Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7962/2025 26.11.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs - Səbail rayon Səbail bələdiyyəsi “torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydiyyata alınaraq, reyestrdən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, Səbail rayonu Səbail bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydiyyata alınaraq, reyestrdən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 26 noyabr 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri Səbail Bələdiyyəsinin 26 dekabr 2005-ci il tarixli, 289 nömrəli qərarına əsasən Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən 1200 kv.m. torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında vət. İddiaçı adına sənədləşdirilmişdir. İddiaçı həmin torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etsə də, müraciəti cavablandırılmamışdır. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Səbail Bələdiyyəsinin 26 dekabr 2005-ci il tarixli 289 №-li qərarına əsasən ona Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanda plan-cizgisi sxemində göstərilən koordinatlar daxilində yerləşən 0,12 ha torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydiyyata alınaraq, reyestrdən çıxarışın və planölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilmişdir. İşin yuxarıda sadalanan hallarına istinad edilərək iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 289 saylı qərarı ilə istifadəsinə ayrılmış həyətyanı torpaq sahəsinin plan-cizgisi təqdim edilmişdir. Həmin qərarla ona ayrılmış torpaq sahəsi naturada mərz nişanları qoyulmaqla təhvil verilmiş, həmin torpaq sahəsini mişar daşı ilə hasara almışam və təyinata üzrə istifadə etmişdir. Həmin torpaq sahəsi qanuni əsaslarla sahibliyimdə və istifadəsində olmaqla, faktiki mülkiyyətçi kimi davranır. Eyni zamanda, bütün kommunikasiya xətləri ilə təchiz olunmuşdur. İstifadə müddətində müvafiq əmlakla bağlı tələb olunan bütün dövlət rüsumlarını və komunal xərcləri ödəmişdir. Hesab edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin hərəkətləri qanunsuzdur və göstərdiyi hərəkətsizliyi onun qanuni hüquqlarını məhdudlaşdırır. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış və inventarlaşdırma işləri aparılan zaman göstərilən sahələrinin ümumi ərazinin bir hissəsində yerləşdiyi, ərazidə hasarlama və mərzçəkmə işlərinin aparılmadığı və iddiaçı faktiki sahənin perimetrik ölçülərini bilmədiyindən faktiki sahənin koordinatlarını tərtib etmək mümkün olmamışdır. (torpaq sahələri iddiaçının istifadəsində deyil). Elektron kadastr məlumatına əsasən şərti göstərilən sahə dövlət mülkiyyəti torpağı olmaqla, "xxxx" ASC-nin məlumatlarına əsasən su xəttinin mühafizə zonasında yerləşir. Həmçinin təqdim olunan cizgidə dəqiq istinad, istinad məsafələri və perimetrik ölçülər qeyd edilməmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət və yerli əhəmiyyətli hidrotexniki qurğuların siyahısının, mühafizə rejimi və təhlükəsizliyi üzrə Təsnifatı”nın, “Hidrotexniki qurğuların dövlət reyestrinin tərtib olunması və aparılması Qaydaları”nın və “Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında xx.xx.2003-cü il tarixli 109 saylı Qərarı ilə mühafizə zonaları müəyyən edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Azərbaycan Respublikası Qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu iddiaçının müraciətinə cavab vermədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, Bakı şəhəri Səbail bələdiyyəsinin 26 dekabr 2005-ci il tarixli, 289 nömrəli qərarına əsasən Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən 1200 kv.m. torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında iddiaçının adına sənədləşdirilmişdir. İddiaçı həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması və reyestrdən çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh imtina əsası kimi ona istinad edir ki, İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış və inventarlaşdırma işləri aparılan zaman göstərilən sahələrinin ümumi ərazinin bir hissəsində yerləşdiyi, ərazidə hasarlama və mərzçəkmə işlərinin aparılmadığı və iddiaçı faktiki sahənin perimetrik ölçülərini bilmədiyindən faktiki sahənin koordinatlarını tərtib etmək mümkün olmamışdır. (torpaq sahələri iddiaçının istifadəsində deyil). Elektron kadastr məlumatına əsasən şərti göstərilən sahə dövlət mülkiyyəti torpağı olmaqla, "xxxx" ASC-nin məlumatlarına əsasən su xəttinin mühafizə zonasında yerləşir. Həmçinin təqdim olunan cizgidə dəqiq istinad, istinad məsafələri və perimetrik ölçülər qeyd edilməmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəyə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin qeydiyyatı üçün əsasdır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1. və 139-1.1.1-ci maddlərinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Qeyd edilən normaların dispozitiv şərtlərinin mövcud olması üçün aşağıdakıların olması zəruridir: 1) Ayrılması nəzərdə tutulmuş torpaq sahəsi Bələdiyyəyə məxsusluğu müəyyən edilməlidir; 2) Torpaq sahəsinin ayrılmasına dair akt qanunla müəyyən edilmiş qaydada qəbul edilməlidir. Ayrılması nəzərdə tutulmuş torpaq sahəsi Bələdiyyəyə məxsus olması ilə bağlı; Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİ hissəsinə görə, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər Cavabdeh iddia tələbinə etiraz edərkən elektron kadastr baza məlumatlarına əsasən mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində olan torpaq sahəsi olmasını, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmasına dair hər hansı məlumatın olmamasını bildirir. Məhkəmə qeyd edir ki, iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Səbail Bələdiyyəsi ayrılmış torpaq sahəsinin dövlət mülkiyyətində deyil, Bələdiyyənin mülkiyyətində olmasına dair məhkəməyə hər hansı sübut (reyestrdən çıxarış, blədiyyə torpaqalarının ayrıc aktı, xəritəsi və s.) təqdim edə bilmir. Cavabdeh elektron kadastr baza məlumatlarına istinad etdiyinə görə, iddiaçı tərəfindən ayrılmış torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olmaması işin mübahisələndirilməyən halıdır. Nə iddiaçı, nədəki üçüncü şəxs bələdiyyə bunun əksini sübut edəcək dəlili məhkəməyə təqdim edə bilməmişdir. Əksinə üçüncü şəxs məhkəməyə sorğusuna cavab olaraq təqdim etdiyi xx.xx.2025-ci il tarixli məktubunda bildirmişdir ki, iddiaçının adına Səbail rayonu, Səlyan şosesi 32 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsinin onun adına sənədləşdirilməsi barədə Bələdiyyənin xx.xx.2005-ci il tarixli, 289 saylı qərarı və ona əsas olan sənədlər Bələdiyyənin hazırda mövcud olan arxiv bazasında aşlar edilməmişdir. Belə olan halda, cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməyi istisna edən faktiki şərtlərin mövcudluğuna sübut edir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Bundan başqa Mülki Prosessual Məcəllənin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Bakı şəhərində yerləşən Bələdiyyələrə torpaq sahəsinin ayrılmasının tam başa çatdırılmaması, bələdiyyələrə ayrılması nəzərdə tutulmuş torpaq sahələrinə bələdiyyələrin mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmaması işin mübahisələndirilməyən halları olmaqla, hamıya bəlli olan faktdır və sübuta ehtiyacı yoxdur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə görə, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Məhkəmə işin hallarının araşdırılması prinsipinə uyğun olaraq Səbail Bələdiyyəsinə “Qərarın verilməsinə əsas olmuş sənədlərin, mövcuddursa həmin sərəncam əsasında iddiaçıya verilmiş torpaq sahəsinə dair akt, sxem və s-nin təsdiq edilmiş surətinin, o cümlədən adıçəkilən torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olması barədə sənədlərin, torpaq sahəsinin situasiya planının və digər aidiyyət sənədlərin təsdiq edilmiş surətlərinin, həmçinin torpaq sahəsinin ayrılması ilə bağlı rəylərin alınması ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanlarına (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinə və s) müraciət edilib-edilməməsi, müraciət edilmişdirsə bununla bağlı rəylərin verilib-verilməməsi barədə məlumatın müvafiq təsdiq edici sənədlərlə birgə məhkəməyə təqdim edilməsi” məzmunda xx.xx.2025-ci il tarixli sorğular göndərilmişdir. Lakin üçüncü şəxs Bələdiyyə qeyd olunan sorğuya cavab məktubunda ayırdığı torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmasına dair, həmçinin torpaq sahəsinin bələdiyyəyə ayrılması nəzərdə tutulmuş torpaq sahələrinin hüdududları daxilində yerləşməsinə dair məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. İddia olunan torpaq sahəsinin Səbail rayonunun ərazi hüdudları daxilində yerləşməsi isə, öz növbəsində Bələdiyyəyə inzibati ərazi hüdudları daxilində istənilən yerdən torpaq sahəsinin ayrılması ilə bağlı səlahiyyət vermir. Qeyd olunduğu kimi, Bakı şəhərində yerləşən bələdiyyələrə torpaq sahələri Bakı şəhər İcra Hakimiyyəti tərəfindən 2000-ci il tarixdə qəbul edilmiş Sərəncamlar əsasında müxtəlif ölçülərdə torpaq sahələri ayrılmış və bələdiyyələr yalnız onlara ayrılması nəzərdə tutulmuş (məxsus olan) torpaq sahələrinin vətəndaşlara ayrılmasında səlahiyyətli olmuşlar. Hazırkı işdən isə bu hal müəyyən edilmir. Oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-269/2025 nömrəli iş üzrə, xx.xx.2025-ci il tarixli qərarında məhkəmə kollegiyası qeyd etmişdir ki, “...iddiaçının torpağının dövlət və bələdiyyə mülkiyyətində olması istiqamətində aşağı instansiya məhkəmələri tərəfindən müəyyən qədər araşdırma aparılsa da, bu hal tam və hərtərəfli araşdırılmamışdır. Belə ki, aşağı instansiya məhkəmələri torpağın Səbail bələdiyyəsinə ayrılması nəzərdə tutulan torpaqlara aid olduğu nəticəsinə gələrkən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 3-16-16/2-10/7378 nömrəli 20 dekabr 2023-cü il tarixli rəyə istinad etmişlər. Lakin həmin rəyin məzmunundan mübahisəli ərazinin Səbail Bələdiyyəsinə ayrılması nəzərdə tutulan ərazinin hüdudları daxilində yerləşdiyi nəticəsinə necə gəlinməsi ilə bağlı hər hansı əsaslandırma aparılmamışdır və torpağın Səbail Bələdiyyəsinə ayrılması nəzərdə tutulan ərazinin hüdudları daxilində yerləşməsinə dair iş materiallarında hər hansı təsdiqedici sənəd yoxdur”. Beləliklə normanın məzmununda qeyd olunmuş, birinci dispoziya şərti (torpaq sahəsinin bələdiyyəyə məxsus olması) müəyyən edilmir. 2) Torpaq sahəsinin ayrılmasına dair aktın qanunla müəyyən edilmiş qaydada qəbul edilməsi ilə bağlı Azərbaycan Respublikasının Qanunvericiliyində bələdiyyə torpaqların ayrılması ilə bağlı bir sıra tələblər nəzərdə tutulmuşdur. İlk növbədə qeyd olunmalıdır ki, bələdiyyələr kollegial inzibati orqandır və bələdiyyə tərəfindən qəbul edilən qərarlar bələdiyyənin iclaslarında, səs çoxluğu ilə qəbul edilməlidir. Bu tənzimlənmə Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinə əsasən bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir (İ və İİ hissə). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 6.6. Torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. Maddə 6.7. Bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir. Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı” Qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 10 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət aktı tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir”. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Bələdiyyənin iclasları ayda bir dəfədən az olmayaraq bələdiyyənin sədri tərəfindən çağırılır. Bələdiyyə üzvləri iclas gününə azı 5 gün qalmış xəbərdar edilməlidirlər. Bələdiyyənin iclası iclasda iştirak edən bələdiyyə üzvlərinin qeydiyyatından başlanır. Üzrlü səbəbdən iclasda iştirak edə bilməyən bələdiyyə üzvü bu barədə əvvəldən bələdiyyə sədrinə məlumat verməlidir. Bələdiyyə iclasının bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin, yaxud bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırıldığı hallar istisna olmaqla, iclasın gündəliyinin layihəsini bələdiyyə sədri təsdiq edilmək üçün iclasın müzakirəsinə çıxarır. Bələdiyyə, bələdiyyə iclasında təsdiq olunmuş reqlamentə müvafiq surətdə fəaliyyət göstərir. Reqlamentdə bələdiyyə iclasının çağırılması və əhali ilə görüşlərin təşkili qaydaları, bələdiyyənin fəaliyyəti ilə bağlı digər məsələlər əks olunur. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən bələdiyyələr üçün nümunəvi reqlament tövsiyə edilə bilər. Bələdiyyənin iclası bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Maddə 4. Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. Maddə 6. Bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir. Protokol təsdiqlənənədək bələdiyyə üzvünün onun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ vardır. Bələdiyyənin iclas protokolu müvafiq kitabda qeydiyyata alınır, həmin kitab üzrə verilən nömrə protokolun nömrəsi hesab olunur. Sadalanan normalardan göründüyü kimi: 1) Bələdiyyə torpağının mülkiyyətə verilməsi bələdiyyə üzvlərinin iştirakı ilə keçirilmiş iclasda qəbul edilmiş bələdiyyənin qərarına əsasən həyata keçirilir: 2) Qərar qəbul edildikdən sonra torpaq sahəsinin ayrılmasına dair alqı-satqı müqaviləsi bağlanır; 3) Torpaq sahəsinin ayrılmasına dair qərar müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 9.08.2001-ci il tarixli, 548 № li Fərmanın 2.5-ci maddəsinə əsasən Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələri qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. 4) Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidir. 5) Torpaq sahəsinin ayrılmasında dair alqı-satqı aktı torpaq şöbəsinin müdiri tərəfindən imzalanmalıdır. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi Bələdiyyənin Qərarına istina edilir. Lakin həmin X1 sədri tərəfindən imzalanmış, qərarda bələdiyyə sədri Bələdiyyənin adından deyil, öz adından torpaq ayırması barədə qərar qəbul etdiyini bildirmişdir. Qeyd edilən Bələdiyyə tərəfindən iclas keçirilməsi və iclasda bələdiyyə üzvlərinin səs çoxluğu ilə qəbul edilməsi müəyyən edilmir. Bələdiyyə sədri isə təkbaşına olaraq torpaq sahəsinin ayrılması barədə qərar verməkdə ümumiyyətlə səlahiyyətli olmamışdır. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında Plenum qeyd etmişdir ki, “...hazırkı iş üzrə isə apellyasiya instansiyası məhkəməsi qeyd olunan normaların tələblərini pozaraq müvafiq araşdırma aparmadan, ehtimala əsaslanmaqla mübahisəli torpaq sahəsinin Bələdiyyənin mülkiyyətində olmadığı qənaətinə gəlmişdir. Halbuki, inkvizisiya prinsipini rəhbər tutaraq, məhkəmə Bələdiyyəni işə cəlb edərək müvafiq sənədləri əldə etmək, icarəyə dair aktı imzalayan şəxsləri müəyyən etməklə həmin aktın qanunvericiliyin tələblərinə uyğun olaraq “qərar” deyil “sərəncam” adlandırılmasının texniki səhv və yaxud “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İnzibati icraat haqqında” Qanun) 65.1.3-cü maddəsi ilə nəzərdə tutulan pozuntu olmasını aydınlaşdırmaq, müvafiq icra hakimiyyəti orqanlarının rəylərinin olub-olmamasını müəyyən etmək imkanlarına malik idi ki, bu da işin tam və hərtərəfli tədqiq edilməsinə xidmət etmiş olardı. Apellyasiya instansiyası məhkəməsinin qərarında o da göstərilmişdir ki, Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin (bundan sonra – Əsasnamə) 1, 17, 18 və 19-cu bəndlərinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun) 6.2, 6.5 və 6.9-cu maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65 və 66-cı maddələrinin tələblərinə zidd olaraq mərhum A.Mustafayevə bələdiyyə mülkiyyətində olmayan torpaq sahəsi ayrılmış, üstəlik bu ayırma kollegial orqan olan Bələdiyyənin qərarı ilə deyil, sədrin təkbaşına qəbul etdiyi sərəncamla həyata keçirilmişdir. Bundan əlavə, mübahisəli torpaq sahəsinin planlaşdırılması layihəsinin Bakı şəhər İcra hakimiyyətinin Memarlıq və şəhərsalma baş idarəsi ilə razılaşdırılması, eləcə də həmin dövrdə fəaliyyət göstərən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerquruluşu işlərinin (planlama) aparılması, həmin yerin planının (cizgisinin) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda hazırlanması iş materialları ilə təsdiqini tapmamışdır”. Baxılan işdə Səbail Bələdiyyəsi üçüncü şəxs qismində icraata cəlb edilmiş, həmçinin məhkəmə tərəfindən Bələdiyyəyə sorğular ünvanlamışdır. Lakin üçüncü şəxs məhkəməyə torpaq sahəsinin ayrılması ilə bağlı iclas keçirilməsi barədə məhkəməyə hər hansı sənəd təqdim etməmiş, qəbul edilən sərəncamın bələdiyyənin digər üzvlərinin iştirakının olması, səs çoxluğu ilə qəbul edilməsi iş materiallarından müəyyən edilmir. Məhkəmə bələdiyyə tərəfindən torpaq sahəsi ayrılarkən bu şərtlərə əməl edilibedilməməsinin müəyyən edilməsi, başqa sözlə bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsi ayrılarkən qanunvericiliyin tələblərinə əməl edilib-edilməməsini müəyyən etmək üçün Bakı şəhər İcra Hakimiyyətinə, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Dövlət Arxivinin Bakı Filialına və Səbail bələdiyyəsinə müvafiq sorğular verilmişdir. Lakin məhkəməyə təqdim edilən sənədlərdə bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsinin ayrılması ilə bağlı iclas keçirməsi, bu barədə qərar qəbul edilməsi, torpaq sahəsinin ayrılması ilə bağlı rəyin alınması üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət edilməsi müəyyən edilməmişdir. Göründüyü kimi, iddiaçıya ayrılmış torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olması (və ya məxsus olması) sübut olunmamaqla yanaşı, bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı qanunvericliyin, o cümlədən Azərbaycan Respublikasının Konstitutisiyasının imperativ şərtlərinə də əməl edilməmişdir. Oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-269/2025 nömrəli iş üzrə, xx.xx.2025-ci il tarixli qərarında məhkəmə kollegiyası qeyd etmişdir ki, “...hazırkı iş üzrə iş materiallarında olan bələdiyyə qərarı yalnız bələdiyyə sədri tərəfindən imzalanmış, iş materiallarına iclas protokolu əlavə edilməmişdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi isə bələdiyyə qərarının qanuniliyini yuxarıda istinad olunan normaların tələbləri baxımından qiymətləndirməmişdir”. Qeyd edilənlərdən əlavə İddiaçı məhkəməyə “X3 və Ekspertiza Mərkəzi” MMC-nin rəyini təqdim etmişdir. Həmin rəydə torpaq sahəsinin digər sahələr ilə üst-üstə düşməməsi, su, elektrik və qaz xətlərinin mühafizə zonasında yerləşmədiyi qeyd edilmişdir. Məhkəmə həmin rəyi mötəbər sübut kimi qəbul etmir. İlk növbədə ona görə, həmin qurumun hansı səlahiyyət əsasında rəy verməsi, elektron kadastr baza məlumatı mühafizə zonası barədə fikir irəli sürməsi müəyyən edilmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2201/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında (üç ulduzla işarələnmiş qərar) məhkəmə kollegiyası qeyd etmişdir ki, “...bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi istinad etdiyi ekspert rəyinin mötəbərliyini və sübut kimi nəzərə alınmasının mümkünlüyünü lazımi qaydada müzakirə etməmişdir. Əvvəla, həmin rəy tamamilə kommersiya hüquqi şəxsi tərəfindən verilmiş mütəxəssis rəyində göstərilənləri təkrarlayır. Kommersiya hüquqi şəxsi tərəfindən belə bir rəyin verilməsinin mümkünlüyünə apellyasiya məhkəməsi tərəfindən qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməli idi. Digər tərəfdən isə, ekspertin müstəqil tədqiqat apardığı da müəyyən olunmur. Xüsusən də, tədqiqat zamanı cavabdeh tərəfindən təqdim edilmiş "xxxx" bağçılıq yoldaşlıq təsərrüfatının ayrıc aktı və bölgü sxeminin məlumatlarının nəzərə alındığı görünmür. Bu hal ona görə əhəmiyyətlidir ki, cavabdeh məhz ayrıc aktı və bölgü sxeminə istinadla mübahisəli torpaq sahəsinin bağçılığa ayrılan ərazinin hüdudlarından kənarda yerləşməsini bildirir. Belə olan halda, ayrıc aktı və bölgü sxeminin məlumatlarının nəzərə alınmadığı tədqiqat nəticəsi iş üzrə mübahisələndirilən halların mötəbər qaydada müəyyənləşdirilməsi kimi qəbul edilə bilməz. Qeyd edilən məsələ həm də ona görə vacibdir ki, iddiaçı bağ-torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasını tələb edir və belə iddia o halda təmin edilə bilər ki, sahənin bağçılığa ayrılmış ərazinin daxilində yerləşməsi müəyyən edilmiş olsun. 41. Kollegiya qeyd edir ki, apellyasiya məhkəməsi cavabdehin protokoldan çıxarışın "xxxx" bağçılıq-bostançılıq cəmiyyəti tərəfindən deyil, X5 Səhmdar Cəmiyyətinin möhürü ilə təsdiq edilməsi və həmin cəmiyyət kommersiya təşkilatı hesab olunduğundan onun belə bir səlahiyyətinin olmadığı ilə bağlı dəlili üzrə də araşdırma və qiymətləndirmə aparmamış, bununla da, İPM-in 87.8-ci maddəsinin pozuntusuna yol vermişdir” Bundan başqa məhkəmə həmin rəydəki məlumatlar ona görə əsaslı hesab etmir ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli məktubda bildirilmşdir ki, müraciətinizdə qeyd olunan ünvana baxış keçirilmiş və həmin ünvanda yerləşən torpaq sahəsində “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin istismarında olan D500 mm kanalizasiya xətti yerləşdiyi məlum olmuşdur. Azərbaycan Respublikasının “Su təchizatı və tullantı suları haqqında” Qanunun 70-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsinin rəsmi (yazılı) icazəsi olmadan su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının ətrafında müəyyən olunmuş ərazilər hüdudlarında, həmçinin su kəmərləri və kanalizasiya sistemlərinə aid olan magistrallardan, boru kəmərlərindən və digər texniki qurğulardan beş metrdən az olan məsafədə hər hansı torpaq və tikinti işlərini yerinə yetirmək qadağan edilir. Göründüyü kimi, cavabdeh İdarə və səlahiyyətli qurum olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi iddia edilən torpaq sahəsinin kanalizasiya xəttinin üzərində yerləşməsini bildirsə də, “X3 və Ekspertiza Mərkəzi” MMC-nin rəyində torpaq sahəsinin digər sahələr ilə üst-üstə düşməməsi, su, elektrik və qaz xətlərinin mühafizə zonasında yerləşmədiyi qeyd edilmişdir. Ona görə də, məhkəmə həmin rəyi mötəbər sübut kimi qəbul etmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanında qeyd edilmişdir ki, “Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir”. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq iddiaçıya ayrılmış torpaq sahəsinin Xəzər rayon Buzovna bələdiyyəsinin mülkiyyətində olması, eyni zamanda həmin torpaq sahəsinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada ayrılması sübuta yetirilmir. Belə olan halda cavabdehin bu barədə imtinası əsaslı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; ... İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia tələbi rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı m0əhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-7962/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7962/2025
26.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver