Məhkəmə qərarları › İş №2-1(112)-7960/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7960/2024

28.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7960/2024 28.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi" tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus Zirə qəsəbəsində 40 saylı sahə ünvanında yerləşən 1200 kv.metr torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin yaşayış sahəsinə dair çıxarışın verilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Zirə qəsəbəsində 40 saylı sahədə fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış 1200 kv.metr torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli, 419 №-li Sərəncamına əsasən Zirə qəsəbəsində 40 saylı sahədə 1200 kv.metr (12 sot) torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün iddiaçının istifadəsinə verilmişdir. Bu günə kimi də həmin torpaq sahəsi onun qanuni istifadəsindədir. O, həmin sahəni hasarlamış və orada birotaqlı mənzil tikmişdir. Lakin o, 2022-ci ildə müvafiq torpaq sahəsinin yerləşmə cizgisinin verilməsi üçün Bakı şəhər Xəzər rayon İcra Hakimiyyətinə müraciət etsə də, inzibati orqan lazımi şəkildə araşdırma aparmadığı və işin faktiki hallarını düzgün qiymətləndirmədiyi üçün əsassız olaraq imtina cavabı vermiş, bununla da o, Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinin yerləşmə cizgisinin verilməsinə dair” iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-6302/2022 nömrəli Qərarı ilə təmin edilmiş və qərar qanuni qüvvəyə minmişdir. Odur ki iddiaçı, mövcud hüquqlarına əsaslanaraq həmin torpaq sahəsini özəlləşdirmək və ona dair çıxarış əldə etmək üçün cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh orqan öz əsasnamə səlahiyyətlərini aşaraq və süründürməçiliyə yol verməklə əsassız olaraq hüquqların dövlət qeydiyyatına alınmasından xx.xx.2024-cü il tarixli cavab məktubu ilə imtina etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının etibarnamə üzrə nümayəndəsi X1 Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət etmiş və **********58 nömrəli, xx.xx.2024-cü il tarixli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Vahid elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi elektron kadastr məlumatlarına əsasən faktiki göstərilən torpaq sahəsi Zirə Südçülük-Tərəvəzçilik Sovxozunun Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Belə ki, idarəçiliyə qaytarılma Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərinin inzibati ərazi hüdudlarında bəzi torpaqlardan istifadənin səmərəliliyinin artırılması tədbirləri haqqında” 13 iyun 2008-ci il tarixli 2866 saylı Sərəncamı əsasında həyata keçirilmiş, həmin sərəncam qüvvəyə minənədək Əzizbəyov (Xəzər) Rayon İcra Hakimiyyəti başçısının torpaq sahəsi ayırma səlahiyyəti olmamışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək həmçinin bildirdi ki, hal-hazırda həmin torpaq sahəsi iddiaçının istifadəsindədir və hasarlanmışdır. Heç bir şəxsin həmin torpaq sahəsinə iddiası və tələbi yoxdur. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyətinin Başçısının 419 saylı, xx.xx.2000-ci il tarixli Sərəncamına əsasən, Əzizbəyov rayon İHB-nın Zirə qəsəbəsindəki nümayəndəsinin 28 saylı, xx.xx.2000-ci il tarixli təqdimatına baxılmış və Bakı şəhər XDS İK-nın 13-173 №-li xx.xx.1989-cu il tarixli qərarını rəhbər tutaraq Zirə qəsəbəsi, Natəvan küçəsi, döngə 2, ev 2-də yaşayan İddiaçı Zirə qəsəbəsində 40 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv.metr torpaq sahəsi ayrılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6302/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti başçısının 05 may 2000-ci il tarixli, 419 nömrəli sərəncamına əsasən Zirə qəsəbəsində 40 saylı sahədə yerləşən 1200 kv.metr torpaq sahəsinin yerləşmə cizgisinin İddiaçı verilməsi öhdəliyi Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2094/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdeh Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6302/2022 saylı 21 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti başçısının 1-ci müavininin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6302/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarının və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2094/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının icrası təmin edilmişdir. İddiaçının müraciətinə cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi Zirə Tərəvəzçilik-Südçülük sovxozunun Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarınıın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarış və plan-ölçü sənədlərinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.8.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.8.). Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.7-ci bəndində “yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar” öz əksini tapmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir (10). İşdən görünür ki, Bakı şəhəri, Zirə qəsəbəsində yerləşən 40 saylı sahədə 1200 kv.metr torpaq sahəsi Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyətinin Başçısının 419 saylı, xx.xx.2000-ci il tarixli Sərəncamına əsasən iddiaçıya ayrılmışdır. İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək həmin torpaq sahəsinin yerləşmə cizgisinin ona verilməsi öhdəliyinin Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin müvfiq qərarı ilə Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti başçısının 05 may 2000-ci il tarixli, 419 nömrəli sərəncamına əsasən Zirə qəsəbəsində 40 saylı sahədə yerləşən 1200 kv.metr torpaq sahəsinin yerləşmə cizgisinin İddiaçı verilməsi öhdəliyi Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Qərarda göstərilmişdir ki, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən, göstərilən faktiki 1200 kv.metr torpaq sahəsinin sərhəddinin iki tərəfi mişar daş hasar, iki tərəfdə isə təməl yeri qazılmışdır. Sözügedən torpaq sahəsinin yerini təyin edən cizgi təqdim edilməyib. Göstərilən 1200 kv.metr olan torpaq sahəsi keçmiş Zirə Tərəvəzçilik-Südçülük sovxozunun ərazisindən Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli, 2866 nömrəli müvafiq sərəncamı əsasında Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir”. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2094/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdeh Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6302/2022 saylı 21 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti başçısının 1-ci müavininin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6302/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarının və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2094/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının icrası təmin edilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir.Cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etmişdir. Həm imtinanın, həm də etirazın əsası kimi qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Vahid elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi elektron kadastr məlumatlarına əsasən faktiki göstərilən torpaq sahəsi Zirə Südçülük-Tərəvəzçilik Sovxozunun Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Belə ki, idarəçiliyə qaytarılma Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərinin inzibati ərazi hüdudlarında bəzi torpaqlardan istifadənin səmərəliliyinin artırılması tədbirləri haqqında” 13 iyun 2008-ci il tarixli 2866 saylı Sərəncamı əsasında həyata keçirilmiş, həmin sərəncam qüvvəyə minənədək Əzizbəyov (Xəzər) Rayon İcra Hakimiyyəti başçısının torpaq sahəsi ayırma səlahiyyəti olmamışdır. Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərinin inzibati ərazi hüdudlarında bəzi torpaqlardan istifadənin səmərəliliyinin artırılması tədbirləri haqqında” 13 iyun 2008-ci il tarixli 2866 saylı Sərəncamında göstərilmişdir ki, Bakı şəhərinin Binəqədi, Əzizbəyov, Xətai, Sabunçu və Suraxanı rayonlarının inzibati ərazilərində yerləşən, bu Sərəncama 1- 17 nömrəli əlavələrdəki yerquruluşu planlarında göstərilmiş Abşeron Rayon İcra Hakimiyyətinin istifadəsində olan cəmi 25983,31 ha torpaq sahələrinin 9954,75 ha, 0 cümlədən Binəqədi rayonu üzrə 52,84 ha, Əzizbəyov rayonu üzrə 5820,26 ha, Xətai rayonu üzrə 202,49 ha, Sabunçu rayonu üzrə 2502,81 ha və Suraxanı rayonu üzrə 1376,35 ha təşkil edən hissəsi həmin rayonların inzibati ərazi hüdudlan nəzərə alınmaqla Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılsın. Göründüyü kimi, iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etdiyi torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış və hazırda inzibati ərazi hüdudları baxımından Bakı şəhər Xəzər rayonuna aid edilmişdir. İddiaçı, qanunvericiliyin tələbinə uyğun olaraq yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərarı cavabdeh inzibati orqana təqdim etmişdir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Belə ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə ona ayrılmış torpaq sahəsi ilə sahəsinə və yerləşmə yerinə görə tam uyğunluq təşkil edir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Zirə qəsəbəsində yerləşən 40 saylı sahədə 1200 kv.metr torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarış və plan-ölçü sənədlərinin verilməsi vəzifəsi cavabdehə həvalə olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Zirə qəsəbəsində 40 saylı sahədə fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmış 1200 kv.metr torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar