Məhkəmə qərarları › İş №2-1(112)-7958/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7958/2021

01.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7958/2021 01.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə (üçüncü şəxs X4 cəlb olunmaqla) qarşı üçüncü şəxsin qeydiyyatdan çıxarılması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X4 olmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 xx.xx.2014-cü il tarixdə verilmiş RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması vəzifəsi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin üzərinə qoyulmasıbarədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzil ilkin olaraq iddiaçının atası X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə ona çıxarış verilmişdir. Daha sonra, 13 dekabr 2014-cü il tarixli daşınmaz əmlakın bağışlanması haqqında müqaviləyə əsasən atası Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzili ona bağışlamışdır. Bağışlama müqaviləsi əsasında iddiaçıya xx.xx.2014-cü il tarixdə RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Atası ilə iddiaçı arasında bağışlama müqaviləsi rəsmiləşdirilərkən həmin mənzildə X4 adlı şəxs qeydiyyatda olmamışdır. Mənzil onun mülkiyyətinə keçirildikdən sonra da, onun razılığı ilə hər hansı şəxs oraya qeydiyyata düşməmişdir. X4 adlı şəxsi tanımır, onunla hər hansı qohumluq münasibəti yoxdur. Qeyd olunan şəxsin iddiaçının xüsusi mülkiyyətində olan mənzildə hansı əsasla qeydiyyata düşməsi barədə heç bir məlumatı yoxdur. X1 iddiaçıya məxsus mənzildə qeydiyyatda qalması onun mülkiyyət hüquqlarını pozur. Mülkiyyətində olan evə istədiyi kimi sahib ola və istədiyi kimi sərəncam verə bilmirəm. X4 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmalıdırlar. X1 qeydiyyatdan çıxarılması ilə bağlı Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə müraciət etsə də, həmin şəxsin qeydiyyatdan çıxarılmasından imtina edilmişdir. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı münasibət məhkəməyə təqdim edilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, şifahi məhkəmə baxışı iclasına gəlməmişlər. Məhkəmə iclaslarının vaxtı və yeri barədə məhkəmə bildirişi üçüncü şəxsin qeydiyyatda olduğu Bakı şəhəri, 1956-1989cu məhəllə Ə.Əliyev küçəsinə yerləşən 26 saylı evin 297 saylı mənzilinə göndərilmiş, lakin həmin bildirişlər poçt idarəsi tərəfindən zərfin üzərində “bu ünvanda yaşamır” sözləri qeyd olunaraq məhkəməyə geri qaytarılmışdır. Cavabdeh məhkəməyə məktub ünvanlayaraq, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 26 dekabr 2014-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 1956- 1989-cu məhəllə Ə.Əliyev küçəsinə yerləşən 26 saylı evin 297 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir və bu barədə iddiaçı elektron çıxarış əldə etmişdir. -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ******* saylı arayışdan görünür ki, xx.xx.1975-ci il təvəllüdlü X4 ünvan 3 ünvanında qeydiyyatdadır. -Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 15323-1221 saylı imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış, X1 ünvan 3 ünvanından qeydiyyatdan çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə müvafiq olaraq əlaqədar məhkəməyə müraciət etməsi bildirilmişdir. Məhkəmə araşdırması dövründə xx.xx.1975-ci il təvəllüdlü X1 ünvan 3 ünvanında qeydiyyata alınmasına əsas olmuş sənədlərin təsdiq olunmuş surəti sorğu əsasında Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən tələb edilmişdir. Sorğuya cavab olaraq məhkəməyə təqdim olunan 06 avqust 2021-ci il tarixli cavab məktubunda X1 xx.xx.2013-cü il tarixdən ünvan 3 ünvanına pasport qeydiyyatına alındığı, lakin şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlama müddətinin bitdiyi əsası ilə məhkəməyə təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir. Beləliklə işin hallarından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, 1956-1989-cu məhəllə Ə.Əliyev küçəsi, ev 26 ünvanında yerləşən 297 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. İş üzrə üçüncü şəxs X2 tanımır, hər hansı qohumluq əlaqəsi yoxdur. İddiaçı üçüncü şəxsin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını tələb edir ki, bu da həmin şəxsin ona məxsus mənzildə yaşamaması, qeydiyyatının formal olması ilə əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci bəndinə əsasən, şəxs yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə hesab edir ki, X4 iddiaçıya məxsus ünvan 3 ünvanında yaşamadığı halda üçüncü şəxsin həmin ünvanda formal olaraq qeydiyyatda qalması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələbindən göründüyü kimi, yaşayış yerini dəyişdirmiş şəxs yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğundan, iddiaçının iş üzrə üçüncü şəxsin Bakı şəhəri, Nərimanov rayonu, 1956-1989-cu məhəllə Ə.Əliyev küçəsi (keçmiş Ə.Cavad küçəsi), ev 26, mənzil 297ünvanından qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsinə dair tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. X1 xx.xx.2014-cü il tarixdə verilmiş RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, 1956-1989-cu məhəllə Əliyar Əliyev küçəsində yerləşən 26 saylı evin 297 saylı mənzilindən qeydiyyatdan çıxarılması vəzifəsi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar