Məhkəmə qərarları › İş №2-1(112)-7963/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7963/2024

29.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7963/2024 29.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona 57 yaşının tamam olduğu tarixdən, yəni xx.xx.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin olunmuş pensiyanın xx.xx.2020-ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1961-ci ildə anadan olmuşdur. 27 oktyabr 1981-ci il tarixinədək hərbi xidmətdə olmuşdur. xx.xx.1978-ci ildə əmək fəaliyyətinə başlamış, müxtəlif müəssisələrdə işləmişdir. xx.xx.2024-cü il tarixdən halhazıradək "xxxx" MMC-də elektrik işləri üzrə müşavir vəzifəsində işləyir. xx.xx.2018-ci il tarixdə 57 yaşı tamam olmuşdur. Həmin tarixdən də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. İddiaçı cavabdehə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməyi xahiş etsə də, müraciətinə imtina cavabı verilmişdir. Cavabdeh iddiaçının çalışdığı müəssisənin fəaliyyət sahəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş Siyahıda nəzərdə tutulan kimya istehsalatı sahəsinə aid olmadığını əsas gətirərək böyük energetik və energetik vəzifələrində işlədiyi dövrləri güzəştli iş stajı kimi qəbul etmir, bu səbəbdən də güzəştli iş stajının 12 il 6 aydan az (8 il 4 ay 11 gün (xx.xx.1981-xx.xx.1990-cı il tarixləri arasındakı dövrlər)) olduğunu bildirir. İddiaçı hesab edir ki, əmək kitabçasına və işlədiyi müəssisə tərəfindən verilən arayışa əsasən onun 1 yanvar 2006-cı il tarixədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı üzrə güzəştli iş stajı 12 il 6 aydan artıqdır. Onun çalışdığı elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru və elektromexaniki sahə üzrə usta vəzifələri adıçəkilən siyahının qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsinin neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı yarımbölmesindəki elektroavadanlığın təmiri və xidməti üzrə elektromontyoriar (kod ******* a—19861) və ustalar, böyük ustalar (kod ******* b—23187) vəzifələri, böyük energetik və energetik vəzifələri isə kimya istehsalı bölməsindəki tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri yarımbəndi (kod 1080A00—17541) ilə uyğunluq təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı 21 iyul 2023-cü il və 12 fevral 2024-cü il tarixlərdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdehin 21 iyul 2023-cü il tarixli 3-17-1/2- M-164766/2023 nömrəli məktubla cavablandırılmış eyni məzmunlu 04 mart 2024-cü tarixli 3-17-1/2-M-52875/2024 nömrəli məktublarına əsasən, iddiaçının qanunvericiliklə tələb olunan kifayət qədər güzəştli iş stajı olmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın kimya istehsalatı bölməsində (Vİİİ) 1080A00—17541 kodu üzrə tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi SOCAR-ın “Heydər Əliyev adına X8”nun İddiaçı dair 8 fevral 2024-cü il tarixli 14-2-27/2-373/2024 nömrəli arayışında xx.xx.1991-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində 7 nömrəli sexdə böyük energetik, xx.xx.1994-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində 7 nömrəli istehsalatda energetik vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi müəssisənin fəaliyyət sahəsi sözügedən arayışda istinad edilən və yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan kimya istehsalatı sahəsinə aid deyil. Buna görə də İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az ( 8 il 4 ay 11 gün (xx.xx.1981-xx.xx.1990-cı il tarixləri arasındakı dövr)) təşkil edir. Cavabdeh göstərilənləri və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci, 9.1-ci maddələrini əsas götürməklə iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun məzmunda izahat verdilər və tələbin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə cavabdeh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. -Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının 03 iyul 2023-cü il tarixli müraciətinə aidiyyəti üzrə baxılmış və təmin edilməsindən imtina edilmişdir. -Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, iddiaçının 12 fevral 2024-cü il tarixli müraciətinə aidiyyəti üzrə baxılmış və etirazdakı dəlilə uyğun məzmunda cavab verilərək təmin edilməsindən imtina edilmişdir. -AA******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. -İddiaçıya məxsus APM № ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək Güllübulaq “Polad” kolxozunda çilingər işləmiş, xx.xx.1979-cu ildən xx.xx.1981-ci il tarixədək Sovet ordusunda xidmət etmiş, xx.xx.1981-ci il tarixdən xx.xx.1986-cı il tarixinədək 6 nömrəli texnoloji sexin elektrotexniki şöbəsində elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru, xx.xx.1986-cı il tarixdən xx.xx.1990-cı il tarixinədək 6 nömrəli texnoloji sexin elektromexaniki sahəsində usta, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixinədək baş energetik, xx.xx.1991-ci il tarixdən xx.xx.1994-cü il tarixinədək 7 nömrəli sexdə böyük energetik, xx.xx.1994-cü il tarixdən xx.xx.2003-cü il tarixinədək 7 nömrəli istehsalatda energetik, xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixinədək mühafizə qurğuları və rabitə üzrə 22 nömrəli sexin rəisi (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2004-cü il tarixli 42 nömrəli Əmrinə əsasən “Azərneftyanacaq” X8 “H.Əliyev adına “Bakı X8” adlandırılmışdır), xx.xx.2006-cı il tarixdən xx.xx.2012-ci il tarixinədək zavodun 17-ci dərəcəli baş energetiki, xx.xx.2012-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək zavodun idarəetmə aparatının energetika şöbəsində şöbə rəisi (“H.Əliyev adına “Bakı X4 xx.xx.2015-ci il tarixli SOCAR/15-1700/xx-xx-000078 №li Əmrinə əsasən “H.Əliyev adına “Bakı X8” “H.Əliyev adına “X8” adlandırılmışdır)” adlandırılmışdır), xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək idarəetmə aparatının istehsalata xidmət departamentində rəis müavini, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixinəhdək "xxxx" MMC-də elektrik işləri üzrə böyük mühəndis vəzifələrində işləmişdir. xx.xx.2024-cü il tarixdən hal-hazıradək "xxxx" MMC-də elektrik işləri üzrə müşavir vəzifəsində işləyir. -Heydər Əliyev adına X8 tərəfindən iddiaçıya verilmiş 08 fevral 2024-cü il tarixli “zərərli iş şəraiti haqqında” arayışda göstərilmişdir ki, İddiaçı Zeynalabdi oğlu:

1. xx.xx.1981-ci il tarixdən xx.xx.1986-cı il tarixinədək 6 nömrəli texnoloji sexin elektrotexniki şöbəsində elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru işləmişdir. Həmin vəzifə AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahı üzrə şifrə 2130301a-19861, Xİİ bölmənin 3-cü yarımbölməsinə uyğundur. 2.xx.xx.1986-cı il tarixdən xx.xx.1990-cı il tarixədək 6 nömrəli texnoloji sexin elektromexaniki sahəsində usta vəzifəsində işləmişdir. Həmin vəzifə AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarının 2 nömrəli siyahı üzrə şifrə 2130301b-23187, Xİİ bölməsinin 3-cü yarımbölməsinə uyğundur.

3. xx.xx.1991-ci il tarixdən xx.xx.1994-cü il tarixədək 7 nömrəli sexdə böyük energetik, xx.xx.1994-cü il tarixdən xx.xx.2003-cü il tarixədək 7 nömrəli istehsalatda energetik vəzifəsində işləmişdir. Həmin vəzifələr AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahısında şifrə 1080A00-17541, Vİİİ bölmənin A yarımbölməsinə (kimya istehsalatı) uyğundur. Beləliklə işin faktiki hallarına əsasən, xx.xx.1961-ci il təvəllüdlü iddiaçı 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə uyğun olaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Hazırda iddiaçı cavabdehin imtinasını mübahisələndirir və ona xx.xx.2018-ci ildən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın xx.xx.2020-ci il tarixdən hesablanmaqla ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia tələbi iddiaçıya 57 yaşının tamamlandığı xx.xx.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi hissəsində əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. -9.1.-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. İstinad olunan “Əmək pensiyaları haqqında” Qanun xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Sözügedən Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. Göründüyü kimi, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2) xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Həmçinin məhkəmə əlavə edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının güzəştli şərtlərlə pensiya tələb etmək üçün yaş həddinə çatmasını və ümumi iş stajını mübahisələndirməmişdir. Bununla belə iş materiallarındakı sənədlərdən iddiaçının xx.xx.2018-ci il tarixdə 57 yaşı tamam olduğu və qanunla tələb olunan 25 ildən də artıq ümumi iş stajına malik olduğu müəyyən edilmişdir. Cavabdeh inzibati orqanın yeganə mübahisə açdığı məqam iddiaçının güzəştli iş stajının toplanmaması ilə bağldır. Cavabdehin əsas dəlili iddiaçının xx.xx.1991xx.xx.1994-cü və xx.xx.1994-xx.xx.2003-cü illərdə 7 nömrəli sexdə böyük energetik və energetik vəzifələrində işlədiyi SOCAR Heydər Əliyev adına X4 fəaliyyət sahəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıda nəzərdə tutulan kimya istehsalatı sahəsinə aid olmamasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1ci bəndində qeyd olunur ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. Məhkəmə araşdırması dövründə zavodun fəaliyyət istiqamətləri (fəaliyyət sahələri) barədə, iddiaçının xx.xx.1991-xx.xx.1994-cü il və xx.xx.1994-xx.xx.2003-cü il tarixləri arasındakı dövrlər ərzində 7 nömrəli istehsalat və 7 nömrəli sexdə hansı əmtəə parkında işləməsi, həmçinin iddiaçının işlədiyi energetik vəzifəsinin əmək funksiyaları barədə və həmin peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahısında və Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilər siyahısı”nda hansı bənddə və yarımbənddə (kodu göstərilməklə) nəzərdə tutulması, yaxud əmək funksiyalarının hansı vəzifəyə uyğun gələn peşə olması (kodu göstərilməklə) barədə məlumat verilməsi üçün SOCAR Heydər Əliyev adına X7 sorğu göndərilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı icmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. Sorğuya cavab məktubunda aşağıdakılar qeyd olunmuşdur: İddiaçı həqiqətən xx.xx.1991-xx.xx.1994-cü ildə 7 nömrəli əmtəə benzinlərinin hazırlanması üzrə sexdə böyük energetik və xx.xx.1994-xx.xx.2003-cü illərdəki dövrdə isə 1, 2, 3 və 4 nömrəli əmtəə benzinlərinin hazırlanması parklarından ibarət olan-7 nömrəli əmtəə benzinlərinin hazırlanması üzrə istehsalatda energetik işləmişdir. 7 nömrəli istehsalatın ( sexin) texnoloji xarakteristikası aşağıdakı kimidir. İstehsalatın əsas tərkib hissələri 1, 2, 3, 4 nömrəli əmtəə parklarıdır və gündəlik müxtəlif kimyəvi reagentlərdən istifadə etməklə benzinlərin hazırlanması üçün aşağıdakı işlər icra olunmuşdur: 1 nömrəli li əmtəə parkında qeyd edilən dövr ərzində, müxtəlif kimyəvi reagentlər qatmaqla A-76 etilsiz, A-76 etilli, Aİ-93 (etilli və etilsiz) A-92 markalı avtomobil benzinlərinin hazırlanması üçün, komponentləri birbaşa qovulma benzini, qb-85 fraksiyası, koks benzini (tərkibində 60 faiz aromatik karbohidrogenlər), katalitik krekinq benzini (tərkibində külli miqdarda merkaptan kükürd birləşmələri), katalitik riforminq stabil benzini (tərkibində 70 faiz aromatik birləşmələr o cümlədən benzol, toluol və kisilol), izooktan və s. kimyəvi maddələri qəbul olunmuş normalara uyğun qarışdırılaraq, sonra isə qarışığa etil mayesi və rəngləndiricisi əlavə edilərək yuxarıda qeyd edilən benzin növləri istehsal edilmişdir. İstifadə edilən etil mayesi çox zəhərli kimyəvi maddə olmaqla tərkibi 4-etil qurğuşun Pb (C2H5)4, etilbromid, dibrompropan, həlledici, hidrooksiddefenil, amin və kimyəvi rəngləndirici piqmentlərdən ibarətdir. Bundan əlavə 1 nömrəli əmtəə parkında dizel yanacağının (o cümlədən distilatın) qəbulu, təmizlənməsi və nəqli prosesləri həyata keçirilmişdir. 2 nömrəli əmtəə parkında 5- 91/115 markalı aviasiya benzini, A-72 markalı avtomobil benzinləri hazırlanmışdır. 5- 91/115 markalı benzinin hazırlanması üçün komponent kimi yüngül benzin fraksiyası, katalitik riforminq stabil benzini (platformat), kimyəvi reagentlər, izooktan toluol, etil mayesi [Pb(C2H5)4] antioksidləşdiricisi (hidroksid-defenilamin) rəngləndiricisi (K, 71C markalı üzvi həll olunan) istifadə edilmişdir. Benzinləri fərqləndirmək üçün kağız kisələrdə qablaşdırılmış xüsusi kimyəvi rəngləndiricilərdən istifadə olunmuşdur. 3 nömrəli əmtəə parkında 1-ci və 2-ci əmtəə parklarında hazırlanmış yuxarıda qeyd edilən etil tərkibli və etilsiz avtomobil benzinlərinin, avia benzinlərin, dizel yanacağının qəbulu, onların digər terminallara nəqli və dəmir yolu sistemlərinə yüklənməsi və s. işləri icra olunmuşdur. 4 nömrəli əmtəə parkı ağır neft məhsullarının, bitum, soba yanacağı, naftanın və s. yeraltı çənlərə qəbulu, onların qarışdırılması, əmtəəlik normalara salınması və nəqli ilə məşğul olmuşdur. Yuxarıda qeyd olunan 1, 2, 3 və 4 nömrəli parklarda görülmüş işlər- istər avtomobil benzinlərinin, istərsə də aviasiya benzinin hazırlanması, müxtəlif kimyəvi qatqıların əlavə edilməsi, etil mayesinin dozalarla əlavə edilməsi, antioksidləşdirici aşqarın toluolla həll edilməsi, son nəticədə bütün komponentlərin qarışdırılması, dövr etdirilməsi, nəqli və bu kimi kimyəvi proseslər, müxtəlif və çox saylı elektriklə idarə olunan nasoslar, elektrik siyirtmələri, elektrik klapanları, elektrik tənzimləyiciləri, elektrik dozatorları, elektrik ventilyatorları və s. bu kimi müxtəlif növ elektrik avadanlıqları vasitəsi ilə həyata keçirilmişdir. Avadanlıqların, istehsalatın və texnoloji prosesin fasiləsiz iş rejimini təmin etmək üçün, istehsal prosesində iştirak edən elektrik avadanlıqlarına daimi təmir, təftiş və s xidmət işləri aparılır. Həmin bu elektrik avadalıqlarına qeyd olunan xidmət işləri bilavasitə istehsalatın energetiki tərəfindən həyata keçirilir. Eyni zamanda həmin parklarda kommunikasiyaların, çənlərin, tutumların, aparatların deqazlaşdırması, istehsalat kanalizasiyası, yeraltı tutumlarda və s. sadalanan sahələrdə kimyəvi proseslərdə istifadə olunan texnoloji avadanlıqların işini təmin edən müxtəlif növ elektrik avadanlıqlarının təmiri, profilaktikası və xidməti işlərini istehsalat energetiki tərəfindən həyata keçirilmişdir. Yuxarıda qeyd edilən bütün bu proseslərdə də texnoloji və digər personalla yanaşı istehsalatın energetiki də gündəlik bu əməliyyatların aparılmasında bilavasitə iştirak etmiş, qeyd olunan sahələrdəki müxtəlif növ elektrik avadanlıqların profilaktikasını, sazlanmasını, təftişini, təmirini və s xidmətləri icra etmişdir. Qeyd: Proseslər zamanı istifadə olunmuş etil mayesi, etilen oksidləri və onun əsasında hazırlanan məhsullar, kimyəvi zərərli preparatlardır, bu qarışıqların hamısı insan sağlamlığı və ətraf mühit üçün çox təhlükəli və son dərəcə zərərlidir. Bu səbəbdən Avropa İttifaqının qərarına əsasən 2000-ci il 01 yanvar tarixindən etil mayesi tərkibli benzinlərin hazırlanması qadağan olunmuşdur. Azərbaycan Respublikasında da həmin tarixdən sonra etil tərkibli benzinlərin istehsalı dayandırılıb. Həmçinin bildirilir ki, İddiaçı işlədiyi energetik vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın kimya istehsalı bölməsindəki (Vİİİ) tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri bəndi (A) (kod 1080A00- 17541) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007 - ci il tarixli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın kimya istehsalı bölməsindəki (8) tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri bəndindəki (8.1) müəyyən edilmiş sahənin və vəzifələrin xüsusiyyətləri ilə bilavasitə eynilik təşkil edir. Qeyd olunan məktub və ona əlavə edilmiş sənədlər münasibət bildirilməsi üçün cavabdeh inzibati orqana göndərilmişdir. Cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən AR ƏƏSMN tabeliyində DSMF-ə və Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filiala ünvanlanmış 26 iyul 2024-cü il tarixli xidməti məktubda sözügedən məsələyə aşağıdakı qaydada münasibət bildirilmişdir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın kimya istehsalatı bölməsinin (8) tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft-kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri bəndində (8.1) nəzərdə tutulmuşdur: 8.1.1. Aktivləşdirilmiş kömür (*), alyumoqel, aeroqel, aldehidlər və onların törəmələri; aminlər, onların birləşmələri; ammonyak (qaz xammalını da aid etməklə); aktivləşdirilmiş pirolyuzit; asbovinil; ağ his; brom, onun birləşmələri; vanadium və sürmə birləşmələri; üsulundan asılı olmayaraq kükürd ərintisi; haloiddən törənmiş etilen, onların polimerləri və polimerkimiləri; hepatol; hopkalit; qrafitkolloid preparatları; quanidlər və onların törəmələri; manqan-4 oksidi; detergentlər; dimetilsulfat; desulfurator; diproksid; inqibitorlar, iondəyişdirici qatranlar və onlar üçün yarımməhsullar; yod, onun birləşmələri; kaustik soda; kaprolaktam; kamforlar; kalsium karbidi; karbürizator; katalizatorlar; ketonlar, onların törəmələri; koaqulyant; kreolin; lak boya məhsulları işlədilməklə, üzvi əridicilər; laklar və onların qatışıqları; merkaptanlar; metal natrium, kalium, onların oksidləri; kimyəvi üsulla metal ovuntuları; mineral və üzvi turşular, onların birləşmələri, törəmələri, o cümlədən regenerasiya, denitatsiya və qatılaşma; mineral duzlar; mineral gübrələr; miporosepatorlar; sidik cövhəri; arsen və onun duzları; tamamlanmayan tərkiblər və onların zəhərləri; nitroqarışıqlar; nekal, tiokol; arsen, apatit-nefelin, kükürd filizlərinin zənginləşdirilməsi; üzvi və qeyri-üzvi reaktivlər; oksidlər, peroksidlər, hidroperoksidlər, onların birləşmələri; etilen oksidləri və onun əsasında məhsullar; üzvi piylər, aromatik və heterosiklik xammal əsasında alınan üzvi maddələr, o cümlədən lak, piqmentlər, rənglərin sintezi üçün məhsullar, ossein; neft karbohidrogenlərinin pirolizi, piroliz qazlarının təmizlənməsi, komprimirləşməsi, ayrılması, qazın krekinqi, təbii qazlar; plastifikatorlar; fenol, krezol, rezorsin, fenol birləşmələri, melamin, * Sənayenin kimya-əczaçılıq sahəsinə şamil edilir. Anilin, furfurol, tiosidik cövhəri, izosianatlar, poliamidlər, poliuretanlar, polifir qatranları, sadə və mürəkkəb sellüza efirlərinin əsasında alınan plastik kütlələr; fasiləsiz və ştapel şüşəlif (istilikizolyasiya şüşəlifi çıxmaqla), eləcə də ondan və şüşə plastikdən məmulatlar, polidien, polivinilpirrolidon; akril, metaakril turşuları, onların törəmələri, polimerləri və polimerkimiləri; sadə vinil efirlərinin polimerləri; polietilentereftalatlar, butadien, poliizobutilen, izopren, latekslər, örtük və onların əsasında başqa materiallar; polifosfatlar; polikarbonat örtüyü; poroplastlar; porofor; sıxılma materialları; benzol, benzoil və naftalin törəmələri, onların homoloqları; sadə mürəkkəb efirlər, civə cihazları və preparatları; rezinli, rezin texnikalı və şin sexlərində: hazırlıq, xammalın hazırlanması, vulkanizasiyası, rezin üçün yapışqanın hazırlanması, işıqtərkiblilər; qurğuşun, civə, xrom, onların oksidləri, birləşmələrinin maddələri; selen, tellur, selenli, misli, sinkli birləşmələr; kükürd-karbon; silikaqel; sintetik kauçuklar, sintetik vitaminlər; sintetik rəngləyici, piqmentlər, onların xırdalanması, qurudulması, sintetik qatranlar, laklar; barium, titan birləşmələri; spirtlər, onların törəmələri; stirol, onun törəmələri; polimerləri, polimerkimiləri; kömürsulfid; stintillyasiya materialları; termohəssas rənglər, qələmlər; texniki yem fosfatları; texniki karbon, onun əsasında materiallar; karbohidrogenlər, onların birləşmələri; urotropin; fenol, onun birləşmələri; ferromaqnit, köpükgenerator ovuntusu; flotoreaqentlər; formalqlikol, fosfor, fosfor tuşruları, onların törəmələri; bütün siniflərin freonları; friqitlər; ftor, onun birləşmələri; ftorxlorüzvü birləşmələr; kimyəvi preparatlar: rezin, kauçuk, kənd təsərrüfatı, bağçılıq, tibbi preparatları, benzinlər, sürtkü yağı, tozla mübarizədə transformator yağı, flotoreaqentlər, plastik kütlələr, süni liflər, rəngli, ağ-qara rəngli kino-foto lenti üçün; kino-foto sənayesi üçün kağız; bitkilərin, zəhərlərin, qorxudan vasitələr, kimyəvi maddələr, onların əsasında alınan preparatlar; kimyauducular; xlor, onun birləşmələri; xlorvinil, kimyauducular; xlor, onun birləşmələri; xlorvinil, onun polimerləri; polimerkimiləri; sellozolvlar; sian, rodan birləşmələri; sianatlar, dizosianatlar, onların törəmələri; ekstralin; element üzvi birləşmələr; emallar, qiymətli metallardan preparatlar; piy qarışıqlarının həlməşik məhlulları, onların yumşaldıcıları, etil mayesi; zəhərli kimyəvi preparatlar, xüsusi istehsalat (çənlərin, tutumların təmizlənməsi, yuyulması xüsusi istehsal üzrə toksik taraların təmiri, düzəldilməsi) və laboratoriyada kimyəvi xüsusi maddələrlə məşğul olan işçilər, antikorroziya tərkiblərinin və örtük sexlərinin, bölmələrin, sahələrin işçiləri, kommunikasiyaların, deqazlaşdırma, istehsalat kanalizasiyası və tunellərin yuxarıda sadalanan istehsalatlarında və bölmələrində texnoloji avadanlığın və elektrik avadanlığının (nəzarət-ölçü cihazları və ventilyasiyadan başqa) təmiri, profilaktikası və xidmətilə məşğul olan sexlərin fəhlələri, ustaları və böyük ustaları, mexanikləri və energetikləri; balonların və konteynerlərin xlorla doldurulmasında, həmçinin xlor istehsalında xlor tökülməsi ilə məşğul olan işçilər, hazırlıq, xammalın hazırlanması, vulkanizasiya, rezin üçün yapışqan hazırlanan sahələrdə rezin, texniki rezin və şin istehsalında məşğul olan fəhlələr, rəhbərlər və mütəxəssislər, ronqalit və sulferləşmiş yağlı məhsulların istehsalında məşğul olan fəhlələr, rəhbərlər və mütəxəssislər, 8.1.2. Azbest texniki məmulatların istehsalı a) fəhlələr: azbest texniki məmulatlar istehsalının aşağıdakı sex, sahə və bölmələrində: əvvəlcədən hazırlıq (hazırlıq), toxuculuq, əyiridicilik, aparat, naxışlı, avtotraktor hissələri, avtoformalaşan hissələr, spirala sarınan, döşəkcə, karton və süzgəclər, paranit, valslenti (elastik materialdan) təcrübə-sınaq, sənaye texniki, texnoloji və elektrik avadanlığının xidməti, profilaktikası və təmiri ilə məşğul olan fəhlələr (nəzarət-ölçü cihazları və ventilyasiyadan başqa), texniki nəzarət şöbəsində məşğul olan nəzarətçilər. Aşağıda göstərilən sexlərdə, sahələrdə və şöbələrdə nəzarət-ölçü cihazlarının avtomatika və kommunikasiyasının təmiri, profilaktikası və xidməti ilə məşğul olan fəhlələr: hazırlayıcı, toxucu (parça), əyirici, toxucu, aparat, doldurucu, avtomobil-traktor hissələri, avtoqəlibləmə hissələri, spiralsarıdıcı araqat, karton və süzgəclər, paranit, yaymalenti (elastik material) təcrübə-sınaq sənaye-texniki, b) rəhbərlər və mütəxəssislər: yuxarıda sadalanan sexlərdə, sahələrdə və bölmələrdə məşğul olan sahə, növbə rəisləri, ustalar və böyük ustalar. Yuxarıda sadalanan sexlərdə, sahələrdə və bölmələrdə məşğul olan sex rəisləri, onların müavinləri və texniki nəzarət şöbələrinin (TNŞ) işçiləri, avadanlığın təmiri üzrə ustalar, böyük ustalar (nəzarət-ölçü cihazları və ventilyasiyalardan başqa). Yuxarıda sadalanan sexlərdə, sahələrdə və bölmələrdə məşğul olan mexaniklər, yuxarıda sadalanan sexlərdə, sahələrdə və bölmələrdə məşğul olan energetiklər, yuxarıda sadalanan sexlərdə, sahələrdə və bölmələrdə nəzarət-ölçü cihazlarının, avtomatika və kommunikasiyanın təmiri, profilaktikası və xidməti ilə məşğul olan avadanlığın təmiri üzrə ustalar (böyük ustalar). Eyni zamanda bildirilir ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi SOCAR-ın “Heydər Əliyev adına X8”nun 8 fevral 2024-cü il tarixli 14-2-27/2-373/2024 nömrəli arayışında xx.xx.1991-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində 7 nömrəli sexdə böyük energetik, xx.xx.1994-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində 7 nömrəli istehsalatda energetik vəzifələrində işlədiyi qeyd olunmuşdur. İddiaçı işlədiyi sahələr sözügedən arayışda istinad edilən və yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan kimya istehsalatı sahəsinə aid deyil. Buna görə də onun güzəştli iş stajı 12 il 6 aydan az ( 8 il 4 ay 11 gün (xx.xx.1981-xx.xx.1990-cı il tarixləri arasındakı dövr)) təşkil edir. Əlavə olaraq bildirilir ki, SOCAR tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanmış İddiaçı dair 7 iyun 2024-cü il tarixli 14-2-7/2-228/2024 nömrəli arayışda da adıçəkilən şəxsin işlədiyi sahələrin yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahının kimya istehsalatı bölməsinin (8) tam iş günü istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft-kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri bəndində (8.1) nəzərdə tutulan hansı sahəyə aid olması barədə məlumat göstərilməyib.” Məhkəmə cavabdehin imtina dəlilinə münasibətdə qeyd edir ki, həm Nazirlər Kabinetinin 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıda (1080A00-17541 A kodu altında), həm də 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda (8.1-ci yarımbəndində) nəzərdə tutulmuş sahələr yalnız kimya müəssisələrinin deyil, həm də tam iş günü həmin siyahılarda sadalanmış istehsalatlarda və işlərdə məşğul olan neft-kimya sənayesi istahsalat sahələrinin fəhlələrinə, rəhbərlərinə və mütəxəssislərinə də güzəştli şərtlərlə pensiya hüququ verir. İddiaçının işlədiyi Heydər Əliyev adına X8 məhz neft-kimya sahəsində ixtisaslaşmışdır. Bu hal, işdə olan arayışlar, nizamnamə ilə də təsdiq olunur və qeyd olunan xüsusatın təkzibi ilə bağlı cavabdeh inzibati orqanın hər hansı tutarlı dəlili yoxdur. Həmçinin H.Əliyev adına X4 rəsmi internet saytındakı məlumatlardan da görünür ki, Zavodda neft-kimya müəssisələri üçün maye-qaz fraksiyaları, nafta graksiyası, quru qaz, naften turşuları, bitumlar, sənaye, turbin, transformator yağlarının istehsalı ilə yanaşı “Azərkimya” İB üçün xammal (texniki propan, texniki butan və quru qaz) hazırlanması həyata keçirilir. Bundan başqa, həmin zavodun iddiaçıya verdiyi arayışda həmçinin məhkəmə araşdırması zamanı təqdim təqdim etdiyi sorğuya cavab məktubunda iddiaçının mübahisəli dövrdə işlədiyi 7 nömrəli istehsalatın (sexin) texnoloji xarakteristikası barədə ətraflı izah verilərək qeyd olunan sexin müxtəlif kimyəvi maddələrdən istifadə edilməklə fərqli oktanlı benzinlərin hazırlanması ilə məşğul olan istehsalat sahəsinin olduğu bildirilmişdir. Sözügedən arayışlarda iddiaçının mübahisəli dövrdə 7 nömrəli sexdə işlədiyi vəzifələrin AR Nazirlər Kabinetinin 320 və 12 nömrəli Qərarları ilə təsdiq edilmiş müvafiq Siyahılarda göstərilən hansı peşələrə uyğun olması dəqiq göstərilmişdir. Odur ki, iddiaçının işlədiyi H.Əliyev adına X4 fəaliyyət sahəsinin neft kimya sahəsi ilə bağlı olduğu nəzərə alındıqda məhkəmə cavabdehin dəlilini əsaslı saymır və hesab edir ki, iddiaçıya məxsus əmək kitabçası və iş yerindən təqdim edilmiş arayışlarla iddiaçının işlədiyi energetik peşəsinin güzəştli staj verən vəzifə olduğu öz təsdiqini tapdığından və təqdim olunan arayışdakı məlumatların həqiqətə uyğun olmaması ilə bağlı cavabdeh inzibati orqan tərəfindən sübut təqdim olunmadığından həmin sənədlər mötəbər sübut kimi qəbul edilməlidir. Belə olan halda iddiaçının “SOCAR”ın Heydər Əliyev adına X5 xx.xx.1991-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində 7 nömrəli sexdə böyük energetik, xx.xx.1994xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində 7 nömrəli istehsalatda energetik vəzifəsində işlədiyi mübahisəli dövrlər onun güzəştli iş stajına daxil edilməlidir. Bu halda isə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmək üçün qanunla tələb olunan 12 il 6 ay müddətdən artıq güzəştli iş stajı yaranmış olur (mübahisələndirilməyən 08 il 04 ay 11 gün + mübahisələndirilən 11 il 08 ay 19 gün = 20 il, 01 ay). İddia tələbinin təmin edilməyən hissəsinə gəlincə məhkəmə aşağıdakıları qeyd edir. İşin mübahisəsiz hallarına görə iddiaçı ona hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə sonuncu dəfə 12 fevral 2024-cü il tarixdə müraciət etmiş və imtina cavabı almışdır. Lakin həmin imtinaya qədər iddiaçı 05 iyun 2023-cü il tarixdə cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmiş və bu barədə ona rəsmi məktubla cavab verilmişdir. Bununla belə iddiaçı inzibati orqanın həmin hərəkətini növbəti müraciətinədək mübahisələndirməmiş, dolayısı ilə cavabdehin imtinası ilə razılaşmışdır. “İnzibati icraat haqqında” Qanunun 64.1-ci və 64.2-ci maddələrinin tələbinə görə inzibati akt, ünvanlandığı şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Yuxarıda da qeyd edildiyi kimi 2023-cü ildə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehin rəsmi imtinası olmuş, bu imtinadan iddiaçı həmin vaxtdan məlumatlı olmuş, lakin iddiaçı cavabdehin imtinasnı məhkəmə, yaxud inzibati qaydada mübahisələndirməmiş, ondan əvvəl isə inzibati orqana müraciət etməsi və müraciətinin təmin edilmədiyi və nəticədə cavabdehin imtinasını mübahisələndirdiyinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən qüvvədə olan redaksiyasının tələblərinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi, qanunvericilikdə keçmiş müddət üçün alınmamış əmək pensiyasının ən çoxu üç il müddət üçün hesablanması nəzərdə tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mübahisələndirilən sonuncu imtina məktubuna uyğun olaraq və qanunvericiliyin tələblərinə əsasən cavabdeh inzibati orqan tərəfindən 12 fevral 2024-cü ildən əvvəlki 3 il üzrə əmək pensiyası hesablanaraq ödənilməsi həyata keçirilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər (11.2.). Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (24.2). İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur (24.4). Göstərilənləri ümumiləşdirərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi üçün qanunla tələb olunan şərtlər ödənildiyindən, cavabdehin imtinası “İnzibati icraat haqqında” Qanunun 11, 15, 17 və 24-cü maddəsinin tələblərinə uyğun olmamış, bununla da iddiaçının pensiya hüququnu məhdudlaşdırmışdır. Odur ki, iddia qismən təmin edilməli, iddiaçıya 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin olunmuş pensiyanın sonuncu dəfə müraciət edilən xx.xx.2024-cü il tarixdən əvvəlki üç il üçün hesablanıb ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia qimən təmin edilsin. İddiaçı 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin olunmuş pensiyanın sonuncu dəfə müraciət edilən xx.xx.2024-cü il tarixdən əvvəlki üç il üçün hesablanıb ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar