Məhkəmə qərarları › İş №2-1(112)-7952/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7952/2021

01.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7952/2021 01.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X9 Xüsusi Şərtlərlə X1rşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 2019-cu ilin oktyabr ayından yaşa görə güzəştli pensiya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh qismində Azərbayan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra Filial) göstərilməklə cavabdeh orqanın üzərinə ona 53 yaşının tamam olduğu vaxtdan, yəni 13.10.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməsi öhdəliyinin həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh orqanın üzərinə ona 52 yaşının tamam olduğu, yəni 13.10.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməsi öhdəliyinin həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxx 1966-cı ildə anadan olmuşdur. Hal-hazırda onun 55 yaşı vardır. 1984-cü ilin fevral ayından 2016-ci ilin 14 noyabr ayına kimi işləmişdir (əmək kitabçasında da qeyd olunub). Ümumilikdə 32 il 9 ay əmək stajı vardır. Bu əmək fəaliyyətinin 15 ildən çoxunu zərərli iş rejimində çalışmışdır. Azərbaycan Respublikasının Pensiya haqqında qanunun 7-ci maddəsinə əsasən o, 53 yaşı tamam olanda, yəni 2019-ci ilin oktyabr ayında pensiyaya çıxmalı idi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bəhanələrlə onun yaşa görə güzəştli şərtlərlə əmək pensiya almağına maneçilik göstərir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia tələbi üzrə verdiyi izahatında bildirdi ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 27 oktyabr 1985-ci il tarixli əmək kitabçasında və “X8” MMC-nin arayışında 06.05.1987- 16.03.2008-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəsisəsədə bürücü vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi bürücü vəzifəsi müfaviq siyahıda göstərilən burucu avadanlığının operatorları, burma və dartma avadanlığının operatorları vəzifələrinə uyğun deyildir. Bu səbəbdən də iddiçının güzəştli iş stajı yoxdur. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qərar qbəul edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı ildə Gədəbəy rayonu, Əli İsmayıl kəndində doğulmuşdur. - İddiaçıya məxsus əmək kitabçasının tərcümə edilmiş və notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 01.02.1984-cü ildən 27.10.1985-ci ilə qədər V.İ.Lenin adına 2 saylı Toxuculuq kombinatında 2-ci dərəcəli lif dəyişdirici və 3-cü dərəcəli sarıyıcı (01 il 08 ay 27 gün), 06.05.1987-ci il tarixindən 16.03.2008-ci ilə qədər 1 №-li hazırlayıcı sexində burucu şagirdi və 5-ci dərəcəli burucu (20 il 10 ay 11 gün), 15.04.2008-ci ildən 01.10.2012-ci ilə qədər “Elmar” şirkətində Çörək bişirən (04 il 05 ay 17 gün), 01.12.2012-ci ildən 05.05.2014-cü ilə qədər "xxxx" MMC-də fəhlə (01 il 05 ay 05 gün), 12.05.2014-cü ildən 19.10.2016-cı ilə qədər "xxxx" MMC-də fəhlə (02 il 05 ay 08 gün) vəzifələrində işləmişdir. - “X8” MMC tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı 06.05.1987-ci ildən 16.03.2008-ci ilədək “X8” MMC-də burucu vəzifəsində işləmişdir. Peşələrin adı, bölmə və kodu SSRİ İK 23.01.2007-ci il tarixli 12 saylı qərarının 2 №-li Siyahı, 32-ci bölməsinə uyğundur. - "xxxx" MMC tərəfindən verilmiş 29.01.2021-ci il tarixli, 06 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən 14.11.2016-cı il tarixindən "xxxx" MMC-nin X3 Qablaşdırıcı vəzifəsində işləməsi qeyd olunmuşdur. Aylıq əmək haqqı 273 (iki yüz yetmiş üç) manatdır. - “X8” MMC tərəfindən məhkəməyə ünvanlanan 25.09.2021-ci il tarixli, 17 nömrəli məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı 1987-ci ilin may ayından 1995-ci ilin oktyabr ayına kimi əmək haqqı alması barədə arayış tərtib edilmişdir. İddiaçı 06.05.1987-ci ildən 01.10.1995-ci ilədək 1 saylı hazırlayıcı sexində işlədiyi burucu vəzifəsi 23.01.2007-ci il tarxlik 12 saylı Qərarının 2№-li Siyahısının 32-ci bölməsinə uyğundur. - “X8” MMC tərəfindən məhkəməyə ünvanlanan 26.11.2021-ci il tarixli, 18 nömrəli məktubdan görünür ki, X8 hal-hazırda fəaliyyət göstərmir və müəssisə uzun illər öncə fəaliyyətini dayandıraraq bütün sex və otaqlarının qapıları (əmək haqqı cədvəlləri və tabellər saxlanılan otaqlar istisna olmaqla) möhürlənmiş və qorunub saxlanılması məqsədilə mühafizə şirkətinə təhvil verilmişdir. Bu səbəbdən sorğuda qaldırılan məsələ ilə bağlı hər hansı təlimat və ya işçilərin Vahid Tarif-İxtisas Sorğu kitabçalarını əldə etmək mümkün olmamışdır. Buna baxmayaraq, əvvəllər müəssisədə işləmiş mütəxəssislər (baş mühəndis N.Mehralıyev və kadrlar X.Səfərova) ilə əlaqə saxlanılmış və onların verdiyi şifahi məlumatda bildirilmişdir, burucu (əyrici) vəzifələrinin qulluq funksiyaları burucu avadanlığının operatoru vəzifəsinə uyğundur. - Filial tərəfindən iddiaçıya ünvanlanmış 18.06.2021-ci il tarixli, **********7 nömrəli məktubdan görünür ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın toxuculuq istehsalatı bölməsində (32) burucu avadanlığının operatorları, burma və dartma avadanlığının operatorları vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi 27 oktyabr 1985-ci il tarixli əmək kitabçasında və “X8” MMC-nin ona dair arayışında 06.05.1987-16.03.2008-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəsisədə bürücü vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi işlədiyi bürücü vəzifəsi yuxarıda qeyd olunan burucu avadanlığının operatorları, burma və dartma avadanlığının operatorları vəzifələrinə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Bundan başqa fərdi hesabı sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 46600,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 26256,76 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək, aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. «Andreyeva Latviyaya qarşı» işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər -istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar -50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli, 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır:

1. İddiaçının 52 yaşının tamam olması;

2. İddiaçının 01.01.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması;

3. İddiaçının 01.01.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının işlədiyi burucu vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin" Siyahının “Toxuculuq istehsalatı” adlanan 32-ci bölməsində nəzərdə tutulmuş burucu avadanlığının operatorları vəzifəsinə uyğun olmaqla 01.01.2006-ci ilə qədər 20 il 4 ay 23 gün ümumi və 18 il 7 ay 26 gün güzəştli iş stajı mövcuddur. Məhkəmə qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüquqi verən işdə çalışmasına dair iş yerinin mötəbər arayışı mövcuddur və iddiaçı əmək fəaliyyətinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməklə müəyyən edilmiş yaşa çatdıqda gələcəkdə dövlət tərəfindən ona güzəştli şərtlərlə pensiya verilməsinə ümid etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan hər üç halın mövcud olması məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından cavabdeh inzibati orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 52 yaşı tamam olduğu tarixdən, yəni 13.10.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı 13.10.2018-ci ildən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı 13.10.2018-ci ildən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X9 Xüsusi Şərtlərlə Təyinat X6 üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər.

Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar