Məhkəmə qərarları › İş №2-1(112)-796/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-796/2024

08.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-796/2024 08.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi ilə Tərəflərin iştirakı olmadan İddiaçı Alamdar Hussainin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı «imtina barədə qərarın ləğv edilməsi və iddiaçıya qaçqın statusunun verilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Alamdar Hussain cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı «imtina barədə qərarın ləğv edilməsi və iddiaçıya qaçqın statusunun verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı Pakistan İslam Respublikasının vətəndaşı İddiaçı Alamdar Hussain cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-02/1 saylı 11 yanvar 2023-cü il tarixli qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında qərarının ləğv edilməsi və 18 oktyabr 2022-ci il tarixli sığınacaq vəsatəti təmin edilməklə iddiaçıya qaçqın statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. İddiaçı 12 oktyabr 1976-cı il tarixdə Pakistan İslam Respublikasının X2 şəhəri yaxınlığında Çaçoval kəndində doğulmuşdur, milliyətcə pəncablı dini etiqadına görə müsəlmandır, Çaçoval kəndində orta təhsil və Calalpur şəhərində 1992 – 1997-ci illərdə dini təhsil almış, 1997 – 2003-cü illərdə X1 şəhərində optik eynək dükanında satıcı işləmiş, 2003-cü ildən başlayaraq 2022-ci ildə Azərbaycan Respublikasına gələnədək Calalpur şəhərində dini mühazirələr oxumuşdur. Ailə vəziyyəti barədə məlumat verərkən iddiaçı evli olduğunu, Pakistan vətəndaşı Rehana Kausarla ailə həyatı qurduğunu və bu nikahdan 4 övladının – 2 qız və 2 oğlunun olduğunu, valideynlərinin vəfat etdiyini. 3 bacı və 3 qardaşının və öz ailə üzvlərinin hazırda Pakistanda yaşadıqlarını qeyd etmişdir. Qaçqın statusu üçün müraciətinin səbəbini bildirərkən iddiaçı Pakistanda, Çaçoval kəndində dini mühazirələr oxuduğunu, onun bu fəaliyətinin kəndlərində fəal və nüfuzlu olan ”Sipah-e-Sahaba" adlı radikal sünni təşkilatının üzvləri tərəfindən mənfi qarşılandığını və onlar tərəfindən təqiblərə məruz qaldığını, özünün Pakistanda digər sünni təşkilat olan “Təhrik-e-Ləbbeyk”in tərəfdarı olduğunu, onun siyasətini dəstəklədiyini və “Sipah-e- Sahaba'' təşkilatı ilə onlar arasında fikir ayrılığının olduğunu. “Təhrik -e-Ləbbeyk”in şiələrə normal yanaşdığını, “Sipah-e-Sahaba”nm isə şiələri qəbul etmədiyini qeyd etmişdir. Ərizəanketinin qeydiyyatı və müsahibəsi zamanı iddiaçının verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi sübuta yetirilmişdir. Belə ki, iddiaçı özünün etibarlı pasportunu təqdim edərək adını, yaşını, vətəndaşlığını, doğulduğu yeri sübut etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. İş üzrə mühüm fakt iddiaçının Pakistanda.Çaçoval kəndində dini mühazirələr oxuduğunu, onun bu fəaliyətinin kəndlərində fəal və nüfüzlu olan “Sipah-e-Sahaba" adlı radikal sünni təşkilatının üzvləri tərəfindən mənfi qarşılandığını və onlar tərəfindən təqiblərə məruz qaldığını, özünün Pakistanda digər sünni təşkilat olan “Təhrik -e- Ləbbeyk*'in tərəfdarı olduğunu, onun siyasətini dəstəklədiyini və “Sipah-e-Sahaba" təşkilatı ilə onlar arasında fikir ayrılığının olduğunu, “Təhrik -e-Ləbbeyk”in şiələrə normal yanaşdığını. “Sipah-e-Sahaba”nm isə şiələri qəbul etmədiyini, özünün və ailə üzvlərinin təhdid və təqiblərə məruz qaldıqlarını, ailə üzvlərinin qorumaq üçün onları Pakistanda başqa bir kəndə köçürdüyünü, özünün isə təhdidlərdən qaçaraq 7 sentyabr 2022-ci il tarixdə Azərbaycana gəldiyini qeyd etmişdir. Dövlət Miqrasiya Xidməti müəyyən iddia üçün əsas ola bilən faktları müəyyənləşdirməmiş və təhlil etməmiş, iddiaçının təqiblərə məruz qalması və dövlət tərəfindən müdafiəsi effektiv təmin olunmamışdır. Qeyd edilənlərdən aydın olur ki, iddiaçının izahatında qeyd etdiyi xüsusatların mənşə ölkəsində baş verə bilən olduğu müəyyən edilir. Buna görə də onun izahatı xarici mötəbərliyin tələbatını ödəyir. Onun izahatları mötəbərliyin daxili (müfəssəllik və ardıcıllıq) və xarici amillərinin tələbatlarını ödəyir. Buna görə də izahatlar inandırıcılıq keyfiyyətinə malikdir. Beləliklə, iddiaçının izahatları mötəbər sayılır. Bu mərhələdə Cenevrə Konvensiyası (və Protokoluna) uyğun olaraq iddiaçının əsaslı təqib qorxusunun olub-olmaması aydınlaşdırılmalıdır. Konvensiyanın və Qaçqınların və məcburi köçkünlərin statusu haqqında Qanunun 1.1-ci maddələri qaçqın anlayışına oxşar tərif verir: Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və qayıtmaq istəməyən şəxsdir. Yoxlamanın 1-ci mərhələsindən görünür ki, iddiaçının izahatları mötəbər hesab edilir. Bunun əsasında iddiaçının təqiblərə məruz qalmasından və dövlət tərəfindən müdafiəsinin effektiv təmin olunmamasından ehtiyatlanırlar. Müəyyən edilmiş faktların əsasında bu ehtimalın ağlabatan olduğu qənaətinə gəlinə bilər. Belə ki, iddiaçı Pakistana qayıdacağı təqdirdə təqibə məruz qala bilər. Pakistana qayıdacağı təqdirdə iddiaçının həyatı və sağlamlı risk altına düşə bilər. Beləliklə, yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 60, 70, İPM-in 1, 2.2.2, 33, 35, 38.2-ci maddələrinə, «İnzibati icraat haqqında» Qanunun 2.0.10, 19, 45, 71-ci maddəsinə əsaslanaraq, məhkəmədən cavabdehin 11 yanvar 2023-cü il tarixli İQ-02/1 nömrəli qərarının ləğv edilməsi, iddiaçının qaçqın statusu verilməsi haqqında vəsatəti təmin edilərək ona qaçqın statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin məhkəməyə təqdim olunmuş etirazında bildirilir ki, iddiaçının iddiasına etiraz olunur. O, 18 oktyabr 2022-ci il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına ***-**** saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş və onunla müsahibə keçirilmişdir. İddiaçı qaçqın statusu verilməsi haqqında vəsatətinin qeydiyyatı və müsahibəsi zamanı Pakistan İslam Respublikasının X1 şəhəri yaxınlığında Çaçoval kəndində doğulduğunu, milliyyətcə pəncablı etiqadına görə müsəlman (sünni) olduğunu, Çaçoval kəndində orta təhsil və şəhərində 1992 – 1997-ci illərdə dini təhsil aldığını, 1997 – 2003-cü illərdə Pəncab vila Durdanaqar şəhərində optik eynək dükanında satıcı işlədiyini, 2003-cü ildən başlayaraq 2022-ci ildə Azərbaycan Respublikasına gələnədək Calalpur şəhərində dini mühazirələr oxuduğunu bildirmişdir. Ailə vəziyyəti barədə məlumat verərkən ərizəçi evli olduğunu, Pakistan vətəndaşı Rehana Kausarla ailə həyatı qurduğunu və bu nikahdan 4 övladının – 2 qızı və 2 oğlunun olduğunu, valideynlərinin vəfat etdiyini, 3 bacı və 3 qardaşının və öz ailə üzvlərinin hazırda Pakistanda yaşadıqlarını qeyd etmişdir. Qaçqın statusu üçün müraciətinin səbəbini bildirərkən ərizəçi Pakistanda, Çaçoval kəndində dini mühazirələr oxuduğunu, onun bu fəaliyyətinin kəndlərində fəal və nüfuzlu olan “Sipah-e-Sahaba” adlı radikal sünni təşkilatının üzvləri tərəfindən mənfi qarşılandığını və onlar tərəfindən təqiblərə məruz qaldığını, özünün Pakistanda digər sünni təşkilat olan “Təhrik-e-Ləbbeyk”in tərəfdarı olduğunu, onun siyasətini dəstəklədiyini və “Sipah-e- Sahaba” təşkilatı ilə onlar arasında fikir ayrılığının olduğunu, “Təhrik-e- Ləbbeyk”in şiələrə normal yanaşdığını, “Sipah-e-Sahaba”nın isə şiələri qəbul etmədiyini qeyd etmişdir. Ərizəanketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi sübuta yetirilmişdir. Belə ki, ərizəçi özünün etibarlı pasportunu təqdim edərək adını, yaşını, vətəndaşlığını, doğulduğu yeri və dini fəaliyyəti ilə bağlı fotoları təqdim etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. Bunlara baxmayaraq ərizəçinin ifadələrində bəzi ziddiyyətli məqamlar aşkar edilmişdir. Belə ki, o, ərizə-anketin qeydiyyatı zamanı ilk dəfə Azərbaycana yay aylarında gəldiyini və Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşama icazəsi əldə etmək üçün müraciət etdiyini bildirmişdir. Müvafiq məlumat bazasında axtarış zamanı onun 3 avqust 2022-ci il tarixdə müvəqqəti yaşama icazəsi üçün müraciət etdiyi və müraciətinə imtina verildiyi məlum olmuşdur. Bundan sonra ərizəçi 1 sentyabr 2022-ci il tarixdə Pakistana qayıtdığını, ona qarşı orada saxta ittihamlar əsasında cinayət işinin açıldığını bilib, 7 sentyabr 2022-ci il tarixdə Azərbaycana təhsil vizası ilə qayıtdığını bildirsə də, müvafiq məlumat bazasında axtarış zamanı iddiaçının Azərbaycanı 24 avqust 2022-ci il tərk edib Pakistana qayıtdığı müəyyən edilmişdir. Təhsil vizasını nə məqsədlə alması sualına ərizəçi müvəqqəti yaşama icazəsi almaq üçün ona tələbə olmağın yeganə vasitə olması barədə bir nəfərin məsləhət verməsi ilə izah etmişdir. Bundan əlavə ərizəçinin təhsil vizası əsasında müvəqqəti yaşama icazəsinin düzəlmədiyini görüb ölkədə qanuni qalmaq üçün vizasının müddətinin bitməsinə az müddət qalmış qaçqın statusu əldə etmək üçün müraciət etdiyini bildirməsi ərizəçinin həqiqətən də qaçqın statusu əldə etmək niyyətində olan şəxs olmasına şübhə yaradır. Pakistana qayıtdıqdan sonra orada “Sipahe-Sahaba”nın polisə təqdim etdiyi saxta ittiham əsasında ona qarşı ilkin araşdırma raportunun tərtib edildiyini bildirsə də, məhz belə bir vəziyyətdə müəyyən müddət ərzində öz ölkəsində qalması onun əsaslı təqib qorxusu ilə üzləşdiyini şübhə altına alır. Ailə üzvlərinin Pakistanda təhdidlə üzləşməsi barədə soruşarkən, ərizəçi onların başqa bir kəndə köçdüklərini və orada heç bir təhdidlə üzləşmədiyini bildirmişdir. Özünün ölkə daxilində ailəsi kimi bu alternativ yerdəyişmə imkanından istifadə etməməsini isə onu təhdid edənlərin ancaq onunla ədavəti olduğu ilə əsaslandırmışdır. Mənşə ölkəsi barədə məlumatları araşdırarkən qeyd edilən “Sipah-e-Sahaba" (hazırkı adı “Millat-e-lslamia”) adlı təşkilatın Pakistanda əsasən anti-şiə fəaliyyəti ile tanınan və digər sünni qruplarına münasibətdə loyal olan radikal sünni təşkilatı olduğu müəyyən edilmişdir. Mənşə ölkəsi barədə məlumatları araşdırarkən qeyd edilən “Təhrik-e-Ləbbeyk” (TLP) adlı təşkilatın Pakistanda radikal sünni təşkilatı olub, fəaliyyətində əsasən Pakistanda xristianlara qarşı sərt mövqe tutduğu və digər sünni qruplarla ədavətdə olmadığı müəyyən edilmişdir. İddiaçının müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, o, vətəndaşı olduğu ölkədə dövlət orqanları (polis) tərəfindən təqibə məruz qalmasını bildirsə də, bunu sübut edən sənədlər təqdim edə bilməmişdir. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra iddiaçının şəxsi işi “qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi səbəblər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu səbəblər «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası»nın 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, ərizəçiyə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir (“Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın 11 yanvar 2023-cü il tarixli, 01 saylı protokolu). «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Qanunun 1ci maddəsinə əsasən qaçqın Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Belə ki, yuxarıda göstərilən norma hansı şəxslərin qaçqın olma dairəsini müəyyən etmişdir. Beləliklə, şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəricələrə görə işin hallarında əsaslandırılmış təqib qorxusu mövcud olmadığından Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbi şəxsə münasibətdə əsaslı olaraq qərar qəbul edilmişdir. Göstərilənləri və «Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası»nın tələblərini rəhbər tutaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər. Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı Alamdar X3 Respublikasının vətəndaşıdır və 18 oktyabr 2022-ci il tarixdə qaçqın statusunun verilməsi haqqında vəsatətlə cavabdeh Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti üzrə Dövlət Miqrasiya Xidməti tərəfindən araşdırma aparılmış və iddiaçı ilə müsahibə keçirilmişdir. İnzibati icraatın nəticələri üzrə Dövlət Miqrasiya Xidməti iddiaçının ona qaçqın statusunun verilməsi barədə vəsatətinin təmin edilməməsinə dair 11 yanvar 2023-cü il tarixli İQ-02/1 nömrəli qərar qəbul etmişdir. Qərar onunla əsaslandırılmışdır ki, iddiaçının ərizə-anket məlumatları ilə müsahibə zamanı bildirdikləri arasında ziddiyyətli məqamlar və uyğunsuzluzluqlar mövcuddur, həmin ölkədə yaşadığı şəhərdə ciddi təhdidlərə məruz qaldığını təsdiq olunmur. İddiaçı hazırda cavabdehin imtina barədə həmin qərarını mübahisələndirir və ona qaçqın statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Qanunun 1-ci maddəsinə əsasən qaçqın – Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 9-cu maddəsinə görə qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş «“Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası»nın 1-ci bəndinin 5-ci hissəsinə görə "Qaçqın" statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Qaydanın 3-cü bəndinin 1-ci hissəsinə əsasən "Qaçqın" statusu almaq niyyətində olan şəxsin vəsatətini qəbul edən Dövlət Miqrasiya Xidməti vəsatəti dərhal qeydiyyata alır və şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə, vəsatətin baxılması və ya vəsatətə baxılmaqdan imtina edilməsi haqqında qərar qəbul edir. Qaydanın 8-ci bəndinə görə müsahibə zamanı şəxs "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisindən dayanma səbəbləri, həmin dövlətlərdə ona "Qaçqın" statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. Qaydanın 13-cü bəndinə görə şəxsə "Qaçqın" statusu verilməsi və ya bundan imtina edilməsi barədə qərarı Dövlət Miqrasiya Xidməti "Qaçqın" statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir və bu barədə, imtina haqqında qərar qəbul edildikdə isə belə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilməsi hüququ göstərilməklə, həmin şəxsə beş gün müddətində yazılı bildiriş göndərsin. Məhkəmə qeyd edir ki, iddiaçı ona “qaçqın” statusunun verilməsi ilə bağlı dəlilləri qanunvericliklə («Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Qanunla) “qaçqın”a verilən anlayışın tələbləri, buna dair əlamətlərlə əhatə olunmur. Eləcə də iddiaçı vətəndaşı olduğu ölkədə ciddi təqiblərə məruz qalmasını təsdiqləyən heç tutarlı sübutu nə inzibati icraat çərçivəsində, nə də hazırkı məhkəmə icraatında təqdim etməmişdir, onun gətirdiyi dəlillər isə mülahizələrə söykənir. Məhkəmə qeyd olunanları və işin faktiki hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin iddiaçıya “qaçqın” statusunun verilməsindən imtina olunması barədə İQ-02/1 saylı 11 yanvar 2023-cü il tarixli qərarı qanuna zidd sayıla bilməz. İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Alamdar Hussain cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı «imtina barədə qərarın ləğv edilməsi və iddiaçıya qaçqın statusunun verilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Alamdar Hussain cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı «imtina barədə qərarın ləğv edilməsi və iddiaçıya qaçqın statusunun verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar