Məhkəmə qərarları › İş №2-1(112)-7959/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7959/2023

15.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7959/2023 15.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “tikililərin sökülməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, üçüncü şəxsin nümayəndəsi X3 iştirakları ilə, iddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı “İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “tikililərin sökülməsi” tələbinə dair iddiası üzrə inzibati işə 15 sentyabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: xx.xx.1973-cü il tarixli, alqı-satqı müqaviləsinə əsasən Həmid Xeyrulla oğlu ünvan 1 ünvanda yerləşən 2 otaqlı, yaşayış sahəsi 39.14 kv.metr, mətbəx hissəsi 12 kv. olan yaşayış evini və həmin yaşayış evinin yerləşdiyi 600 kv.m torpaq sahəsini Cavabdeh1 satmışdır. Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyətinin başçısının 1374 №-li, xx.xx.1999cu il tarixli Sərəncamına əsasən Qala qəsəbəsi, Sülh küçəsi, ev 34-də yaşayan Cavabdeh2 Qala qəsəbəsində 1-59 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv.metr torpaq sahəsinin ayrılması və evin tikintisinin təsdiq edimiş 145-000-129c tipli layihə əsasında aparılması qərara alınmışdır. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinə ünvanlanmış məktubda qeyd edilmişdir ki, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində aparılmış monitorinq zamanı, qanunvericilikdə nəzərdə tutulmuş sənədləşmə aparılmadan özbaşına tikinti və quraşdırma işlərinin aparılması faktları müəyyən edilmişdir. Belə ki, vətəndaş Cavabdeh1 tərəfindən ünvan 2 ünvanda ona edilmiş xəbərdarlıqlara baxmayaraq mərhələli şəkildə özbaşına tikinti işləri aparmış və bayram günlərindən istifadə edərək tikilinin dam örtüyünü vurmuşdur. X4 Zamin Teymur oğlu tərəfindən Bakı şəhəri, Qala qəsəbəsi, Şors küçəsi ünvanda ona edilmiş xəbərdarlıqlara baxmayaraq mərhələli şəkildə özbaşına tikinti işləri aparmış və bayram günlərindən istifadə edərək tikilinin dam örtüyünü vurmuşdur. Vətəndaş Cavabdeh3 2 yerdə torpaq sahələrini daş hasara alaraq zəbt etmiş, zəbt olunmuş ərazidə oğlu Cavabdeh4 tərəfindən özbaşına qeyri-yaşayış obyekti tikintisini aparmış və bayram günlərindən istifadə edərək tikilinin dam örtüyünü vurmuşdur. Adları qeyd olunan şəxslərə qanunvericiliyin tələbləri izah edilmiş, tikinti işlərinin dərhal dayandırılması, tikinti materiallarının ərazidən təmizlənməsi tələb olunsa da, onlar fasilələrlə tikinti işlərini aparmaqda davam etmişlər. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 92-95-ci maddələrinin tələblərinə müvafiq özbaşına tikinti obyektlərinin sökülməsi məqsədilə müvafiq tədbirlərin görülməsi barədə aidiyyəti üzrə göstəriş verilməsi xahiş edilmişdir. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi cavabdehlər cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 (bundan sonra – cavabdehlər) qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək:

1. ünvan 3 ünvanında zəbt olunmuş dövlət mülkiyyətində olan torpaq sahəsində qanunsuz tikinti işlərinin aparılması nəticəsində yan divarlarının və dam örtüyünün tikintisi başa çatmış obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq cavabdehin hesabına sökülməsi öhdəliyinin Cavabdeh1 üzərinə qoyulması;

2. Bakı şəhəri, Qala qəsəbəsi, Qala küçəsində zəbt olunmuş dövlət mülkiyyətində olan torpaq sahəsində qanunsuz tikinti işlərinin aparılması nəticəsində yan divarlarının və dam örtüyünün tikintisi başa çatmış obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq cavabdehin hesabına sökülməsi öhdəliyinin Cavabdeh2 üzərinə qoyulması;

3. Bakı şəhəri, Qala qəsəbəsi, Qala küçəsində zəbt olunmuş dövlət mülkiyyətində olan torpaq sahəsində qanunsuz tikinti işlərinin aparılması nəticəsində yan divarlarının və dam örtüyünün tikintisi başa çatmış obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq cavabdehin hesabına sökülməsi öhdəliyinin Cavabdeh4 üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edilmişdir (iddia tələbinin həcmi azaldılmışdır). İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin 06 fevral 2023cü il tarixli 01/13/33 nömrəli məktubuna əsasən “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində özbaşına tikinti işləri aparılması və həmin obyektlərin sökülməsi məqsədi ilə müvafiq tədbirlərin görülməsi barədə Agentliyə müraciət olunmuşdur. Həmin müraciət əsasında Agentliyinin mütəxəssisləri tərəfindən aşağıdakı qeyd olunan ərazilərdə qanunsuz tikinti işlərinin aparılması ilə bağlı müvafiq araşdırmalar aparılmışdır: 1) ünvan 3 ünvanında Cavabdeh1; 2) Bakı şəhəri, Qala qəsəbəsi, Qala küçəsində Cavabdeh2; 3) Bakı şəhəri, Qala qəsəbəsi, Qala küçəsində Cavabdeh4 tərəfindən. Aparılmış araşdırmalar nəticəsində qeyd olunan ərazilərdə 17 fevral 2023-cü il tarixində Agentliyin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış nəticəsində obyektlərdə dam örtüyünün quraşdırılması ilə tikinti işlərin başa çatması müəyyən edilmişdir. Tikintisi başa çatmış tikinti obyekti müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə onun sökülməsi Şəhərsalma və Tikinti Məcəlləsinin 95.1.1-ci maddəsi ilə müəyyən edilir. Bu zaman, yan divarların və dam örtüyünün mövcudluğu, Agentlik tərəfindən məhkəməyə müraciət edilməsini zəruri edir. Cavabdehlərin etirazları: Cavabdehlər iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehlər iddia ərizəsinə etiraz edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər, əlavə olaraq izahatlarında bildirdilər ki, qeyd olunan ərazidəki bütün evlər sənədsizdir. Həmin tikililərin yanında da fərdi yaşayış evləri vardır. Üçüncü şəxsin nümayəndəsi iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. İrəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Hazırkı iddiada iddiaçı inzibati orqan fiziki şəxs olan cavabdehlər tərəfindən özbaşına tikililərin sökülməsini tələb edir. Belə iddialarda isə inzibati orqanın iddiaçı kimi çıxış etməsi mümkündür. Bu yanaşma “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli 10 № li qərarında ifadə edilmiş hüquqi mövqedən irəli gəlir. Həmin qərarın 10-cu bəndində qeyd edilmişdir ki, ayrı-ayrı müstəsna hallarda dövlət, bələdiyyə və ya ümumi hüququn başqa subyektləri publik hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək üçün məhkəmə qərarının qəbul edilməsini tələb edə bilərlər. Məhkəmələr nəzərə almalıdırlar ki, dövlət, bələdiyyə və ya ümumi hüququn başqa subyektləri tərəfindən belə bir tələblə məhkəməyə müraciət olunması yalnız qanunvericilikdə birbaşa təsbit olunmuş müstəsna hallarda yolveriləndir. Məhkəmələrin dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektin xeyrinə baxacağı işlər həm pul tələblərinin ödənilməsinə dair, həm də borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddialar ola bilər. Məsələn, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən qaldırılmış iddiada məhkəmə cavabdehdən dövlətin xeyrinə artıq ödənilmiş pensiya ilə əlaqədar müəyyən pul məbləğinin tutulmasına dair qərar çıxara bilər. Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü maddəsinə istinadla qaldırılmış iddia üzrə isə məhkəmə cavabdehə məxsus tikinti obyektinin sökülməsinə dair qərar verə bilər. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin faktiki hallarına əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 tərəfindən Qala qəsəbəsi, Qala qoruğu ərazisində özbaşına tikililər inşa edilmişdir. Üçüncü şəxs bu barədə iddiaçı Agentliyə müraciət etmiş, Agentlik də öz növbəsində hazırkı iddia tələbini qaldırmışdır. Məhkəmə hesab edir ki, iddia əsassızdır. İlk növbədə ona görə ki, məhkəməyə təqdim edilmiş Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyətinin Başçısının 1374 №-li, xx.xx.1999-cu il tarixli Sərəncamına əsasən Qala qəsəbəsi, Sülh küçəsi, ev 34-də yaşayan Cavabdeh2 Qala qəsəbəsində 1-59 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv.metr torpaq sahəsinin ayrılması və evin tikintisinin təsdiq edimiş 145-000-129c tipli layihə əsasında aparılması qərara alınmışdır. Cavabdeh2 isə sökülməsi tələb edilən özbaşına tikilini həmin torpaq sahəsində inşa etmişdir. Həmçinin xx.xx.1973-cü il tarixli, alqı-satqı müqaviləsinə əsasən Həmid Xeyrulla oğlu ünvan 1 ünvanda yerləşən 2 otaqlı, yaşayış sahəsi 39.14 kv.metr, mətbəx hissəsi 12 kv. olan yaşayış evini və həmin yaşayış evinin yerləşdiyi 600 kv.m torpaq sahəsini Cavabdeh1 satmışdır. Cavabdeh1 hazırda sökülməsini tələb edilən tikilini həmin evin yerləşdiyi 600 kv.m torpaq sahəsində inşa etmişdir. Belə olan halda, hər iki cavabdehin həmin torpaq sahəsinə və üzərində inşa etdikləri tikililərə “qanuni gözlənti” hüquqları vardır. «Önəryıldızın Türkiyəyə qarşı» işi üzrə Avropa Məhkəməsi 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları», «mülkiyyət» kimi qiymətləndirilə bilər «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər. İnsan hüquqları Üzrə Avropa Məhkəməsinin “Akimovanın Azərbaycana qarşı” iş üzrə qəbul etdiyi 27 sentyabr 2007-ci il tarixli qərarında qeyd edir ki, “1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa demokratik cəmiyyətin fundamental prinsiplərindən olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib edilməməsi məsələsi yalnız o, halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın”. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bundan başqa iddiaçı cavabdehlər tərəfindən tikililərin sökülməsi ilə bağlı inzibati icraat qaydalarını pozmuşdur. Belə ki, tikinti obyektlərinin sökülməsi prosedurlarını Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi tənzimləyir. Məcəllənin “Tikinti işlərinin dayandırılması və tikinti obyektlərinin sökülməsi” adlanan 16-cı fəslinə görə: Maddə 92.1. Bu Məcəllənin 92.4-cü maddəsində nəzərdə tutulmuş pozuntular istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanı tikinti işlərində aşağıdakı pozuntu hallarını aşkar etdikdə hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və tikinti işlərini dayandırmadan onların aradan qaldırılması barədə sifarişçiyə (podratçıya) icrası məcburi olan yazılı göstəriş təqdim edir: Maddə 92.1.1. tikinti işlərinin tikintiyə icazəyə, məlumatlandırma icraatının tətbiq olunduğu hallarda isə layihənin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmadığı müəyyən edildikdə; Maddə 92.1.2. tikinti obyektinin, habelə bitişik və ya qonşu obyektlərin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olduqda; Maddə 92.1.3. bu Məcəllə ilə nişanlanması tələb edildiyi halda tikintidə nişanlanmamış və ya qanunsuz nişanlanmış tikinti materiallarından və məmulatından istifadə edildikdə; Maddə 92.1.4. tikinti işlərinə bu Məcəllənin 51-ci maddəsində nəzərdə tutulmuş peşə sahələri üzrə müvafiq ixtisası və sertifikatı olmayan şəxslər cəlb edildikdə. Maddə 92.2. Bu Məcəllənin 92.1-ci maddəsində nəzərdə tutulmuş yazılı göstərişdə hər bir pozuntu ayrıca təsvir olunur və həmin pozuntunun sifarişçi (podratçı) tərəfindən aradan qaldırılması üçün ağlabatan müddət müəyyən edilir. Maddə 92.3. Sifarişçi (podratçı) bu Məcəllənin 92.2-ci maddəsinə əsasən ona təqdim edilmiş yazılı göstərişə uyğun olaraq pozuntuların aradan qaldırıldığı barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verdiyi, belə məlumatın verilmədiyi hallarda isə, həmin yazılı göstərişdə pozuntuların aradan qaldırılması üçün müəyyən edilmiş müddətin başa çatdığı gündən ən geci 3 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanı pozuntuların aradan qaldırılıb-qaldırılmadığını yoxlayır. Yoxlama nəticəsində pozuntuların aradan qaldırılmadığı və ya tam aradan qaldırılmadığı müəyyən edildikdə, müvafiq icra hakimiyyəti orqanı sifarişçiyə (podratçıya) icrası yoxlanılmış yazılı göstərişin icra olunmayan hissəsində yenidən yazılı göstəriş təqdim edir. Maddə 92.4. Tikintiyə dövlət nəzarəti çərçivəsində aşağıdakı pozuntuların müəyyən edildiyi hallarda müvafiq icra hakimiyyəti orqanı hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və onun əsasında tikinti işlərinin (reklam qurğularının tikintisi istisna olmaqla) dayandırılması barədə qərar qəbul edir. Maddə 92.4.1. tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan, habelə xüsusi nişanın tikinti işlərinin başlanması üçün əsas olduğu hallarda belə nişan alınmadan, barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyekti isə tikinti işlərinin başlanması üçün bu Məcəllənin 80.4-cü maddəsində müəyyən olunmuş əsas olmadan tikildikdə; Maddə 92.4.2. tikinti obyektinin, habelə bitişik və ya qonşu obyektlərin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olmadıqda; Maddə 92.4.3. bu Məcəllənin 92.1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 4 ay müddətində aradan qaldırılmadıqda; Maddə 92.4.4. bu Məcəllənin 92.1.2-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 6 ay müddətində aradan qaldırılmadıqda; Maddə 92.4.5. bu Məcəllənin 92.1.3-cü və 92.1.4-cü maddələrində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda. Maddə 92.5. Tikinti işlərinin dayandırılması barədə qərarda onun qəbulunu şərtləndirən pozuntular (faktiki və hüquqi hallar) təsvir edilməli və həmin pozuntuların aradan qaldırılması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının izahlı göstərişi nəzərdə tutulmalıdır. Tikinti işlərinin dayandırılması barədə qərar 3 iş günü müddətində sifarişçiyə (podratçıya) təqdim olunur. Maddə 92.6. Tikinti işləri dayandırıldığı müddətdə tikintinin podratçısı (podratçı olmadığı hallarda sifarişçisi) üçüncü şəxslərin həyatının və əmlakının, habelə ətraf mühitin təhlükəsizliyini təmin etmək məqsədilə tikinti meydançasında mühafizə tədbirləri görməlidir. Maddə 92.7. Tikinti işləri bu Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4-cü maddələrinə əsasən dayandırıldığı hallarda sifarişçiyə (podratçıya) yalnız dayandırılma barədə qərarda müəyyən edilən pozuntuların aradan qaldırılması ilə bağlı işlərin yerinə yetirilməsinə yol verilir. Maddə 92.8. Sifarişçi (podratçı) bu Məcəllənin 92.5-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının göstərişlərinin yerinə yetirdiyi və tikinti işlərinin dayandırılmasına əsas olmuş pozuntuları aradan qaldırdığı barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat təqdim etməlidir. Belə məlumatın təqdim edildiyi gündən 3 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanı pozuntuların aradan qaldırılıbqaldırılmadığını yoxlayır. Yoxlama nəticəsində göstərişlərin yerinə yetirilmədiyi və tikinti işlərinin dayandırılmasına əsas olmuş pozuntuların aradan qaldırılmadığı müəyyən olunduqda bu haqda hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib olunur. Belə olduqda tikinti işlərinin dayandırılması haqqında qərar qüvvədə qalır və bu barədə müvafiq icra hakimiyyəti orqanı sifarişçiyə (podratçıya) yazılı məlumat verir. Yoxlama nəticəsində pozuntuların aradan qaldırıldığı müəyyən olunduğu təqdirdə müvafiq icra hakimiyyəti orqanı tikinti işlərinin davam etdirilməsinə yazılı razılıq verir və belə razılıq tikinti işlərinin dayandırılması haqqında qərarın qüvvədən düşməsini ehtiva edir. Bu maddənin birinci cümləsində nəzərdə tutulmuş məlumatın təqdim edildiyi gündən 5 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanı tərəfindən sifarişçiyə (podratçıya) tikinti işlərinin dayandırılması haqqında qərarın qüvvədə qalması haqda yazılı məlumat və ya tikinti işlərinin davam etdirilməsinə yazılı razılıq verilmədikdə tikinti işlərinin dayandırılması barədə qərar qüvvədən düşmüş hesab edilir. Maddə 92.9. Yazılı göstəriş və tikinti işlərinin dayandırılması barədə qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Maddə 92.10. Tikinti işlərinin dayandırılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 95. Tikinti obyektlərinin sökülməsi 95.1. Tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: 95.1.1. tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; 95.1.2. bu Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 6 ay ərzində tikintiyə icazə alınmadıqda; 95.1.3. bu Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4-cü maddələrinə əsasən tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 1 il ərzində aradan qaldırılmadıqda; 95.1.3-1. bu Məcəllənin 92-1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda; 95.1.4. sifarişçinin (tikinti obyektinin mülkiyyətçisinin) öz arzusu ilə. 95.2. Bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. 95.3. Bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. 95.3-1. Bu Məcəllənin 95.1.3-1-ci maddəsində nəzərdə tutulmuş halda tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. 95.4. Bu Məcəllənin 95.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda tikinti obyekti həmin Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, 74.2-ci maddəsinə uyğun olaraq sökülür. 95.5. Sökülməsi barədə qərar qəbul edilmiş tikinti obyekti 1 ay müddətində onun sahibi tərəfindən sökülmədikdə həmin tikinti obyekti müvafiq icra hakimiyyəti orqanı (reklam qurğuları isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən sökülür. 95.6. Tikinti obyektinin sökülməsi müvafiq layihə əsasında həyata keçirilir. 95.7. Tikinti obyektlərinin sökülməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 4.09.2012-ci il tarixli, 695 № li Fərmnanın 4.10-cu bəndinə əsasən Məcəllənin 92.1-ci maddələrində, 92.3-cü maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 92.4-cü maddəsində, 92.5-ci maddəsinin birinci cümləsində, 92.8-ci maddəsinin birinci (hər iki halda), ikinci, dördüncü, beşinci və altıncı cümlələrində, 93.1-ci maddəsinin ikinci cümləsində, 95.2-ci maddəsinin birinci cümləsində, 95.3-cü, 95.5-ci (birinci halda) maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Sadalanan qanunvericilik normalarından göründüyü kimi iddiaçı ilk növbədə qanunsuz hesab etdiyi tikilinin dayandırılması ilə bağlı tikinti işlərini aparan şəxsə (sifarişçi və ya podratçı) göstəriş verməli, həmin göstərişdə verilmiş tələblər yerinə yetirilmədiyi halda qərar qəbul etməli, yalnız göstərişdə və qərarda əks olunmuş tələblər göstərilən müddətlərdə yerinə yetirilmədiyi halda tikilinin sökülməsi ilə bağlı iddia verə bilərdi. İş materiallarında isə iddiaçının bu prosedurlara əməl etməsi, cavabdehlərə göstəriş verməsi, bu barədə qərar qəbul etməsi, tiklili zamanı pozuntuların nədən ibarət olması, bu pozuntuların aradan qaldırılması üçün müddətlər müəyyən etməsi görünmür. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası olmadığından təmin edilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı “İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “tikililərin sökülməsi” barədə iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar