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar