Məhkəmə qərarları › İş №2-1(112)-7959/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7959/2025

17.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7959/2025 17.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs Bakı şəhəri Səbail rayon Səbail Bələdiyyəsi işə cəlb edilməklə) “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın, plan və ölçünün verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs Bakı şəhəri Səbail rayon Səbail Bələdiyyəsi işə cəlb edilməklə) “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın, plan və ölçünün verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Səbail Bələdiyyəsinin 26 dekabr 2005-ci il tarixli 290 nömrəli qərarına əsasən ona Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında plan-cizgi sxemində göstərilən koordinatlar daxilində yerləşən 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın, plan və ölçünün verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Bələdiyyəsinin 26 dekabr 2005-ci il tarixli 290 nömrəli qərarına əsasən iddiaçıya Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında əlavə olunmuş cizgi əsasında 0.12 ha ölçüdə torpaq sahəsi ayrılmışdır. Torpaqların alqı-satqısına dair aktda göstərilən məbləğ tərəfindən bələdiyyənin hesabına ödənilmişdir. Bələdiyyə tərəfindən həmin torpaq sahəsinin plan-cizgisi təqdim edilmişdir. Həmin qərarla ona ayrılmış torpaq sahəsi naturada mərz nişanları qoyulmaqla təhvil verilmiş, həmin torpaq sahəsini mişar daşı ilə hasara almış və təyinat üzrə istifadə etmişdir. Həmin torpaq sahəsi qanun əsaslarla sahibliyində və istifadəsində olmaqla, faktiki mülkiyyətçi kimi davranır. Eyni zamana, bütün kommunikasiya xətləri ilə təchiz olunmuşdur. İstifadə müddətində müvafiq əmlakla bağlı tələb olunan bütün dövlət rüsumlarını və komunal xərclər ödəmişdir. Həmin torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətinə hər hansı bir cavab verilməyərək müraciətinin təmin edilməsindən faktiki hərəkətsizliklə imtina edilmişdir. Hesab edir ki, cavabdehin hərəkətləri qanunsuzdur və göstərdiyi hərəkətsizliyi onun qanuni hüquqlarını məhdudlaşdırır.

3. Məhkəmənin 2-1(112)-7959/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Səbail rayon Səbail Bələdiyyəsi iş üzrə adi cəlbetmə qaydasında 3-cü şəxs qismində cəlb edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı iddia ərizəsində qeyd olunanlar ilə bağlı xx.xx.2024-cü il tarixli, ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********27 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın irası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamışdır. Təqdim edilmiş cizgidə dəqiq istinad, istinad məsafəsi və perimetrik ölçülər qeyd olunmamışdır. Ümumi ərazinin bir hissəsidir, ərazidə mərzçəkmə və hasarlanma işləri aparılmamışdır. Elektron kadastr baza məlumatlarına əsasən dövlət mülkiyyəti torpağıdır.

6. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı, cavabdehin və 3-cü şəxsin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, iddiaçının nümayəndəsi və vəkili elektron məhkəmə sistemi vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, cavabdeh və 3-cü şəxsin səlahiyyətli nümayəndəsi isə məhkəməyə gəlməməsinin səbəbi barəsində məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. Bakı şəhəri Səbail Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 290 nömrəli sərəncamına əsasən Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 1200 k.m olan torpaq sahəsi İddiaçı adına sənədləşdirilmişdir.

8. Torpaq sahəsinin yerləşmə cizgisi, torpaqların alqı-satqısına dair akt və kassa mədaxil orderi iş materiallarına əlavə edilmişdir.

9. İddiaçı tərəfinədn məhkəməyə müraciət edilməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət edilmişdir.

10. Səbail Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, SB/TA-5/125 nömrəi arayışa əsasən Səbail Bələdiyyəsi tərəfindən Salyan şossesi 32 ünvanında xx.xx.2005-ci il tarixdə 290 saylı qərar ilə 1200 kv.m torpaq sahəsi onun adına sənədləşdirilmişdir.

11. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən verilmiş 16 may 2025-ci il tarixli, 3-21-3-30/2-19810/2025 nömrəli məktubla bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən tək koordinatlı verilmiş sahə dövlət mülkiyyəti torpağıdır. Təqdim olunmuş sahəyə dair cizgidə dəqiq istinad, istinad məsafələri, perimetrik ölçülər qeyd olunmamışdır. Sahənin bitişik qonşuluğunda dövlət qeydiyyatından keçən sahə aşkar edilməmişdir.

12. İddiaçı tərəfindən məhkəməyə ona məxsus torpaq sahəsinin qonşuluğunda (Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında) yerləşən digər fiziki şəxslərə məxsus torpaq sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını təsdiq edən çıxarışlar (**********, **********, **********, **********, ********** və ********** qeydiyyat nömrəli) təqdim edilmişdir.

13. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfinədn 14 noyabr 2025-ci il tarixli, 3-21-3-30/2-54345/2025 nömrəli məktubla sözügedən çıxarışların verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

14. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

15. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

16. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

17. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

18. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

19. Məhkəmə iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

20. Belə ki, işin hallarından görünür ki, cavabdehin iddiaçının müraciətindən imtinasının və məhkəməyə təqdim edilmiş etirazının əsasları aşağıdakılardır:

1. Elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır.

2. Təqdim olunan cizgidə dəqiq istinad, istinad məsafələr, perimetrik ölçülər qeyd olunmamışdır.

3. Torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamışdır

21. Məhkəmə cavabdehin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir:

22. Qanunvericiliyin tələbindən də göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsasdır.

23. İddiaçı Bakı şəhəri Səbail rayonu Səbail Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 290 nömrəli qərarına istinad edərək, mübahisə predmeti olan torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbini irəli sürmüşdür.

24. İlk növbədə qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya torpaq sahəsi ayrılması barədə Bakı şəhəri Səbail rayonu Səbail Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 290 nömrəli qərarı və ona əlavə edilmiş sənədlərin əsli iddiaçıda mövcuddur və həmin qərarla iddiaçıya torpaq sahəsinin ayrılması Bələdiyyə tərəfindən təsdiq edilmişdir.

25. Məhkəmə, Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, ... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). ...Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.

26. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən sözügedən torpaq ayrılma barədə qərarı mötəbər qiymətləndirir.

27. Məhkəmə eləcə də, cavabdehin digər dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələri digər fiziki şəxslərin adına Səbail Bələdiyyəsinin qərarlarına əsasən ayrılmışdır və həmin torpaq sahələri sözügedən şəxlərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bununla da, cavabdeh tərəfindən eyni mühim faktiki və hüquqi hallara söykənən işlər üzrə iddiaçıya münasibətdə fərqli hüquqi mövqe sərgilənməsi (torpaq sahəsinin dövlət mülkiyyətində olmasının iddia edilməsi) əsas konstitusion hüquqlardan olan bərabərlik hüququnun və ona əsasən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsində öz əksini tapmış bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilməlidir. O cümlədən, gazırkı iş üzrə əvvəlki praktikasına uyğun olmayaraq imtina ilə çıxış etmişdir ki, bununla da iddiaçıya münasibətdə Qanunun etimad və ya bərabər yanaşılma prinsipini tətbiq etməmişdir. Həmçinin, cavabdehin eyni ərazi üzrə digər torpaq sahələrinin qeydiyyatını nəzərə almadan iddiaçının hüququnu qeydiyyata almamaqla İİQ-18-ci maddəsində nəzərdə tutulan “çoxun azı ehtiva etməsi” prinsipini də pozmuşdur.

28. Məhkəmə həmçinin qeyd edir ki, torpaq sahəsinin cisgisində istinad, istinad məsafələrinin qeyd olunmaması da, iddiaçının hüquqlarını məhdudlaşdıran hal kimi qiymətləndirilə bilməz. Belə ki, işin hallarından göründüyü kimi, sözügedən torpaq sahəsi uzun illərdir iddiaçının faktiki istifadəsindədir və mübahisə predmetinə dair hüquqmüəyyənedici sənəd olan qərarın və həmin qərara əlavə edilmiş yerləşmə cizgisinin mötəbər qiymətləndirilməməsi üçün hər hər hansı bir əsas müəyyən edilməmişdir.

29. Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinin və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, iddiaçının sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur.

30. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir.

31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin (Hüquqların dövlət qeydiyyatından imtina) tələblərinə əsasən: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

32. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və iddiaçı sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etməkdə haqlı olmuşdur.

33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

34. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğun təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhəri Səbail rayonu Səbail Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 290 saylı qərarı ilə ayrılmış Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın, plan və ölçünün verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar