Məhkəmə qərarları › İş №2-1(112)-7959/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7959/2024

08.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7959/2024 08.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamentinə qarşı “mənzilə dair kirayə müqaviləsinin bağlanması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamentinə qarşı “mənzilə dair onunla kirayə müqaviləsinin bağlanmasına sərəncam verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nizami rayonu, ünvan 2 ünvanında yerləşən 18 kv.m olan 1 otaqlı 102 saylı mənzilinə dair iddiaçı ilə kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi xahiş olunmuşdu.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 89 ünvanında yerləşən yataqxananın 102 saylı mənzildə qeydiyyatda olmaqla faktiki olaraq ailə üzvülərimlə uzun illərdir orada yaşayır. Hal-hazırda da iddiaçı həmin mənzildə faktiki olaraq yaşayır və bütün kommunal xidmətlərə görə haqları ödəməklə yanaşı mənzildən istifadə və sahiblik hüquqlarını həyata keçirir. Başqa yaşayış yeri yoxdur. Yaşadığı mənzilin kirayə müqaviləsinin adına bağlanması barədə Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə müraciətinə cavab olaraq xx.xx.2024-cü il tarixli, 3-52-13/2-H-xxxx/2024 saylı məktubla bildirilmişdir ki, “mövcud mənzil qanunvericiliyinə əsasən yaşayış sahəsinin kirayə müqaviləsi mənzilə köçməyə əsas verən hüquqmüəyyənedici sənəd (order) əsasında bağlanılır. Bakı şəhəri, Nizami rayonu, ünvan 2 ünvanında yerləşən 102 saylı mənzilin istifadəsinə verilməsi barədə hüquqmüəyyənedici sənəd (order) təqdim edilmədiyindən xahişi təmin etmək mümkün olmamışdır”. Ona görə də, o, qanunla qorunan hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

4. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 435s nömrəli sərəncamının icrası haqqında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 029 saylı sərəncamı ilə Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətləri Departamentinin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən 89 saylı keçmiş yataqxana binası balansa qəbul edilmişdir. Hal-hazırda qeyd edilən bina və orada yerləşən 102 saylı mənzil dövlət mənzil fonduna aid olmaqla 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. İddiaçı yaşadığı mənzilə öz adına kirayə müqaviləsinin bağlanması barədə ərizə ilə Departamentə müraciət etmiş, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2024-cü il tarixli, 3-52-13/2-H-xxxx/2023 saylı cavab məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 89 ünvanında yerləşən evin 102 saylı mənzilinə köçməyə əsas verən hüquqmüəyyənedici sənəd (order, sərəncam, qərar və s.) təqdim olunmadığından kirayə müqaviləsinin onun adına bağlanması barədə müraciət təmin olunmamışdır.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etiraz uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixli, 435s nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələri (Dövlət əmlakının registrindən 2011-ci il 15 dekabr tarixli 3391 nömrəli çıxarışı əlavə olunur) Bakı şəhər İcra Hakimiyyətinin balansına verilmişdir.

8. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 25 yanvar 2012ci il tarixli, 029 №-li Sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixli, 435s nömrəli Sərəncamına əlavə edilmiş siyahı üzrə Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin

9. Dövlət Neft Şirkəti tərəfindən verilmiş 12 may 2005-ci il tarixli orderdən görünür ki, Babək prospekti 89 ünvanında yerləşən 102 nömrəli mənzil istifadə olunması üçün İddiaçı verilmişdir.

10. 142 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı 2005-ci ildən etibarən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 89 ünvanında yerləşən 102 saylı mənzildə yaşayır.

11. ASAN 1 tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, İddiaçı 12 mart 2022-ci il tarixdən etibarən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 89 ünvanında yerləşən 102 saylı mənzildə qeydiyyatdadır.

12. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2024 tarixli ********** qeydiyyat nömrəli müraciətinə əsasən daşınmaz əmlak aşkar edilməmişdir.

13. xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 89 ünvanında yerləşən 102 saylı mənzilin iddiaçının istifadəsinə verilməsi barədə hüquqmüəyyənedici sənəd (order) təqdim edilmədiyindən müraciətin təmin olunmasından imtina olunur.

14. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, ünvan 2, 102 saylı mənzilin dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

15. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb məcburetmə barədə iddia növünə aiddir

16. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

17. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

18. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

19. Məcburetmə barədə iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

20. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

21. İşin faktiki hallarından görünür ki iddiaçı 2005-ci ildən etibarən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 89 ünvanında yerləşən 102 saylı mənzildə faktiki yaşayır, ondan başqa həmin mənzildə daimi qeydiyyatda olan şəxs olmamışdır. İddiaçının həmin ünvanda yaşamasının əsasında isə ona Dövlət Neft Şirkəti tərəfindən verilmiş order dayanır ki, həmin order ləğv olunmamış və hal-hazırda öz hüquqi qüvvəsini saxlamışdır.

22. Eyni zamanda məhkəmə icraatı zamanı həmin mənzilin cavabdehin mənzil fonduna daxil olmaqla dövlət balansında olmağı da müəyyən olunmuşdur. İddiaçı bu hallara əsaslanaraq mənzilə dair cavabdeh ilə kirayə müqaviləsinin bağlanılmasını arzulayır. Lakin cavabdeh iddiaçının mənzilə dair hüquqmüəyyənedici sənədə malik olmadığına istinad edərək müraciətin təmin edilməsindən imtina edir.

23. Məhkəmə işin sadalanan halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır.

24. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) müddəaları tətbiq oluna bilər.

25. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

26. Məhkəmənin qənaətinə görə iddiaçı sözügedən mənzildə 01 oktyabr 2009-cu ildən əvvəlki dövrdə yaşadığından mənzil münasibətləri də həmin dövrdə qüvvədə olan qanunvericiliklə (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan SSR Mənzil Məcəlləsi) tənzimlənməlidir.

27. Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan): 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir; 52-ci maddəsinə əsasən, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir; 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər; 85-ci maddəsinə icarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və ya onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır.

28. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (01 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş): 59.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür; 51.7-ci maddəyə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 62.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır; 62.2-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 66.3. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin aşağıdakı vəzifələri vardır: 66.3.1. yaşayış sahəsindən təyinatı üzrə və bu Məcəllə ilə müəyyən edilmiş hüdudlarda istifadə etmək; 63.2. yaşayış sahəsinin saxlanılmasını və qorunmasını təmin etmək; 66.3.3. yaşayış sahəsini yararlı vəziyyətdə saxlamaq; 66.3.4. yaşayış sahəsinin cari təmirini aparmaq; 66.3.5. yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında ödəmək; 66.3.6. sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsindən istifadə etməyə hüquq verən əsasların və halların dəyişməsi barədə müqavilə ilə nəzərdə tutulmuş müddətdə kirayə verəni məlumatlandırmaq.

29. Məhkəmə hesab edir ki, iddiaçı mübahisə predmeti olan mənzildə uzun illərdir ki, faktiki yaşadığından, o cümlədən onun adına verilən order hal-hazırda qüvvədə olduğundan, həmçinin həmin mənzildə qeydiyyatda başqa şəxslər olmadığından, başqa sözlə şəxsin mənzilə hüququnun tanınması digər şəxslərin maraq və manefərinə toxunmadığından mənzilin balans saxlayıcısı olan orqandan onun mənzilin icarədarı sayılmaqla kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsini tələb etməkdə haqlıdır.

30. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçı yaşayış sahəsinin mülkiyyətçisi ilə kirayə müqaviləsi bağlamasa da, yaşayış sahəsi kirayəçisinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 66.3-cü maddəsində göstərilən bütün vəzifələri yerinə yetirmişdir.

31. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.

32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

35. Beləliklə, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, ünvan 6 ünvanında yerləşən 102 saylı mənzilə dair İddiaçı ilə kirayə müaviləsinin bağlanması barədə sərəncam verilməsi öhdəliyi Bakı şəhər Mənzil- Kommunal Təsərrüfat Departamentinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar