Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7958/2024 18.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 18 sentyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) 2.11.1969-cu il təvəllüdlür. ИТ-İ № ******* əmək kitabçasına əsasən iddiaçı: xx.xx.1987-xx.xx.1988-ci illərdə Mərkəzi təhlükəsizlik məntəqəsinin idarəetmə pultuna 0,5 ştatla növbətçi işləmişdir (1 il 8 ay 15 gün); xx.xx.1988-xx.xx.1992-ci illərdə həmin müəssisədə həmin vəzifədə tam ştat işləmişdir (3 il 10 ay 27 gün); xx.xx.1993-xx.xx.1994-cü illərdə “Videomərkəz” Birliyinin 4 №-li icarə məntəqəsində metodist işləmişdir (1 il, 1 ay 1 gün); xx.xx.1996-xx.xx.2012-ci illərdə "xxxx" Bakı Nəqliyyat Avia Şirkətində təyyarə bələdçisi işləmişdir (xx.xx.2006-cı il tarixədək-9 il 17 gün); xx.xx.2012-xx.xx.2020-ci illərdə Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətində Uçuşların İstehsalı İdarəsinin X3 Mərkəzinin Uçuş heyətinin Planlaşdırılması şöbəsinin təyyarə bələdçilərinin planlaşdırılması üzrə dispetçeri vəzifəsində işləmişdir. xx.xx.2020-ci il tarixdən həmin idarənin Uçuş heyətinin planlaşdırılması qrupunun uçuş heyəti və təyyarə bələdçiləri üzrə aparıcı mütəxəssisi vəzifəsində işləmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh 7.03.2024-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Mərkəzi Filiala təqdim etdiyiniz ИТ-İ ******* nömrəli əmək kitabçanızda qeyd olunan məlumatlardan göründüyü kimi, 1 yanvar 2006-cı il tarixinədək sizin ümumi iş stajınız 20 ildən az (15 il 8 ay 24 gün (xx.xx.1987-xx.xx.1992-ci il, xx.xx.1993-xx.xx.1994-cü il, xx.xx.1996-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajınız isə 10 ildən az (9 il 15 gün (xx.xx.1996-xx.xx.2005-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir”. İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 02 noyabr 2019-cu il tarixindən, 50 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbləri əsasında 01 yanvar 2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin d) bəndinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin və 20 fevral 2021-ci il tarixindən hal-hazıradək ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddiaçı tələbini onunla əsaslandırmışdır ki, güzəştli iş stajı təyyarə bələdçisi vəzifəsində topladığı stajdır ki, bu vəzifə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində bir qrup digər vəzifələrlə birlikdə (həmin maddənin ayrı-ayrı bəndlərində göstərilməklə) xüsusi olaraq güzəştli pensiya hüququ verməsi göstərilmişdir. “Xüsusi olaraq göstərilmə” dedikdə belə başa düşmək lazımdır ki, bu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarına nə 1 nömrəli, nə də 2 nömrəli Əlavələrində öz əksini tapmadan xüsusi olaraq göstərilmişdir. Başqa sözlə, həmin əlavələrdə nə təyyarə bələdçisi, nə də misal üçün, quşabaxan, donuzabaxan və ya mexanizator vəzifə adlarına rast gəlmək mümkün deyil, halbuki, bu peşələrdə işləyənlərin güzəştli pensiya hüququ həmin 13-cü maddənin müvafiq bəndləri ilə müəyyən edilmişdir. Burada məqsəd, iddiaçının halında 13-cü maddənin d) bəndinin yaş və staj tələblərinin həmin Əlavələrdə nəzərdə tutulan yaş və staj tələblərindən fərqli olmasıdır. Təyyarə bələdçilərinin güzəştli iş stajı isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 oktyabr tarixli 231 nömrəli qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”na uyğun hesablanır. Belə ki, həmin qaydaların 3.1-ci maddəsində deyilir; - təyyarədə çalışan sıravi ekipaj üzvləri üçün ümumi sığorta stajı - sıravi ekipaj üzvü qismində uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 18-ə, alınan nəticə isə 12 aya bölünür: Eyni qayda ilə, cavabdehin tabe olduğu yuxarı inzibati orqanın - Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun «Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları»nın təsdiq edilməsi haqqında məktub”unda (18 dekabr 2006-cı il, № xx/xx-4078) deyilir; 3. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.3-cü və 22.3-cü maddələrinə müvafiq olaraq mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin və güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin sığorta stajı aşağıdakı qaydada hesablanır: 3.1 təyyarədə çalışan sıravi ekipaj üzvləri üçün ümumi sığorta stajı -sıravi ekipaj üzvü qismində uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 18-ə, alınan nəticə isə 12 aya bölünür; Məhz “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nın tələbləri əsasında işə götürənin iddiaçıya uçuş saatları əsasında güzəştli iş stajını təsdiq edəcək arayış təqdim etmişdir ki, həmin arayış tərəfindən ilkin sübutetmə yükü qismində cavabdehə təqdim edilmişdir. Həmin arayışda iddiaçının 43 il 6 ay uçuş stajının olması öz əksini tapıb ki, bu stajın da 22 il 9 aylıq hissəsini 01 yanvar 2006-cı il tarixinədək toplamışdır. İddia tələbinə etirazın əsasları: Cavabdeh tərəfindən iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məmzunludur Həmçinin cavabdehə məhkəməyə etiraza əlavə təqdim etmişdir. Həmin məktubda qeyd edilmişdir ki, iddiaçının 50 yaşı xx.xx.2019-cu il tarixdə tamam olduğundan, 1997-ci il avqustun 1-dən etibarən yaş həddinin qanunvericiliyin tələblərinə əsasən artırıldığını nəzərə alaraq İddiaçı 50 yaşdan pensiya təyinatının aparılması mümkün deyildir. "xxxx" QSC tərəfindən iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli 76 nömrəli arayışında İddiaçı əmək fəaliyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 12 saylı Qərarının 21.3cü bəndinə (hava gəmilərinin bort bələdçisi, böyük bort bələdçisi, təlimatçı-bort bələdçisi) əsasən güzəştli şərtlərlə pensiya hüququnun olduğu qeyd olunmuşdur. İddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən arayışında da qeyd olunduğu kimi bələdçi vəzifəsi 12 saylı siyahı ilə tənzimləndiyindən pensiya təyinatı məsələsinə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tətbiqi ilə baxılacaqdır. İddiaçının cavabdeh inzibati orqana müraciət etdiyi tarixə münasibətdə (xx.xx.2024-cü il) Qanunun 7ci maddəsində qadınlar üçün nəzərdə tutulmuş yaş həddi 63 il 6 ay olmuşdur. İddiaçı Qanununun 9.1-ci maddəsinə əsasən yaşı (58 il 6 ay) tamam olmadığından hüququ yaranmır. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə iddiaçı 2.11.1969-cu il təvəllüdlü olmaqla 50 yaşı tamam olmuşdur. İddiaçı iddia tələbində güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 02 noyabr 2019-cu il tarixindən, 50 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbləri əsasında 01 yanvar 2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin d) bəndinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsini xahiş edir. Cavabdeh iddia tələbinə etiraz edərək, iddiaçının 1 yanvar 2006-cı il tarixinədək sizin ümumi iş stajınız 20 ildən az (15 il 8 ay 24 gün (xx.xx.1987-xx.xx.1992-ci il, xx.xx.1993xx.xx.1994-cü il, xx.xx.1996-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajınız isə 10 ildən az (9 il 15 gün (xx.xx.1996-xx.xx.2005-ci il tarixləri arasındakı dövr)) təşkil etdiyini, iddiaçının cavabdeh inzibati orqana müraciət etdiyi tarixə münasibətdə (xx.xx.2024-cü il) Qanunun 7-ci maddəsində qadınlar üçün nəzərdə tutulmuş yaş həddi 63 il 6 ay olduğunu və iddiaçının Qanununun 9.1-ci maddəsinə əsasən yaşı (58 il 6 ay) tamam olmadığından hüququ yaranmadğını bildirmişdir. İddiaçı cavabdehin bu mövqeyini əsassız hesab edərək bildirir ki, təyyarə bələdçilərinin güzəştli iş stajı isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 oktyabr tarixli 231 nömrəli qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”na uyğun hesablanır. “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nın tələbləri əsasında işə götürənin iddiaçıya uçuş saatları əsasında güzəştli iş stajını təsdiq edəcək arayış təqdim etmişdir ki, həmin arayış tərəfindən ilkin sübutetmə yükü qismində cavabdehə təqdim edilmişdir. Həmin arayışda iddiaçının 43 il 6 ay uçuş stajının olması öz əksini tapıb ki, bu stajın da 22 il 9 aylıq hissəsini 01 yanvar 2006-cı il tarixinədək toplamışdır Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsaslıdır. Belə ki, 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada) 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinin “d” bəndinə əsasən hava gəmilərində bələdçi işləyən şəxslər —qadınlar - 50 yaşına çatdıqda və azı 20 il ümumi iş stajı olduqda bu müddətin azı 10 ilini bələdçi vəzifəsində çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Məhkəmə qeyd edir ki, yuxarıda sadalana qanunvericilik normalarının tələblərinə əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 1) iddiaçının 50 yaşına çatması; 2) iddiaçının xx.xx.2006-cı il tarixədək 20 il ümumi stajı, bu stajın 10 ilini isə bələdçi kimi işləməsi lazımdır. İddiaçı 2.11.1969-cu il təvəllüdlü olmaqla, 50 yaşı 2.11.2019-cu ildə tamam olmuşdur. Cavabdeh iddiaçının sözügedən qanunla tələb olunan ümumi (20 il) və xüsusi iş stajına (10 il) malik olmasını mübahisələndirmişdir. Məhkəmə iddiaçının əmək stajı ilə bağlı qeyd edir ki, iş materialında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 76 №-li arayışına əsasən iddiaçı “AZAL” Aviasiya şirkətində təyyarə bələdçisi kimi aşağıdakı uçuş saatlarına malikdir. xx.xx.1997-xx.xx.1997 720 saat 54 dəqiqə (yeddi yüz iyirmi saat əlli dörd dəqiqə), xx.xx.1998-xx.xx.1998 776 saat 23 dəqiqə (yeddi yüz yetmiş altı saat iyirmi üç dəqiqə), xx.xx.1999-xx.xx.1999 718 saat 9 dəqiqə (yeddi yüz on səkkiz saat doqquz dəqiqə), xx.xx.2000-xx.xx.2000 240 saat 33 dəqiqə (iki yüz qırx saat otuz üç dəqiqə), xx.xx.2001xx.xx.2001 238 saat 51 dəqiqə (iki yüz otuz səkkiz saat əlli bir dəqiqə), xx.xx.2002xx.xx.2002 215 saat 54 dəqiqə (iki yüz on beş saat əlli dörd dəqiqə), xx.xx.2003xx.xx.2003 729 saat 12 dəqiqə (yeddi yüz iyirmi doqquz saat on iki dəqiqə), xx.xx.2004xx.xx.2004 558 saat 30 dəqiqə (beş yüz əlli səkkiz saat otuz dəqiqə), xx.xx.2005xx.xx.2005 733 saat 32 dəqiqə (yeddi yüz otuz üç saat otuz iki dəqiqə).... Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 12 saylı Qərarının 21.3-cü maddəsinə əsasən, güzəştli şərtlər üzrə təqaüdün təyin edilməsi üçün RSTŞ-yə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 oktyabr tarixli 231 nömrəli qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”:
3. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.3-cü və 22.3-cü maddələrinə müvafiq olaraq mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin və güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin sığorta stajı aşağıdakı qaydada hesablanır: 3.1. təyyarədə çalışan sıravi ekipaj üzvləri üçün ümumi sığorta stajı - sıravi ekipaj üzvü qismində uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 18-ə, alınan nəticə isə 12 aya bölünür; ... Baxılan işdə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 76 №-li arayışına əsasən iddiaçının xx.xx.1997-xx.xx.2005-ci illərdə 4931 saat 58 dəqiqə uçuş həyata keçirdiyi müəyyən olunur. Həmin uçuş saatını “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”na əsasən 18-yə böldükdə ≈ 273.4 alınır, həmin rəqəmi 12 aya böldükdə isə ≈ 22 il, 8 ay alınır. Göründüyü kimi iddiaçının əmək stajı sözügedən qaydalara əsasən hesablandıqda onun xx.xx.2006-cı ilə qədər 22 il, 8 ay ümumi və bələdçi iş stajına malik olduğu müəyyən olunur. Cavabdeh maddi hüquq normasını səhv tətbiq edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 oktyabr tarixli 231 nömrəli qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydalarının müddəalarını nəzərə almayaraq iddiaçının hüquqlarını pozmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya 50 yaşının tamam olduğu 2.11.2019-cu il tarixdən pensiya təyin edilməlidir. İş materiallarından müəyyən edilir ki, iddaçı pensiya təyin edilməsi ilə bağlı cavabdeh orqana xx.xx.2024-cü il tarixdə müraiət etmişdir. Ona görə də, iddiaçıya təyin edilmiş pensiya “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən müraciətetdiyi tarixdən əvvəlki 3 il üzrə, xx.xx.2021-ci il tarixdən ödənilməlidir. Həmin normaya görə, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,
qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 02 noyabr 2019-cu il tarixindən, 50 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbləri əsasında 01 yanvar 2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin d) bəndinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin və 20 fevral 2021-ci il tarixindən hal-hazıradək ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Bəhlul Cəlalov