Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7953/2024 03.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, B/493 saylı sahədə yerləşən 875 kv.metr ərazisi olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 196/8 saylı, 15 fevral 1993-cü il tarixli sərəncamı ilə Buzovna qəsəbəsi B/493 saylı sahədə yerləşən 875 kv.m. torpaq sahəsi fərdi ev tikmək üçün İddiaçı ayrılmış, həmçinin torpaq sahəsinin sxemi İcra Hakimiyyəti tərəfindən tərtib edilərək təsdiq olunmuşdur. İddiaçı bildirmişdir ki, həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarımın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bununla bağlı çıxarışın verilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş və onun müraciətlərinə cavabdeh tərəfindən verilən cavab məktublarında ərazinin ARDNŞ-in istifadəsində olan torpaqlara aid olduğu üçün dövlət qeydiyyatına alınmasının mümkünsüz olduğu bildirilmişdir. İddiaçı bundan sonra ARDNŞ-nə müraciət etmiş, ARDNŞ tərəfindən rəsmi qaydada bildirilmişdir ki, iddiaçıya ayrılmış torpaq sahəsi SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərinin hüdudları, eləcə də neft-qaz boru kəmərlərinin mühafizə zonası xaricində yerləşir. İddiaçı ARDNŞ-in həmin məktubunu cavabdehə təqdim etdiyi və ona ayrılmış torpaq sahəsinə çıxarış verilmədiyini bildirmişdir. Qeyd olunanlara əsasən iddiaçı cavabdehin bu hərəkətini qanunsuz və əsassız hesab edərək tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaya etiraz edərək bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim edilmiş Əzizbəyov rayon İHB tərəfindən təsdiq edilmiş xx.xx.1993-cü il tarixli 196/8 saylı sərəncamın həqiqiliyi ilə bağlı Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına sorğu göndərilmişdir. Sorğuya cavab olaraq bildirilmişdir ki, qeyd olunan sərəncam Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialında mövcuddur. Qeyd edilmişdir ki, bu sərəncam həmin ilin sərəncamlarının qeydiyyatı kitabı ilə uyğunsuzluq təşkil etdiyindən doğruluğu şübhə yaradır, belə ki, xx.xx.1993-cü il tarixli, 196/8 saylı sərəncam saxlama vahidində “Vət. İddiaçı fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” olsa da, sərəncamların qeydiyyatı kitabının 22-ci (iyirmi ikinci) səhifəsində “Vət. M.B.Alışovun ailə tərkibinin dəyişdirilməsi və iş yeri üzrə mənzillə təmin edilməsi haqqında” məzmunu ilə qeydiyyata alınmışdır. Cavabdeh onu da bildirmişdir ki, təqdim edilən torpaq sahəsinin yerləşmə cizgisində dəqiq istinad və məsafələr göstərilmədiyi səbəbindən həmin sənədin göstərilən əraziyə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Qeyd edilmişdir ki, torpaq sahəsi əvvəllər istifadədə olmuş neft kəmərinin mühafizəsində yerləşir. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsinə istinad edərək məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilmədiyindən hazırkı tələblə məhkəmədə iddia qaldırmışdır. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və tələbin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********35 saylı məktubundan görünür ki, iddiaçının müraciətinə baxılaraq etirazdakı dəlillərə uyğun məzmunda cavab verilmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il, xx.xx.2021-ci il, o cümlədən xx.xx.2024-cü il tarixli 3-U-3- 30/2-İ-0614-8/2023 **********14 nömrəli oxşar məzmunlu məktublarından görünür ki, iddiaçının müraciətinə yenidən baxılaraq əvvəlki imtina məktubu üzrə cavab verildiyi bildirlmişdir. -Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti Başçısının 196/8 saylı, 15 fevral 1993-cü il tarixli sərəncamı ilə İddiaçı Buzovna qəsəbəsi B/493 saylı ərazidə yerləşən 875 kv.m. torpaq sahəsi ayrılmış, həmçinin torpaq sahəsinin sxemi Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilərək təsdiq edilmişdir. -Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təqdim etdiyi 25 yanvar 2021-ci il tarixli məktubda bildirilir ki, iddiaçının müraciətində qeyd etdiyi torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları, eləcə də neft-qaz boru kəmərlərinin mühafizə zonası xaricində yerləşir. -Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən təqdim edilən sərəncamın qeydiyyat kitabının surətindən görünür ki, Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 196/8 saylı, 15 fevral 1993-cü il tarixli sərəncamı Dövlət Arxivinin Bakı filialında mövcuddur, lakin həmin ilin sərəncamlarının qeydiyyat kitabı ilə uyğunsuzluq təşkil edərək sərəncamların qeydiyyat kitabının 21-ci (iyirmi birinci) səhifəsində “Vət. Ə.Ş.Əlihəsənovun mənzil növbəsindən çıxarılması haqqında” məzmunu ilə qeydiyyata alınmışdır. -Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən 10 mart 2021-ci il tarixli müayinə (baxış) aktından görünür ki, cavabdeh inzibati orqanın əməkdaşları tərəfindən sözügedən əraziyə baxış keçirilmiş və sözügedən torpaq sahəsinin faktiki ölçüsünün 895,00 kv.metr, əlavə 20.0 kv.metr olduğu, torpaq sahəsinin daş hasar ilə hasarlandığı, bir tərəfinin yol, qalan 3 tərəfinin qonşu sahələr olduğu, həmçinin sahədə yalnız bünövrəsi olan tikilinin mövcud olduğu, torpaq sahəsinin daxilindən və yaxınlığından yürüstü kommunikasiya xətti keçmədiyi müəyyən edilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçı Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 196/8 saylı, 15 fevral 1993-cü il tarixli sərəncamı ilə ona verilmiş Buzovna qəsəbəsi B/493 saylı ərazidə yerləşən 875 kv.metr ərazisi olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, ona bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini istəyir. İddiaçının bu məqsədlə cavabdeh inzibati orqana müraciəti təmin edilməmişdir. Hazırda iddiaçı cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə cavabdehin imtinasının qanunauyğun olmadığını hesab edir və gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin Qanunun 8.0.8-ci maddəsində göstərilmişdir ki, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar da daxildir (2.7). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» AR Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Göründüyü kimi, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınma və imtina əsaslarının dairəsini konkret müəyyən edir və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. Yalnız həmin maddədə göstərilən əsasların mövcudluğu halında şəxsin mülkiyyət hüququ qeydiyyata alına bilər. Məhkəmə hesab edir ki, iddiaçının torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri yuxarıda istinad olunan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.7-ci bəndindəki aktlara uyğun gəlir. Belə ki, iddiaçı Buzovna qəsəbəsi B/493 saylı sahədə yerləşən 875 kv.m. torpaq sahəsinin ona ayrılmasına dair Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti Başçısının 196/8 saylı, 15 fevral 1993-cü il tarixli sərəncamını və səlahiyyətli qurum tərəfindən tərtib edilmiş torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən torpaq sahəsinin cizgisini təqdim etmişdir. Qeyd olunan torpaq sahəsi iddiaçının qanuni sahibliyində və istifadəsindədir. Cavabdeh inzibati orqan tərəfindən həmin torpaq sahəsinin başqa fiziki və ya hüquqi şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsinə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Həmin sərəncam və digər sənədlər ləğv edilməmiş və ya etibarsız hesab edilməmiş, hazırda qüvvədədir. Məhkəmə cavabdehin imtina dəlillərini hüquqların qeydiyyata alınmasından imtina edilməsi üçün əsaslı hesab etməyərək qeyd edir ki, Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti Başçısının 196/8 saylı, 15 fevral 1993-cü il tarixli sərəncamın sərəncamın mövcud olması tərəflər arasında mübahisələndirilmir. Həmçinin işin araşdırılan halları ilə də müəyyən edilmişdir ki, sözügedən sərəncamın arxiv əsasları mövcuddur. Qeyd olunan sərəncamın Dövlət Milli Arxivindəki sərəncamların qeydiyyatı kitabı ilə uyğunsuzluq təşkil etməsi isə iddiaçının məsuliyyəti ilə bağlı məsələ deyil və bu uyğunsuzluq onun əleyhinə istifadə edilə bilməz. Belə ki, “Milli arxiv fondu haqqında” Azərvbaycan Respublikası Qanunun 10-cu maddəsinə əsasən, Bu Qanunun 7-ci maddəsinin üçüncü hissəsində göstərilən arxiv sənədləri istisna olmaqla, Milli arxiv fondunun tərkibinə daxil olan arxiv sənədləri daimi mühafizə məqsədi ilə dövlət arxivlərinə verilənə qədər dövlət və qeyri-dövlət idarə, müəssisə və təşkilatlarında yaradılan idarə arxivlərində müvəqqəti mühafizə olunur. Həmin maddənin ikinci abzasına əsasən, rayon və şəhər hakimiyyət orqanlarının sənədləri üçün milli arxiv fondu sənədlərinin idarə arxivlərində müvəqqəti mühafizə müddəti 5 il nəzərdə tutulmuşdur. Həmin maddənin üçüncü abzasına əsasən, göstərilən müddətlər sənədlərin yarandığı vaxtdan hesablanır və həmin müddətlər başa çatdıqdan sonra arxiv fondu sənədləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun daimi dövlət mühafizəsinə təhvil verilməlidir. Həmin Qanunun 11-ci maddəsinə əsasən, milli arxiv fondunun sənədləri mülkiyyət formasından və mühafizə yerindən asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınır. "Milli arxiv fondu haqqında" Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 27 iyul 1999-cu il tarixli, 168 nömrəli Fərmanının 2.5-ci bəndinə görə, həmin Qanunun 11-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi həyata keçirir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında arxiv işinin həyata keçirilməsi, Milli arxiv fondunun formalaşdırılması, mühafizəsi və istifadəsi məqsədi ilə dövlət arxiv xidməti yaradılır. Dövlət arxiv xidmətinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), Azərbaycan Respublikasının dövlət arxivləri, dövlət arxivinin filialları və sənədləri dəyişən tərkibli rayon (şəhər) dövlət arxivləri daxildir. Dövlət arxiv xidməti təşkilatları Milli arxiv fonduna aid sənədlərin komplektləşdirilməsini, dövlət qeydiyyatını, mühafizəsini və istifadəsini həyata keçirirlər, habelə bu Qanuna uyğun olaraq hüquqi və fiziki şəxslərə ödənişli arxiv xidmətləri göstərirlər. Göründüyü kimi, sənədlərin dövlət arxivinə təhvil verilməsi müvafiq dövlət orqanı ilə dövlət arxiv xidməti arasında həyata keçirilən prosedur olmaqla daimi mühafizə üçün verilmiş sənədlərin dövlət qeydiyyatına, mühafizəsinə və istifadəsinin həyata keçirilməsinə məsul qurum dövlət arxiv xidməti təşkilatlarıdır. Müvafiq qanunvericilikdə iddiaçının arxivdə qeydiyyat kitablarının düzgün tərtibatına nəzarət etmək səlahiyyəti nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə iddiaçının torpaq sahəsinə dair təqdim etdiyi Suraxanı RİHB-nin 196/8 saylı, 15 fevral 1993-cü il tarixli sərəncamını mötəbər sübut kimi qəbul edir. Torpaq sahəsinin yerləşmə cizgisindəki uyğunsuzluqla bağlı qeyd olunur ki, həmin hallar iddiaçının iradəsindən asılı deyil və bu uyğunsuzluğun aradan qaldırılması da cavabdehin səlahiyyətindədir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; 3.0.50-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək Xidmətin vəzifələrinə aid edilmişdir. Torpaq sahəsinin yerləşmə cizgisindəki uyğunsuzluqla bağlı qeyd olunur ki, həmin hallar iddiaçının iradəsindən asılı deyil və bu uyğunsuzluğun aradan qaldırılması da cavabdehin səlahiyyətindədir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; 3.0.50-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək Xidmətin vəzifələrinə aid edilmişdir. Torpaq sahəsinin əvvəllər istifadədə olmuş neft kəmərinin mühafizəsində yerləşməsi ilə bağlı dəlilə gəldikdə isə iş materiallarından göründüyü kimi, bu xüsusat Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) həm iddiaçının, həm də məhkəmənin sorğusuna verilmiş cavab məktubları ilə öz təsdiqini tapmamış və iddia olunan torpaq sahəsinin SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları xaricində yerləşməsi bildirilmişdir. Cavabdeh tərəfindən bunun əksini təsbit edən hər hansı dəlil təqdim edilməmişdir. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, qeyd olunan dəlillər qanunvericiliklə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatının aparılmasından imtina əsası kimi nəzərdə tutulmadığından, iddiaçının arzuladığı məqsədə nail olmaq üçün maneə hesab edilməməlidir. Odur ki, cavabdehin imtinası iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməli, iddia əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti Başçısının 196/8 saylı, 15 fevral 1993-cü il tarixli sərəncamı ilə İddiaçı ayrılmış Bakı şəhəri, Buzovna qəsəbəsi, B/493 ünvanında yerləşən 875 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 196/8 saylı, 15 fevral 1993-cü il tarixli sərəncamı ilə İddiaçı ayrılmış Bakı şəhəri, Buzovna qəsəbəsi, B/493 ünvanında yerləşən 875 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-7953/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7953/2024
03.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver