Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7958/2025 29.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 1991-ci il tarixli 293 nömrəli Maştağa qəsəbəsində həyətyanı torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri XDS İcraiyyə Komitəsi tərəfindən tərtib edilmiş baş plana uyğun olaraq hər ailəyə 0.12 ha torpaq sahəsi verilməsi nəzərdə tutulmuşdur. Maştağa qəsəbəsi, XDS İcraiyyə Komitəsinin 49 saylı, 04 iyul 1992-ci il tarixli çıxarışa əsasən onun adına fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Ona məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının əldə edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən müraciətindən imtina edilərək bildirilmişdir ki, torpaq sahəsinin yerini müəyyən etməyə lazımi olan sənə verilməmişdir. Maştağa qəsəbəsi, XDS İcraiyyə Komitəsinin 49 saylı, 04 iyul 1992-ci il tarixli çxıarışı əsaslı hesab etməmişdir. Hesab edir ki, imtina qanunsuzdur. Maştağa qəsəbəsi, XDS İcraiyyə Komitəsinin 49 saylı, xx.xx.1992-ci il tarixli mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Torpaq sahəsinin koordinatları bələdiyyə və yerli icra hakimiyyəti orqanlarında mövcuddur. Belə olan təqdirdə, məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, sərənamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən sənəd (yerləşmə cizgisi) əqdim edilməmişdir. Həmçinin, təqdim edilən Maştağa qəsəbə XDS İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli, 49 nömrəli qərarından çıxarışda yerli icra hakimiyyəti orqanının qərarına istinad edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən ünvana yerli baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsinin faktiki ölçüsü 0.1170 ha, fərdi yaşayış evinin ümumi sahəsinin faktiki ölçüsü 93.3 k.m-dir və ərazidə iki ədəd fərdi yaşayış evi mövcuddur. Torpaq sahəsinin yaxınlığından yeraltı orta təzyiqli qaz xətti keçir.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməmələrinin səbəbi barəsində hər hansı bir məlumat verilməmişdir. Məhkəmə işə cavabdehin səlahiyyəti nümayədəsinin iştirakı olmadan baxılmasını mümkün hesab emtişdir. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-Ş-0279/02-8/2024 **********59 nömrəli məktubla imtina edilmişdir.
8. Maştağa qəsəbəsi XDS İcraiyy Komitəsinin xx.xx.1992-ci il tarixli, 49 saylı qərarından çıxarışa əsasən Bakı şəhər XDS İcraiyyə Komitəsinin baş planına uyğun olaraq aşağıdakı vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün hər ailəyə 0.12 ha hesabı ilə həyətyanı torpaq sahəsi ayrılmışdır: İddiaçı (qərara qələmlə yazılmaqla əlavə edilmişdir) - Birinci kvartal, 286 A.
9. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 7 aprel 2025-ci il tarixli, 3-48-2F/2-699/2025 nömrəli məktubla bildirilmişdir ki, Maştağa qəsəbəsi XDS İK-nin 1992-ci ilə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir.
10. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən 30 aprel 2025-ci il tarixli, 5-18/2-1424/2025 nömrəli məktubla bildirilmişdir ki, sorğuda qeyd edilən qərar barədə Sabunçu rayon İcra Hakimiyyətində məlumat yoxdur.
11. İş materiallarına Sabunçu RİHB-nin Maştağa qəsəbəsi üzrə nümayəndəsi tərəfindən X1 “Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivi” 1-ci kvartalda ayrılmış 310 saylı torpaq sahəsinə dair” verilmiş yerləşmə sxemi təsdiq edilmişdir.
12. Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 3246 nömrəli, xx.xx.2025-ci il tarixli arayışına əsasən İddiaçı həqiqətən Mşatağa qəsəbəsi, Ssavalan y/m-də qeydiyyatsız yaşayır.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
13. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
14. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
15. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
16. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
17. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq cavabdeh inzibati orqana müraciət etdilmişdir. Cavabdeh tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
18. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
19. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi Maddə 10.2 Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ...
20. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ... 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar. ....
21. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. ... Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
22. Məhkəmə qeyd edir ki, indiki halda iddiaçıya münasibətdə torpaq sahəsinin ayrılmasına dar müvafiq XDS İcraiyyə Komitəsinin qərarı mövcud olsa da, torpaq sahəsinin yerini müəyyən edən heç bir sənəd (yerquruluşu planından çıxarış, plan-ölçü sənədi və sair) aşkar edilməmişdir. Belə olan halda, faktiki olaraq naturada mövcud olmayan torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması mümkün deyildir. Belə ki, əmlaka dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün ilk növbədə, həmin əmlakın mövcudluğu müəyyən edilməlidir. İddiaçı həmin torpaq sahəsində tərəfindən fərdi yaşayış evi inşa edilərək uzun illərdir istifadə etdiyini bildirsə də, faktiki olaraq iddiaçının adına ayrılmış torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən onun adına verilmiş yerləşmə sxemi tərtib edilməmişdir. Belə ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə XDS İcraiyyə Komitəsinin qərarında iddiaçının adı həmin qərara qələmlə daxil edilmiş və mövcud təcrübəyə əsasən “Savalan” yaşayış massivində ayrılmış torpaq sahələrinə dair yerləşmə cizgiləri tərtib edilərkən torpaq sahələrinin sahiblərinin adı yerləşmə cizgisində qeyd edilir. Lakin, hazırki halda iddiaçının adına tərtib edilmiş yerləşmə cizgisi olmadığından iddiaçının faktiki olaraq naturada göstərdiyi torpaq sahəsinin qərarda göstərilən 286 A nömrəli torpaq sahəsi olmasını müəyyən etmək mümkün olmamışdır. Yerləşmə yeri dəqiq məlum olmayan əmlaka dair hüququn dövlət qeydiyyatına alınması gələcəkdə həmin qərarın icrasının mümkünsüz olmasına gətirib çıxarar ki, bu hal isə qanunvericiliyin tələbinə ziddir. Belə ki, torpaq sahəsinin mövcudluğu müəyyən edilmədən ona dair əmlak hüququnun dövlət qeydiyyatına alınması qanunvericilik normasının tələbi baxımından yolverilməzdir.
23. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir
24. Göründüyü kimi, iddiaçının adına torpaq sahəsinin ayrılmasına dair müvafiq sənədlər mövcud olsa da, onun iddia etdiyi torpaq sahəsinin yerini müəyyən edən sənədlər mövcud deyildir, özünün də torpaq sahəsinin yeri barədə məlumatı yoxdur, həmçinin müvafiq icra hakimiyyəti tərəfindən də bununla bağlı heç bir sənəd təqdim edilməmişdir.
25. Məhkəmə qeyd edir ki, torpaq sahəsinin koordinatlarının, yerləşdiyi yerin müəyyən edilməsinin mümkün olmaması, torpaq sahəsinin faktiki olaraq naturada mövcud olmaması nəticəsini doğurur və belə vəziyyətdə torpaq sahəsi üzərində hüququn, o cümlədən mülkiyyət hüququnun qeydiyyata alınması mümkünsüzdür.
26. Məhkəmə onu da, iddiaçının diqqətinə çatdırmağı zəruri hesab ki, gələcəkdə iddiaçı torpaq sahəsinə dair yerləşmə cizgisi əldə edərək yenidən mülkiyyət hüquqlarının realizəsi üçü inzibati orqana müraciət edə, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edildiyi təqdirdə isə məhkəməyə müraicət edə bilər.
27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
28. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva